Qarabağ pərisi: Aşıq Pəri
Aşıq
Pəri, Xurşidbanu Natəvan, Fatma xanım Kəminə...
XIX yüzillikdə Şuşa mühitinin
Azərbaycan ədəbiyyatına verdiyi üç görkəmli
qadın şair. Firidun bəy Köçərli
onları "Qarabağın üç şaireyi-möhtərəməsi"
adlandırmışdı. Adamın yadına lap
İntibah rəssamı Sandro Botiçellinin "Üç zəriflik"
tablosu düşür...
Azərbaycanın
mədəniyyət paytaxtı Şuşaya böyük və
əbədilik qayıdışın gerçəyə
çevrildiyi indiki günlərdə bu torpağın yetirdiyi bütün
ədəbiyyat, elm, sənət adamları haqda geniş
söz açmaq, hər birini insanlarımıza tanıtmaq
lazımdır. Natəvan haqqında yazmışdım
(“525-ci qəzet”, 11 aprel 2021-ci il). Bu dəfə Aşıq Pəri şəxsiyyəti
və sənəti haqda bəzi fikirlərimi bölüşməyə
çalışıram. Silsilədən
sonuncu yazı isə Fatma xanım Kəminəyə həsr
ediləcək.
Gəncədən
Şəfibəy Sultanov adlı müəllif
"Zakavkazye" qəzetinin 1908-ci il 12
yanvar tarixli sayında Avropada universitet təhsili alan ilk azərbaycanlı
qızlardan Leyla bəyim Şahtaxtinskayanın vaxtsız vəfatı
münasibəti ilə yazırdı: "Yaxşı adamlar
nə qədər azdır və bizim qəddar zəmanə
onlarla nə qədər amansız rəftar edir! İnsan həqiqətə,
xeyirxahlığa, işığa can atdığı vaxtda ölümün
məhvedici qüvvəsi qurbanının kimliyinə baxmadan
ayrılıq hökmünü verir. Gənc,
ürəyi həyat eşqi ilə dolu Leyla bəyim
çadra mühiti ilə barışa bilməzdi. Orta təhsilini
başa vurandan
sonra yalnız bununla
kifayətlənmək istəmədi. İsveçrəyə
gedib Lozanna universitetinə daxil oldu. Çadranın və
xurafatın həmvətənlərinə
necə ağır zərbə vurduğunu əsla unutmadan
böyük maraq və səylə təbabəti, ictimai elmləri
öyrənməyə başladı. O, böyük arzularla
yaşayırdı. Fəqət Leyla bəyim
Cenevrədə xəstələnib öldü. Lakin onun
xatirəsi, başladığı xeyirxah iş
çadranın altından da olsa, həyata baxmaq istəyən
hər kəsin yaddaşında həmişə
yaşayacaq".
Keçən
əsrin ili, ayı, günü bilinməyən
bir çağında Leyla bəyim kimi gənc və gözəl
Pəri adlı bir azərbaycanlı qız da Şuşada (bəlkə
də Cəbrayılda?) həyatdan
köçmüşdü. O, nəğməsini oxuyub az yaşadığı, lakin məhrumiyyət,
acılıq və yamanlıqlarını doyunca
daddığı həyata əlvida demişdi. Aşıq
Pərinin vəfatı ilə bağlı heç yerdə
heç nə yazılmamışdı. Qəribədir,
sağlığında şairəni vəsfində sanki
bir-birləri ilə yarışa girən həmkarları da susmuşdu.
Hər halda o naməlum ilin naməlum günündə
cavan yaşında ölən Pəri haqda dövrümüzə
heç bir təəssüf nidası gəlib
çatmayıb. Leyla bəyim ali təhsil almaq
üçün Tiflisdən Cenevrəyə qədər
çətin (xüsusən də o dövrün azərbaycanlı
qadını üçün) bir yol keçmişdi. Aşıq Pərinin isə həyatındakı ən
uzaq səfər, yəqin ki, doğma kəndi Maralyandan
Şuşaya gəlişi olmuşdu.
Bəlkə
də hələ 17-18 yaşlı Pəri Maralyanda
yaşadığı dövrdə bu balaca kənd onun
sözü, şeiri sayəsində xalq yaddaşında təsirli
bir bayatıya çevrilmişdi:
Mən
aşiq Maralyana,
Yol gedər
Maralyana,
Necəsən,
bir ah çəkim,
Dağlarda
maral yana?
Tiflisdən
Cenevrəyə... Maralyandan Şuşaya... Məsafələr
müxtəlif olsa da, məqsəd eyni idi. Hər iki gənc
qız özlərinin, bir az pafoslu səslənsə də, mənsub
olduqları "millətin imzasının" təsdiqi
üçün yurdlarını tərk etmiş, yaxın və
doğmalarının
qayğısından uzaq
düşmüşdü. Məhz bu nöqtədə əsilzadə ailəsindən
çıxan Leyla bəyim də, ortabab tacir qızı
olan Aşıq Pəri də
sanki eyniləşir, əkiz bacıya çevrilirlər. Və orası da aydındır ki, vəsfində yarışa
girən kişilərə üzünü tutub "Bu təriflər
zənənə nə yaraşır? Haqq bilir ki, mən
mərdana gəlmişəm" - deyən Aşıq Pəri,
ədəbi-ictimai fəaliyyət meydanında ağlı,
biliyi ilə seçilən Natəvan, söz sərrafı
Fatma xanım Kəminə olmasaydı, XX əsrin əvvəllərində
tək-tük Leyla bəyim kimi xanımların ortaya
çıxması
müşkül məsələyə çevrilərdi.
İlk ədəbiyyat
tarixçimiz Firidun bəy Köçərli şairə
haqda yazırdı: "Aşıq Pəri öz müasirləri
beynində (arasında) ən istəkli, əzizə və
möhtərəmə bir zənən imiş. Onun
vətəni - əslisi Qarabağ xanlığına mütəəlliq
(bağlı) Cəbrayıl uyezdində, Dızaq mahalında
Maralyan qəryəsidir. Zəmani-təvəllüdü
və tarixi-vəfatı məlum deyil. Mirzə Həsənin,
Kərbəlayi Abdulla Canızadənin, Mirzəcan bəyin, Məhəmməd
bəy Aşiq təxəllüsün, Cəfərqulu xan Nəva
təxəllüsün müasiri imiş. İbtida
təlimini öz qəryəsində alıbdır və əyyami-tüfuliyyatdan
(uşaq vaxtından) şeir və qəzəl söyləməyə
meyli olduğundan, hənuz elm kəsb etməmiş sinədən
şeirlər deyərmiş".
Hələ Aşıq Pərini tanıyanların həyatda
olduğu dövrdə Firidun bəy kimi geniş əlaqələrə
malik tədqiqatçı yalnız bu məlumatı toplaya
bilmişdi.
Müəllif sözünə davam edərək
yazırdı: "Aşıq
Pərinin mütəəddid (tək-tük) şeirləri pərişan
övraqda (vərəqlərdə) yazılmış və
bizim əlimizə düşənlərində çox səhv
və qələtlər vardır ki, onları təshih etmək
dəxi müşküldür. Xüsusən onun
bağlamaları və bəzi mürəbbəatı ki,
Molla Pənah Vaqifə nəzirə olaraq yazılıbdır
və bir bisavad mollanın vasitəsi ilə bizə göndərilibdir,
elə imlasız və dolaşıq xətt ilə təhrir
olunubdur ki, onları məzkur mollanın özündən
başqa bir kəs düz oxuyub məna çıxara bilməz".
Bu da həyatda
bəxti gətirməyən şairənin
yaradıcılıq irsinin taleyi! Kim bilir, aradan
keçən illərdə həmin "pərişan
övrağın" nə qədəri əbədilik
itirilib? Bisavad mollaların yalnız özlərinin
başa düşdükləri "mixi xətti" ilə
köçürdüklərini də itirilənlər
sırasında saymaq lazımdır.
Bir
sözlə, Aşıq Pərinin ədəbi irsinin taleyi də öz
taleyi kimi uğurlu olmayıb. İndi şairənin
təxminən 50-yə yaxın şeiri məlumdur. Bu şeirlər müəllifin poetik dəsti-xəttini,
şəxsi həyatının bəzi məqamlarını,
müasirləri ilə münasibətlərini qismən də
olsa, öyrənməyə imkan verir.
XIX əsr
Azərbaycan poeziyasının ilk tədqiqatçılarından
qafqazşünas alim A.P.Berje 1867-ci ildə Leypsiqdə
çap etdirdiyi "Məcmueyi-əşari-şüərayi-Azərbaycan"
adlı müntəxabatda Aşıq Pərinin 1829-cu ildə
18 yaşlı, nadir gözəlliyə malik bir qız
olduğunu və qeyri-adi poetik istedadı ilə məşhurlaşdığını
yazır. Eyni zamanda, məlumatların bir qismini
"dostu Mirzə Fətəlidən
aldığını" qeyd edir. Bu tarixdən
çıxış edərək şairənin təvəllüd
tarixini təxminən 1811-ci il kimi müəyyənləşdirmək
olar. Amma bu,
yalnız ehtimaldır. Pərinin doğum tarixini 1802,
yaxud 1813-cü il kimi göstərən tədqiqatçılar
da var.
Əksər mənbələrdə onun çox gənc
ikən vəfat etdiyi bildirilir. "Azərbaycan aşıqları
və el şairləri" kitabında konkret vəfat tarixi
kimi 1834-cü il göstərilib. Bu tarix, şübhəsiz ki, düzgün hesab oluna
bilməz. Bir fakt. Aşıq
Pəri "Dünya, sənin etibarın yox imiş, Söylə
görüm Mirzəcanı neylədin?" misraları ilə
başlayan qoşmasında müasiri, əsərlərini Azərbaycan
dilində yazmış Qarabağ ermənisi Mirzəcan Mədətovun
ölümündən doğan təəssüf hissini dilə
gətirmişdi. Mirzəcanın dəqiq
təvəllüd və ölüm tarixləri bəllidir.
O, 1797-ci ildə Şuşa
yaxınlığındakı Çanaqçı kəndində
anadan olmuş, 1837-ci il avqustun 17-də Tiflisdə vəfat
etmişdi. (Vikimənbələr vəfat
tarixini yanlış olaraq 1851-ci il göstərirlər).
Deməli, onun ölümünə şeir yazan Aşıq Pəri
ən azı 1830-cu illərin sonunda hələ həyatda idi.
Aşıq Pərinin ailə qurması da Mirzəcanın
ölümündən sonraya təsadüf edir. Bu da onun 1811-ci il doğumlu olduğunu və təxminən
26-27 yaşlarında ərə getməsini söyləməyə
əsas verir. Müasiri Məhəmməd bəy
Aşiqin şairəyə müraciətlə
yazdığı "Oğlana" qoşmasında bu barədə
müəyyən işarələr var.
Aşıq
Pəri, bir göftgu (söhbət) eşitdim.
Namizəd
olmusan bir şux oğlana -
deyə Pərinin
həyatında baş vermiş, yaxud verməkdə olan dəyişikliyə
işarə edən Məhəmməd bəy onun "əhli-haldan
ülfəti kəsdiyindən" şikayətlənir,
xanın - yəni vəlineməti kimi tanınan Cəfərqulu
ağa Nəvanın bu işdən xəbəri
olub-olmadığmı soruşurdu. Qoşmada daha sonra Mirzəcanın
əgər indiyə qədər sağ qalsaydı,
Aşıq Pərinin izdivacına necə münasibət bəsləyəcəyi
məsələsinə də toxunulurdu:
Qəzanın
işini əgər bilirdi,
Əl
çəkib dünyadan çətin ölürdü,
Sıçrayıb
qəbirdən dişrə gəlirdi,
Yetsəydi bu xəbər ol Mirzəcana.
Bu misralar Aşıq Pərinin 1834-cü ildə vəfat
etməsi ehtimalını heçə endirir. Fikrimizcə,
1845-1846-cı illərdə də həyatda idi. Şairənin
Cəfərqulu xana
müraciətlə yazılan
aşağıdakı misraları belə düşünməyə
əsas verir:
Ey Pəri,
təcil et sualında sən,
Nöqsan
yetiribsən kamalında sən,
İndi
zurna çalmaq xəyalındasan,
Onu gərək axirətdə çalasan.
Şeirin bəlli yaranma tarixçəsi var.
1840-cı illərin
ortalarında artıq 60 yaşını haqlamış general
Cəfərqulu ağa Cavanşir (1785-1865) Qarabağ hakimi mənsəbinə yiyələnmək
üçün əmisi Mehdiqulu xanın yeganə varisi, 15
yaşlı Xurşidbanuya evlənmək fikrinə
düşmüşdü. Bir
neçə il Peterburqda yaşadığından
özünü müasir, mədəni adam kimi tanıtmağa
çalışan ahıl generalın bu yüngülbeyin hərəkəti
müasirlərini hiddətləndirmişdi.
Yaxşı tanıdığı, şeirləşdiyi
bəzi müasirlərinin Cəfərqulu ağaya
ünvanladıqları çoxsaylı, imzalı və
imzasız həcv və mənzum məktublarda onun
yaşına, mövqeyinə yaraşmayan uğursuz sevdası
tənə, məzəmmət hədəfinə
çevrilmişdi. Çox güman ki, Şuşaya Cəfərqulu
xanın dəvəti ilə gələn, ona müəyyən
ərki çatan Aşıq Pəri də xanı yersiz hərəkətindən
çəkindirmək məqsədi ilə yuxarıda bir bəndini
nümunə kimi gətirdiyimiz qoşmanı
yazmışdı.
Sonra iz
itir və Aşıq Pərinin adına
bir də Mirzə Yusif Qarabağinin 1856-cı ildə Temirxanşurada
çap etdirdiyi "Məcmueyi-Vaqif və müasirani-digər"
kitabında rast gəlirik. Vaxtı ilə Mirzəcan Mədətovun
xahişi ilə Vaqifin əsərlərini toplayan Mirzə
Yusif onları kitab şəklində çapa hazırlayanda
Vaqif ədəbi məktəbinin davamçısı kimi tanınan Aşıq
Pərinin bəzi şeirlərini
də məcmuəyə salmağı zəruri
saymışdı. Görünür, həmin
illərdə şairənin adı aşıqlar və
ümumən poeziya həvəskarları arasında kifayət
qədər populyar imiş.
Yuxarıda qeyd etdiyimiz kimi, qafqazşünas A.P.Berje də
Aşıq Pərinin yaradıcılığı üzərindən
sükutla keçməmişdi. XIX əsrin 80-ci illərində
şairənin əsərləri ilə tanışlıq
imkanı qazanan
ukraynalı şərqşünas N.İ.Qulak onun
Mirzəcan Mədətovla məşhur deyişməsinə
işarə edərək yazırdı ki, "biz
avropalılar üçün məsum, xəyalpərvər
Aşıq Pəri kobud, hissiyyatlı erməni Mirzəcandan
müqayisəyəgəlməz dərəcədə
yüksəkdə dayanır. Həqiqətən
də, Zaqafqaziya müsəlmanları Aşıq Pəri kimi
bir şair qadınla fəxr edə bilərlər. Həm də o, Zaqafqaziyanın türk
qadınları arasında yeganə istisna deyil".
Aşıq Pərinin qoşma və gəraylılarından
nümunələrə demək olar ki, XIX əsrdə tərtib
olunmuş bütün məcmuə, cüng və bayazlarda təsadüf
edilir. Zahiri gözəlliyi, məlahəti ilə
yaradıcılığındakı səmimiyyəti, zərifliyi
məharətlə birləşdirən, bunların birini digəri
ilə tamamlayan şairə təkcə müasirlərinin
deyil, sonrakı ədəbi nəsillərin də diqqət mərkəzində
dayanan cazibədar bir şəxsiyyət olmuşdur.
Şair-aşıq müasirləri isə Aşıq Pərinin
vəsfində sanki bir-birləri ilə yarışa
girmişdi. Pəri onların şeirlərinin Leylisinə,
Zöhrəsinə, Şirininə çevrilmişdi.
Firidun bəy Köçərlinin "ziyadə mə'rifətli,
xoşxülq və sahibcəmal bir zat" kimi təqdim etdiyi
şuşalı şair Mirzə Həsən bəy Vəzirov
(1791-1833):
Qönçə
lətafətli, lalə üzlüsən,
Məstanə
baxışlı, xumar gözlüsən,
Şirin
hərəkətli, şəkər sözlüsən,
Yoxdur yer
üzündə misalın sənin -
deyə
Pərinin gözəllik və ağlını heyrətlə
vəsf edirdi. Bu iki söz adamı arasında
çox incə münasibətlərə söykənən
səmimi dostluq var idi. Pəri özündən yaşca
böyük olan
Mirzə Həsəni bəlkə də yalnız
şair qadınlara xas bir məhəbbətlə sevirdi. Bu sevgidə nəvaziş də vardı, gənc
qadın işvəsi idi. 1833-cü ildə Şəkidəki
rus komendantlığı dəftərxanasında tərcüməçi
işləyən Mirzə Həsən ağır xəstə
halda ömrünün son günlərini yaşamaq üçün
Şuşaya dönəndə Aşıq Pəri
Nə yatıbsan ləhaf bəstər içində?
Bimarmısan, nədir bu halın sənin? -
misraları ilə şairə üz
tutub tez sağalması üçün dua-sənasını
əsirgəməmişdi:
Barilahi
gülzarına qıymasın,
Xəstə
düşüb, bimarına qıymasın,
Şirin-şirin
göftarına qıymasın,
Bağışlasın qaşı hilalın sənin.
Ölüm yatağına düşən Mirzə Həsən
qoşmanı cavabsız qoymamış, "Bu qəm bəstərində,
möhnət içində, Daim fikrimdədir xəyalın sənin"
misraları ilə Pəriyə bəslədiyi saf dostluq, sədaqət
duyğularım həyatının sonuna kimi ürəyində
yaşadacağını bildirmişdi. Həmin son isə
lap tezliklə gəlib çatmışdı.
1833-cü ildə Aşıq Pəri Şuşada ən yaxın dostlarından
biri ilə əbədi vidalaşmışdı...
Aşıq
Pəri — Vikipediya
Qarabağlı şair Əsəd bəy Vəzirov
(1824-1873) da Aşıq Pərinin klassik Şərq gözəllərinə
xas poetik portretini yaratmaq istəyindən özünü
saxlaya bilməmişdi. Müaşirəyə qoşulan digər qələm dostları kimi,
onun da tərənnüm etdiyi Pəri sevgisi əslində, rəmzi
səciyyə daşıyırdı. Pərinin
simasında şair gözəlliyə, mənəvi təmizliyə,
səmimiyyətə və saflığa məhəbbətini
dilə gətirmişdi.
Qoşmadakı bu
misralar əslində ənənəvi vəsf, tərənnüm
təsiri bağışlasa da, Aşıq Pərini klassik
şeirdəki gözəl obrazları ilə bir sıraya
qoymaq baxımından diqqəti çəkir:
Arizindir
günəş, camalındır ay,
Heç
nazənin ola bilməz sənə tay,
Tiri-qəmzən
qatil, kirpiyin ox, qaşın yay,
Qamətindir sərvi-xuraman, Pəri.
Aşıq
Pərinin Şuşada sıx ünsiyyət
saxladığı, şeirləşdiyi müasirlərindən
biri də Aşiq təxəllüsü ilə klassik və
xalq yaradıcılığı üslubunda gözəl
şeirlər yazan, Şuşada doğulsa da, zəngilanlı
kimi tanınan Məhəmməd bəy (1800-1861) idi. O, ömrünün çoxunu
doğma şəhərində keçirmişdi. Burada Azərbaycan
və fars dillərində mükəmməl
təhsil almışdı. Qasım bəy Zakir, Cəfərqulu
xan Nəva, Mirzə Həsənlə yaxın dost idi. Şuşaya gələndən sonra Pəri də bu
qeyri-formal şairlər məclisinə qatılmış, Məhəmməd
bəylə sənət yarışına girmişdi.
Xoş
yaradıb səni ustadi-əzəl,
Hüsn-vəcahətdə
yektayi-bədəl,
Dizaq
mahalında sənin tək gözəl,
Haqdan istəmişəm,
biqərar ola -
deyə
Pərinin vəsfində digərlərindən geri qalmayan Məhəmməd
bəy eyni zamanda, şairədən yaşca böyük
olduğunu da unutmur, yeri gələndə ona nəsihət
verməkdən, yol göstərməkdən də geri
qalmırdı. "Müəşşərin
(klassik şeir şəklidir - V.Q.) hər bəndini
açarsan, Mən açmaram, yenə özün
açarsan" - misraları ilə Pərinin poetik ustalığını
təqdir etməklə yanaşı, şairəni ictimai məsələlərə
həddən artıq aludəçilikdən və kəskin,
cəsarətli çıxışlardan çəkindirməyə
çalışırdı.
Bu mənada
Məhəmməd bəyin aşağıdakı misraları
həm nəsihət, həm xəbərdarlıq idi və
müəyyən mənada Pərini qorumaq məqsədi
daşıyırdı:
Əlindəki
badə olsun, saz olsun,
Hərəkətin
işvə olsun, naz olsun,
Yekə
yerdən danışmağın az olsun,
Düşərsən bir dərin dəryaya, Pəri.
Aşiq
yaşına və təcrübəsinə baxmayaraq qadın
həmkarı ilə müşairələrində bəzən
onun sözünün qarşısına söz
çıxara bilməyib "Fəhmü fərasətdə
yüz sən tək Pəri, Gərək Məhəmmədə
xidmətkar ola" - tipli hərbə-zorbalara
da əl atırdı. Amma Aşıq Pərinin şeirləri
"fəhmü fərasət" baxımından bu zərif
xanımın
geniş, hərtərəfli biliyindən, klassik Azərbaycan
və Şərq poeziyasına bələdliyindən xəbər
verir. Məhəmməd bəyə yazdığı
"Oynaşır" rədifli cavabında misal gətirəcəyim
son bənd bu baxımdan diqqətəlayiqdir:
Pəriyəm,
xalq ara olmuşam bacı,
Kimsənin
kimsəyə yox ehtiyacı,
Bəlxü
Buxaranın, hindin xəracı,
Zənəxdanda siyah xallar oynaşır.
Fars dilini
bilən, fars şairlərini orijinalda
oxuyan Aşıq Pəri bu bənddə ad çəkmədən
həmkarının diqqətini Hafizin "Əgər an
torke-Şirazi bedəst arəd dele-mara, Be xali hinduyəş
bebəxşəm Səmərqəndo Buxara" beytinə,
türk hökmdarı Teymurlənglə məşhur dialoquna
yönəldir. Rəvayətə görə, qəzəli
oxuyan Teymur Hafizi yanına çağırıb hansı haqla
minlərlə əsgərinin qanı bahasına fəth etdiyi
şəhərləri belə səxavətlə gözəllərin
bir xalına bağışladığını
soruşmuşdu. Hafiz cırıq əbasını
göstərib hədsiz səxavətindən bu günə
qaldığını söyləmiş,
hazırcavablığı sayəsində xilas ola bilmişdi. Aşıq Pəri həmin rəvayəti
Şuşada klassik poeziyanın mahir bilicisi sayılan Məhəmməd
Aşiq bəyə bir bənddə ustalıqla
çatdırmışdı.
Şairənin cəsarəti, çəkinmədən
həmişə həqiqəti deməsi onun yuxarıda
adını çəkdiyimiz Cəfərqulu ağaya
münasibətində daha aydın nəzərə
çarpır. Zakirin
istehza ilə "Yekəpər" kimi
xatırladığı, bəzən gileyləndiyi, bəzən
satira hədəfinə çevirdiyi Cəfərqulu ağa
xasiyyət, etibarı ilə ziddiyyətli adam idi. Cavanlıq
illərini vətəndən uzaqlarda keçirən bu əsilzadənin
sadə xalq dilində, elat ruhunda qələmə
alınmış şirin, ürəyəyatan
qoşmaları onun incə zövq sahibi olmasından,
şifahi ədəbiyyata və ana dilinə dərin bələdliyindən
xəbər verir.
Lakin Cəfərqulu ağanın şəxsi həyatı,
törətdiyi fitnə-fəsadlar, qurduğu intriqa
torları, Zakir demişkən, "əhli-beytin rəng-ruhunu
soldurması və zülmü sitəmlə aləmi
doldurması" adı ətrafında müəyyən mənfi
aura yaratmışdı. "Kavkaz" qəzeti 1847-ci il saylarının birində
Cəfərqulu xanın şəxsi həyatından söz açaraq
yazırdı ki, o, bəzən bütöv bir sutkanı az qala eyni
pozada qumar masası arxasında keçirir, ən fantastik məbləğ
uduzduqda belə, özünü
aristokratcasına soyuqqanlı aparmağı bacarır. Sonra isə eyni həvəs və ehtirasla bir
neçə gün davam edən səs-küylü ova
çıxırdı. Firidun bəy
Köçərli sanki bu məlumatı tamamlayaraq göstərirdi
ki, "xani-məzkuru görüb eşidənlərin rəvayətinə
görə, onun süfreyi-ehsani məcməi-füqəra və
mövqeyi-məsaküni-züəfa olmayıb, bəlkə
lotu-potu yığıncağı, oyunbaz, quşbaz və
şəbədəsazi-məhəlli olubdur".
Aşıq
Pəri insana heç bir dəyər verməyən belə
qoluzorlunun gözünün içinə
Xanzadəsən,
mən tanıram sözündən,
Əyri demə,
doğru söylə düzündən,
Zalımlıqda
xəbərin yox özündən,
Hər
yerdə deyirlər rahbər (yolkəsən) sənə! -
deməyə cəsarət tapmışdı. Başqa bir
qoşmasında isə o, eyni ötkəmliklə Cəfərqulu
xanın kobudluğuna, zadəgana, ürfan əhlinə
yaraşmayan naqis hərəkətlərinə işarə edərək onun
dəvəti ilə Şuşaya gəlməsinə peşman
olduğunu dilə gətirmişdi.
Adam
bildik, biz də gəldik adına,
Adamlığı qanmayıbsan hələ sən.
Yəqin
ki, Cəfərqulu ağadan ov quşu-tərlan peşkəş
aldığına görə ona uzun bir şeir ithaf edən Məhəmməd
bəy Aşıq Pərini "yekə yerdən
danışmamağa" çağıranda ilk növbədə,
xanla rəftarında ehtiyatlı olmağı xəbərdarlıq
edirmiş.
Lakin
ünvanına deyilən sərt sözlərə, tikanlı
ifadələrə rəğmən, Cəfərqulu ağa Pərinin
cəlbedici qadın gözəlliyinə laqeyd qala bilməyib
qarşısında özünü itirirdi. Bəlkə də
Pəri - bu sadə kənd qızı onun
zalımlığını, əxlaqi naqisliyini
açıq-aşkar üzünə deyən yeganə adam idi. Xan isə bunun müqabilində
özünü cəngavər kimi aparır, şairəni orijinal epitetlərlə vəsf
edir, onu zavallı eşq divanələrini məharətlə
tora salan hiyləgər və gözəl tovuz quşuna bənzədirdi:
Tökmək
üçün zülfə vurma şanəni,
Yola apar
görəndə divanəni,
Səpibsən
üzünə xaldan danəni,
Qoyubsan üzünə zülfdən tələ sən.
Nəhayət, Aşıq Pərinin dostları, pərəstişkarları
içərisində yuxarıda adı çəkilən erməni
Mirzəcan diqqəti cəlb edir. Əmisi,
general-leytenant Valerian Mədətov Qafqaz müsəlmanlarına,
ən çox da Azərbaycan türklərinə hədsiz
pisliklər etdiyi halda, Mirzəcan özünü onların
dostu sayılırdı. Sonralar erməni vəhşiliyinin
qurbanı olmuş Firidun bəy yazırdı ki, "Mirzəcan
bəy əgərçi milliyyət cəhətincə erməni
idi, vəli əxlaqü adatca müsəlmanlardan seçilməzdi.
Müsəlmanlara çox yavuq olduğu
üçün onun əfkarü hissiyyatı müsəlman əfkarü
hissiyyatı idi, nişast-bərxastı (oturub-durmağı)
onlar ilə idi. Öz qövmündən artıq müsəlmanları
dost tutardı".
Azərbaycan,
fars, rus dillərini yaxşı bilən
Mirzəcan Qafqaz baş hakiminin dəftərxanasında tərcüməçi
idi. Bəxt ulduzu general Yermolovun dövründə parlamışdı. Yermolovu qraf Paskeviç əvəz edəndən
sonra isə diribaş erməninin ərköyünlüyünə
qətiyyətlə son qoyulmuşdu.
Paskeviç sələfinin yaxın adamlarına şübhə ilə yanaşırdı. Mirzəcan da belələrinin sırasına idi. 1827-ci ilin sonlarında ona istefaya çıxmaq təklif olundu. Bir il sonra isə kapitan Hüseyn bəy və praporşik Əhmədağa Məmmədovla birlikdə müxtəlif vəzifə cinayətlərində ittiham olunaraq Şamaxıda məhkəmə məsuliyyətinə cəlb edilmişdi.
Nə bir qəmxar, nə bir dostu - yeganə,
Təmami aşina oldu biganə,
Saldın axır, fələk, məni zindanə,
Qoymadın
qüssədən can azad olsun -
misralarını da, görünür, Mirzəcan elə həmin
dövrdə, bəlkə də zindanda yazmışdı.
Baron Rozenin hakimiyyətə gəlişi ilə Mirzəcan
nəinki bəraət qazandı, hətta yenidən mənsəb
pillələri ilə irəliləməyə başladı. Hər cür şəraitə
uyğunlaşmağı bacaran zirək Qarabağ ermənisi
peşəkar hərbçidən (son rütbəsi
podpolkovnik idi) daha çox əhlikef məclis
aşıqlarını xatırladırdı. Yanında
həmişə Badam adlı yaraşıqlı bir oğlan
olurdu. Badam yüksək rütbəli
zabitlərin, yerli bəylərin iştirak etdiyi ziyafət məclislərində
Mirzəcanın və digər el sənətkarlarının
qoşma və gəraylılarını sazın
müşayiəti ilə oxuyurdu. O, ustadı ilə birlikdə
Şuşada, eləcə də şairənin doğma kəndi
Maralyanda olmuş, məclislərində
iştirak etmişdi. Pərinin
"Eylədin" rədifli gəraylısındakı
Saymadın
sultanı, xanı,
Eyləyibsən
nahaq qanı,
Badam kimi
növcavanı,
Yer ilə
yeksan eylədin -
misralarından aydın olur ki, o, tək Mirzəcanın deyil, yetirməsi
Badamın da ölümünə yas qurmuş,
"Ölübdü bülbülüm, lal olub bağlar,
Saralıb-sovulub güllər, ağlaram" - deyə taleyin
amansızlığından şikayətlənmişdi.
Biri-birinin ardınca yaxın dostlarını - Mirzə Həsəni,
Mirzəcanı, Badamı qeyb edən Aşıq Pəri əvvəlki
nəşəsini, şuxluğunu itirib bədbinliyə
qapılmışdı. Şeirlərində
kədər, ruh düşkünlüyü və qəm-qüssə
motivləri daha bariz şəkildə üzə
çıxmağa başlamışdı. Şübhəsiz,
ailə həyatındakı uğursuzluq, şəxsi xoşbəxtliyini
tapa bilməməsi də burada az rol
oynamamışdı:
Pərinin
dərdi tüğyandı,
Sakin yeri
Maralyandı,
Gülüm
qönçəsində yandı,
Bülbüllər əfğan eylədi.
"Çanaqçı mülkündən gözü
yaşlı qayıdan", "sinəsində şeir, kitab
bağlayan sahibi-huş, gövhər kanı" dostunun
ölümü üçün ağlayan bu sadə azərbaycanlı
qızın böyük ürəyi vardı.
O, öz
millətinin oğlu şair Mirzə Həsəni də, bu
millətin dilinə, mədəniyyətinə tapınan erməni
Mirzəcanı da eyni həssaslıqla qiymətləndirməyi,
çətin anlarda şair qəlbinin şəfqəti,
oxşamaları ilə hər ikisinin yardımına
qoşmağı, təsəllisinə çevrilməyi bacarmışdı. Mirzəcan da
Mən
özüm nəsraniyəm, amma ta ki, gördüm səni,
Əşhədü
billah ilə oldum müsəlman, ey Pəri -
deyə
saf insani duyğuların hər cür dini hisslərin
fövqündə dayandığını bildirirdi.
Onların
dildən-dilə düşmüş deyişməsi isə həm
Mirzəcanın Azərbaycan dilinə və ədəbiyyatına
bələdliyini, həm də Aşıq Pərinin
dünyagörüşünü, düşüncə və
bilik dairəsini müəyyən etmək üçün
kifayət qədər material verir. Bu deyişmədən azərbaycanlı
şairənin islam və xristian dinlərinin
əsas ehkamlarına, astrologiya və astronomiya ilə
bağlı təsəvvürlərə, Yer haqqında
sxolastik elmin müddəalarına bələd olduğu
aydınlaşır. Aşıq Pəri Mirzəcanı
dünyanın sirlərinə aşina olmağa, mövcud təsəvvür
və anlayışların mahiyyətinə enməyə səsləyir,
ədəbiyyat və sənət haqqında fikirlərini
bölüşürdü. Ukraynalı
şərqşünas N.İ.Qulak haqlıdır ki, bu
deyişmədə həyata daha fəlsəfi və poetik nəzərlərlə
baxan Aşıq Pəri sırf praktik kimi
çıxış edən, dünyanı "beş
günlük" sayan Mirzəcandan qat-qat üstün və
cazibədar görünür.
Aşıq Pərinin həyat və yaradıcılığı barəsində müasirlərindən təcrid edilmiş şəkildə söz açmaq mümkün deyil. Çünki şairənin əldə olan qoşma və gəraylılarının böyük əksəriyyəti haqqında danışılan müəlliflərin mənzum məktublarına cavab, yaxud da onlara müraciət şəklində qələmə alınıb. Digər poetik əsərləri isə bilavasitə deyişmə, şeirləşmə formasında yazıldığından onlardan da yalnız ünvanlandıqları şəxslərlə əlaqəli şəkildə danışmaq mümkündür.
Lakin bir çox hallarda müəyyən mövzu ilə bağlı informasiya, yaxud verilən suallara cavab səciyyəsi daşıyan bu sadə nümunələrdə Aşıq Pəri oxucusunu gözlənilmədən füzuliyanə bir deyimlə heyrətləndirməyi də bacarır:
Dad eylərəm
haray naşı əlindən,
Yandı
ciyər eşq ataşı əlindən,
Mən nə
deyim, gözüm yaşı əlindən
Üzüşür sonalar, göllər oynaşır.
Həqiqətən də, romantik lirikaya məxsus bir mənzərədir. Şairə dərd
əlindən o qədər göz yaşı töküb ki,
bütöv bir göl yaranıb. İndi həmin
göz yaşı gölündə sonalar üzür.
Bu misraları oxuyanda, istər-istəməz, dahi Füzulinin:
Hər tərəf
əşklərimdir görünən, ya yığılıb,
Gəldi
su xəlqi sirişkim suyu nəzzarəsinə -
beyti
yada düşür. Özünün bütün keyfiyyətləri
ilə Molla Pənah Vaqifin vəsf etdiyi Azərbaycan gözəllərini
xatırladan Aşıq Pəri böyük şairin səsinə
səs verənlərdən, onun dərin xəlqi və milli
ruhlu ədəbi məktəbinin ilk davamçılarından
biri oldu. Gözəl, qəlb oxşayan şeirləri ilə
Azərbaycan türkcəsinin zəngin, axıcı və xəlqi poeziya
dilinə çevrilməsinə töhfəsini verdi. Şəxsi
nümunəsi ilə Azərbaycan qadınının təfəkkür
və mənəviyyat baxımından nəyə qadir olduğunu
göstərdi.
Ali təhsil almaq üçün
İsveçrəyə yollanan Leyla bəyim, təbii ki,
Aşıq Pərini tanımırdı. Ancaq o, cəsarətli,
açıqfikirli, həqiqət aşiqi Aşıq Pərilərin
yaratdığı azadlıq və sərbəstlik ruhunun
yetirməsi idi...
Vilayət
QULİYEV
525-ci qəzet.- 2021.- 18 iyul.- S.14-15;16