Muzdlu qatil
YAZIÇILARIN ÖLÜM QORXUSU
Esse, hekayə
deyil, sırf roman yazanlar dünyanın ən qarışıq, dolambaclı, labirintlərlə
dolu, lay-lay insanlarıdır.
Hansı
qatlarını qaldırsan,
görürsən ki,
altından bambaşqa
bir adam,
bir qorxu, bir təlaş, bir duyğu çıxır və heç biri bir-birinə bənzəmir.
Məsələn, romançıların ən böyük qorxuları ölümdür.
Onları ölüm qədər
qorxudan ikinci bir duyğu yoxdur. Bu mövzuda
saatlarla danışar,
ümid verər, hətta qarşılarındakını
və ya oxucularını ölümsüzlüyə
inandıra bilərlər,
ancaq heç biri fani olduqlarını
daxilən qəbul etmirlər. Bir, üç, beş,
on roman yazaq deyirlər.
Yaxşı, bəs sonra?
Məsələ ondadır
ki, "sonra"nın ardınca gələn heçliyi özlərinə yaxın
buraxmırlar. "Heçlik" kəlməsini
söz gəlişi istifadə edirlər, səhifələrdə, sətirlərdə,
amma üst-başlarına
toxunmasına, həndəvərlərindən
keçməsinə imkan
vermirlər. Bir dəfə
dünya şöhrətli
yazıçılarla söhbətdə
"yaşamaq fürsətlərlə
doludur, ölüm isə hər şeyin sonudur" deyəndə, ustadların
hərəsi bir cavab vermişdi, amma o "son"a nöqtə qoyan olmamışdı. Ölüm söz
olaraq həyatımızda
dolaşır, amma zaman keçdikcə insanı qəribə bir xof basır,
hər an ölə biləcəyini düşünürsən.
Canın
sağlamdır, kefin yaxşıdır, amma birdən həmin hissin irişə-irişə
sağdan, soldan boylandığını görüb
dəhşətə qapılırsan.
Tanıdığım, oxuduğum, bildiyim
bütün yazıçıların
qara siyahısının
başında gəlir
"ölüm" sözü.
Hər bir yazıçı ondan geriyə əsərlər, kitablar qalacağını bildiyi
halda ölümsüz
olmaq istəyir. Silkələnib tökmək keçir
ürəklərindən fanilik
gerçəyini.
Təkəbbürsüz yazıçı olar heç? Təkəbbür də yazıçıların
görünməyən qatlarından
biridir.
Qulağa nə qədər naxoş
gəlsə də, təkəbbürün mürəkkəbə
qarışmaması qeyri-mümkündür.
Bu xüsusiyyət yazıçının canında-qanında
var. Zəhər və
zərdab kimi... ancaq qədərindən artıq olarsa, ağır dozalı zəhərlənmə dolaşdığı
vücudu məhv edə bilər. Təkəbbür qələm, klaviatura
kimi yazıçının
əlinin altında olur. Çünki əvvəlcə özləri inanırlar yazdıqlarının ciddi,
əhəmiyyətli olduğuna.
İnanırlar ki, ömürlərinin
axırına qədər
yazmağı davam etdirə bilsinlər.
Yoxsa necə qapana bilər bir yazıçı özünə,
necə özüylə
təkbətək qala
bilər? Xəyal aləminin
qapısından necə
boylana bilər içəriyə? Kəlmələri necə hörüb ucalda bilər səhifələrdə? Asan
deyil axı, yazmaq, sonra silmək,
təkrar yazmaq, silmək, yenidən əvvələ qayıtmaq,
yenə, yenə, yenə... Kiminsə deməyi, kiməsə
deməkləri elə
də vacib deyil, istedadlı, başqalarından fərqli
olduqlarını əvvəlcə
özləri qəbul
edirlər. Eqolarını tumarlayır, özlərini
əmin edirlər ki, kimsənin bu günə qədər yazmadığını
yazıblar, kimsənin
cəsarət etmədiyi
sətirləri qələmə
alıblar. Yeri gələndə bəzəkli
yalanlar uydurub sırıyırlar özlərinə,
çıxdıqları yolun
yarısında qalmamaq,
ümidlərini itirməmək,
"buraya qədər"
deməmək üçün...
Yazıçının digər qatlarından biri də kədərdir. Nə qədər qabiliyyətli, istedadlı olursa olsun, istəyir həzdən göyün yeddinci qatında olsun, oradan yerə çaxılması biz göz qırpımına bağlıdır, çünki yazıçının arxasınca kölgə kimi sürünən kədər adlı bir həqiqət var. Bütün dünyada tanınsa da, kitabları bestseller olsa da, hər kəsə yetəcək qədər təbəssüm sərgiləsə də, qəhqəhə atsa da, hüzünün gözünün muzdlu qatil kimi hər an üzərində olduğunu bilir və əskik yaşayır duyğularını. Ən xoşbəxt anında; bəlkə dünən, bəlkə bir müddət əvvəl, bəlkə də uşaqlığında, ya da gəncliyində yaşadığı ağrı anidən bədəninə sızıb onu hönkür-hönkür ağlada da bilər. İçərisində kəsilmiş damar kimi qanı içinə axıdar. Bəzən özü də anlamaz, baş açmaz ruh halından. Daima narahat, təlaşlı, gərgin olar üzü gülsə də. Hər kəsin xoşbəxtlik deyə-deyə ömürboyu axtarışına çıxdığı o zadın arxasınca qaçmaz heç vaxt. Çünki bilir ki, xoşbəxtlik anlardan ibarətdir, daimi xoşbəxtlik deyə bir şey yoxdur. Amma kədər, bax, o, kölgədir, həmişə hazır dayanan, bir addım uzaqlaşmayan.
Qərarlılıq, gerçək, itirmək isə yazıçının digər qatlarıdır. Nə qədər ümid dolu və güclü olursa olsun, bilir ki, bir xəbər belini bükə bilər, sevgi bitə bilər, doğmaları tərk edə bilər, ən çox güvəndiyi xəyanət edə bilər, illərlə zəhmət çəkib qurduğu işlər alt-üst ola bilər. Hər an hər şey ola bilər. Amma yazaraq gedişatı dəyişmək, yaratmaq, öldürmək, diriltmək, yoxdan var etmək, bir sözlə, allahlıq etmək və bu yaratma ehtirasından güc alaraq özlərini ölümsüz hesab edə bilirlər. Ümumiyyətlə yazmaq belədir, başladınsa, daha qərarlı olursan, qətiyyətlə başladığın işin sonuna doğru irəliləyərsən. Dedim axı, tanrılaşdığını hiss edərsən və bu, fani olduğunu unutduran ən böyük səbəbdir.
Romançıların həyatı
qat-qatdır. Nə vaxt hansı qat açılacaq, hansı ilə üzləşəcəksən
təxmin etmək mümkün deyil. Bu gün
mələk, sabah şeytan,
o biri gün
hakim, ondan sonrakı gün cəllad, ən axırda qurban ola bilərlər. Barmaq izi kimidirlər; bu günləri ilə növbəti günlərinin
bir-birinə aidiyyatı olmur. Labirintlidir yazıçılar, içinə
düşdünsə, yolunu itirirsən.
Xoşbəxtlik, rahatlıq anlayışını unudursan. Çünki
bilirsən ki,
qarmaqarışıqlığın arasında hər şey var, daimilikdən başqa!
Türkan
TURAN
525-ci qəzet.- 2021.- 24 iyul.- S.18.