"Qarabağda
Çörək Muzeyi" 100
yaşlı "Şərq qapısı"nda
Ötən
ilin yaz müjdəli payızında Azərbaycan Ordusunun
düşmən
işğalında olan cənnətməkan
Qarabağımızı azad etməsi, canları və
qanları bahasına xalqımıza bəxş etdiyi qürur
və sevinc hissləri geridə qalan bir ilə yaxın
müddətdə hələ də bizi öz eyforiyasında
saxlamaqdadır.
Ali Baş Komandanımızın
qətiyyəti və
uzaqgörən siyasi iradəsi nəticəsində
ərazi bütövlüyümüzün
bərpası nə dərəcədə qürurverici
idisə, azad olunan torpaqlara istər ölkə rəhbərliyinin, istərsə
də ayrı-ayrı
rəsmi dövlət
qurumlarının, mətbuat
nümayəndələrinin, xarici diplomatik korpusların səfəri
də bir o qədər fəxr doğurası məqamlar kimi yadda qaldı.
Bu gün də
işğaldan azad olunan yurd yerlərimizə
- Şuşamıza, Ağdamımıza
və digər rayonlarımıza səfərlər
özlüyündə oraları
görüb qayıdanlar
üçün zəngin
təəssürat yaradır,
kədərli və hüznlü xatirələri
bərabərində canlandırır.
Belə
səfərlər zamanı
müxtəlif qələm
sahiblərinin, yazıçı
və şairlərin,
jurnalistlərin, xüsusilə
həmin bölgədən
olan yazı adamlarının xatirə
dolu təəssüratlarını,
təəssüf dolu
müşahidələrini, qürur dolu sevinclərini ayrı-ayrı
qəzet və jurnallarda, xəbər saytlarında, internet portallarında
oxuyub, biz də xəyalən o yerlərə
səfər edir, Şuşanı, Ağdamı,
Füzulini, Cəbrayılı,
Laçını və
sair rayonlarımızı
gözlərimiz önündə
canlandırırıq.
Bilmirəm, Ağdamın Qarabağda
daha çox əhaliyə sahib olmasındanmı,
yoxsa qələm sahibləri, yazı-pozu adamları sarıdan ağdamlıların say çoxluğundanmı,
bu rayonla, Ağdam şəhəri ilə bağlı mətbuatda daha çox yazıyla qarşılaşdım və
hər birini də birnəfəsə,
ağrıyla, sevinclə,
hüznlə, kədərlə,
qürurla oxudum. Bu bir-birinə zidd
olan hisslər burulğanında Ağdamı
demək olar ki, elə ağdamlılar
qədər sevdim.
Həmin
yazı müəllifləri
yaşadıqları, gördükləri
şəhərləri, doğma
torpaqları haqqında
təəssüflə, ürək
ağrısıyla yazılar
yazmışdılarsa, mən
- o yeri heç görməyən, həm
də oralı olmayan biri kimi
kənardan müşahidə
edərək daha fərqli fikir sahibi olurdum.
Ağdamla bağlı yazıların,
demək olar ki, hər birində,
həm də verilən fotoşəkillərdə
Ağdamdakı məşhur
Çörək Muzeyindən
bəhs olunur, vəhşi düşmənin
vandalizmindən geriyə
sadəcə bir divarındakı yarımçıq
mozaik təsviri öz əksini tapırdı. Bu mənada
Ağdamın Çörək
Muzeyi mənim üçün də maraqlı və haqqında daha çox məlumat öyrənmək istədiyim
bir məkana çevrilmişdi.
Bu günlərdə Naxçıvan
Muxtar Respublikasının
əsas mətbu orqanı olan, bu ilin noyabr
ayında nəşrə
başlamasının 100 illiyi
tamam olacaq "Şərq qapısı"
qəzetində ixtisasıma
uyğun olaraq folklora nə dərəcədə yer verilməsi, şifahi xalq ədəbiyyatımızın
nəşri, tədqiqi
və təbliği sahəsində qəzetin rolu barədə araşdırmalar
aparırdım. Məmməd
Səid Ordubadi adına Naxçıvan
Muxtar Respublikası Mərkəzi Kitabxanasında,
həmçinin Naxçıvan
Muxtar Respublikası Dövlət Arxivində qəzetin pakifkalarını
bir-bir gözdən keçirir, hər nömrəyə xüsusilə
diqqət ayırırdım.
Qəzet
100 illik tarixi boyu bir çox
sahələrə işıq
tutur, təkcə muxtar respublikanın deyil, həm də Azərbaycanın hər bir guşəsindən
materiallar təqdim edirdi. Bu yerdə
bir haşiyə çıxıb deyim ki, "Şərq qapısı" qəzeti
1980-1990-cı illər ərzində
"Sovet Naxçıvanı"
adı ilə nəşr olunmuşdu.
Məhz bu dövrdə - qəzetin 6
sentyabr 1988-ci il tarixli nömrəsinin səhifələrində
rast gəldiyim bir məqaləni acgözlüklə oxudum:
"Qarabağda Çörək
Muzeyi" adlı yazını SİTA-nın
müxbiri "N.Kupri"
imzalı müəllif
qələmə alıb.
Məqalədə həmin muzeyin
nə vaxt yaradılması, hansı
eksponatların yer alması barədə ətraflı məlumat öz əksini tapıb.
Məhz
bunu nəzərə alaraq həmin məqalə ilə günümüz oxucularının
da tanış
olmasını istədim.
Bir sözünü belə dəyişmədən
məqaləni olduğunu
kimi təqdim edirəm:
"Builki məhsulun
buğda unundan bişirilmiş Qarabağ
lavaşı Ağdamdakı
çörək muzeyinin
sərvətinə çevrilmişdir.
Ağdam
Rayon Partiya Komitəsinin
birinci katibi S.Murtuzayev deyir:
- Bu lavaş bizim üçün xüsusən
əzizdir. Taxılçılar
çətin hava şəraitində çalışmışlar,
elə il
ərzində şəraitin
özü də işə mane olmuşdur
- tətillər, nümayişlər...
Buna baxmayaraq, kəndlilər var qüvvə ilə işləmişlər. Hamını, hətta təqsiri üzündən dövlətə
ziyan dəymiş adamları da yedirtmək lazımdır.
Ağdam rayonunda hər hektardan orta hesabla 40 sentner dənli bitki məhsulu götürülmüşdür. Kirov adına kolxozda və daha bir
neçə təsərrüfatda
hektarın məhsuldarlığı
daha yüksək olmuşdur - 50-60 sentner.
Bu yaxınlarda muzeyə
gətirilən lavaş
onun salonlarında qoyulmuş 1700 eksponat sırasına daxil olmuşdur. Yeri gəlmişkən, burada ölkədə bişirilən çörək-bulka
məmulatlarının demək
olar, bütün növlərini görmək
mümkündür. Onlar isə
təxminən 800 sortdur.
Həm də hər bir nümunənin hazırlanması texnologiyası
təsvir edilmişdir.
Burada
"Kosmik" çörək
də, Ukrayna və Belarusiyadan gətirilmiş bəzəkli
kömbələr, Özbəkistan
və Pribaltikadan göndərilmiş çörək,
Naxçıvan lavaşı
da vardır...
Bu bolluğun yanında balaca bir tara suxarı nəzərə çarpır.
Bu, Leninqradın mühasirədə olduğu
dövrdən qalmış
125 qramlıq çörəkdir.
Onu Neva sahilindəki şəhərin
sakini Q.Kanayeva bütün ömrü boyu misilsiz bir
yadigar kimi qoruyub saxlamışdır.
Çörək kolleksiyasına Ağdam yaxınlığında arxeoloji
qazıntılar zamanı
tapılmış buğda
dənləri də daxildir. Bu dənlər yeddi
min il torpaqda
olmuş, buna baxmayaraq, yaxşı qalmışdır. Alimlərin fikrincə,
bu tapıntı Zaqafqaziya xalqlarının
əkinçilik tarixinə
daha bir səhifə yazmağa imkan verəcəkdir.
Muzeyə ekskursiya kafedə başa çatır. Burada isti
bulkaların, hər zövqə uyğun olan və peçdən
təzəcə çıxmış
çörəyin, əlbəttə,
çayın dadına
baxmaq olar.
Ağdam
çörək muzeyi
dörd il
bundan əvvəl dəyirman bazasının
yerində tikilmişdir.
Bir çox qocalar onu da, muzeyin
işləyən eksponatına
çevrilmiş dəyirmanın
özünü də
yaxşı xatırlayırlar.
Qoca dəyirmançı
Astan kişi
isə muzeyin əməkdaşı olmuşdur.
O, bütün ömrü
boyu elmi-texniki tərəqqidən qorxurdu,
düşünürdü ki, bu, onu
sevimli işi ilə məşğul olmaq imkanından məhrum edəcəkdir. Budur, indi qoca dəyirmançı
belə qurğuda necə dən üyüdüldüyünü muzeyə gələnlərə
nümayiş etdirir.
Rəsmi statusu olan Ağdam
çörək muzeyi
ölkədə yeganə
və dünyada ikinci muzeydir. İlk belə
muzey Qərbi Almaniyanın Ulm şəhərində
yaradılmışdır".
Məqalə bizə yuxarıda da bəhs etdiyim
kimi son dövrlər mətbuat səhifələrindəki
fotolarda gördüyümüz,
sadəcə mozaikalı
bir divarı "sağ qalmış" Ağdam Çörək
Muzeyi haqqında ətraflı məlumat verir.
İnanırıq ki, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli qərarları
ilə işğaldan
azad edilmiş torpaqlarımızda, həmçinin
Ağdam şəhərində
aparılan bərpa və yenidənqurma işlərinin yekununda Ağdam Çörək
Muzeyi də inşa ediləcək və dünyadakı ikinciliyini, ölkədə
isə birinciliyini bir daha muzeyə
üz tutanlara nümayiş etdirəcəkdir.
Muzeyin eksponatları ola bilsin
ki, əvvəlki qədər qədim və zəngin olmasın. Amma 1984-cü ildə yaradılan muzeydəki eksponatların zənginləşməsində
ölkəmizin hər
bölgəsində var
olan Tarix-Diyarşünaslıq
muzeylərinin dəstəyindən
istifadə etmək mümkündür. Eləcə də
gələcək nəsillərə
elə bugündən
başlayaraq zəngin
çörək məmulatlarından
ibarət muzey bəxş edə bilərik. Bunun üçün təkcə ağdamlılar
yox, bütün Azərbaycan vətəndaşları
öz fədakarlıqlarını
əsirgəməzlər.
Bu yazını yazarkən ürəyimdən bir arzu da keçdi:
Bir gün mən də Ağdamı, Şuşanı
görə biləydim.
Eləcə də ilk
əmək fəaliyyətinə
başladığım qəzetin
səhifələrində rast
gələndə heyrətləndiyim
və maraqla oxuduğum "Qarabağda
çörək muzeyi"ni
gəzəndən sonra
oradan "Şərq
qapısı" üçün
reportaj hazırlayaydım.
Kəngərli rayonu, Yurdçu kəndi
Elxan
YURDOĞLU
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, şair-publisist
525-ci qəzet.- 2021.- 24 iyul.- S.15;17