Açıq qapı arxasındakı "görünməz" həqiqət - "Doqvil"

 

 

Danimarkanın qalmaqallı eyni zamanda dahi rejissoru Triyerin özünəməxsus qəribəliklərlə dolu filmi olan "Doqvil" son dərəcə maraqlı ekran əsəridir.

 

Fərdiyyət cəmiyyət mövzusunu hər dəfə fərqli baxış bucağından bizə göstərən rejissor filmin sonunda bizi vicdanımızla baş-başa buraxır. Rejissor eyni zamanda qadına qarşı münasibəti ilə seçilir. Kişidən daha aşağıda göstərilən qadın onun üçün günahın şeytanlığın rəmzidir. 2003-cü il istehsalı olan "Doqvil" istər dekorasiyası ilə istərsə süjet xətti ilə unikal bir filmdir. Adi filmlərdə alışdığımız məkan yerinə Triyer qarşımıza teatr dekorasiyasını çıxardır. Böyük bir studiyada baş verən hadisələr balaca bir küçədə baş verirmiş kimi göstərilir. Triyer bunun izahını artıq dekorasiya tamaşaçının diqqətini dağıdır olaraq verir. Lakin bunun  digər səbəbləri var. Əsas səbəb isə mövzunun özü ilə bağlıdır. Filmin adından da göründüyü kimi "it şəhəri" olaraq da bilinən Doqvil zahirən yaxşı görünən insanlara ev sahibliyi edir. Triyer bizə insanlığın əsl vəhşi üzünü göstərərək, mədəniyyətlərin insanlara saxta maskalar taxdığını sübut edir. Filmi izləməyə başlayarkən teatr estetikasını gördükdə təəccüblənən tamaşaçı daha sonra filmdəki teatrallığı unudub "olmayan" əşyaların varlığına inanır. Həqiqətən bir divaryaxud bir qapı görür. Filmdəki insanlar xaricində hər şey sadəcə sözdən ibarətdir. Nə divarlar, nə də evlər var. Hər kəs hər şeyi görür. Hər kəs hər şeydən xəbərdardır. Lakin üç meymunu oynayıb saxta yaxşılıq maskalarını taxmağa davam edirlər. Tolstoyun dili ilə desək "ən yaxşı hekayələr ya kiminsə başqa bir yerə gəlməyi və yaxud kiminsə bir yeri tərk etməsi ilə başlayır".  Bu filmdə də hadisələr Qreys adlı bir qızın  gecənin bir yarısı Elm küçəsinə gəlməsi ilə başlayır. Qreys rolunu Nikol Kidman ifa edir. Qreys zərafət və saflıq mənasını verirbu, təsadüfi deyil. Triyer kimi bir rejissorun filmində heç nə təsadüfi deyil. Hekayədəki tək saf və zərif məhz Qreysin özüdür. Ta ki, son səhnəyə qədər. Doqvil bizə fəlsəfənin, dinlərin, psixologiyanın, insan xislətinin dərinliklərini göstərir  və bizə dəyərlərimizi yenidən sorğuladır. Film kadrarxası nitqlə başlayır. Bu səs film müddətincə bizə hadisələri "nəql edir". Doqquz hissədən ibarət olan filmdə hər hissə hadisələri və insanların daxili dünyalarını getdikcə açmağa davam edir. Hər obrazın üstünə götürdüyü bir simvol var. Bu simvollar filmin finalına doğru bizə ümumi mənzərəni göstərir. Kadrarxası nitqin "bu, acıqlı bir hekayədir" deməsi ilə başlayırıq. Elm küçəsinin bir mənzərəsi canlanır. Tamaşaçı hər evi, hər evdə baş verənləri, hər kəsin həyat tərzi ilə tanış olur. İlk əsas personajlardan biri Tomla tanış oluruq. Tom insanlarla söhbətləşib, suallar verən və cavablar axtaran bir şairdir. Küçədə insanlarla danışıb həyat fəlsəfəsi haqqında müzakirələr edir. Qreysin qəflətən gəlişinə müsbət yanaşan ilk insan da məhz Tom olur. Tom düşünür, Tom küçəni gəzir, müşahidə edir bizim üçün filosof  görkəminə bürünür. Tom Qreysin xilaskarı olduğunu düşünüronu ilk hissələrdə xalqdan qoruyur. Qreysin bir gecə yarısı qanqsterlərin əlindən qaçması ilə özünü hər kəsə aciz göstərməsi Tomun Qreys üçün çarələr axtarmasına vəsilə olur.  Tom elm küçəsi sakinləri və Qreys ilə bir körpü rolu oynayır. Kiminlə danışırsa danışsın Tom hər zaman düşüncəlidir. Sakinləri Qreysi öz aralarına almaq üçün bir yığıncaq təşkil edirlər. Bu yığıncağa müdaxilə edə bilməyən Qreys sakitcə qərarı gözləyir. Zahirən o, hər şeyi görür, çünki divarlar yoxdur. Lakin filmin məntiqinə əsasən Qreys hər şeydən xəbərsizdir. Yığıncağın verdiyi qərara  görə  Qreysə iki həftə bu qəsəbədə yaşamağa icazə verilir. Bu müddət ərzində Qreys özünü onlara sevdirməlidir.  Qreys vaxt itirmədən bütün qapıları tək-tək döyərək sakinlərin köməyə ehtiyacları olub-olmadığını soruşur. Son qapıya yaxınlaşanda görür ki, heç kəsin onun köməyinə ehtiyacı yoxdur. Qreys insanlara əvvəlcə itdiyini desə də sonradan axtarılan bir qaçaq olduğunu açıqlayır. Doqvil sakinləri əvvəl aciz və köməksiz olduğunu gördükləri qızı yaxına buraxmasalar da, qəddar rəftar etmirdilər. Lakin qəsəbə əhlinin masqaları düşdükcə Qreysi qanqsterlərə təhvil verməklə hədələyib hər cür əziyyəti edirlər. Ancaq filmdəki tək masqalı qəsəbə sakinləri deyil.

 

 

 

Qəsəbə sakinlərinin "elə də vacib olmayan" işlərini görən Qreys gördüyü hər işə görə pul əldə edir. Qazandığı pulla özünə kiçik suvenerlər alır. Yeddi suveneri tamamlayarsa bunu qəsəbənin sevgisini qazanmış kimi hiss edəcəkdi. O, insanlarla arasındakı emosional bağlılığa kiçik suvenlərlər körpü rolu oynayırdı. Lakin getdikcə qaydaları çətinləşir və qanqsterlərə hər an təhvil edilmə qorxusu ilə qəsəbə sakinlərinin hər istədiyini edir. Hər cür təcavüzə, təhqirə və şiddətə dözür, lakin yenə də qəsəbə sakinlərinə hər hansı şiddət göstərmir. Bir vaxtlar Doqvilin hədiyyəsi olan Qreys artıq Doqvilin oyuncağıdır. Qaçmağa çalışma cəhdinin uğursuzluğundan sonra çəkdiyi əziyyətlər ikiyə qatlanır. Artıq Tom belə ona qarşı qəddarlaşmağa başlayır. Tomun ona kömək edirmiş kimi görünüb əslində heç bir xeyrinin dəyməməsi, daha da işləri çətinləşdirməsi tamaşaçının əsəblərini tarıma çəkir.

 

Kadrarxası nitqindediyi kimi, özünü yazıçı adlandıran Tomas Edison yəni Tom film boyu heç nə yazmır. Fəlsəfəsi də lazımsız və zahiridir. Düşündükləri əmələ yarımır. Qreysə belə sona qədər sahib çıxmağı bacarmır. Yaza biləcəyinə inanan lakin heç yaza bilməyən saxta filosofdur Tom. Adının Tomas Edison olmağı Triyerin ironiyasıdır. Bəlkə Tomas Edisonun Teslanın yaratdıqlarına sığınıb özünü filosof adlandırmasına gülürdü. Filmin əvvəllərində bir öndər kimi rəftar edən Tom, film irəlilədikcə bir müşahidəçiyə çevrilir. Triyer burada insanların peyğəmbər kimi rəftar etmələrinə gülür. Məsləhət verməyə hər an hazır olanlar görməkdən o qədər uzaq olurlar.

 

Filmdəki fəlsəfi motivlər qədər dini motivlər də vacibdir. Filmin əvvəlində Qreysin qəsəbəyə gəlişini hürərək sakinlərə bildirən, filmin finalına qədər səsini çıxartmadan döşəməyə çəkilmiş bir şəkil olaraq qalan Moses yəni Musa, filmin finalında canlıya çevrilib bir daha hürür. Musanın filmdəki yeganə sağ qalan canlı olması nəzərlərimizdən yayınmır. Qreys Doqvildə yaşayan tək canlının o olduğunu düşündüyü üçün ona toxunmur. Filmdəki yeddi suvener yeddi ölümcül günahın rəmzidir. Həmçinin filmdəki yeddi uşaq Daliya, Olimpiya, Diyana, Atena, Pandora, Jason və körpə də təsadüfi deyil. Ad seçimində yunan mifologiyasından təsirlənən Triyer finalda bizi təəccübləndirir. Rejissor "ən böyük cəlladlar başı kəsilməyən məzlumların arasından çıxar" ifadəsini doğrulayır. Qreysin Doqvil sakinləri tərəfindən öz daxilindəki vəhşini üzə çıxartması uşaqları belə öldürməsi əsəbləri tarıma çəkilmiş tamaşaçının ürəyinə su səpir. Atasının əslində Qreysə gücünolduğu barədə dərs verməsini öyrənən Doqvil sakinləri gördükləri mənzərə qarşısında nə edəcəklərini bilmirlər. Hədələdikləri, boynuna ağır dəmir zəncir bağladıqları, təcavüz etdikləri qızın onları öldürə biləcəyini ağıllarına belə gətirmirdilər. Qreysin zərafət masqası da beləcə düşür. Filmdəki alma ağacları, Qreysin maşında alma səbətlərinin içində getməsi Triyerin dinə olan ironik yanaşmalarının növbəti sübutudur. Bir növ Doqvil yer üzünün yalançı cənnətidir. Həvvaya görə yer üzünə qayıtmaq məcburiyyətində qalan insanlıq çəkdiyi əzabların günahını da məhz Həvvada görür. Qreysburada Həvvanın simvoludur. Almaların arasında yatan mələk görünüşlü "ilanı" təmsil edir.

 

Akifə ABBAS

 

 

525-ci qəzet.- 2021.- 24 iyul.- S.20.