Xatirələrdə yaşayan insan
İnsan yalnız həyatdakı əməlləri, xeyirxahlığı,
gördüyü savab
işlərlə əbədiyaşar
olur. Surəti yaddaşlara yazılır,
əməlləri hafizələrdə
iz buraxır.
Vətəni, xalqı üçün təmənnasız çalışan,
qurub-yaratmağı, xeyirxahlığı
həyat amalına çevirən insanların
ömür yolu gələcək nəsillər
üçün nümunəyə
çevrilir. Uzun illər mühüm
vəzifələrdə çalışmış
bacarıqlı rəhbər
işçi, istedadlı
filoloq, humanitar elm sahələri üzrə
geniş bilikli ziyalı, el ağsaqqalı
Sadıq Nəbi oğlu Murtuzayev də məhz belə insanlardan biri idi.
Sadıq
Murtuzayev 25 iyul
1927-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. 1949-cu ildə
Azərbaycan Dövlət
Pedaqoji İnstitutunu bitirib. Əmək fəaliyyətinə Zaqatala Pedaqoji Məktəbində müəllimliklə
başlayıb. 1952-ci ildə partiya işinə irəli çəkilərək Zaqatala
rayon partiya komitəsində
şöbə müdiri
olub. 1953-cü ildən Pedaqoji İnstitutun aspiranturasında
təhsilini davam etdirib. 1956-cı ildən
Zaqatala Rayon Partiya Komitəsinin ikinci, 1959-cu ildə birinci katibi seçilib, Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin Zaqatala, Qax və Balakən
rayonları üzrə
partiya təşkilatçısı
olub. 1962-cı ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri,
1963-cü ildən 1990-cı ilin sonunadək Abşeron, Şəki, Ağdam, yenidən Abşeron Rayon Partiya komitələrinin birinci katibi vəzifəsində
işləyib. 31 il Azərbaycan KP MK-nın üzvü, bir müddət MK-nın büro üzvü seçilib. Dəfələrlə Sov.İKP qurultaylarının
nümayəndəsi olub.
1961-ci ildə Zaqatala, Qax və
Balakən rayonlarından
SSRİ Ali Sovetinin deputatı
və 6 dəfə Azərbaycan SSR Ali Sovetinin
deputatı seçilib.
1991-ci ildə təqaüdə
çıxandan sonra Azərbaycan Müharibə
və Əmək Veteranları Şurası
sədrinin müavini seçilib, Veteran müəssisələri
Respublika Birliyinin sədri olub. Azərbaycan Kəndli
Fermer Təsərrüfatları
İttifaqı İdarə
Heyətinin ilk sədri,
Respublika Ağsaqqallar
Şurası sədrinin
birinci müavini seçilib. Keçmiş
SSRİ-nin çoxsaylı
ordenlərinə, mükafatlarına,
bir neçə xarici ölkənin medallarına
və digər fəxri təltiflərə
layiq görülüb.
100-dən artıq elmi və publisistik
məqalənin, 10-dan çox
kitabın, "İlisu"
ensiklopedik toplusunun müəllifidir.
Respublikanın geridə qalmış iri rayonlarına göndərilib və onun rəhbərliyi ilə həmin rayonlar qabaqcıllar sırasına çıxıb. Respublikada yenilikçi
raykom katibi kimi tanınıb, heyvandarlığın, bağçılığın
sənaye əsaslarına
keçirilməsinin təşəbbüskarı
və yaradıcısı
olub. 2021-ci il fevral ayının 4-də, 94 yaşında
dünyasını dəyişib.
Bu zəngin və mənalı bioqrafiya sahibinin ötən il işıq
üzü görmüş
"Son borc" kitabını
vərəqləyən hər
kəsin gözü önündə bütöv
kamillik obrazı canlanır. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Rafiq Əliyev qeyd edir ki,
uşaqlığı naz-nemət
içində keçməyən
Sadıq müəllim
təkcə öz övladlarının deyil,
millətin gələcəyi
olan gənclərin də həyatını elmlə, yaxşı əxlaqla zənginləşdirmək
üçün ömrünü
fəda edib. Sadıq Murtuzayev təkcə sözdə deyil, əməldə də cavanlara örnək olub.
Yoxsul ailədə
əzab-əziyyətlərlə böyüyən Sadıq
müəllim 12 yaşında
atasını, 14 yaşında
anasını itirməklə
mənəvi zərbə
alıb. Bu acı
ona nə uşaqlıq dövrünün
şıltaqlığını, nə də tələbəlik illərinin
ləzzətini yaşamağa
imkan verib. Erkən yaşlarında həyatın
enişli-yoxuşlu, daşlı-qayalı
yollarına atılıb
və bəlkə də çox arzularını içində
boğmaq məcburiyyətində
qalıb. Nə qədər
həyat onu sıxsa da mübarizliyi,
əzmkarlığı ilə
zəhmətə alışıb
və bütün çətinliklərə sinə
gərib. Özünün də dediyi kimi, yaşadığı
çətinliklər, çəkdiyi
əziyyətlər onu
böyüdüb, tərbiyə
edib, eyni zamanda yüksəklərə
ucaldıb.
Kiçik yaşlarından əməklə
məşğul olaraq
ailə saxlayan, amma oxumağı, təhsil almağı bir an belə
unutmayan bu nəcib insan gənc yaşlarından məsul vəzifələrdə
çalışıb, alimlik
dərəcəsi alıb,
xalqına təmənnasız
xidmət etmək missiyasını üzərinə
götürüb. Sadıq müəllim
həyatın hər üzünü yaşamış,
ancaq yaxşılığı,
xeyirxahlığı, haqq
və ədaləti əldən verməmiş,
özünün təvazökarlığı
ilə hamının sevimlisinə çevrilmişdir.
Ömrünün 31 ilini Zaqatala, Şəki, Ağdam və Abşeron rayon partiya komitələrinin birinci katibi vəzifələrinə həsr
edən Sadıq müəllim əsl yaradıcı rəhbər
işçi kimi tanınıb. Onun yaradıcılıq qabiliyyətinə ən geniş imkanlar Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra böyük meydan açılıb və o, işlədiyi rayonlarda diqqətəlayiq
işlər və tədbirlər həyata keçirib. Belə demək
mümkünsə, Sadıq
Murtuzayevi Heydər Əliyev məktəbinin yetirməsi, kadr siyasətinin bəhrəsi
kimi qiymətləndirmək
olar. Çünki o, Heydər Əliyevin
siyasi kursuna sadiq qalaraq hər
zaman işlədiyi rayonlarda əhalinin maddi, sosial rifahını
yaxşılaşdırmaq üçün çox böyük və uğurlu işlər görüb. Onun saysız-hesabsız
uğurlarına nəzər
yetirsək görərik
ki, həqiqətən
də Sadıq Murtuzayev yüzlərlə
"ilklər"in müəllifidir.
Hələ Şəki şəhər
partiya komitəsinin birinci katibi işləyərkən rayonda
forel balıqçılıq
təsərrüfatını yaradır. Bununla kifayətlənməyərək
Azərbaycanda ilk dəfə
olaraq Şəki heyvandarlıq üzrə
10 min başlıq mal-qara
kökəltmə kompleksini
qurur. Şəki rayonunda istifadəyə
verilən bu sənaye kompleksinin təcrübəsini yaymaq
üçün 1974-cü ildə Ulu öndər
Azərbaycan KP MK-nın
birinci katibi Heydər Əliyevin və keçmiş Sov.İKP MK-nin bölmə müdiri N.M.Tişşenkonun iştirakı
ilə Zaqafqaziya
seminar-müşavirəsi keçirilir.
Həmin seminara yekun vurarkən Ulu öndər Heydər Əliyev deyir: "Şəkililər
Sadıq Murtuzayevin rəhbərliyi sayəsində
köhnə ənənələri
cəsarətlə aradan
qaldırıb, yeni ənənələr yaradıb
və böyük uğurlar qazanıblar. Bu, təqdirəlayiqdir".
Əlbəttə ki, bu, Heydər Əliyevin inandığı
və güvəndiyi
Sadıq Murtuzayevin fəaliyyətinə verilən
yüksək qiymət
və ali
dəyər idi.
Şəkidə 10 il işlədikdən sonra ulu öndər Heydər Əliyev onu Ağdama göndərərək bu
böyük potensialı
olan rayonda yeni irəliləyiş əldə etməyi tapşırır. Qısa müddət
ərzində əhalinin,
ziyalıların və
əmək adamlarının
rəğbətini qazanan
Sadıq müəllimin
rəhbərliyi ilə
Ağdamda xaliqələr
yaradılır. Onun Ağdamda
işlədiyi illərdə
əldə olunan nailiyyətlər respublika
rəhbərliyi tərəfindən
də yüksək qiymətləndirilir. Azərbaycan
KP MK-nın Birinci katibi ümummilli lider Heydər Əliyev həmin dövrdə iki dəfə Ağdama səfər edərək rayonda həyata keçirilən quruculuq işləri ilə tanış olur, zəhmətkeşlərlə
və ağsaqqallarla görüşür.
Sadıq Murtuzayev Ağdamda işləyərkən respublikada
ilk və yeni olan "Axtarış"
informasiya mərkəzini
yaradaraq texnika elmləri namizədi Zirəddin Tağıyevi mərkəzə rəhbər
təyin edir. Z.Tağıyev
Yaponiyada informasiya texnologiyaları ilə bağlı bir neçə il
təcrübə keçərək
bu məsələləri
hərtərəfli öyrənir.
"Axtarış" informasiya mərkəzi 140
mövzuda axtarış
aparıb ən müasir yeniliklər barədə məlumat vermək imkanına malik olur. O dövrdə rayonda pambıqçılıq, üzümçülük
və heyvandarlıq sahəsində böyük
uğurlar əldə
olunur və Ağdam respublikanın ən qabaqcıl rayonlarından birinə çevrilir.
Sadıq Murtuzayev Abşeron rayonunda işlədiyi dövrdə də yaradıcı rəhbər işçi kimi özünü bir daha təsdiq etmişdi. Burada işlədiyi dövrdə Bakı bağlarının əmək adamlarına verilməsi, Xırdalanın abadlaşdırılması, Ceyranbatan gölünün ətrafında salınan meşə zolaqlarının qorunması, çox gəlir verən Terrarium təsərrüfatının yaradılması, Zəfəran sovxozunda istehsalın artırılması, Mehdiabad qəsəbəsinin salınması da məhz onun adı ilə bağlıdır. Sadıq müəllimin gördüyü işləri saymaqla qurtarmaq olmaz. O, xalq arasında, işlədiyi kollektivdə, respublika ziyalıları arasında böyük hörmətə malik, əsl təşkilatçı rəhbər, yüksək ziyalı idi.
Müəllifi olduğu "İnsanla, torpaqla üz-üzə", "Kəndimizin magistral inkişaf yolu", "Fəzilət işığında", Yaşanmış ömrün anları", "İnsan amili, həyat və zaman", "XX əsrin Mir Cəfər Bağırov fenomeni", "Son borc" kitablarını vərəqlədikdə bütün nailiyyətləri barədə geniş məlumat almaq olur. Diqqəti cəlb edən digər məsələ isə Sadıq müəllimin "Qurani-Kərim"i dərindən bilməyi, daha sonra tarixi hadisələri dəqiq faktlarla göstərməyidir. Onun haqqında yazılmış "Palıd toxumu" və "Canlı əfsanə" romanlarında da bu gözəl insanın ömür yolu, həyat eşqi, yaradıcılığı öz əksini tapıb.
Görkəmli dövlət xadimi olmaqla yanaşı, Sadıq Murtuzayev həm də qayğıkeş ailə başçısı, dörd övladın atası, yeddi nəvənin babası və on üç nəticənin ulu babası idi.
Ən böyük arzusu Ağdamı, Şuşanı azadlıqda görmək idi. Tanrı bu nəcib insana böyük arzusuna çatmağa da ömür verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qüdrətli Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsi ilə Ağdamın bir güllə atılmadan azad edilməsinə şahidlik etdi Sadıq müəllim. Bu, onun ömrünün ahıl vaxtında ən böyük hədiyyəsi oldu.
Yaşasaydı, iyulun 25-də 94 yaşını qeyd edəcəkdi. Həyat yollarında min cür əziyyətlərə, çətinliklərə qalib gəlmiş rəhbər işçi, gözəl ailə başçısı olan Sadıq müəllimin ömrü illərin sayına görə yox, xatirələrdə izi qalan əsrə bərabər bir ömür oldu.
Tofiq MAHMUDOV
Əmək veteranı
525-ci qəzet.- 2021.- 24 iyul.- S.14.