Azərbaycanın incisi
PƏZMƏRİYƏ
GEDƏN YOL...
Təxminən
6 il öncə çəkiliş heyəti ilə birgə
dağların qoynuna sığınmış, gözəlliyi
dillər əzbəri olan Ordubad bölgəsində yerləşən
Pəzməri şəlaləsini görmək və
tamaşaçılara göstərmək məqsədilə
yola çıxdıq. Eyniadlı kəndlə şəlaləyə
qədər məsafənin çox və çətin
olacağını öncədən bilirdik. Dağların
arası ilə, daşlı, çınqıllı yolda bir
qədər getdikdən sonra piyada yola davam etdik. Yol nə qədər narahat olsa da, təbiət
gözəlini görmək eşqi bizi bu yoldan döndərə
bilmədi.
Qeyd edək ki, Pəzməri kəndi rayon mərkəzindən
30, Naxçıvan şəhərindən 84 km məsafədə
yerləşir. 206 nəfər əhalisi var. Kənd əhalisinin
əsas məşğuliyyətini arıçılıq,
heyvandarlıq və bağçılıq təşkil edir.
Kiçik yaşayış məntəqəsi olsa da,
özündə təbii zənginlikləri qoruyur: əzəmətli
dağlar, çaylar, dumduru bulaqlar və şəlalələr.
Pəzməridə hündürlüyünə
və su sərfinə görə bir-birindən fərqlənən
bir neçə şəlalə var. Unusla Pəzməri
arasında Gərdəni şəlaləsi, Pəzməri
şəlalələri və Ağyurd şəlaləsi.
Bu şəlalələr içərisində
daha çox tanınan və səyahət sevərləri cəlb
edəni Pəzməri şəlalələridir. Pəzməri şəlalələrindən biri su sərfi,
axınının sürəti, kinetik enerjisi və
gücünə görə hətta ölkə üzrə ən
böyük şəlalələrdən sayılır.
Təqribən 25-30 metr hündürlükdən
tökülüb gələn uzun saçlı bir gözəli
xatırladan şəlaləyə heyran olmamaq mümkün
deyil. Səs-küylü bu gözəl
tamaşaçısını bəzən yaxınına belə
buraxmır. Şəlalənin dörd bir
yanı sıldırım qayalar və əzəmətli
dağlarla mənzərəlidir. Son illər
bu dağlar gözəlini görmək eşqilə muxtar
respublikanın bütün bölgələrindən insanlar
axın edir, turlar təşkil olunur. Bir
növü buraların təbiəti özü turizmin
inkişafı üçün zəmin yaradıb. Turizm məhsulu kimi olduqca cazib olan bu şəlalə
insanlara estetik zövq bəxş etməklə yanaşı,
həm də sərinlik və eneri bəxş edir. Bir sözlə, bu yerlərin füsunkar təbiəti
və gözoxşayan təbiət abidələri insanın
mənfi enerjisini alır, yerini müsbət aura ilə
doldurur. Bu şəlalədən bir qədər
yuxarıda yerləşən digər Pəzməri şəlaləsinin
ziyarətçiləri isə daha çox olur. Kənddən təqribən 4 km məsafədə
yerləşən şəlalə yayın
cızhacızında sərinlik və gözəllik
axtaranların, istirahətini təbiətlə vəhdətdə
keçirmək istəyənlərin sevimli məkanıdır.
Hər dəfə
bu şəlaləyə gəldikcə, onun enerjisindən
faydalandıqca, kaş ki hər kəs gəlib bu gözəlliyi
görə bilə deyə ürəyimdən bir istək
keçib...
Ordubad özündə tarixin ən dərin
qatlarını necə hifz edib saxlayırsa, təbiətinin
füsunkarlığı bir o qədər üzdədir. 43 kənd, 3 qəsəbə,
1 şəhəri özündə birləşdirən qədim
Ordubad turizm üçün çeşidli məhsullar təqdim
edir: özünəməxsus mətbəx, yüksək qonaqpərvərlik,
tarix və mədəniyyət abidələri, təbiət
abidələri. Ekoturizm, onun bir qolu olan kənd
turizmi və tarixi-mədəni turizmin inkişafı
baxımından Ordubadın imkanları böyükdür.
Maraqlı burasıdır ki, Ordubadın müxtəlif
istiqamətlərdə yerləşən kəndləri əhalisinin
məşğuliyyəti, təbii zənginliklərinə
görə fərqlənir. Məsələn, limon yetişdirməkdə əndəmiclilər
daha səriştəli hesab olunur. Ordubad
zonasında bu işlə daha çox əndəmiclilər məşğul
olur. Zoğal, xurma, nar kimi bitkilərin
yetişdirilməsinə kotamlılar daha çox
maraqlıdır. Üstüpülülərin
yetişdirdiyi lobya, kartof və kələm məhsullarının
dadına isə dad çatmaz.
Məscid,
çinar, kəhriz kimi üçlüyü özündə
birləşdirən Ordubadın qədim məhəllələri,
tarixi Qeysəriyyə binasında zəngin eksponatları ilə
fəaliyyət göstərən Tarix-Diyarşunaslıq
muzeyi, milli yeməklərin təqdim olunduğu buzxana, hamam, məbəd
və daha sadalamadığımız onlarla abidələr
tarixi-mədəni turizm həvəskarları
üçün ideal sayıla bilər.
Ordubadın
Sabirkənd-Nürgüt, Düylün-Məzrə,
Xanağa-Pəzməri qolları isə ekoturizm və kənd
turizm həvəskarları üçün
tapıntıdır desək, yanılmarıq.
Sabirkənd-Nürgüt qolunda yerləşən,
dörd fəsli özündə birləşdirən,
fotoqrafları, səyyahları özünə məftun edən
dağlar gözəli Göy gölümüz hansı turisti
özünə heyran etməz ki?! Bu qolda yerləşən, yazın
ilk aylarında coşub-daşan çayları - məşhur
Gilançayı, Əyriçay, Sakkarsu, buz kimi bulaqları,
Tillək meşəsi, Babək qalası daha nələr, nələr,
kimə etməz əsər?! Parağaçay qəsəbəsi
isə yayı bir mənzərədir, qışı bir mənzərə.
Düylün-Məzrə qolunda yerləşən
Çənnəbi demirəm hələ. Çənnəb
deyil, cənnətdir. Dəniz səviyyəsindən
təqribən 1300 metr yüksəklikdə yerləşən
kəndin adamlarının "Bədərək" adı
verdiyi bir bulaq da var. Günün hansı saatında getsəniz,
əlində su qabı bulaq başına gəlmiş
qız-gəlinlərlə rastlaşacaqsınız. Bir
parç ürəksərinlədici bulaq suyundan verib, ürəkdolusu
da tərif edəcəklər. Deyilənə
görə, suyun tərkibi zəngindir və zob xəstəliyinə
qarşı olduqca təsirlidir. Böyrək
və öd xəstəliklərində də əhali
arasında geniş istifadə olunur. Onun
üçün həyətlərində içməli su
olsa da, məhz bu bulağın suyundan istifadə etmək
üçün evlərə daşıyar, süfrələrinin
əsas nemətinə çevirərlər.
Kəndin içərilərinə doğru getdikcə
maraq adamı daha çox bürüyür. Elə uzaqdan
tarixin izlərini özündə yaşadan evlər diqqətini
cəlb edəcək. Öyrənirik ki,
burada əksər evlər 19-cu əsrin əvvəllərindən
qalmadır. Yəni yaşı 200 ilə qədərdir.
Canlı tarix yaşanır bu kənddə.
Bu qolda ən sonuncu kənd Məzrədir. Ordubadın kiçik
yaşayış məntəqələrindən olan Məzrə
məzrəlilərin sanki daş vannalarla əhatələndiyi
və bir növü dərinliyi və çevrəsi ilə
qazanı xatırlatdığı üçün Qazan göl adı verdikləri
ərazi son vaxtlar yerli turistlərin diqqətini cəlb edir. Ordubadın turizm imkanları qısa şəkildə
sadaladıqlarımızdan qat-qat genişdir və biz növbəti
yazılarımızda hər biri haqqında ətraflı məlumat
verəcəyik.
Ötən
il Anaqut-Dırnıs yolu gedərkən
feysbuk sosial şəbəkəsi üzərindən canlı
yayıma qatılanlar bu yolu Quba yoluna bənzədərək
çoxsaylı suallar ünvanladılar. Yaşıllıqlarının
sıxlığına və təbiətinin əsrarəngizliyinə
görə Ordubadın Xanağa-Pəzməri qolu xüsusilə
fərqlənir. Bu qolda Xanağa,
Ağrı, Vələver, Qoruqlar kimi yaşayış məntəqələri
də var. Lakin turizm nöqteyi-nəzərindən dəyərləndirsək,
Anaqut, Dırnıs, Unus və Pəzməri sərgilədiyi
imkanlarına görə daha cazibədardır.
2020-ci il ərzində dünyada sürətlə
yayılan pandemiya ölkə iqtisadiyyatının bir çox
sahələrinə, o cümlədən, turizm sektoruna öz
mənfi təsirlərini göstərdi. Mənfi
təsirləri minimuma endirmək və inkişaf perspektivlərinin
qorunması məqsədilə turizmlə məşğul
olan sahibkarlıq subyektləri fəaliyyətini daxili turizmə
yönəltdi. "Gəzməyə Vətən
yaxşı", - deyib istirahətlərini muxtar respublika
daxilinə yönəldən yerli turistlər özləri
üçün bir çox yerləri kəşf etdilər.
Elə ötən ildən üzü bəri Anaqut-Pəzməri
istiqaməti üzrə hərəkət edən turlar da az deyil. Yaz-yay fəslində demək olar ki,
kirayə ev tapmaq hətta müşkülə
çevrilir. Tələbat və ərazinin
turizm imkanları nəzərə alınaraq Anaqutda tikintisi
davam edən "Xan Çinar" istirahət mərkəzi
turistlərin istirahətlərini daha xoş və mənalı
keçirmək baxımından əhəmiyyətlidir.
Bundan da əsas əhəmiyyətli və vacib məsələ
yol infrastrukturunun müasirləşdirilməsidir. Yazımın
əvvəlində Pəzməri şəlaləsinə gedib
çatmağın çətinliklərindən bəhs
etdim. Bəs bundan sonra necə olacaq? Artıq çətinliklər
dövlətin bu sahəyə ayırdığı diqqət
və qayğı nəticəsində aradan
qaldırılır.
Vənənd-Pəzməri avtomobil yolu yenidən qurulur. Ümumi
uzunluğu 20 kilometr olan yolun eni 8 metrdir. Yolda
3 körpü əsaslı təmir olunub, yoldakı qayalar
texnika vasitəsilə dağıdılaraq yol yatağı
genişləndirilir. Başkənd, Vələver,
Qoruqlar, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri kənddaxili
yollarına isə qum-çınqıl qatı verilir.
İyulun 13-də Vələver, Dırnıs, Kələki, Unus və Pəzməri kəndlərində həyata keçirilən kompleks quruculuq tədbirləri ilə tanış olan Ali Məclisin Sədri Vasif Talıbov demişdir: "Kəndlərdə quruculuq işləri ona görə aparılır ki, insanlar rahat və firavan yaşasınlar. Həyata keçirilən tədbirlər məskunlaşmanı da artıracaqdır. Artıq Pəzməri turistik bölgəyə çevrilir. Kəndə turist axını sakinlərin istehsal etdiyi məhsulların alınmasına da səbəb olacaqdır ki, bu da əhalinin güzəranının daha da yaxşılaşması ilə nəticələnəcək".
Ali Məclisin sədri gözəlliyi ilə turistləri cəlb edən Pəzməri şəlaləsinin yerləşdiyi ərazidə olub və Pəzməridən şəlaləyə gedən yolun yenidən qurulması barədə tapşırıq verib.
Turizm həvəskarlarını sevindirən bu xəbər həmin gün sosial şəbəkə istifadəçiləri tərəfindən geniş şəkildə paylaşıldı. Bəli, artıq bu dağlar gözəlini görmək o qədər də çətin olmayacaq. Hər kəs uşağını da, yaşlı valideynini də rahatlıqla bu gözəllik məskəninin qonağı edə biləcək.
Bildirək ki, hazırda Vələver, Dırnıs, Kələki, Unus və Pəzməri kəndlərində kompleks quruculuq tədbirləri davam edir. Kənd və xidmət mərkəzləri tikilir, müasir təhsil ocaqları ucaldılır. Beləliklə, turizmdə önəmli faktorlardan sayılan xidmətin keyfiyyəti yüksəldilir, müasir infrastruktur yaradılır. Aparılan quruculuq işləri adıçəkilən kəndlərin təbii gözəlliyinə gözəllik qatacaq, bu yaşayış məntəqələrini həm yaşamaq, həm istirahət baxımdan daha da əhəmiyyətli edəcəkdir. Digər tərəfdən Zəngəzur dəhlizinin də yaradılması istiqamətində görülən işləri nəzərə alsaq, perspektivdə bu yerlərin turizm zonasına çevriləcəyi istisna deyil.
Ekspertlərin fikrincə, Zəngəzur
dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat
şəbəkəsinin yeni bir "damarı"
açılacaq və bu, nəticədə bölgə ölkələri
arasında xüsusilə iqtisadi-ticari əlaqələrə
müsbət təsir göstərəcək. Türkiyə
bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından
biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Bu
da, öz növbəsində, ikitərəfli iqtisadi və
turizm əlaqələrinin daha sürətli inkişafına
şərait yaradacaq ki, Ordubad da buradan öz payını
alacaq.
Ruhiyyə
RƏSULOVA
Naxçıvan
Televiziyasının baş redaktoru
525-ci qəzet.- 2021.- 24 iyul.- S.23.