Sevgili şəhərimizin səsi

 

 

Qara ilə yaxın qohum olsaq da, tanışlığımız yox idi. Bir-birimizin heç üzünü görməmişdik. Harda da görəydik? Mən Şuşadaydım, o isə dünyanın o başında - Bakıda yaşayırdı. Amma evimizdə Qaranın adını tez-tez eşidirdim.

 

Hərdənbir qohum-əqrəbadan söz düşəndə atam, ilk növbədə, xalası oğlu Xəlillə (Böyük Vətən müharibəsində həlak olub. Biz uşaqlar ona həmişə "Xəlil dayı" deyirdik) çəkdirdiyi divardan asılmış şəklini göstərər, onun övladları Elmiradan, Müsafirdən, Telmandan danışardı. Bu söhbətlərdə Qaranın da adını çəkər, deyərdi ki, o, mən müharibədən qayıdandan iki-üç il sonra bizim bu "Novlu bulağ"ın başında dünyaya gəlib... Amma illər keçirdi, adını eşidib, üzünü görmədiyim qohumumla görüşmək mənə nəsib olmurdu.

 

Tale bizi çox-çox illər sonra görüşdürdü. 1973-cü ildə universitetə növbəti dəfə qəbul imtahanları vermək üçün Bakıya gəlmişdim Bakıxanov küçəsinin başlanğıcındakı "Azərbaycan" mehmanxanasında qalırdım. Həmişə mənimlə maraqlanan, mənə xüsusi qayğı göstərən, xaloğlumuz, doktor Müsafir Orucov günlərin bir günü iki nəfərlə birlikdə məni yoluxmağa gəlmişdi. O vaxt Müsafir həkimin Mərkəzi Komitədə yenicə işə başlayan kiçik qardaşı Telman Orucovu təbii ki, dərhal tanıdım, o birinin əlamətlərindən üzünü görmədiyim qohum olduğunu bildim... həmin gündən Qara ilə əyani tanışlığımın təməli qoyuldu.

 

... Qara mənim oxuduğum Jurnalistika fakültəsinin yerləşdiyi binanın ikinci mərtəbəsində yaşadığından onunla tez-tez rastlaşırdıq. Hər dəfə mənə qayğıkeşliklə yanaşır, necə oxumağımla, yaşayışımla maraqlanır, çətinliyim olsa, köməyini əsirgəməyəcəyini bildirirdi.

 

İllər keçdi, mən universiteti bitirdim. Lakin bizim əlaqəmiz üzülmədi, əksinə, artdı. Qara Tağızadə ilə ya onun diktor işlədiyi mənim müntəzəm əməkdaşlıq elədiyim Azərbaycan radiosunda, ya da işdən sonra yazı-pozu adamlarının toplaşdığı "Azneft" meydanındakı qala divarına bitişik çayxanada görüşürdük. Ən çox görüşümüz isə çayxanada olurdu. Bəzən günümüz yaxınlıqdakı "Venetsiya" restoranında keçirdi.

 

Sən demə, Qaranın aydın, səlis diktorluq səsi ilə yanaşı, gözəl, məlahətli vokal səsi varmış. Kefimiz "yaxşı" olanda hərdənbir zümzümə edirdi. Yox, zümzümə eləmirdi, əməlli-başlı oxuyurdu, özü ən çox türk mahnılarını.

 

Min doqquz yüz həştadıncı il idi. Mən növbəti dəfə Tiflisə arxivdə işləməyə getmişdim. Demək olar ki, bütün yayı orda keçirtdim. Bakıya qayıdanda ilkin olaraq doğma çayxanaya yollandım. Çayxananın, ümumiyyətlə, dost məclislərinin yaraşığı olan Vidadi Məmmədov, İsmayıl Məmmədov, Qara Tağızadə, Kamil Vəliyev, Kamal Abdullayev çay stolu arxasında nəyisə qızğıncasına müzakirə edirdilər. Onlarla salamlaşıb görüşdüm, stul çəkib, yanlarında oturdum. Qara üzünü mənə tutub: - Ə qohum (o, mənə belə müraciət eləyirdi), hardasan neçə vaxtdır?! Axtaranda tapmaq da olmur səni! - deyə məni ərkyana "danlamağ"a başladı. Əbülfəz (Əbülfəz Əliyev sonralar Azərbaycanın prezidenti olmuşdu) səni toyuna çağırmışdı, dəvətnaməni mənə vermişdi ki, sənə çatdırım. Odey, hələ maşındadır! - deyə əlini yolun o tayında saxladığı "Zaporejye" markalı maşınına tərəf uzatdı. Pərtlik yarana biləcəyindən ehtiyatlanan İsmayıl müəllim üzünü mənə tutub: - Toya gedərkən bilirsən sənin bu qohumun pəstəha çıxartdı? (Onlar Ordubada toya bir yerdə getmişdilər). Burdan ora, ordan bura uçana-qaçana macal vermədi, yol boyu elə hey oxudu, həm bizi darıxmağa qoymadı. Sənin bu qohumunun yaxşı yol yoldaşlığı da varmış!

 

...Aylar, illər ötdükcə biz yaşlaşırdıq, yaşımızın üstünə yaş gəlirdi. Ömrümüzün necə gəlib-keçdiyini hiss eləmirdik. Bir gün təsadüfən Qara ilə Cıdır düzündə rastlaşdıq. Bu, ötən əsrin həştadıncı illərinin sonları idi. Xeyli söhbətləşdik, dərdləşdik, günümüzü bir yerdə başa vurduq. Amma elə bil ürəyinə dammışdı ki, bu, onun canı qədər sevdiyi Şuşaya son gəlişidir. Dedi, deyəsən, bizim bir yerdə şəklimiz yoxdur. Dünyanın işini bilmək olmaz. Gəl Vətəndə bir yadigar şəkil çəkdirək! - deyib, yaxınlıqda "ov gözləyən" ovçu kimi pusquda duran fotoqrafı səslədi. Aşağıda gördüyünüz şəkil həmin gündən qalma xatirədir.

 

1992-ci ilin məlum Şuşa hadisəsindən sonra biz daha tez-tez görüşür, dərdimizi bölüşürdük. İndi də əsas görüş yerimiz "Azneft" meydanından bir az aralıda, Dənizkənarı parkın kiçik bir guşəsində ona məxsus yeməkxana idi. Həmişə də söhbətlərimizdə mənə təsəlli verirmiş kimi, deyirdi ki, çox fikir eləmə, "yüz fikir bir borcu ödəməz", Allah qoysa, hər şey qaydasına düşəcək, hər şey yaxşı olacaq. Görüşlərimiz burda yox, yenə də Şuşada davam edəcək".

 

Nə isə... Günlərimiz belə keçirdi. Bir gün Qara hansı kitab üzərində işlədiyimi soruşdu. Dedim Şuşa ilə bağlı yazılmış bütün nəzm əsərlərini toplayıram. Düz iyirmi beş ildir. İstəyirəm onları kitab halında çap edəm. Dedi yaxınlarda mən də Şuşa haqqında bir şeir yazmışam, bəlkə, onu da ora əlavə eləyəsən. Və bir neçə gündən sonra aşağıdakı şeiri mənə göndərdi və "İndi küləklər oxuyur" adlı həmin şeiri "Şuşa nəğmələri" adlandırdığım kitabın ikinci cildinə daxil elədim:

 

Qulağına gəlirmi, anam,

Sevgili şəhərimizin səsi.

Yanağına toxunurmu

Xarı bülbülün isti nəfəsi?

Oyadırmı səni uyqudan

Şəhərimizin dan üzü?

Kövrəldirmi səni

Kirsin yollara dikili gözü?

Yuxuna girirmi, canım,

Kavur çıxmaz

Cıdır düzü?

İndi küləklər oxuyur

O yerlərdə

Bizim qədim şərqimizi.

 

Qara Tağızadə haqqında geniş bir oçerk yazmaq fikri çoxdan məni düşündürürdü. Lakin onun həyata qəfil "əlvida" deməsi mənim bu istəyimin qarşısına sədd çəkdi və mən də hələlik bu kiçik xatirə yazısı ilə kifayətləndim.

 

Vasif QULİYEV

 

525-ci qəzet.- 2021.- 23 iyul.- S.13;14.