"Ədibin Evindən hekayələr"ə
geniş ictimai rəğbət
var"
Bu günlərdə "Ədibin Evi" Ədəbiyyata Dəstək
Fondu yeni uğurlu layihə ilə söz sənəti vurğunlarını
sevindirib.
Fond "Ədibin Evindən
hekayələr" layihəsi
ilə Azərbaycan ədəbiyyatından sevilən
bir çox hekayələri səsli şəkildə mütaliə
həvəskarlarının ixtiyarına verir.
"Ədibin Evi" Ədəbiyyata Dəstək
Fondunun icraçı
direktoru Şəfəq
Mehrəliyeva qəzetimizə
müsahibəsində bu
və digər maraqlı layihələri
haqqında geniş məlumat verdi:
***
- Şəfəq xanım,
"Ədibin Evindən
hekayələr" layihəsinin
ideyası necə yarandı?
- İdeya baş
verən bir neçə prosesin məntiqi sonluğu kimi göründü. Əvvəla,
görkəmli yazıçı,
alim və pedaqoq Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə
İçərişəhərdə yaşadığı məkanda
yaradılmış 2017-ci ildə
açılan "Ədibin
Evi" missiyasını
genişləndirərək fəaliyyətini bu ildən Ədəbiyyata Dəstək Fondu kimi davam etdirdi.
Fondun Himayəçilik
Şurasının üzvləri
Bakı Dövlət Universitetinin kafedra müdiri Ədibə Paşayeva, həmin universitetin professoru Təhsin Mütəllimov və "ADA" Universitetinin
rektoru Hafiz Paşayev icraçı direktor kimi mənə tapşırıq verdilər: Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə bağlı tədbirlər
həyata keçirmək
və bu mənada, gənc nəsli diqqətdə saxlamaq. Həyatımıza inqilabi şəkildə
daxil olan informasiya texnologiyaları bizim "oxu" vərdişlərimizi zatən
dəyişmişdir. Bir ildən çox yaşadığımız pandemiya
şəraiti təhsilimizi
də daha çox onlayn istiqamətə apardı.
"Ədibin Evi" digərlərinə
çətinlik kimi görünə bilən bu şərti üstünlüyə çevirməyə
çalışır. Məlumdur ki, bizim artıq
rəqəmsal dünyada
öyrənməyə vərdiş
edən tam bir nəslimiz yetişib.
İnternet möhtəşəm bir bilik ümmanının
qaynağıdır. Demək, rəqəmsallaşma
ilə maariflənmə
arasında sürətlə
artan əlaqəni nəzərə alaraq oxu vərdişlərimizi
müvafiq şəkildə
uyğunlaşdırmalıyıq. Bu məqsədlə, iyun ayından etibarən "ASAN Radio 100 FM"lə
sosial media layihəsinə
başladıq. "Ədibin Evindən hekayələr" adlı
oxuya həvəsləndirmə
layihəsi Mir Cəlal
və digər klassiklərimizin qısa hekayə janrına aid ölməz əsərlərini
rəqəmsal şəkildə
gənclərə təqdim
edir. Peşəkar aktyorlar və
tanınmış ictimai
simalar tərəfindən
səsləndirilən bu
qısa hekayələr,
eləcə də, onları ifa edənlərlə kitabın
həyatımızdakı əhəmiyyəti
barədə qısa müsahibələri videoçarxlar
şəklində yayımlanır
və internetlə ölkəmizin bütun guşələrinə əlçatan
olur.
- İlk buraxılışlarınız
yayımlandıqdan sonra necə reaksiyalar almısınız?
- Rəqəmsal mühitin üstün cəhətlərindən
biri də onun şəffaflığıdır.
Hesablamalarımız göstərir ki,
"Ədibin Evindən
hekayələr"ə geniş
ictimai rəğbət
var. Çünki ilk buraxılışlarımız
30 mindən çox izləyici qazandırıb.
Və təbii ki, bu rəqəm artacaq. Linklər paylaşıldıqca, hekayələri dinləyənlər
də çoxalacaq.
Layihəmiz Təhsil Nazirliyi
və Mədəniyyət
Nazirliyi tərəfindən
də maraqla qarşılanıb. Buraxılışlarımızı onlar da öz səhifələrində
və müxtəlif tərəfdaşlarının səhifələrində bölüşürlər.
İzləyicilərdən görünür ki, təhsil və mədəniyyət dairələrində
az da
olsa artıq maraqla qarşılanmışıq.
Məqsəd də elə
budur. Çünki üzərimizə götürdüyümüz missiya
- ədəbiyyata və
kitaba sevginin aşılanması o qədər
miqyaslı və vacibdir ki, bunun
ətrafında nə
qədər çox tərəfdaş toplasaq,
o qədər gözəldir.
Yeri gəlmişkən, "Ədibin
Evindən hekayələr"
layihəsi bütünlüklə
sosial məsuliyyət
layihəsidir. Yəni burada
iştirak edənlər,
istər "ASAN Radio"nun
peşəkar prodüser
qrupu, istərsə də tanınmış qiraətçilərimiz bunu
təmənnasız şəkildə
edirlər. Məhz ona
görə də, bu layihə ətrafında həmfikirlər
birləşib. Mir Cəlal müəllim kitabı günəşə
bənzədirdi. O deyirdi
ki, "günəş
torpağın dərinliklərinə
nüfuz edib onu bahar həyatına
oyadan kimi, kitab da bəşəriyyətin
ən geniş təbəqələrini həyata,
azadlığa, səadətə
çağırmaqdadır".
- "Ədibin Evi"
gələcəkdə başqa
hansı layihələrlə
ədəbiyyatsevərləri sevindirəcək?
- Bizim bəzi layihələrimiz davam edəcək. O cümlədən, mütəmadi keçirdiyimiz qısa hekayə müsabiqəsi. Pandemiyaya görə ara verdiyimiz bu layihə bu il yenidən daha geniş şəkildə davam edəcək. Himayəçilik Şuramızın üzvü, professor Təhsin Mütəllimovun təbirincə desəm, zamanında xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsinin gənc yazıçılara nümunə olacağına ümid edirik. Onun qələminin əsas müraciət ünvanı - insanlıq fəlsəfəsinin təlqini bu gün də olduqca aktualdır. Gənclərimizin bu və digər mövzulara müraciət edərək ustadın ənənələrini yaradıcı şəkildə davam etdirəcəklərini gözləyirik. Qısa hekayə müsabiqəsi bir ənənə olaraq sentyabrın sonu - Mir Cəlalın anım günündə elan edilir.
Yaşadığımız gerçəkliklərdə ictimai səhiyyə ilə bağlı bütün məhdudiyyətlər aradan qalxdıqdan sonra "Ədibin Evi" əvvəlki kimi qapılarını incəsənətsevərlərə açacaq və XX əsrin əvvəlində bu divarların ev sahibliyi etdiyi saysız-hesabsız ədəbi müzakirələr və fəlsəfi söhbətlər davam etdiriləcək.
Ədəbiyyatla bağlı tədqiqat işlərimiz də davam edəcək. Bu günə qədər "Ədibin Evi" dörd nəşr buraxıb. Bunlardan bəziləri tanıtım nəşrləridir, o cümlədən, Mir Cəlal müəllimin ədəbi-tənqidi məqalələr toplusu, onun bütün füzulişünaslara əvəzsiz irsi kimi qalacaq "Füzuli Sənətkarlığı" elmi əsəri, Səməd Vurğunun "Hey uçsam da, yuvam sənsən!" başlıqlı xalq tərəfindən sevilən şeirlər toplumu. Digər nəşrlər isə tam yenidir. Məsələn, Mir Cəlal Paşayevin indiyə qədər nəşr edilməyən "Qayğılar" romanı və on bir arxivlərdən yeni tapılan hekayəsi. Bunların hər biri Mir Cəlalın bədii üslubunun səciyyəvi cəhətləri ilə-maraqlı əhvalatlar, gülüş doğuran hadisələr, tipik obrazlar və həyat lövhələri ilə doludur. Yeri gəlmişkən, "Ədibin Evi" bu əsərlərin hamısını, həmçinin, rəqəmsal formatda yayacaq. Hazırda Ədəbiyyata Dəstək Fondumuzun yeni veb-səhifəsi üzərində iş gedir. Bu əsərlər oxuculara səhifəmizdə bir düymə basımı qədər əlçatan olacaq. O zamana qədər isə bütün oxucularınızı, ədəbiyyat həvəskarlarını, sənətsevərləri "Ədibin Evindən hekayələr"i izləməyə dəvət edirəm.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 18 iyul.- S.12.