Yunanıstan: səfər
təəssüratları və zəngin keçmişi barədə
düşüncələr
(Əvvəli
ötən bazar sayımızda)
Həqiqətən də yunanlar Qərb irsinin intellektual
bünövrəsini yaratmışdılar. Onların
insan həyatının əsasına dair meydana gətirdikləri,
bu gün də dünya sivilizasiyasının aparıcı xəttini
təşkil edir. Kainatın təbiəti
nədir? İnsan mövcudluğunun niyyəti
nədir? İlahi qüvvələrlə
bizim əlaqəmiz nədən ibarətdir? İcmanın quruluşları necə
olmalıdır? Dövlət
quruluşları necə olmalıdır? Həqiqi
təhsil nədir? Qanunun həqiqi mənbələri
nədir? Həqiqətin özü nədir
və onu biz necə həyata keçirməliyik? Yunanlar təkcə bu suallara cavab vermədilər, həm
də onlar özlərini imtahan etmək üçün məntiqi,
analitik fikir sistemini yaratdılar. Bizim eradan
əvvəl V əsrdəki klassik erada Yunan sivilizasiyası
çiçəklənərək, öz yüksək səviyyəsinə
çatdı və bu, Afina demokratiyasının nailiyyətləri
ilə bərabər gedirdi.
B.e.ə. IV əsrdə meydana gələn Ksenofontun
"Hellenica" əsəri Fukidid tarixini davam etdirir. Hərbi əməliyyatlar
barədəki qənaəti, praktiki cəhətdən onun
müəlliflik qabiliyyətini nümayiş etdirir. B.e.ə. I əsrdə Siciliyada
yaşayan yunan Diodor üç əsr ərzində adada
baş verən hadisələr barədə mülahizələrini
bildirir. Arrian isə Böyük
Aleksandrın hakimiyyəti dövrünü təsvir edir.
Plutarx ayrı-ayrı şəxsiyyətlər
barədə maraqlı xarakteristikalarını verir. Onların əsərlərində Sokratın,
Demosfenin, Esxinin çıxışları canlanır. Onlar siyasətə imkan sənəti, mənafelər
məkanı kimi baxdıqlarından fərqli mövqelərdən
çıxış edirdilər və Afinanın müstəqilliyinə
qarşı olan təhlükəni tam əks qaydada qiymətləndirirdilər.
Siyasət nəzəriyyəsi barədə
Platonun, Aristotelin və digərlərinin əsərləri də
burada mənbə kimi istifadə olunur.
Ədəbiyyat da geniş əhəmiyyətə malik
olan tarixi hadisələrə münasibət bildirirdi. Arxeologiya isə
qədim yazıçıların diqqət mərkəzində
olan şeylərə məhəl qoymadıqları cəmiyyət
problemlərini tədqiq edə bilirdi.
Arxaik
dövrlər
B.e.ə.
1100-900-cü illərdə bu əraziyə dorilərin
müdaxiləsi baş verdi. Bürünc erası sivilizasiyası burada süquta
uğramağa və tədricən dağılmağa
başladıqda, Mikena mədəniyyətinin qalan mərkəzləri
də yoxa çıxdı. Əsr ərzində
"müdaxilə" dalğa kimi baş verdi,
bu, faktiki olaraq daxili münaqişələrin nəticəsi
idi. Afina və onun regionları istisna olmaqla,
müdaxilənin hər yerdə effekti mədəni
standartların dağıdılması idi. Başlıca faktor isə iqlimin dəyişilməsi
idi, quraqlıq aclığın yaranmasına səbəb
olurdu.
Yeni əhali məskunlaşdıqca ən azı həyat
tərzi də dəyişirdi. Yeni mədəniyyət
əvvəlkindən bəzi cəhətlərinə görə
fərqlənirdi. Dorilər şimali qərbdən
olan yunanlar idi, mikenalılar Kipr adasına qaçmağa məcbur
oldular. Dorilər Egey adalarında, xüsusən
Kritdə də məskunlaşdılar. Bu dövr ərzində
artıq mif tarixlərinin doqmaları və din Homer
poemalarında inkişaf edirdi.
Dağlar və dəniz yunan tarixinin inkişafında
xüsusən mühüm rol oynamışdı. Dağ yerləri
yunanları başqalarından ayırırdı. Bu müstəqil yunan icmalarının kiçik
ölçüsü siyasi işlərdə onların
iştirakına və unikal mədəni ifadəliliklərinə
şərait yaradırdı. Dəniz həmçinin,
yunan cəmiyyətinin təkamülünə təsir
göstərirdi. Yunanıstan uzun məsafəli
dəniz sahilinə malik idi, onlarda saysız-hesabsız limanlar
var idi. Qaranlıq əsrlər ərzində xeyli sayda
yunan materiki tərk edib, Egey dənizi ətrafına miqrasiya
etdi, onlar müxtəlif adalarda və əsasən Kiçik
Asiyanın cənubi-qərb sahilində məskunlaşdılar
və bu sahil zolağı İoniya adlanmağa başladı.
B.e.ə. 900-cü ildə yaxın Afina yunan
dünyasının mədəni mərkəzi kimi meydana
çıxdı. Şəhər bu vaxt yunan dünyası
üçün dan şəfəqi rolunu oynayırdı.
Həmin dövrlərdə Egey də əsl
yunan dənizinə çevrildi. Şərq
zərgərləri Kritə gəlib, Knossosda məskunlaşdılar.
Onlar burada qızılla, bürünclə və
daşla işləyirdilər.
Homer poemalarının təsvir etdiyi şəhərlərdə
müstəqil çarlıqlar yerləşirdi. Bəzi qəhrəman
kultlarının təqdim edilməsini isə Homer poemaları
ilhamlandırmışdı.
B.e.ə. VI əsrə qədər hələ xəritələr
meydana gəlməmişdi. Bu vaxt torpağa və
yeni resurslara ehtiyac yarandı, çünki ərzaq metaldan
daha vacib idi. Yaxın ərazilərin
coğrafiyası yunanların dənizçiliyə
maraqlarını müəyyən edirdi, çünki ölkə
özünün artan əhalisini ərzaqla təmin edə
bilmirdi. Dənizçilik bu problemin həllinə
kömək edə bilərdi. Aralıq dənizi
məhz belə imkanları təklif etdi, makedoniyalılar da mədəniyyət
cəhətinə görə yunan idilər və onların
maraqları da bir-birinə uyğun gəlirdi. Qara dənizə keçid çətin olsa da,
heç də qeyri-mümkün deyildi, şimaldakı skiflər
üçün artıq bazar rolunu oynayırdı.
Afinanın uzaq qərbində yunanları finikiyalılar
qabaqlamışdılar, onlar Karfagenin əsasını
qoymuşdular.
Bu vaxt yunanlar hələ İtaliyanı və
Siciliyanı tədqiq edirdilər. Aralıq
dənizi dünyasının digər zonalarının məskunlaşdırılmasından
əvvəlki ticarət heç də möhkəm qaydada
qurulmamışdı. Qərbdə - Cənubi
İtaliyada və Siciliyada yunan koloniyaları meydana gəldi
Tacirlər Etruriyaya (indiki Toskana əyaləti) gəlib
çıxdılar. B.e.ə. VIII əsrin
ortalarından Neapol sahili məskunlaşdırıldı, bura
həm də yaxşı liman olacaqdı. Sonra
yunanlar Siciliyada güclü Sirakuza şəhərini
saldılar. Adanın qərbi isə
finikiyalılara məxsus idi. İtaliyanın
cənubunda axeyalılar heç də tək deyildilər.
Kiçik Asiyanın qərbi b.e.ə. VI əsrin
ortalarında Persiyanın müdaxiləsi ilə üzləşdikdə,
bir sıra şərqi yunan dövlətləri kütləvi
şəkildə qərbə mühacirət etmək
şansına bel bağlayırdılar.
Yeni şəhərlər varlanırdı və yunan
dünyasının qərbində nəhəng məbədlər
tikildi. Yunanlar qərb sularında əvvəldən
maraqlı idilər və bu ərazilərdə
finikiyalılara qarşı çıxırdılar. Yunan malları İspaniyaya gətirilirdi. Onlar Fransanın cənubunda Massiliya (Marsel) şəhərini
salmışdılar. Qara dəniz ətrafında
da bir sıra yunan koloniyaları - şəhərlər meydana
gəldi. Onların skiflərlə əlaqələri
yaranmışdı. Azov dənizinin kənarında
da yunanlar indi də həmin adı daşıyan Kerç
şəhərini salmışdılar. Qara
dənizin sahilində Trabizend (Türkiyədəki indiki
Trabzon) şəhərinin əsasını qoymuşdular.
Afina öz siyasi quruluşunda xeyli islahatlara məruz
qalmışdı. Əvvəlcə Klisfen islahatları
meydana gəldi. Solonun islahatları isə
inqilabi xarakter daşıyırdı. Onun
islahatlarından ən mühümü borc haqqındakı
hüququn islahatı idi, tarixdə bu, "yükün
çiyindən atılması" kimi tanınır. O,
bütün borcları və onlara verilməli olan faizləri
qüvvədən düşmüş elan etdi və gələcəkdə
borc sövdələşmələrinin
bağlanmasını qadağan etdi. Lakin o,
torpaqların yenidən bölüşdürülməsini həyata
keçirmədi.
Yunan-Persiya müharibəsindən əvvəl Qara dəniz
yolu ilə daşınan taxıl Yunanıstana gətirilirdi. Kritdən cənuba
gedən yolla yunanlar hələ çox-çox əvvəl
Afrikanın şimalına, Liviya sahillərinə gedib
çıxırdılar. Burada onlar Amon kultu ilə tanış olmuşdular və o, yunanların
ehtiram bəslədiyi orakula çevrilmişdi. Allah
Zevs Ammon kimi tanındı.
Arxaik Yunanıstanda şəhər-dövlət (polis) məskunlaşma
tipi meydana gəldi. Polis suveren siyasi birlik idi. Adətən, o, təpədə yerləşirdi,
istehkamlanmış mərkəzə malik idi. Şəhər özündən asılı olan ərazi
ilə əhatə olunurdu, bu ərazi kənd təsərrüfatı
üçün və otlaq kimi istifadə olunurdu. Böyük polislər isə baş şəhərə
tabe olan kəndlərə malik olurdu. Cəmiyyət
aqrar tipində idi. Hər bir icma tam
statuslara malik olan varlı torpaq sahiblərindən, fermerlərdən,
torpaqsız əməkçilərdən və sənətkarlardan
ibarət idi. Güclü birlik ailə idi.
Hər bir polisin vətəndaşları, həmçinin,
irsi qaydada birliklərə bölünürdü, onlar tayfa mənasındakı
file adlanırdı. Üç siyasi institut mövcud idi, bunlar çar,
şura və yaşlı kişi vətəndaşlardan
ibarət olan məclis idi.
Arxaik
Yunanıstanda tiraniyalar
İctimai hakimiyyətdə bəzi proseslər
tiranların meydana gəlməsinə səbəb oldu. Tiran və
tiraniya sözləri heç də istismar rolunu nəzərdə
tutmurdu. Mahiyyətcə tiraniya öz şəhərlərində
hökmranlıq etmək üçün və nəzarəti
ələ keçirən rəsmi iddia ilə
başlanmışdı. Əslində, tiranın
heç bir vəzifəsi yox idi və tiran
şəhər qanunlarını və institutlarını dəyişdirə
bilmirdi, sadəcə qeyri-rəsmi qanuni aliliyə malik idi.
Sparta iki ilk çara malik idi. Sonralar Roma
çarlıq quruluşundan respublikaya çevrildikdə
spartalıların təcrübəsindən istifadə edərək,
dövləti idarə etmək üçün iki konsul
seçirdi. Çar, şura və məclis hər bir
yunan dövləti üçün adəti nümunə idi. Sparta isə daha böyük orqana - 5 nəfərdən
ibarət eforlara malik idi. Onlar məclis
yığıncaqlarına sədrlik edir, məsələnin
həllinə təsir göstərə bilirdilər.
B.e.ə. VI əsrdə Solon Afinada varlılar və kasıblar arasındakı güclü antoqonizmin mövcudluğundan danışırdı. O, 594-cü ildə arxont idi və qanun yazırdı. O, torpağı quldarlıqda saxlayan "sərhəd daşlarını" uzaqlaşdırdı, əvvəllər sahibinin şıltaqlığından titrəyən adamları azad etdi. Solonun islahatına qədər Afina adətlərinə görə, onlar torpağı varlı torpaq sahibləri üçün becərir və məhsulun altıda birini onlara verirdi. Solon, həmçinin, adamları məhsulun "altıda bir hissəsini" verməkdən də azad etdi. O, torpaq sahiblərindən asılı adamları tam azad etdi, hər hansı bir səbəbə görə asılılıq statusunu ləğv etdi, onlar tam azad vətəndaşlara çevrildilər.
Klisfenə gəldikdə, onun böyük islahatı 500-lər şurasını tətbiq etməsi idi. Hər bir tliba Şuraya 50 üzv göndərirdi. Klisfen cəza tədbiri kimi ostrakizmi tətbiq etməyə başladı. Bu cəzanın verilməsi üçün 6 min nəfərin səs verməsi tələb olunurdu. Daha çox səs verilən şəxs on illiyə Attikanı tərk etməli idi, lakin həmin adamın mülkiyyətinə toxunulmurdu.
Yunan polisləri, adətən, kiçik olurdu. Onların
arasında aparıcı rol oynayanlar Sparta, Afina və Fiva idi.
B.e.ə. VI əsrdə Persiya çarı Böyük Kirin Lidiyanı işğal etməsi ionluların və digər şərq yunanlarının tabe edilməsinə gətirib çıxaracaqdı. Persiyalılar onlara tamamilə yad idilər və paytaxtları da iki aylıq səfərdən çox olan bir məsafədə idi. Onlar yerli tiranların nəzarətinə arxalanırdılar, belə idarəçilik isə yunanlar üçün anoxronizm idi. Ona görə də ionlular üsyan qaldırdılar.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2021.- 24 iyul.- S.22.