Şuşada bitən nağıl, başlayan dastan...  

 

 

İyulun 20-si Vətən müharibəmizin qəhrəman şəhidlərindən, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri, çavuş Fərid İbadoğlu İlyasovun 22 yaşı tamam oldu. Özünün cismən qatıla bilmədiyi ad gününü ailəsi, doğmaları, sevənləri şəhid adının ucalığına sadiq insanlar ailəsi tərəfindən şəhidin adına yaradılan bulaq kompleksinin açılış mərasimində qeyd etdi.

 

Bulaq kompleksi Müşfiq qəsəbəsində şəhidimizin yaşadığı məhəllədə açıldı. Açılış mərasimindən öncə Fəridin dəfn olunduğu II Fəxri xiyabanı - onun digər Vətən müharibəsi şəhidlərimizin məzarını ziyarət etdik. Burdan sonra şəhidimizin xalalarıyla birgə ailəsini ziyarətə yola düşdük. Yol boyunca hər iki xalası Fəridin qısa ömrünə sığdırdığı zəngin, şərəfli taledən söz açdılar.

 

***

 

Fərid İlyasov 1999-cu il iyulun 20-də anadan olub. Əslən Laçın rayon Hacılar kəndindəndir. Ailəsi 28 il öncə mənfur ermənilər tərəfindən Laçın işğal olunduqdan sonra ata-baba yurdunu məcburən tərk edib müvəqqəti olaraq Ağcabədi rayon Laçın obaları ərazisində məskunlaşıb.

 

Fərid 2006-cı ildə Laçın rayon Sadinlər kənd tam orta məktəbində təhsilə başlayıb. 2016-cı ildə məktəbi bitirdikdən sonra Vətən borcusunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşür. Xidmətini cəbhə bölgəsində yerinə yetirən Fərid general-mayor Mais Bərxudarovun ümumi komandanlığı altında xidmət edib. O, 2018-ci ilin yanvarında hərbi xidmətini uğurla başa vuraraq geri dönüb.

 

Hərbi xidmətdən öncə seçdiyi saç ustası peşəsi ilə çox qısa müddət məşğul olsa da, yenidən hərbiyə qayıtmaq, vətənə xidmət etmək arzusu ona rahatlıq vermir. Xüsusən, ata-anasının yurdu olan Laçının işğalıyla heç zaman barışmayan Fərid hərb sənətini seçir, əlindəki qayçını silaha dəyişir. Əsas arzusu isə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət etmək idi. Buna razılıq vermək istəməyən valideynlərinə isə: "İnciməyin, mən öncə vətənimi, sonra sizi sevirəm. İlk dəfə sözünüzdən çıxacağam. Çünki vətəni qorumaq elə ana-bacını, namusunu qorumaq deməkdir" - deyir. Beləcə, Fərid Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə qoşulmaq üçün sənədlərini təqdim edir.

 

Xidmətə yola düşərkən o, anasına "Fikir eləmə, ana, sənə doğma Laçınımızdan bir ovuc torpaq gətirəcəyəm" - deyib ayrılır. Qısa zamanda bütün təlimləri uğurla tamamlayan yüksək şəkildə xidmət edən F.İlyasov Naxçıvan XTQ rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilir, çavuş rütbəsi alır.

 

27 sentyabr 2020-ci ildə azğın düşmənin hücumunun qarşısını almaqla başlanan II Qarabağ müharibəsində Fərid rahat ola bilmir. Ailəsindən gizlin şəkildə könüllü olaraq Naxçıvandan döyüş bölgəsinə gələn dəstəyə daxil olur Qarabağa yollanır. Vətən müharibəsi zamanı Cəbrayıl, Hadrut, Füzuli, Xocavənd, Qırmızı bazar, Daşaltı əməliyyatlarında qəhrəmancasına döyüşür. Döyüş yoldaşlarının sözlərinə görə, Fərid Daşaltı əməliyyatında düşmənin 28 canlı qüvvəsini məhv edib, 100-ə yaxın düşmən əsgərini hərbi əsir kimi götürüb.

 

Beləliklə, çavuş Fərid İlyasov oktyabrın 28-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. O, oktaybrın 30-da şəhid generalımız Polad Həşimovun uyuduğu II Fəxri xiyabanda dəfn edilir.

 

Fərid İlyasov şəhadətindən sonra "Vətən uğrunda", "Hərbi xidmətdə fərqlənməyə görə", "Füzulinin azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə" "Şuşanın azad edilməsinə görə" medallarıyla təltif olunub.

 

***

 

 

 

Şəhidimizin ailəsindən öyrəndik ki, onun dayısı ömrünün 30 ildən çoxunu vətənə xidmətə həsr etmiş polkovnik-leytenantdır. Naxçıvan Muxtar Respublikasında hərbi hissələrin birində qərargah rəisi vəzifəsində çalışır. Fəridin hərbçi olmaq arzusunu eşidən valideynləri bir şərtlə razılıq verirlər ki, Naxçıvanda, dayısının yanında xidmət etsin. Həm öz övladlarının bacarığına güvənirdilər, dayısının başını aşağı etməzdi, həm ondan nigaran idilər, heç olmasa dayısı yanında olsun deyirdilər. Fərid üzdə onların şərtiylə razılaşır Naxçıvana yola düşür. Amma orda dayısına heç bir halda onun yanında qulluq etməyəcəyini, ümumiyyətlə, onun qohumu olduğunun bilinməsini istəmədiyini deyir tamamilə başqa yerdə xidmətə başlayır. Hətta dayısının xidmət yoldaşları belə Fəridin onun qohumu olduğunu Fərid şəhid olandan sonra öyrənirlər.

 

***

 

Fərid İlyasovun xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılış mərasimində şahid ailələri, Vətən müharibəsi qaziləri, Abşeron rayon İcra Hakimiyyətinin müavini, bələdiyyə üzvləri, Fəridin ümumən şəhidlərimizin xatirəsinə mahnılar yazıb, ifa edən müğənni Elvin Nasir iştirak edirdilər. Onlar öz çıxışlarında şəhidlərimizin xatirəsinin əbədi bu xalqın yaddaşında, qəlbində yaşayacağını, bu gün bütövləşən ərazi birliyimizi məhz şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dedilər.

 

Elvin Nasirin Fəridə həsr etdiyi mahnının sədaları altında  şəhidimizin abidəsinin adını daşıyan bulağın açılışını onun valideynləri etdilər. Fərid İlyasovun xatirəsinə həsr olunmuş bu bulağın bir başqa özəlliyi o idi ki, həmin gün bulaqdan gələn su Laçının suyu idi. Laçının Hacılar kəndində indi Fərid İlyasovun adını daşıyan həmin bulaqdan gətirilmiş o suyu Bakıda dadaraq Fərid başda olmaqla, bu günü bizə yaşadan bütün şəhidlərimizin ruhuna dualarımızı oxuduq.

 

***

 

Ailəsi deyir ki, Fərid uşaqlıqdan onları şəhid olacağına hazırlayırmış sanki. O, 7-ci sinifdə oxuyarkən bir nağıl yazır. Bu nağılı ailəsi sonradan görür. Fərid orda bir igidin şəhidliyə gedən yolundan danışırdı son cümləsi belə idi: "Onun nağılı Şuşada bitdi..."

 

Sanki hiss etmişdi, ya da öz qədərini özü yazmışdı bu 21 yaşlı oğlan. Onun da həyatının nağılı Şuşada bitdi. Amma bundan sonra əbədiyyən xalqının dilində söylənəcək, heç zaman unudulmayacaq qəhrəmanlıq dastanı başladı...

 

Yazımın sonunda isə vətənə belə bir igid bəxş edən, cəmi 39 yaşında "Şəhid anası" kimi uca bir statusa sahib olan Fəridin anası Bəsirə xanımdan danışmaq istəyirəm. Qəlbinə çəkilən bala dağına rəğmən ürəyindəki vətən eşqi, Laçın həsrəti sönməyən, bu qədər böyük dərdlə belə "şükür ki, Laçınımız, Qarabağımız azaddır" deyən uca qadındır o. Belə bir ananın elə Fərid kimi cəsur, qorxmaz, vətən sevdalı oğlu da olmalı idi. Bəsirə ananın söhbətimiz zamanı qəlbinin ən dərinliklərindən gələn və səmimiyyətinə bircə an da şübhə etmədiyim bu cümləsini isə yəqin ki, ömrüm boyunca unutmayacam: "Fəridim getdi, balamın yoxluğu çox ağırdır, amma bundan son beş oğlum da olsa, beşibu vətənə fəda olsun!"

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 24 iyul.- S.24.