Cənab Mrozun iltifatı.
Çernomırdinlə fikir davası... və xəyali biznes
ortaqlığı
2000-ci illərin əvvəlləri idi. Bakıda
"İrşad" otelində keçirilən bir
müzakirədə idim. İştirakçılar
arasında xarici ekspertlər də vardı. Tədbirin
adını unutmuşam. Yadımda qalan
öz çıxışımdır, çünki məhz
həmin çıxış mühüm bir beynəlxalq
yığıncaqda iştirakıma səbəb olacaqdı.
Tədbir
yenicə bitmişdi, naharqabağı
dağılışırdıq ki, bir amerikalı
yaxınlaşıb nitqimdən məmnunluğunu, mənimlə
şəxsən tanış olmaq istəyini
bildirdi. Konkret deməsə də, sonradan mənə əyan
oldu dediklərimi nəyə görə bəyənibmiş:
Qərb-Şərq ziddiyyətlərini fərqli mədəniyyətlər
prizmasından dəyərləndirən stereotip və daha
çox "Şərq əxlaqı" - "Qərb əxlaqı"
kimi mənə görə primitiv müstəvidə ənənəvi
olaraq ifadə edilən mülahizələrə qarşı
tənqidi yanaşmamı səsləndirmiş, bu ziddiyyətləri
xeyir-şər dəyərlərinə dair fəlsəfi
konsepsiya prizmasından nəzərdən keçirməyə
səy göstərmişdim.
Vizit kartım yanımda deyildi, öz kartını verib
ona məktub yazmağımı rica etdi. Həmin şəxs
Amerikada Şərq-Qərb İnsitutunun təsisçisi,
prezidenti Con Mroz idi.
Ona sadəcə elektron ünvanımı bildirmək
üçün göndərdiyim məktuba cavabında "sən
yaxşı adamsan ki, məni unutmamısan" yazmış,
Bakıdakı çıxışıma işarə ilə
"sən Qərblə Şərqi birləşdirə bilərsən?"
deyə bir sual ünvanlamışdı. Mən də bu zarafatyana
yazılan sualı zarafatla belə
cavablandırmışdım: "Şərqlə Qərbi mən
birləşdirməsəm, kim birləşdirəcək
ki?!"
Çox keçmədi məni unutmayacağım
mühüm bir beynəlxalq toplantıya dəvət etdi.
Tədbir İstanbulda keçirilirdi.
İstanbul aeroportunda pasport-gömrük qeydiyyatından
keçirəm, gözüm məni qarşılayacaq təşkilatçıları
axtarır. Uzaqdan iri hərflərlə Nariman Gasimoglu həkk
edilən lövhəni görüb oraya yön alıram.
Lövhəni əlində tutan gənc məni
kamali-ehtiramla qarşılayıb çemodanımı
götürməyə cəhd edir, nəzakətinə
görə təşəkkür edirəm, istəmirəm
çantamı götürsün, amma hiss edəndə ki, ona
verilən tapşırığı yerinə yetirməkdə
israrlıdır, mane olmuram. Onun
müşayiətilə bayırda bizi gözləyən
Limuzinə yaxınlaşırıq, sürücüyə
tapşırır məni Çırağan otelinə
aparsın. İlk dəfədir bu markada
rahat, nəhəng və uzunsov maşında yol gedirəm,
özü də tək sərnişin olaraq. "Bu nə həngamə hörmətdir?" deyə
öz-özümə sual edirəm.
Suala cavabı otelə gəlib super lüks otaqda yerləşəndən
sonra iştirakçıların siyahısının
yazıldığı vərəqi görən kimi
tapıram.
Hamısı Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, eləcə
də şərqi Avropa ölkələrinin keçmiş
dövlət və hökumət başçıları,
parlament sədrləri. Sözün açığı, belə
bir heyətdə şəxsimin istisna olacağını
gözləmirdim: nə Sovet dövründə, nə müstəqillik
illərində hökumətdə adicə vəzifəm belə
olmamışdı. Əlbəttə, belə
protokola uyğunsuz gəldiyimə görə Con Mroza minnətdardım.
Təşkilatçı tərəf Şərq-Qərb
İnsitutunun prezidenti cənab Mroz siyasi əhəmiyyətini
iştirakçı tərkibin müəyyənləşdirdiyi
həmin tədbirə məni müzakirələrə sadəcə
bir-iki kəlmə söz demək üçün dəvət
etməmiş, toplantının gündəliyinə ayrıca
məruzəmi də saldırmışdı. Düşünürəm, görünür, belə
nəzərdə tutubmuş ki, mövzusu Şərqi Avropada
münaqişələrin həlli yollarına həsr edilən
müzakirələrdə neytral, dövlət siyasətində
olmamış bir şəxsin də təhlilləri, fikirləri
səslənsin.
ABŞ
paytaxtında fəaliyyət göstərən analitik mərkəzlərin
işlərinə müəyyən bələdliyim var. Vaxtilə
Vaşinqtonda Corctaun Universitetində çalışarkən
belə mərkəzlərin tədbirlərində, müzakirələrində
çox iştirak etmişəm və bilirəm, səslənən
fikirlər, təhlillər sonradan ümumiləşdirələrək
adətən ABŞ-ın siyasi dairələrinin istifadəsinə
təqdim edilir. Hətta bir dəfə belə
müzakirələrin birində aparıcı çox
çalışmışdı mənə söz verməsin,
onun bu hərəkətindən təəccüblənmişdim.
Demə, söyləcəklərimdən ehtiyat
edirmiş ki, Dövlət Departamentinə onun rəhbərlik
etdiyi ekspert qrupunun nəzərdə tutduğundan fərqli
mülahizələr də çatar. Haqlı
imiş. Mərkəzi Asiya ölkələrindən
birinə dair dəfələrlə səsləndirdiyim eyni
tövsiyəmin konkret siyasətdə ifadəsini görəndə
məəttəl qalmışdım. Ona
görə indi mənə dəqiq aydın idi ki, İstanbul
görüşünün başlıca qayəsi Şərqi
Avropada münaqişələrə dair Amerika hökumətinə
ideyalar, tövsiyələr hazırlamaqdan ibarətdir.
Bu mühüm toplantıya, əlbəttə,
hazırlıqlı gəlmişəm. Dad çəkdiyimiz,
uzandıqca uzanan (İlahi, min şükür, o
ağrılı günlərimiz arxada qalıb!)
münaqişənin anatomiyasına dair nələrisə
açıqlamağın əsl yeridir. Fürsəti
dəyərləndirmişəm, cənubi Qafqazda
münaqişələrin mümkün həlli yolları barədə
təhlillərimi və fikirlərimi ifadə edən
çıxış hazırlamışam.
Toplantımız növbəti günə
planlaşdırılmışdı. Axşam oteldə
iştirakçıların şərəfinə Türkiyənin
xarici işlər naziri İsmayıl Cem şam ziyafəti verdi.
Səhəri gün otelin konfrans zalında müzakirələr
başladı.
Moderator Macarıstanın keçmiş
prezidenti idi. Adını
xatırlamıram. Yadımda qalan onun mənə
qarşı nəzakətsiz bir tövrü oldu. Bu barədə
bir az sonra.
Toplantının işçi dili ingilis və rus dilləri
idi. Üstünlüyü ingiliscəyə verib məruzəmi
bu dildə yazmışdım.
Qafqazda
regional münaqişlərin səbəblərinə, köklərinə
dair təhlillərimi səsləndirərkən diqqəti
daha çox Rusiyanın imperiya ambisiyalarına yönəldir,
keçmiş Sovet ölkələrində konfliktlərin
yaradılması, idarə edilməsini təmin edən Kremlin
işlək siyasi mexanizmindən danışır və bir qədər
sonra bu mexanizmin ayrıntılarına aid əsas təhlilimi
Ermənistan-Azərbaycan münaqişəsi müstəvisində
qurmağa çalışıram. Amerika
hökumətinə də tövsiyəm var. Ümumi məzmunu
belədir ki, postsovet ölkələrində demokratikləşmə
proseslərinə dəstək verməyə israrlıdırlarsa,
onda bunu beynəlxalq münasibətlərə aid olaraq da siyasət
kimi nəzərdə tutsunlar, məhəlli münaqişlərə
ikili standartlar deyil, beynəlxal ədalət prizmasından
yanaşsınlar. Başqa sözlə,
insan haqlarının müdafiəsinə dəstək məsələsi
elan olunan siyasətdirsə, beynəlxalq münasibətlərin
demokratikləşməsini də elan edilən, real olaraq həyata
keçirilən siyasətə çevirsinlər ki,
münaqişələrdən əziyyət çəkən
xalqların rəğbətini qazana bilsinlər. Yoxsa Amerikanı da Rusiyaya olan münasibət gözləyir.
Haşiyə
çıxaraq qeyd edim ki, eyni tezislərlə 2-3 il sonra Tiflisdə də
çıxışım oldu. Qafqaz Evi təşkilatının
o zamankı rəhbərlərindən olan yazıçı
Naira Gelaşvilinin dəvəti və bir alman fondunun dəstəyi
ilə orada beynəlxalq konfransda olmuşdum. Nitqim gürcülərin xoşuna gəlmişdi.
Bir osetin eksperti nitqimə irad tuturmuş kimi beynəlxalq qanunların
heç də ədalətli olmadığından
danışmışdı. Osetin
separatçıları Rusiya himayəsində olduğu
üçün onun bu qeyri-hüquqi bəyanatı
anlaşılan idi. Sadəcə yerimdən
replika vermişdim ki, "siz, deməli, anarxiya tərəfdarısınız".
Gənc rusiyalı ekspert isə Azərbaycan-Ermənistan
münaqişəsini ənənəvi ritorika ilə şərh
edərək iki xalqın barışığa getməsi zərurətindən
danışarkən ona da yerimdən gülə-gülə
replika atmışdım:
-
Çox xahiş edirəm Zaqafqaziyanı tərk edin, hər
şey yaxşı olacaq, Siz sadəcə narahat olmayın, hər
şeyi özümüz həll edəcəyik, ermənilərlə
təkbətək qalanda, sizsiz.
- Allah
xatirinə, təki siz deyən olsun, bizim də istəyimiz
odur ki, bölgədə sülh olsun, - deyə o da
gülümsəyərək cavab vermişdi.
- Allah
xatirinə, tərk edin Zaqafqaziyanı, sizdən
çox-çox xahiş edirəm, - deyəndə hiss etdim
iştirakçılardan gürcü əksəriyyətinin əhvalını
xeyli qaldırmışdım.
Əlbəttə, Tiflisdəki müzakirə sıravi
ekspertlərin arasında gedirdi deyə fərqli fikirləri
rahat dinləyir, hərə öz rəyini ifadə edir,
öz rəyində qalır və ciddi mübahisələr
baş vermirdi.
İstanbuldakı o mühüm görüşdə isə...
Deməli, çıxışımı bitirmişəm,
Rusiya tərəfinin etirazını gözləyirəm. Təmsilçiləri
Rusiyanın keçmir baş naziri Viktor Çernomırdindir.
Düzbucaqlı iri masada köməkçiləri
ilə bərabər qənşərimdə əyləşib.
Üzündə qəzəbli ifadə var.
Əlini qaldırıb söz istəyir. Ona söz verməzdən
əvvəl zalım moderator gözlənilmədən mənə
kobudcasına irad tutur, iradını da səsini üstümə
qaldıraraq bildirir:
- Bu necə
davranışdır özünüzə rəva bilirsiniz? Çıxışınızın əvvəlində
özünüzü təqdim edəndə demədinizmi,
diplomat deyilsiniz, siyasətçi deyilsiniz? Amma siyasətçi kimi danışdınız.
Olmaz belə...
Macarların keçmiş başçısının
nitqimə belə qeyri-ciddi iradı məndə bir
anlığa o təəssüratı yaratdı ki, yəqin
vaxtilə sovetlərin Şərqi Avropaya nəzarət etdiyi
dövrlərdən qalma köhnə təfəkkürlü
birisidir və Rusiyanın siyasi elitasına yaltaqlanmaq vərdişindən
hələ də əl çəkə bilmir. İradını
cavablandırmağa imkan vermədən sözü dərhal
V.Çernomırdinə ötürdü.
V.Çernomırdin aldı görək, səsini bir az da ucaldaraq və sözün gerçək mənasında
üstümə çımxıraraq nə dedi:
- Siz
axı hansı cürətlə Rusiyaya qarşı belə cəfəng-cəfəng
sözlər işlədirsiniz? Bu, necə
danışıqdır, Rusiyanı hörmətdən sala
bilməzsiniz. Sizin qeyri-obyektiv fikirləriniz
münaqişənin həllinə deyil,
qızışdırılmasına xidmət edir. Rusiyanın bir amalı var, o da dünyada
sülhü, əmin-amanlığı təmin etməkdir.
Deyəsən,
başqa nələrisə dedi, ilk dediklərindən
yadımda qalan budur. Çox qəzəbli idi, ağ
ayını hirsləndirmişdim. Sakitləşdirməyə
cəhd edirəm:
- İcazə verin iradınızı sizin ana dilinizdə
cavablandırım, - deyə ruscaya keçirəm. Gün gələr
dedikləriniz həqiqət olar, əlbəttə. Ancaq
bundan ötrü
Rusiya qonşuları ilə münasibətlərinin
fəlsəfəsinə yenidən baxmalıdır.
- Siz
kimsiniz axı? - deyə yenə
üstümə çığırır.
Heç bir vəzifə tutmamış şəxsə
qarşı kobudluğu başa düşüləndir. Və Sovet vərdişlərindən
azad olmamış rəhbərin təkəbbürlə
dediyinə təbəssümlə cavab verirəm.
- Axı,
sizin prezidentiniz Heydər Əliyev heç vaxt belə
danışmır, heç vaxt özünə rəva
görməz Rusiya haqqında belə nalayiq fikirlərə yol
versin.
- Viktor
Stepanoviç, Heydər Əliyev Prezidentdir, dövlət rəhbəridir,
təcrübəli siyasətçidir, dövlətimiz və
xalqımız qarşısında məsuliyyəti var. Mənimsə
məsuliyyətim yoxdur.
Elə bunu demişdim, zalda bir qəhqəhə qopur gəl
görəsən. Baxıram, V.Çernomırdinin sifətindən
qəzəb silinib, təbəssümünü də deyəsən,
gizlətməyə çalışır.
Sonra digər iştirakçılara söz verilir. Danışanlardan
biri Gürcüstanın keçmiş parlament sədri Zurab
Jvaniyadır. Sədr vəzifəsindən
yenicə istefa verib.
Diqqətlə dinləyirəm. Rusiyanın rolundan
danışmır, qıcıqlandırıcı mətləblərə
toxunmadan çıxışını yekunlaşdırmaq
istəyir. Və axırda heç kimi yox,
təkcə bir azərbaycanlı kimi məni
qıcıqlandıran tövsiyəsini səsləndirir.
Qayıdasan ki, bəs Qafqazda münaqişə
tərəfləri arasında iqtisadi münasibətlərin bərpası
münaqişlərin həllinə yardım edərdi.
Düşünürəm bu necə siyasətçidir,
hansı siyasi məntiqlə mümkün sayır sənin ərazini
işğal edənlə iqtisadi münasibətlər qurasan. Bu absurd məntiqə
məəttəl qalmışam. Onunla 90-cı ildə
Tiflisdə Naira Gelaşvilinin mənzilində verdiyi ziyafətdə
şəxsən tanış olmuşam,
Qafqav Evi ideyası ətrafında faydalı söhbətlər
aparmışıq. İndi zənn-güman
içində fikrimdən keçirirəm, bəlkə qərbli
həmkarlarına xoş gəlmək üçün belə
mənasız danışır? Nitqini
bitirən kimi əlimi qaldırıb söz istəyirəm.
Moderator şübhəli-şübhəli məni
süzür və söz verməkdən başqa əlacı
qalmır. Üzümü Z.Jvaniya tutub soruşuram:
- Siz mənə
izah edə bilərsinizmi ki,
ərazisi
işğal olunan bir ölkə işğalçı ilə
iqtisadi münasibətləri necə qursun? Məni
bu tövsiyənizin siyasi məntiqi maraqlandırır.
- Sizi
başa düşürəm, əlbəttə. Amma... bilirsiniz.., əslində, başqa mətləbi
nəzərdə tuturdum. Doğru, ərazi
işğalı qalırsa, bu, çətin olar.., deyə məni
bir növ sakitləşdirir.
Müzakirələr bitib, çıxışlarda səslənən
fikirləri ümumiləşdirib oxuyurlar, tövsiyələri
də səsləndirirlər. Beynəlxalq münasibətlərin
demokratikləşdirilməsinə dair tövsiyəm konfliktlərin
həllinə yardımçı vasitələrdən biri
kimi siyahıda yer alır. Z.Jvaniyanın
arxasında dayana bilmədiyi tövsiyəsi isə, necə
deyərlər, havadan asılı qalır.
...Zalı
tərk edirik ki, toplantıdan sonra təyin olunan ziyafətə
qatılaq. Hələlik ayaqüstü
"tusovka"dır. Keçmiş
dövlət və hökumət rəhbərləri bir-biri
ilə söhbət edirlər. Növbəti
gün hərə öz vətəninə qayıdacaq. Fürsətdir Macarıstanın keçmiş
prezidenti ilə "razborka" aparım. Yaxınlaşıram.
Salamlaşırıq. Birbaşa mətləbə
keçirəm:
- O nə
məsələ idi? O nə irad idi mənə tuturdunuz? Mən Qarabağ məsələsindən
danışırdım, fikirlərimi
çatdırırdım. Əslinə qalsa,
sizin bu məsələyə şəxsən münasibətiniz
məni maraqlandırmır, üzrlü bilin. Sizi heç anlamadım, iradınız mahiyyəti
üzrə deyildi.
Nə desə
yaxşıdır:
- Azad edin
də torpaqlarınızı... Nəyi gözləyirsiniz?
- Azad etsək
etiraz etməzsiniz ki... necə ki, mənə
yığıncaqda etiraz etdiniz.
- Xeyr. Nə etiraz? Torpaq sizindir, ermənilər
işğal ediblər, sizin haqqınızdır ki,
torpağınızı azad edəsiniz.
- Oldu, təşəkkür
edirəm, - deyib aralanıram.
... Ötən ilin oktyabrında, müharibənin
şıdırğı vaxtında internetdə rastıma bir
məqalə çıxmışdı. Macar
Hökuməti Dağlıq Qarabağ Münaqişəsində
Azərbaycanın Yanındadır başlıqlı by
yazını -
https://hungarytoday.hu/hungary-nagorno-karabakh-conflict-eu-summit-azerbaijan/
oxuyanda keçmiş macar lideri ilə söhbətimi
xatırladım. Dəyişən geosiyasi
reallıqlar fonunda macar siyasətinin bizə münasibətdə
müəyyən passiv mövqedən açıq dəstəyə
doğru təkamülünü izləmək xoş idi.
Hazırda Macarıstan hətta Türk dövlətləri
Şurasında müşahidəçi dövlətdir.
Bu ölkədən və Qarabağ dərdimizdən
söz düşmüşkən, bir məqamı da
xatırlamaya, yazmaya bilmirəm.
2019-cu ilin oktyabr ayında Cənubi Koreyada bir beynəlxalq
forumda iştirak edirdim. Ekoloji Sivilizasiya 2 adlanan forumda sessiyaların birinin moderatoru idim. Həmin sessiyada iqtisadi, məhəlli, geosiyasi,
strateji məsələlər üzrə macar alimi Norbert
Csizmadia Avrasiyanın Yüksəlişi - Uzunmüddətli və
Dayanıqlı Geosiyasətlər mövzusunda məruzə ilə
çıxış etmişdi. Konkret
iqtisadi göstəricilərə və siyasi
reallıqların dinamikasını nümayiş etdirən cədvəllərə
istinadla sübut edirdi ki, nəhəng Avrasiya sürətlə
işıqlı gələcəyə doğru gedir və
dünyanın siyasi ağırlığı yaxın
perspektivdə tədricən bu kontinentə keçəcək.
Mənim "bəs regional münaqişələr
necə olacaq?" sualıma "münaqişələr
tezliklə öz həllini tapacaq" cavab verib yenə də
məruzəsindəki təhllilərin siyasi məntiqi
işığında cavabını inandırıcı
şəkildə əsaslandırmağa
çalışmışdı. İnanmışdım.
Qarabağı qaytara biləcəyimizə
ümidim xeyli artmışdı və Bakıya qayıdanda bu
nikbin əhvalımı dostlarımla da
bölüşmüşdüm. Və düz bir il sonra "Əziz Şuşa, sən
azadsan!" nidası bütün dünyaya səs salanda təkan
alıb pərvazlandığım həmin o nikbinlik
platforması idi...
Qayıdıram İstanbul xatirəmə. Keçmiş
macar liderindən aralanıb tək dayanmışam. Bir az kənarda V.Çernomırdin öz köməkçilərinin
əhatəsindədir. Baxışlarımız
toqquşur. Üzümə gülür.
Bayaqkı qəzəbli tövrü
toplantıda görüntü üçün imiş. Ona yaxınlaşıram. Soruşur:
- Nə
var, nə yox? Bakıda nə ilə məşğulsan?
-
İlahiyyat araşdırmaları, din və demokratiya məsələləri,
Quran tərcüməsi, poeziya... Siyasət yox!
- Hm... Maraqlıdır. Amma
çıxışınızda peşəkar politoloq kimi
danışdınız. Zarafat etmirsiniz?
- Yox,
Vladimir Stepanoviç... Nə
danışırsınız? - əslində,
ürəyimdən keçir zarafata salıb deyim "səninlə
zarafatım-zadım var?"
- Mənim Bakıda xeyli dostlarım var, - deyib bir
neçəsinin adını çəkir.
Ardınca
da:
- Heydər
Əliyev olduqca müdrik prezidentdir, sizin bəxtiniz gətirib
ki, belə bir rəhbəriniz var, - deyir.
- Əlbəttə...
Öz-özümə düşünürəm,
Rusiyanın bu keçmiş baş naziri haqqında ən zəngin
şəxslərdən biri kimi danışırlar, gəlsənə
söhbətin istiqamətini dəyişəsən. Təsəvvür edin,
cibimdə bir qəpik pul olmaya-olmaya birdən "iqtisadi"
cəsarətlə oliqarxa qayıdıb deyəsən:
- Vladimir
Stepanoviç, siz hazırda Kiyevdə Rusiyanın ticarət
palatasına rəhbərlik edirsiniz. Sadəcə
elmi, bədii yaradıcılıqla məşğul olsam da,
Bakıda yaxşı əlaqələrim var. Gəlin sizə
şərikli biznes təklifi edim, bir yerdə pul qazanaq.
Təklifimin
həddindən artıq qeyri-ciddiliyini düşünürkən,
buna görə özüm-özümü daxilən bir
növ əyləndirirkən və ondan da nə isə
zarafatyana bir cavab gözləyirkən birdən tamamilə
ciddi şəkildə:
- Məmnuniyyətlə,
Nəriman. Hansı növ biznesi nəzərdə
tutursunuz? - deyə soruşur.
Sual məni
qəfil haqladığından sadəcə bunu deyə bilirəm:
- Gəlin
belə edək. Mən öz adamımı
konkret biznes-planla göndərirəm Kiyevə, mənim
adımdan gəlib sizinlə görüşür, ətraflı
müzakirə edirsiniz. Sonra
görüşünüzə özüm də gəlirəm.
Olar belə?
- Əlbəttə. Niyə də yox? Çox xoş olar.
Söhbətimizin bu yerində hamını ziyafət zalına dəvət edirlər. Şam yeməyinə başlamazdan əvvəl daxil olduğumuz aralıq otaqda ayaqüstü spirtli içkilər təklif edilir ki, hərə istəyincə seçimini edib öz qədəhi ilə yemək masası arxasına keçsin. V.Çernomırdinlə hələ ki, bir yerdəyik.
Məndən:
- Nə məsləhət görürsünüz? Nə içək? - soruşur.
- Nəbadə hamıya süzülən o "rakı"ya yaxın durasınız, dərman qoxusu verir. Bizim kimilərin, yəni keçmiş Sovet adamlarının ağız tamına uyğun deyil. Ən məsləhətlisi ağ şərabdır.
- Nədir adı? Rakı? Süd rəngində olan? Bəlkə dadına baxaq?
- Özünüz bilin, mənlik deyil.
- Hə, risk etməyim. Doğru, yaxşısı elə şərabdır.
Qədəhlərimizə şərab süzdürüb protokol qaydasınca bizə ayrılan fərqli masaların arxasında əyləşirik. Ziyafət başlayır. Bir də baxıram azacıq aralıdakı masadan məni səsləyərək qədəhini qaldırır, ucadan:
-Sizin sağlığınıza, - deyir.
- Siz də sağ olun, - mən də qədəhimi ona sarı qaldırıram.
Əlbəttə, sadəlövh deyiləm, əminəm ki, V.Çernomırdin miqyaslı oliqarxı mənimlə hansısa biznes maraqlandıra bilməz, ona maraqlı gələn sadəcə şəxsimdir. Və xəyali biznes ortağımla məsafədən o sağlıq mübadiləsi beləcə son görüşümüzün xatirəsinə yazılır.
Ertəsi gün yenə Limuzin, yenə İstanbul aeroportu, yenə Bakı, yenə qayğılı düşüncələr girdabında həyat.
Qarabağın mübarək
azadlığına hələ təxminən 20 il
qalırdı...
Nəriman
QASIMOĞLU
525-ci qəzet.- 2021.- 24 iyul.- S.16;17