İslam dini Qafqazda birləşdirici mənəvi qüvvə
kimi
Qafqaz tarixən
dünyanın ən mürəkkəb etnik struktura malik bölgələrindən biri
olub. Bölgədə 50-dən çox müxtəlif dil və ləhcələrdə
danışan etnik qruplar mövcuddur.
Qafqaz eyni zamanda, müxtəlif dini konfessiyaların da məkanı olub. Burada çoxluğu təşkil
edən müsəlmanlarla
yanaşı, müxtəlif
yəhudi və xristian məzhəblərinin
nümayəndələri də
yaşayır. Lakin bütün
bu müxtəlifliyə
baxmayaraq, müəyyən
istisnalar xaric, Qafqazda dini zəmində
heç vaxt ciddi münaqişələr
baş verməyib.
Məşhur tədqiqatçı Paul B.Henzeyə görə,
din həmişə Qafqazda
etnik kimliyin tamamlayıcı ünsürü
olub. Yəni burada etnik kimlik xalqlararası münasibətlərin müəyyənləşdirilməsində
dini kimlikdən daha güclü amil kimi çıxış
edib.
Azərbaycan İlahiyyat İnstitutunun
rektoru, ilahiyyat üzrə fəlsəfə
doktoru, dosent Aqil Şirinov deyir ki, əslində,
müxtəlif dinlərə
mənsub Qafqaz xalqları arasında dini zəmindən çox etnik zəmində mübarizələrin
baş verməsi bu fikri qismən
təsdiqləsə də,
Henzenin fikri reallığı tam əks
etdirmir. Ötən əsrin 20-ci illərinə
qədər Qafqazın
müsəlman xalqları
arasında dini kimlik həmişə ön planda olub. Xüsusilə İslam dini
Qafqazdakı müxtəlif
etnik qruplar arasında birləşdirici
mənəvi qüvvə
kimi çıxış
edib.
Ümummilli lider Heydər Əliyev də bu məsələ ilə bağlı Bakıda keçirilən
Beynəlxalq Konfransda və Qafqaz Müsəlmanları Qurultayında
nitqində vurğulayıb:
"Məlumdur ki, Qafqazda olan xalqların,
millətlərin, insanların
əksəriyyəti İslam
dininə mənsubdur və İslam dini Qafqazda böyük
mənəvi gücə
malikdir".
Rektorun fikrincə, bölgədəki
dini dözümlülüyü
şərtləndirən əsas
amili Qafqaz xalqlarının milli və dini dünyagörüşündə
axtarmaq lazımdır:
"Biz burada xüsusilə
Qafqazda hakim olan dini dünyagörüşünün
birgəyaşayış ənənəsinə
necə yol açdığından bəhs
etmək istərdik. Bölgə xalqlarının əksəriyyəti
İslam dininə mənsub olduğu üçün bu dinə mənsub olan xalqların dünyagörüşünü əsas götürəcəyik.
Qafqazda tarixən
birgəyaşayış və
dözümlülük ənənəsini
təmin etmiş ən mühüm ünsürlərin başında
sufi-irfan ənənəsi
dayanır. Belə ki, Qafqazdakı
İslam anlayışı
tarix boyunca daha çox təsəvvüf mərkəzli
olmuşdur. Təsəvvüf İslamın dəruni tərəfini təmsil etməklə dinin zahiri hökmlərinin arxasındakı həqiqi
mənanın üzə
çıxarılmasına xidmət edir. Bu dünyagörüşünə
görə, varlıqlar
bizə çox və fərqli görünsələr də,
dərinliyə vardıqda,
əslində, aralarında
bir vəhdətin olduğunu görərik.
Bu vəhdət həm ontoloji, həm də qneseoloji bir vəhdətidir. Buna görə də, təsəvvüf düşüncəsi
vəhdətdən kəsrətə,
yəni təklikdən
çoxluğa deyil, kəsrətdən vəhdətə
doğru hərəkət
edən bir düşüncə şəklidir.
Bu baxımdan sufinin kainata baxışı da ayıran deyil, birləşdiricidir. Bunun ictimai
təzahürü müxtəlif
dini qruplar arasındakı fərqlərə
xor gözlə baxmamaqdır. Düzdür, bu, o mənaya gəlmir ki, sufilər üçün
bütün dinlər
və məzhəblər
eynidir. Sufilər müsəlmandır və çoxu da müəyyən bir məzhəbə bağlıdır. Lakin sufinin
digər dinlərə
və məzhəblərə
baxışı müsəlman
teoloqların (mütəkəllim,
kəlamçı) baxışından
fərqlidir. Teoloq zahiri
fərqlilikləri, yəni
kəsrəti əsas
alır və başqalarını buna görə dəyərləndirir.
Sufi isə zahirən
görünənin arxasındakı
ilk baxışda görünməyən
vəhdəti axtarır.
Bu baxımdan sufi fərqlilikləri
minimuma endirməyə
çalışır.
Təsəvvüfün yuxarıda qeyd etdiyimiz nöqteyi-nəzəri
sufilərin tarix boyunca zahir üləmasına
nisbətlə başqa
dinlərə və məzhəblərə qarşı
daha tolerant olması ilə nəticələnmişdir. Buna görə də tarixən təsəvvüf
təriqətlərinin yayıldığı
bölgələrdə ümumən
tolerant mühit hakim olmuşdur.
Müasir dövrdə, xüsusilə
Şimali Qafqazda təsəvvüf ənənəsinin
zəifləməsi və
sələfi-vəhhabi dünyagörüşünün
daşıyıcılarının çoxalması ilə birlikdə dini dözümsüzlüyün də
artması bu fikrin doğruluğunu təsdiq edir".
A.Şirinovun dediyinə görə, Azərbaycan Qafqazda tolerantlığın və
birgəyaşayışın qarantı olan irfani-sufi həyatın mərkəzi olub və bu dünyagörüşü
bütün Qafqaza məhz buradan yayılıb. Belə ki, nəinki Qafqazın, hətta Osmanlı dövləti başda olmaqla İslam dünyasının
bir çox bölgəsinin dini həyatında önəmli
rol oynamış xəlvətiyyə təriqətinin
mərkəzi məhz
Azərbaycan olub:
"Təriqəti sistemləşdirən
və intişar
tapmasını təmin
edən əsas şəxsiyyət Seyid Yəhya Şirvani məhz ölkəmizdə
yaşayıb-yaratmışdır. Bir versiyaya görə, təriqətin qurucusu Ömər Xəlvəti də Şamaxıdandır.
19-cu əsrdən başlayaraq bütün Şimali Qafqaz bölgəsinin müsəlman
əhalisinin dini-irfani
dünyasını müəyyənləşdirən
əsas mürşid də Azərbaycanlı Şeyx İsmayıl Şirvani (Kürdəmiri)
olmuşdur. Nəqşbəndi
təriqətinə mənsub
bu sufi
mürşid bütün
Qafqazda tolerantlığa
əsaslanan ictimai strukturun formalaşmasında
önəmli rola malik olmuşdur. Şirvani nəqşbəndi təriqətinin
əsas qollarından biri olan xalidiliyin
qurucusu Mövlana Xalid Bağdadinin tələbəsi olub və birbaşa ondan təsəvvüf ənənəsi üzrə
icazət almışdır.
Şirvani Qafqaz müsəlmanları
arasındakı məzhəb
fərqliliyini ədavətə
çevirmək istəyənlərə
qarşı mübarizə
aparmış, hətta
məzhəblərarası fərqliliyə münasibətində
öz şeyxindən
də xeyli fərqlənmişdir. Belə ki,
hər halda dövrün siyasi hadisələrinin də təsirində qalmış
Xalid Bağdadinin şiə məzhəbinə
qarşı münasibəti
mənfi olub. Xüsusilə təsəvvüfdəki rabitə mövzusunu müzakirə etdiyi "Risalə fi təhqiqir-rabita adlı əsərinin sonunda şiələrə qarşı
mənfi fikirlər səsləndirib. Şeyx İsmail
Şirvanidə isə
bu münasibətin
tam əksini görürük.
Yetişdirdiyi tələbələr vasitəsilə Qafqazda sufiliyi yayan bu şeyx bölgədəki
məzhəblərarası münasibətin müsbət
məcrada davam etməsində xüsusi rola malik olub.
Onun tələbəsi Mir Həmzə
Nigari məsələyə
münasibətdə müəllimindən
də qabağa getmiş, xüsusən Qarabağ və Qazax-Borçalı bölgələrində
hər iki məzhəbin dəyərlərini
birləşdirən bir
irfan ənənəsinin
əsasını qoyub".
Rektor vurğulayıb ki, Şeyx İsmayıl Şirvaninin bu ənənəsi təkcə Azərbaycanda deyil, bütün Qafqaz müsəlmanları arasında yayılıb və beləcə həm bölgədəki müsəlman xalqlarının eyni ənənə ətrafında birləşərək bir-biri ilə müsbət əlaqə qurmalarına, həm də digər dinlərdən olan insanlara qarşı dözümlü yanaşmalarına böyük töhfə verib. Bu ənənə Qafqaz xalqlarının birləşərək yadelli işğalçılara qarşı mübarizə aparmalarında da böyük rola malik olub. Belə ki, Şirvaninin fikirlərini Şimali Qafqazda Xas Məhəmməd Şirvani, daha sonra isə Məhəmməd Yaraği və Cəmaləddin Qazıkumuki davam etdirib. Yarağinin müridi Qazi Məhəmməd və onun davamçısı Həmzə bəy Qafqazı işğal edən ruslara qarşı mübarizə aparıb və nəticədə qətlə yetirilib. Qafqaz xalqlarını birləşdirərək işğalçılara qarşı əsas mübarizəni isə Qazıkumukinin müridi və elmi ədəbiyyatda "müridizm" hərəkatının lideri kimi tanınan Şeyx Şamil aparıb. Şeyx Şamil də öz müəllimləri kimi məhz İsmayıl Şirvani ənənəsinə mənsub olub: "Qeyd edim ki, Qafqazın müsəlman olmayan əhalisi arasında da dini tolerantlığın çox sayda nümunələrinə rast gəlirik. Erməni kimliyində olduğu kimi din və etnik ambisiyaların iç-içə keçdiyi nümunələri istisna etsək, Qafqazda yaşayan digər qeyri-müsəlman qrupların həyatında da əsasən tolerantlığın hakim olduğunu görürük. Tarixin müəyyən dövrlərində Gürcü çarları pravoslavlığın hamisi kimi çıxış etsə də, IV Davidin (1073 -1125) nümunəsində olduğu kimi Gürcüstan tarixində də başqa dinlərə dözümlü yanaşmanın nümunələrinə rast gəlmək mümkündür. Bəzi gürcü mənbələrində bu barədə mübaliğələrə yol verilsə də, Davidin başda müsəlmanlar olmaqla digər dinlərin nümayəndələrinə qarşı dözümlülük nümayiş etdirməsi bir çox tədqiqatçının vurğuladığı bir xüsusdur. Başqa dinlərin mənsublarına qarşı dözümlü münasibəti Qafqazın qədim yəhudi icması olan Dağ Yəhudiliyində, eləcə də Qədim Qafqaz-Alban Kilsəsinin davamçıları olan Udi icmasının ənənələrində də görmək mümkündür. Azərbaycanda, xüsusilə yəhudi və xristian icmalarının müsəlmanlarla birlikdə sülh şəraitində yaşamalarını təmin edən səbəblərdən biri də ölkənin böyük əksəriyyətinin dini olan İslamın başqa inanclara qarşı ehtiramı olub. Heydər Əliyev də məhz bu həqiqəti "Azərbaycanlılar başqa dinlərə münasibətdə həmişə dözümlü olublar. Bunu bizə Qurani-Kərim və Peyğəmbər Həzrət Məhəmməd tapşırıbdır" və "İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmayıb. Çünki bu dinlərin hamısı Allahdan gəlir", - şəklində ifadə edərək, həm Qurani-Kərimə, həm də Peyğəmbərimizin hədislərinə nəzər saldıqda, İslamın bu iki əsas mənbəyində başqa inancdan və fikirdən olan insanlara qarşı dözümlü münasibətin öz əksini tapdığını və radikallığın əsas göstəricisi olan dözümsüzlüyün rədd edildiyini vurğulayıb.
Bu ənənələr 44 günlük Vətən müharibəsində özünü büruzə verdi. Azərbaycanda bütün dinlərin və mövcud etnik qrupların nümayəndələri Vətəni qorumaq üçün birgə addımladılar. Onlar bunu vətənpərvərlik əzmi ilə etdilər. Təbii ki, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbəni əldə etdik.
"Xalqlar arasındakı dostluq, mehriban münasibət bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq... İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan Bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir". Bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı yekun nitqində bildirib.
Nəticə olaraq qeyd etmək mümkündür ki, tarixən Qafqaz xalqlarının dini dünyagörüşləri ekskluzivist (kənarlaşdırıcı) deyil, inkluzivist (birşləşdirici, əhatə edici) bir xarakterə malik olmuşdur. Bu da qeyd olunan bölgədə dini zəmində ümumən dözümlü bir mühitin yaranmasına səbəb olmuşdur. Eyni zamanda, Azərbaycanda tarixən formalaşmış birgəyaşayış ənənəsi dünyada mövcud olan nümunəvi modellərdən biridir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 18 iyul.- S.10.