Duyğuların rəngi
Soydaşımız, rəssam
Arzu xanım Behrəngin yaradıcılığı haqda
düşüncələr
...Yaradıcılıq
istedadın, zəhmətin bəhrəsi olmaqla yanaşı,
həm də genetik mənşəyin, yaddaşın məhsuludur.
Arzu
xanım Behrəngin əsərlərinin fotosurətlərini
ilk dəfə sosial şəbəkələrdə görəndə
tanımaza-bilməzə onun müəllifi ilə
öz aramda gen yaxınlığı, doğmalığı
hiss etdim. Janrından, mövzusundan asılı
olmayaraq bu əsərlərdə xalqımızın ruhundan,
qan yaddaşından süzülüb gələn incə
nüanslar vardı.
Sonralar müəllifin öz fotosunu da gördüm,
vücudunda, danışıq tərzində Azərbaycan
qadınlarına xas olan ən xarakterik xüsusiyyətləri
yaşadan bu koloritli xanımla virtual ünsiyyətdə oldum
və gördüm ki, zənnimdə yanılmamışam.
Arzu
xanım Behrəng
Təbrizdə doğulub boya-başa çatıb.
Təmiz Azərbaycan əsillidir. Taleyin hökmü ilə hal-hazırda İstanbulda
yaşayıb-yaradır.
Hər şey isə çoxdan başlamışdı
- onda balaca Arzu yenicə məktəbə gedirdi. Valideynləri
övladlarının qeyri-adi duyumunu, duyduqlarını cizgilərin,
rənglərin dili ilə əks etdirmək qabiliyyətini
hiss edəndə duruxub qalmışdılar...Vaxt isə
gözləmirdi. Balaca Arzu hər gün bir buğda dənəsi
boyda böyüdükcə istəyinin, arzularının boyu
da böyüyürdu, qızcığaz görürdü ki,
insanların simaları, baxışları, sifət cizgiləri
onların ruhunun, qəlbinin, ciddi-cəhdlə gizlədib
büruzə vermək istəmədikləri
duyğularının aynasıdır, bu cizgilərdə
onların gücünü və
gücsüzlüyünü, arzularının üfüqlərini
bəlirləyən işarəvilik amacı var; bu simalar,
çöhrələr sanki müxtəlif ömür
dastanlarından bəhs edən kitablardır, Təbriz
xalılarındakı naxışlar kimi sirli mətndir və
Allah-taala onu Yer üzünə bu kitabların məzmununu rənglərin
dili ilə əks etdirmək, bu mətnlərin sirrini
açmaq üçün göndərib..
Bəs neyləməli? Qadınların incəsənətə,
özəlliklə də rəssamlığa meyil etməsinin
məqbul sayılmadığı bir durumda qız
uşaqlarına rahat tale vəd etməyən bu istəyi elə
beşiyindəcə boğmalı, yoxsa ümumi axına
qarşı dedib bulaq kimi çağlamaq istəyən bu istəyin
gözünü açmalı?
Arzunun
valideynləri "Qoy taleyi ona yar olsun" - deyib ikinci yolu
seçdilər və nəticədə Arzu, bir hal-hazırda
portret janrında işləyən rəssamlar arasında
xüsusi yeri olan, bu janrın "kraliçalarından
biri" statusu qazanan orijinal bir sənətkar kimi yenidən
doğuldu.
Hər
bir yaradıcı şəxsin öz yaradıcılıq fəlsəfəsi,
öz mövzusu olur və bütün
yaradıcılığı boyu müxtəlif janrlarda əsərlər
yaratsa da əslində bir əsər - yazardırsa, bir
böyük Kitab, bəstəçidirsə, bir Simfoniya, rəssamdırsa,
bir Tablo yaradır. Bu mənada Arzu xanımın
yaratmaqda olduğu həmin o böyük tablo İNSAN tablosu,
onun qələbələr, məğubiyyətlər, sevinc və
kədər, uğur və uğursuzluqlar ümnanında
yoğrulub-yapılan xislətinin obrazıdır. Onun portret janrına üstünlük verməsi də
yəqin ki, bundan qaynaqlanır. Tam əminliklə
deyə bilərəm ki, Arzu xanım hal- hazırda bu
janrın dünya çapında tanınan,
sayılıb-seçilən ustalarından biridir. O,
bizim, necə deyərlər, cikinə də, bikinə də bələd
olduğumuz istənilən şəxsin qəlbinin ən
mübhəm qatlarına nüfuz edərək dilə gətirilməyən
hisslərini, duyğularını, düşüncələrini,
bütöv xarakterini orijinal bir tərzdə əks etdirməyi
çox yaxşı bacarır və bu mənada bu portretlərdəki
rəng qammaları poeziyada, musiqidə olduğu kimi sükutun
səsi statusu qazanaraq gerçəkliyin obrazını
yaratmağa yönəli bir vasitəyə çevrilir.
Arzu xanımın portret yaradıcılığından
danışanda bir məsələni xüsusi vurğulamaq
lazımdır.
Məlumdur
ki, insanların psixologiyası - temperamenti, şəxsiyyətinin
xarakterik xüsusiyyətləri zahiri görkəmlərində
heç də həmişə eyni dərəcədə təzahür
etmir - adam var ki, gözlərinə,
üzünə baxıb bircə anın içindəcə
qəlbini oxuyursan; adam da var ki, könül dünyasının
qapıları 40-cı otağın qapısı kimi
hamının üzünə bağlıdır. Məsələnin bu tərəfi portret janrında
işləyən rəssamların da
yaradıcılığına təsirsiz
ötüşmür. Bəzi rəssamlar xarakterin ağırlıq mərkəzini
portretini çəkdiyi şəxsin təkcə simasında
deyil, bütün vücudunun plastikasında axtarır, kino
dili ilə desək, ümumi plana üstünlük verirlər
ki, bədən dilinin
imkanlarından da yararlansınlar. Arzu xanım isə
buna rəğmən əsasən "iri plan"
estetikası ilə işləyir, yəni onun
üçün ilk növbədə gözlərin, üz
çizgilərinin dili önəmlidir. Çünki
bədən dilini yamsılamaq, imitasiya etmək mümkün
olduğu üçün o, aldadıcı effekt də
doğura bilər. Gözlərin,
qaşların, dodaqların dili isə instinklərə
bağlı olduğu üçün sahibi haqqında daha səhih
məlumat ötürür. Bu mənada
Arzu xanımın çəkdiyi portretlər insan həyatınınn
bir anı kimi yox, həqiqət anı kimi maraq doğurur.
Atatürkün,
M.Şəhriyarın, Səttarxanın, S.Behrənginin... Arzu xanım tərəfindən yaradılan portretləri
deyilənlərə əyani sübut, bu janrda yaradılan
monumental sənər əsərləridir.
Arzu xanımın sənət fəlsəfəsinə
görə dünya ilk növbədə duyğular üzərində
pərvəriş tapır, hiss və duyğulardan
dışarıda qalan dünya əslində yox kimidir və
onu nə qədər təm-taraqla əks etdirməyə
çalışsan da reallığın solğun surətindən
başqa heç nə alınmayacaq.
Rəssamlıq sənətində nəyi demək amili
ilə yanaşı onu necə, hansı üsulla demək də
vacib amillərdən biridir. Palitrada hansı rəngin
üstünlük təşkil etməsi, daha mütəhərrik
olması, reallığın görünən, yoxsa duyulan
formada əks etdirilməsi, rəng çalarlarının
optik linzadan keçən işığın spektri kimi
saf-çürük edilməsi... - bütün bunlar
yaradılan əsərin bədii-estetik məziyyətlərini
şərtləndirən vacib məqamlardır.
"Tabloya oxşayan dünya, yoxsa tablodan görünən
dünya" dilemmasında 2-ciyə üstünlük verən
Arzu xanım sulu boya və akrillə həm
ayrı-ayrıllıqda, həm də onların sintezində
formalaşan texnikada işləməyə üstünlük
verir. Sevdiyi rəng isə füruzəyi rəngdir.
"Təbrizin simvolu olan füruzəyi rəng mənim
tablolarımın vizit kartı, oradakı imzamdır" - deyir Arzu
xanım. O ki, qaldı bizim adi gözlə görə bilmədiyimiz
rənglərə - onları duymaq üçün həm də
bəsirət gözü gərəkdir.
O, sənətdə
mücərrəd dilin əleyhinədir, amma eyni dərəcədə
həyatı sadəcə kopyalamağın, yüzə-
yüz gerçəkliyi təkrarlamağın da tərəfdarı
deyil. "Sənət dünyanı daha da
gözəlləşdirməli, insanları onu daha çox
sevməyə sövq etməlidir" - deyən rəssam bunu
"Rənglərin rəqsi" adlandırdığı
triptixdə obrazlı şəkildə çox ustalıqla əks
etdirib. Rəssam bu tablolarda əsas rənglərin
bir- birinə qarışaraq yaratdıqları yeni
çalarlar ladında improvizasiyalar edərək Təbriz
xalılarındakı rəng qammalarını yada salan bir
simfonya - rənglərin marşı simfoniyası yaradıb.
Bu şəkilləri rəngləri sadəcə
sistemsiz, nizamsız şəkildə kətana, yaxud
kağıza yaxıb posmodernist ovqat yaratmaq cəhdi kimi
düşünmək kökündən səhv olardı.
(Yeri gəlmişkən deyim ki, o, Təbriz Azad
Universitetinin qrafika rəngkarlığı bölməsinin məzunudur).
Diqqət versəniz rənglərin bu sayaq sərgilənməsində
ciddi kompozisiya elementləri də görmək olar - birinci
şəkildə rənglərin harmoniyası müəyyən
mənada peysaj effekti yaradır, ekspressiv duyğular göy sulu
göl, mavi şəlalə, gümüşü çay, rəngləri
çiçəklərin rənginə
qarışmış kəpənəklər obrazlarına
asossiasiya olunaraq yuxu, xatirə dili ilə sirli bir aura yaradır.
Mən bu
tablolarla Xalq şairi Rəsul Rzanın " Rənglər"
silsiləsini təşkil edən şeirlər arasında bir
yaxınlıq da gördüm - bu rəsmlər həmin
şeirlərin sanki vizual ekvivalentidir və
düşünürəm ki, şairin həmin şeirləri
toplanmış kitaba ən uğurlu illüstrasiyalar ola bilərdi...
Bir sıra süjetli kompozisiyalarda gerçəkliyə zərif ilğım pərdəsi, necə deyərlər, "dumanlı obyektivin gözü" ilə baxması Arzu xanımım lazım bildiyi məqamlarda yuxu, yaddaş xatirə elementlərinə müraciət etməsinin göstəricisidir. Buna primitivizm ənənələrinin davamı kimi baxmaq düzgün oımaz. Əslində yaddaşda, xəyalda, yuxuda mövcud olan dünya hər birimizin içində yaşayır və heç kum də deyə bilməz ki, həmin dünyanı öz təsəvvüründə tam şəkildə vizuallaşdıra bilər. Elə isə bu tablolara yaddaşda mövcud olan dünyanın elə yaddaşdakı ölçü-biçidə əks erdirildiyi əsərlər kimi baxmaq daha düzgün olmazmı?
Portret janrında çəkdiyi əsərlərdə müəllif rənglərin birlikdə, xorla "oxumasından" yaranan realist estetikaya üstünlük verirsə, lövhə, fraqment, etüd poetikasında işlədiyi rəsmlərdə xəyal, fantaziya kimi elmentlərə müraciət edir, bilərəkdən assimmetriya ənənələrini önə çəkərək deyilməyənləri oxumağı, göstərilməyənləri görməyi tamaşaçıların öz öhdəsinə buraxır...
Arzu xanımın sənətkarın missiyası, sənətin funksiyası barədə maraqlı fikirləri var. "Siz öz əsərlərinizlə insanlara hansı mesajı göndərirsiniz?" sualına cavabı belədir ki, hər bir əsərdə tamaşaçıların aldığı sayda mesaj var. Yaxud "Üslubunuzun formalaşmasında kimlərin təsiri olub?" sorğusuna belə cavab verir: "Konkret ad çəkmək düzgün olmaz. Rəssamlar bir-birlərini təkrarlamamaq şərti ilə bir- birlərindən həmişə təsirlənirlər".
Hazırda yaradıcılığının yüksəliş dövrünü yaşayır Arzu xanım. Hər gün molbert arxasına keçib şövqlə işləyir, müəyyən səbəblər üzündən yaxından tanış ola bilmədiyi təsviri sənətimizin tarixi poetikasını öyrənməyə çalışır. Ümumiyyətlə, bu xanımda milli hiss, kökə bağlılıq çox güclüdür, hətta nə vaxtsa Bakıda sərgisinin açılacağına da möhkəm inanır.
Bizə isə bu inamın reallaşmasına
yardımçı olmaq, ümumiyyətlə, o taylı- bu
taylı yaradıcı soydaşlarımızı bir araya gətirəcək
təsisatlar, əməkdaşlıq
formatları yaratmaq barədə ciddi fikirləşmək
qalır.
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2021.- 23 iyul.- S.12.