"Yaxın günlərdə hamınızı sevindirəcəyəm"

 

Şəhid çavuş Pərvin Salmanzadənin şərəfli ömür yolu

 

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Pərvin Təbriz oğlu Salmanzadə 1991-ci ildə Astara rayonunun Pensər kəndində anadan olub.

 

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib, noyabrın 6-da qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" , "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Pərvin Salmanzadə ailədə üç bacının tək qardaşı olub. 2008-ci ildə Astara rayonu Mirzə Fətəli Axundov adına Pensər kənd 1 saylı tam orta məktəbi bitirib, 2009-cu ildə Astara rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə hərbi xidmətini başa vurduqdan sonra zəhmət dolu həyatını yaşayıb.  Fəhləlik edib, təsərrüfatla məşğul olub, bir müddət "Azpetrol LTD" MMC- işləyib, ailəsinə dayaq durub.

 

Pərvinin ən böyük arzusu hərbçi olmaq idi. Buna görə bir neçə dəfə xidmət üçün sənəd verib.  2020-ci ildə sənədlərini yenidən təqdim edib. Bəlkə, məhz 2020-ci ildə azadlıq savaşının olacağını hiss edib Pərvin? Bacısı deyir ki, elə bil, ürəyinə dammışdı. Əvvəlki illərdə orduda xidmət üçün müraciət etmişdi, amma alınmamışdı. Sonacan istəyindən dönmədi.

 

Nəhayət, 2020-ci ildən Pərvin Salmanzadə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi  xidmətə başlayır. Öz nümunəvi xidməti, çevikliyi, məsuliyyəti ilə seçilir.

 

Dostu Vasif Nuruzadənin dediklərindən: Pərvinlə 2020-ci ildə birlikdə hərbdə olmuşuq. Çox etibarlı dost idi. Hamıya kömək etmək istəyirdi. Müharibə olacağını biləndə həyəcanlananlar da, qorxu hissi keçirənlər vardı. O isə sevinirdi. Pərvinin şən əhvalı, zarafatları elə ab-hava yaradırdı ki, elə bil, müharibəyə yox, bayrama gedirik. Biz qələbəyə inanırdıq. Hər qarış azad olan torpaq üçün sevinirdik. Bu savaşda ancaq Pərvin kimi ürəkli oğullarla qalib ola bilərdik. Onu döyüşlərdə görmək lazım idi. Aslan kimi irəliləyirdi. Çox qəribədir, Şuşa uğrunda döyüş əməliyyatı başlamadan öncə "Rahatam, Şuşanı da azad edəcəyik. Ölümdən qorxmuram, çünki torpaqlar azaddır" dedi. Hücum başlamazdan əvvəl bütün paltarlarını dəyişdi. Elə bil, bayram  hərbi paradına gedirik. "Şuşanı alacağıq, amma mən şəhid olacam, üstüm-başım tərtəmiz olsun, deməsinlər ki, pinti olub"- deyib zarafat da elədi. Hücum zamanı bir az aralı idik. Güllə yağırdı. Onun yaralandığını gördüm. Yanına qaçdım.Güclə nəfəs alırdı. Son nəfəsində "Bircə balalarımdan nigaranam", dedi.

 

Pərvin döyüş yoldaşlarının, komandirinin yaralandığını görür. Yanındakı əsgərlər "Təhlükəlidir, bir az gözlə" desələr , Pərvin dayanmır, onların yanına gedir, yaralı döyüşçüləri xilas edir. Sonra komandirini qorumaq üçün özünü onun üstünə atır. Döyüş yoldaşlarının, komandirinin həyatını qurtarsa da, qəlpə ürəyinə sancılır...

 

2020-ci ilin 27 sentyabrı idi, Vətən müharibəsi başlayacaqdı. Həmin gecə bu xəbərin sevincini bölüşür ailəsiylə: "Ana, yaxın günlərdə hamınızı sevindirəcəyəm. Bütün xalqımız sevinəcək. Özünüzə yaxşı baxın".

 

Pərvin İkinci Qarabağ müharibəsinin ilk günündən igidliyi, cəsurluğu ilə fərqlənir, Füzulinin, Cəbrayılın kənd-kənd azad olunması uğrunda ən ağır döyüşlərin iştirakçısı olur, Ağdərə, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərir, düşmənin onlarla canlı qüvvəsini, tankını məhv edir.

 

Təbiətən çox şən, zarafatcıl insan olan Pərvin döyüş zamanı ən çətin anlarda belə yoldaşlarını ruhdan düşməyə qoymazdı. Hər gün cəbhədən ailəsinə, dostlarına, uşaqlarına zəng edər, yenə də zarafatlarından da geri qalmazdı. Bütün tanışları onun çox nikbin olduğunu deyir. Hətta savaşa yola salan dostlarına, doğmalarına "Bütün kəndləri, rayonları azad etməyə gedirəm" deyibmiş...

 

Anası Nərminə xanımın dedikləri: Balam çox ailəcanlı idi. İmkan olan kimi zəng edərdi. Yenə zəng gəldi. "Balalarımdan muğayat olarsan", dedi. Sonta halallıq istədi. Hardan biliəydim ki, son zəngidir. Demə, Şuşaya gedirmişlər. "Sən halallıq ver, ana. Vətəndən halallıq alacağam". Son sözləri bu oldu qeyrətli balamın.

 

Çavuş Pərvin Salmanzadə 2020-ci il noyabrın 6-da Şuşa şəhərinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanca şəhid olur. Döyüş yoldaşları  deyirlər ki, hücum zamanı şəhid olsa da, elə bilirdik, bizimlədir, Şuşanı məhz Pərvin azad etdi.

 

Doğulduğu Astara rayonunun Pensər kəndində Seyid Cəmaləddin türbəsində torpağa tapşırılan Pərvin Salmanzadə övladlarını xalqımıza əmanət qoydu.

 

Pərvin son anda əlini Şuşaya uzadıb "Bilirdim Şuşa bizimdir", deyib ona kömək etmək istəyən əsgər dostlarına. Sonra da "Üst-başım təmizdirmi? Təmiz yaşamaq, təmiz ölmək yaxşıdır", deyə gülümsəyib.

 

Təmizliyi, paklığa qovuşmaq istəyirdi Pərvin. Bəlkə, bizə "Təmiz yaşayın, təmiz ölün" demək istəyirdi? Amma bunu sözlə yox, canını Vətən uğrunda güllələrə sipər edərək dedi. Təmizliyin zirvəsinə ucalan Pərvin Salmanzadə belə düşünürdü.

 

Kamalə ABİYEVA

 

 

525-ci qəzet.- 2021.- 23 iyul.- S.14.