Özümüzü tapaq, yoxsa yaradaq?
Esses
"Özünüzü axtarın", "özünüzü
tapın", "özünüzü
kəşf edin" kimi məsləhətlərə
tez-tez rast gəlirik. Amma "özünüzü yaradın" ifadəsini
hardansa oxuduğum ya da eşitdiyim
yadıma gəlmir.
Halbuki özünü yaratmaq da özünlə ünsiyyətin bir formasıdır.
Əgər insan heç nə etmədən özünü axtarırsa,
axtardığı kimdir? Bəlkə də,
həyatın sonuna yaxın özünü axtarmaq məntiqlidir, ancaq gənc yaşda özünü yaratmaq daha məntiqlidir.
Müəyyən bir yaşı haqlayan insanın həmin yaşdan sonra nəyisə dəyişdirmək
həvəsi olmaya bilər, yaxud da buna lüzum
görməz, ancaq gənc yaşda "mən bu cürəm",
"mən beləyəm"
deyib ağ bayraq qaldırması mənə qəribə gəlir. Çünki hələ qarşıda
"mən belə olacam" deməyə rəvac verəcək qədər uzun bir ömür var.
Əvvəllər insanın konkret hansısa xüsusiyyətlərlə
doğulduğunu, hətta
özünün belə
bu xüsusiyyətlərə
müdaxilə edə
bilmədiyini yekdilliklə
təsdiqləyən baxışlar
vardısa, son dönəmlərdə
aparılan araşdırmalar,
irəli sürülən
fərziyyələr əsrlər
boyu qəbul edilən bu yanaşmanı sorğulamaga
meydan verir.
Məsələn, "ağ lövhə" nəzəriyyəsi insanın
fitri istedad, qabiliyyət kimi xüsusiyyətlərlə doğulmasını
inkar edir. Nəzəriyyəni
irəli sürən filosof Con Lokk deyir ki, uşaq doğularkən onun beyni ağ lövhə
kimi təmiz olur. Sonra ətraf aləm
tədricən ona təsir edir və xarakteri formalaşır.
Lokk "Əqlin
tərbiyəsi" əsərində
yazır ki, heç bir xalqın övladı milliyyətindən, irqindən
asılı olmayaraq ağılsız, qabiliyyətsiz
doğulmur. Avropalılarla qara dərili qəbilələri bir-birindən
fərqləndirən tərbiyədir,
ictimai mühitdir:
"Əgər biz sizinlə
birlikdə Soldan körfəzində doğulmuş
olsaydıq, bizim dünyagörüşümüz və düşüncəmiz
orada yaşayan vəhşi qottentotların
dünyagörüşündən artıq ola
bilməzdi".
Lokkun bu nəzəriyyəsi ilə
razılaşanlar da var, razılaşmayanlar da. İstənilən halda bu nəzəriyyədəki həqiqət
payını inkar etmək olmaz. İnsanın yaşadığı mühit, aldığı
tərbiyə onun formalaşmasında mühüm
əhəmiyyət kəsb
edir. Tərbiyə dedikdə yalnız
valideynlərin verdiyi tərbiyə yox, həm də insanın özünü
tərbiyələndirməsi nəzərdə tutulur.
O insanlar özlərini
tərbiyələndirir ki,
nələrisə dəyişmək
istəyir, özünü
axtarmaqla kifayətlənmir,
həm də özünü yaratmaq üçün savaşır.
Bu savaşdan qalib çıxır, ya məğlub - bu, artıq başqa mövzudur.
Oturuşmuş xarakter, illərlə qazanılmış vərdişlər, bunları dəyişmək çox çətindir. Bu, başadüşüləndir. Ancaq bir şeyi də başa düşmək lazımdır ki, həyat hərəkət deməkdir. İnkişafa təkan verən dəyişikliklər həyat üçün labüddür.
Mən nə insanın tam şəkildə özünü
başdan yarada biləcəyinə
inanıram, nə də dərviş kimi
yalnız özünü axtarmaqla
keçən zamanın gətirdiyi xoşbəxtliyə. Məncə,
insan ilk növbədə
özünü axtarmalı, tapmalı, dəyişdirə
bildiklərini dəyişdirməli, dəyişdirə bilmədiyi
cəhətlərlə barışmağı
bacarmalıdır.
Aytac
SAHƏD
525-ci qəzet.- 2021.- 18 iyul.- S.17.