Şəxsiyyəti ilə də örnək olan Sənətkar  

 

Görkəmli tarzən Vamiq Məmmədəliyevin 75 yaşına

 

Xalqımızın qədim çalğı alətləri içərisində tar böyük nüfuza malikdir. Əsrlərin sınağından çıxaraq bu günümüzə gəlib çatan Azərbaycan tarı çox keşməkeşli yollardan keçib. Müxtəlif təbəddülatlara uğramasına baxmayaraq o, öz məğrurluğunu qoruyub saxlayıb buna görə xalqın sonsuz məhəbbətini qazanıb.

 

Sadıqcan, Mirzə Fərəc, Mirzə Mənsur, Musa Şuşinski daha neçə-neçə səntkarlar həm ulu tarımızı təkmilləşdirib, həm onun mahir ifaçıları olublar. Onlar onların yetirmələri tarın müqəddəsliyini hər vəchlə qoruyublar. Axı, bir vaxt vardı ki, tarı duymayanlar -

 

Oxuma tar, oxuma tar,

Səni sevmir proletar

 

-  deyir

 

dilər. Amma ulu tarın hər simindən yayılan səsin tarixin səs yadigarı olduğunu duyanların dilindən ölməz Müşfiq belə yazdı:

 

Oxu tar, oxu tar,

Səni kim unudar...

 

Bəli, səsində, avazında muğam, xalq mahnı təsniflərimizi yaşadan, onları dünəndən bu günə bənd edən, simlərində xalqın dünyasının hayını-harayını nəğmə çəkən tar daim Azərbaycanımızla qoşadır. Odur ki, bu qədim aləti bütün varlığı ilə sevərək, onu ürəyinin hökmü ilə dilləndirən sənətkarlarımız ulu tara olan sevgini özlərindən sonrakı nəslə aşılayıblar. Məhz mahir ifaçıların sayəsində tarımız YUNEKCO-nun da Maddi Mənəvi İrs siyahısına daxil edilib.

 

Beləcə, ustadların mahir ifasından bəhrələnərək bütün ömrünü tara bağlayan sənətkarlardan biri Xalq artisti, professor Vamiq Məmmədəliyevdir.

 

Bu ad xalqımıza yaxşı məlumdur. Çünki o, istedadı, professionallığı, özünəməxsus ifa tərzi ilə sənətsevərlərin böyük məhəbbətini qazanıb. Deyirlər, o şəxs xalqın sevimli sənətkarı ola bilər ki, onun sənəti ilə bərabər insanlığı da yüksək olsun. Ölməz bəstəkarımız Süleyman Ələsgərovun təbirincə desək -  yaxşı sənətkar hər şeydən əvvəl gözəl insan olmalıdır. Bu cəhət Vamiq müəllimin simasında öz real təsdiqini tapır, hətta, onun ifasına da sirayət edir. Belə ki, özü həlim xasiyyətli olan bu sənətkar qədər iti barmaqlarla, yüksək texnika ilə çalsa belə, onun ifasında daim bir təmkinlilik duyulur. Bu da onun təbiətindən irəli gəlir. Sənətin sirlərinə dərindən bələd olan əsl sənətkarın keçdiyi enişli-yoxuşlu yolları adlayan Vamiq Məmmədəliyevin həyat yaradıcılığından  bir neçə səhifə vərəqləyək.

 

Vamiq Məmmədəli oğlu Məmmədəliyev 1946-cı il iyunun 9-da Bakıda ziyalı ailəsində anadan olub. 1953-1964-cü illərdə 113 nömrəli Kürdəxanı kənd orta məktəbində təhsil alıb. 1965-1967-ci illərdə hərbi xidmətdə olub. Öz xidməti borcunu yerinə yetirdikdən sonra  isə Mədəni-Maarif Texnikumunun Kitabxanaçılıq fakultəsində təhsil alıb. Lakin musiqiyə, xüsusən tara böyük məhəbbəti onu 1972-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirir. Vamiq Məmmədəliyevin tara məhəbbəti evlərindəki musiqi məclislərindən, yüksək duyumlu sənətkarların onların ailəsi ilə yaxınlığından başlayıb. Musiqi savadı artdıqca tara sevgisi artıb. 1976-cı ildə Musiqi Texnikumunu bitirir, Mədəni-Maarif Texnikumunda  tar ixtisası üzrə müəllim işləyir. 1980-ci ildə Üzeyir  Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur 1985-ci ildə ali təhsilli tarzən kimi oranı bitirib öz pedaqoji ifaçılıq fəaliyyətini davam etdirir.

 

 

 

Vamiq Məmmədəliyev təhsil illərində B.Mansurov, Ə.Bakıxanov, H.Məmmədov, A.Gəray, S.İbrahimov kimi müqtədir sənətkarlardan dərs alıb. Odur ki, o, həm solo, həm müşayiət ifaçılığının bütün cəhətlərinə yaxşı bələddir. Bu keyfiyyətləri mənimsəmək üçün isə özünəməxsus istedadı var.

 

Azərbaycan ifaçılıq sənətində öz yeri, öz dəsti-xətti olan Vamiq müəllim ulu tarımızı müxtəlif xarici ölkələrdə əzmlə dilləndirmişdir. Belə ki, 1989-cu ildə İsveçin Falun şəhərində keçirilən Folklor festivalında uğurlu çıxışına görə I dərəcəli diploma layiq görülür. Bundan sonra Avropanın bir çox ölkələrinə dəvətlər almış, İran, İraq, Türkiyə Rusiyanın bir çox şəhərlərində qastrol səfərlərində olmuşdu. Bütün bunlar Vamiq müəllimin sənət taleyinin uğurlu səhifələridir. Hətta 1994-cü ildə Fransada onun ifasında "Nəva" "Rahab" muğamları, eləcə , onun müşayiəti ilə Xalq artistləri Qəndab Quliyevanın Canəli Əkbərovun ifaları lentə yazılıb. Sonra bunlar kompakt-disk şəklində Avropanın bir çox ölkələrinə yayılıb. Azərbaycan televiziyasının videotekasında radionun fondunda Vamiq müəllimin ifasında bir neçə muğamlar var. Bunlar həm onun solo, həm müşayiət ifalarıdır.

 

Vamiq müəllimin yaradıcılığında ifaçılıqla yanaşı, pedaqoji elmi fəaliyyət geniş yer tutur. Belə ki, o, 1971-1993-cü illərdə Mədəni-Maarif Texnikumunda ixtisas  müəllimi, 1988-2001-ci illərdə Bakı Musiqi Akademiyasında  baş müəllim-dosent kimi fəaliyyət göstərmişdi. 2001-ci ildən isə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində musiqi sənəti fakultəsi açılır Vamiq müəllim həmin fakültəyə dekan dəvət edilir. Yeri gəlmişkən onu da deməliyik ki, milli professional musiqimizin təbliğində bu universitetin mühüm əhəmiyyəti var. Musiqi sənəti fakultəsində  çalışan görkəmli sənətkarlarımızın sayəsində gənclər milli professional musiqimizin sirlərinə yiyələnirlər. Vamiq müəllim bu işdə həmkarları ilə birlikdə böyük səylər göstərir. Hazırda da Vamiq müəllim sözügedən ali təhsil ocağının xalq çalğı alətləri kafedrasının professorudur. O, bir çox elmi məqalələrin, tədris proqramlarının, metodiki tövsiyələrin müxtəlif mətbuat səhifələrində dərc olunan yazıların da müəllifidir.

 

Vamiq müəllim yaradıcı tarzəndir. Belə ki, o bir neçə dəraməd və rənglərin də müəllifidir. Dərin muğam  bilicisi olan ustadı muğam tənqidçisi də adlandırmaq olar. Çünki daim muğam ifaçılarına tövsiyə və məsləhətlər verərək hətta onların ifa qüsurlarını da təhlillərlə izah edir. Bu yerdə Vamiq  müəllimin böyük qardaşı mərhum akademik Vasim Məmmədəliyevi də xatırlayır və ona Tanrıdan  rəhmət diləyirik. Bütün şüurlu həyatını elmin inkişafına həsr edən Vasim müəllim də muğamlarımızın dərin bilicisi və məsləhətçisi idi. Ümumiyyətlə, bu ailənin üzvləri elminmilli sərvətlərimizin təəssübkeşi bu sahələrin qoruyucusu, bilicisi və təbliğatçısı olaraq elm və incəsənət istiqamətində iz qoyanlardır. Bu mənada  Vamiq müəllimin də öz yeri, öz dəsti-xətti var. Onun tətbiqi sənət nümunələrindən ibarət xüsusi muzey yaratması da qədim irsimizə olan marağının ifadəsidir. Şəxsi evində yaratdığı bu muzeyin ziyarətçilərini Vamiq müəllim təmənnasız qəbul edərək onlarda antik əşyalara marağı daha da dərinləşdirir.

 

Bir sözlə, Vamiq müəllim öz dünyası, öz yaradıcılıq xüsusiyyətləri, elmipedaqoji fəaliyyəti ilə öz üslubunu yaradan, öz mövqeyində duran sənətkar və şəxsiyyətdir. Bəli, sənətkar  və şəxsiyyət. Bu insanlığın, sənətin və vətəndaşçılığın ən yüksək zirvəsidir.

 

Hörmətli sənətkarımız - Xalq artisti, professor Vamiq Məmmədəliyev bu yüksək zirvədə ömrünün kamil, müdrik çağını yaşayır. Bu həm də ustadın anadan olmasının 75 illik yubileyinin zəngin xatirələrdən və xoş təəssüratlardan ibarət bir dövrüdür. Elə bu yazı da Vamiq müəllimlə olan xoş təəssüratların və ona olan xoş arzuların ifadəsidir.

 

Əziz Vamiq müəllim, yeni yaşınız - 75 illik yubileyiniz mübarək!

 

Səadət TƏHMİRAZQIZI

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi

 

525-ci qəzet.- 2021.- 24 iyul.- S.19.