Qələmsiz  yazılanlar

 

status-esselər

 

UEFA-nın qərarı və məsuliyyətli jurnalistika

 

"Avro-2020"nin final görüşü həm də oyun zamanı baş verən bir hadisə ilə yadda qaldı. İkinci hissənin sonlarında oyunda 3-4 dəqiqəlik fasilə yarandı. Oyunu Türkiyənin TRT1 kanalından izləyirdim. Bir nəfər azarkeşin meydana daxil olub rəqs etdiyini bildirən türk şərhçi dedi ki, təhlükəsizlik xidmətinin əməkdaşları onu meydandan çıxarmağa çalışırlar. Azarkeşin meydana girməsi, təhlükəsizlik xidməti əməkdaşlarının onu meydandan çıxarması anlarının görüntüləri efirə verilmədi. Şərhçi bir məqamı da vurğuladı ki, UEFA-nın qərarına görə, belə görüntülərin efirə verilməsi qadağandır, amma bu görüntüləri videoya çəkən tamaşaçılar, yəqin ki, onu sosial şəbəkələrdə paylaşacaqlar. Həqiqətən də, şərhçinin dediyi kimi, çox keçmədi, həmin görüntülər sosial şəbəkələrdə peyda oldu.

 

İndi kimlərsə UEFA-nın bu addımını informasiyanı gizlətmək cəhdi kimi qiymətləndirsələr də, Avropa futbol təşkilatının bu qərarı klassik jurnalistika düşüncəsinə, peşəkar jurnalistika prinsiplərinə uyğun, doğru qərardır. Bu, UEFA kimi nüfuzlu qurumun prinsipial və birmənalı şəkildə belə neqativ hallara qarşı olmasından irəli gəlir.

 

Bir vaxtlar jurnalistika səviyyəli və ictimai rəyi yönləndirən bir sahə idi, jurnalistlər heç zaman məhdud dünyagörüşlü, dayaz düşüncəli insanların təbliğatı ilə məşğul olmurdular. Ortaya atılan hansısa sərsəm fikir, xəstə düşüncə, xurafat, cəhalət meylləri dərhal medianın qınağı ilə üzləşirdi, belə fikirlərin yayılması jurnalist etikasına zidd, cəmiyyət üçün zərərli sayılırdı. Jurnalistlər cəmiyyətin ziyalı, səviyyəli, ayıq təbəqəsi kimi cəmiyyət qarşısındakı məsuliyyətini dərk edir, öz fəaliyyətləri ilə cəhalətin yayılmasına qarşı ciddi müqavimət göstərirdilər.

 

İndi isə özünə jurnalist deyənlərin sayı artsa da, jurnalist məsuliyyəti azalıb. Yerindən duran özünü jurnalist adlandırır və bir cahilin, bir nadanın, bir savadsızın populist, kütləni cəlb edən fikirlərini gündəmə çevirib, təbliğ edir. Dünənəcən ictimai rəyi istiqamətləndirən media bu gün ucuz və bayağı sensasiyanın, yüngül xəbərlərin əsirinə çevrilərək onların yedəyində sürünür.

 

Gözlənildiyi kimi, oyun zamanı baş verən bu hadisə əvvəlcə sosial şəbəkələrdə yayıldı. Son illərin təcrübəsi də göstərir ki, sosial şəbəkə istifadəçilərinin heç bir məsuliyyəti yoxdur, düşüncəsindən, dünyagörüşündən asılı olmayaraq istənilən şəxs bu resurslardan yararlana və istədiyi bilgini, məlumatı yaya, paylaşa bilir. Bu internet resursu Yer kürəsinin ən fərqli qütblərində yaşayan insanların bir-biri ilə ünsiyyət qurması, öz fikir və düşüncələrini sərbəst şəkildə bölüşməsi, dünyanın dördbir yanında baş verənlərdən anındaca xəbər tutması üçün sonsuz və məhdudiyyətsiz virtual məkan kimi nə qədər əhəmiyyətlidirsə, dar düşüncəli, məhdud dünyagörüşlü insanların öz zərərli fikirlərini ictimailəşdirmələrinə münbit şərait yaratmaq baxımından bir o qədər təhlükəlidir. Sosial şəbəkələrdə bir çox istifadəçilər nəinki hansısa neqativ hallarla bağlı yayılan xəbər və videomateriallardan şikayətçi olmur, əksinə, onları gen-bol paylaşaraq təbliğ edirlər. Ən pisi isə odur ki, sosial şəbəkələrdəki belə materialları media qurumlarını bir çoxu da təkrarən paylaşmaqla onların daha geniş miqyasda yayılmasında katalizator rolunu oynayır. Əslində isə media orqanının peşəkar dəyərləri nəzərə alıb, haqqında danışdığımız final oyununda baş vermiş hadisəyə prinsipiallıqla və qətiyyətlə yanaşan UEFA kimi birmənalı mövqe sərgiləməsi, neqativ yüklü, cəmiyyət üçün zərərli xəbər və videogörüntüləri yaymaması, əksinə, belə halları qınaması ən düzgün və sağlam mövqe olardı. Təəssüf ki, bu gün bir çox hallarda jurnalistikamız məsələlərə bu nüfuzlu futbol təşkilatı kimi normal, doğru münasibət göstərə bilmir, cahil və naqis düşüncə sahiblərinin tribunasına çevrilməklə reytinq arxasınca qaçır. Olduqca ağrılı və düşündürücü mənzərədir. Həm də ona görə ağrılı və düşündürücüdür ki, bu durum medianın, jurnalistikanın nüfuzdan hər gün bir az da çox düşməsinə, etibarını itirməsinə rəvac verir.

 

***

 

 

Etibar Hüseynov feysbuk dostluğumda yoxdur, nə vaxtsa buna heç arzum, həvəsim də olmayıb. Varlığını da unutmuşdum. Dünən Azər Həsrətlə Eynulla Fətullayevin statusları maraq doğurdu deyə, açıb səhifəsinə göz gəzdirdim. Adam öz şakərindən hələ də əl çəkməyib. Yaddaşlarda söyüş, təhqir, şər-şəbədə ustası kimi qalan bu kəs uzun sürən susqunluqdan sonra indi yenidən fəallaşıb, həm də öz əvvəlki ampluasında. Yazdıqlarından açıq-aşkar kin-küdurət, paxıllıq, xılt yağır.

 

Bir ara belələrinə geniş meydan verilmişdi; marığa yatmışdılar, sahibləri kimi hədəf göstərsə, o saat onun üstünə hücum çəkirdilər. Deyəsən, indi də burunlarına nəsə iy-qoxu dəyib, suyu bulandırmağa, çirkab atmağa müntəzir dayanıblar.

 

Amma heç nə unudulmur, heç nə yaddan çıxmır. Onun və onun kimilərin mahiyyətini, xislətini ifşa eləmək, açıb hər kəsə göstərmək lazımdır ki, indiki nəsil də görüb tanısın...

 

***

 

 

Əvvəlki toyları unudun. Onlar tarixdə qaldı. Bir də olmayacaq. İfrat israfçılıqdan, gur musiqi sədaları altında şit hay-küydən, saxta, süni təbriklərdən hamı narazı idi. Dəyişdirməyi biz bacarmadıq, COVİD-19 bacardı.

 

İndi yığcam, yalnız yaxın dostlardan, qohumlardan ibarət sakit məclislərə üstünlük verməli, altşüurumuzdan harın, dəbdəbəli şənlikləri silməliyik.

 

***

 

 

Bu templə bir az da davam etsəydi, dünyanın sonu yaxınlaşacaqdı. Koronayla birtəhər tutub saxladılar; nəfəs dərməyə, düşünməyə vaxt, imkan olsun deyə. Yer kürəsi yenidən həmin tempə qayıtsa, gələcəkdə keçmişi qalaktikanın ənginliklərindəki qırıntılardan öyrənəcəklər.

 

***

 

 

"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə".

 

Dahi Mirzə Cəlilin sözləri aktuallığını itirməyib.

 

Xoruz döyüşdürməyə, it boğuşdurmağa... genetik maraq formasını dəyişsə də, tez-tez özünü yenə büruzə verir.

 

***

 

 

Adam daha futbola da etibar eləmir...

 

***

 

 

Hamı rahatlıq axtarır...

 

***

 

 

İndi uşaqlar şirniquşa sevinir ki?..

 

***

 

 

Gec gələnlərdə güc və həvəs çox olur...

 

***

 

 

Dünya çox dəyişdi...

 

***

 

 

Biz hələ 19-cu əsrdə Şuşada oturub Parisi "partladan" millətik.

 

Futbol komandası nədir ki?..

 

***

 

 

150 nəfərlik toydur. Gur, bayağı musiqinin səsindən yenə ağız deyəni ən yaxındakı qulaq eşitmir.

 

Pandemiya da ibrət olmadı...

 

***

 

 

AzTV-də Yunis Orucovun "Jurnalist araşdırması"nda "Şuşa həbsxanasının gizlinləri"nə baxdım.

 

Çox səviyyəli veriliş idi. Böyük zəhmət sayəsində sanballı iş ortaya qoyulub. Yaxşı ki efirimizdə belə araşdırma verilişlər və bunu hazırlamağa qadir jurnalist heyəti var.

 

Təbrik və təşəkkür edirəm.

 

***

 

 

Feysbukda "Qafqaz albaniyası. Qıpçaqlar" səhifəsi var.

 

Çox lazımlı və səviyyəli materiallarla zəngin səhifədir. Maraqlananlara tövsiyə edirəm.

 

***

 

 

Sözləri düzgün yaza bilməyən gənclərlə tez-tez rastlaşıram. Vurma cədvəlini bilməyənlər də çoxdur. Özlərinə haqq qazandırıb deyirlər ki, kalkulyator olan yerdə vurma cədvəlini əzbərləməyə nə ehtiyac var? Qabaqlar bu təməl bilgiləri olmayanları savadsız adlandırırdılar. Dünən isə bir gənc gördüm, istiqaməti - sağı, solu bilmirdi. Bu, necə olur, axı?

 

***

 

 

Sosial şəbəkələrdə erməni dilində səhifələrimiz olmalıdır. Şuşada erməni dilində radio fəaliyyətə başlamalıdır. Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərə, erməni vətəndaşlarımıza yönəlik siyasətinin təbliğatı aparılmalı, Bakıda yaşayan ermənilərin fəaliyyətindən, Qarabağdakı quruculuq işlərindən, ermənilərin Azərbaycan dövləti tərkibində yaşaması şərtlərindən dayanmadan bəhs olunmalıdır.

 

Erməni dilini bilən kadrları, Bakıda yaşayan erməniləri bu prosesdə iştiraka cəlb etmək lazımdır. Müharibənin ikinci, üçüncü fazalarından da qalib çıxmaq üçün daima tətikdə olmalı, ayaqda durmalıyıq.

 

***

 

 

Ona ən böyük hörmətim haqqında danışmamaqdır...

 

***

 

 

Həyasızlıq adətən savadsız və mədəniyyətsiz adamlara xasdır.

 

Savadlı və mədəniyyətli abırsızlar isə nadir, amma qorxulu olurlar.

 

***

 

 

Yekəxana danışanları utandırmaq üçün hansı kreativ yollardan istifadə edirsiniz?

 

Variantlarınız varmı?

 

***

 

 

Bir müddətdən sonra qəzetləri ancaq muzeylərdə görə biləcəyik.

 

Vaxt varkən vərəqləyək...

 

***

 

 

Bir dəfə yazınızı reklama qoymayın, görək neçə nəfər bəyənir?..

 

***

 

 

Məhdud imkanlar etmək istədiyin yaxşılıqlarla üst-üstə düşməyəndə...

 

***

 

 

Əsas bəla tənbəllikdir.

 

***

 

 

Üzündən yaxşı oxuyur...

 

***

 

 

Yatasan, hesabı səhər biləsən...

 

***

 

 

Rəqs edəndə də gərək yeri və vaxtı elə seçəsən ki, bütün dünya səni tanısın.

 

***

 

Bu vurhavurda, uzatma dəqiqələrdə telefonuma mesaj gəldi: "Əziz insan, mənim hekayəmi vermədiniz".

 

Yazdım ki, oyunu İngiltərə udsa, verəcəyik...

 

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2021.- 18 iyul.- S.11.