Qərib yolçu, dayan bir az söhbət
edək
Yaxud Allahverdi Aqil aldı
görək nə dedi
Tələbə idim onda. Naxçıvan
Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı
ixtisası üzrə dördüncü kursda oxuyurdum.
Rəhmətlik qrup yoldaşım, şair dostum İlqar
Qulusoyla şeir kitablarımızı və bəzi şeirlərimizin
əlyazmasını götürüb üz tutduq "Şərq
qapısı" qəzeti redaksiyasına. İlqarın
"Ölüm şairlərin əyləncəsidir"
kitabı yenicə nəşr olunmuşdu, mənim də bir il əvvəl "Qızlar gözlərində
sevgi gəzdirir" adlı ilk kitabım çapdan
çıxmışdı. Naxçıvanın
ilk mətbu orqanı olan "Şərq qapısı" qəzetində
nəşr olunmaq arzusunda idik.
Redaksiyada gəlişimizin məqsədini deyəndə
bizi otağını siqaret dumanı bürüyən gur qara
saçlı, telləri alnından aşağı
sürüşüb gözünün üstünə
tökülən, səliqəli qalın bığları
olan bir adamın yanına apardılar. Əlindəki işi
yarımçıq qoymamaq üçün başını
qaldırmadan salamlaşıb, əliylə işarə edib
oturmağımız üçün yer göstərdi.
Barmaqlarının arasındakı siqareti tüstüləyir,
közü az qalırdı cızmaqara elədiyi
kağızın üstünə tökülsün, yenə
də fikri redaktə etdiyi yazının yanında idi. Yazıya elə aludə olmuşdu ki, yenə
başını qaldırmadan "eşidirəm, buyurun"
deyəndə şeir gətirdiyimizi söylədik. O
andaca başını qaldırdı, siqaretini
külqabında söndürüb səmimi və canayaxın
şəkildə bizə baxdı. Həəəə.
Hər şey elə o gün başladı, dostluğumuz da,
bugünədək davam edən münasibətimiz də.
Həmin gün xeyli söhbət elədik,
şeirlər oxuduq, həm o, həm biz. Hər ikimizə
nəşr olunmuş ilk və hələ ki son (üzərindən
düz 20 il keçir!) kitabını
imzalayıb verdi. Həmin kitabı bu günlərdə
bir daha oxudum. İndi "Mən bir qərib
yolçuyam" adlı şeirlər kitabının müəllifi,
qərib yolçu Allahverdi Aqildən, onun şeirlərindən,
yaradıcılığından danışmaq istəyirəm.
Unutmadan bir məqamı da deyim. Şeirlərimizi və
kitabımızı Allarverdi müəllimə verib bir həftə
sonra İlqar da, mən də hərbi xidmətə
yollandıq. Ondan sonra hər ikimiz qəzetin
ədəbiyyat səhifələrinin daimi sakin olduq.
İlqardan fərqli mən hərbi xidmətimi başa vurub
qayıdandan bir ay sonra "Şərq qapısı" qəzetində
müxbir kimi işə başladım və şairlə daha
yaxından tanış olduq, doğmalaşdıq, bədii və
publisistik cəbhədə çiyin-çiyinə
addımladıq. Hətta elə zaman oldu ki, o, qəzetdə
məsul katib, mən isə onun müavini işlədim.
Özümüzün və
sözümüzün çəp gələn vaxtları da
oldu, amma heç vaxt sayğı sərhədlərini
aşmadıq. Eyni ilə bir-birimizi
anlayıb ortaq fikirdə olduğumuz məqamların da
sayı-hesabı yoxdur. 2003-2007-ci illərdə
birlikdə çalışdığımız qəzetdə
eyni ildə də ayrıldıq. O, 2007-nin martında qəzeti
öz peşə ixtisasına - tikinti sahəsinə dəyişdi,
bir müddət Naxçıvanda, sonra isə birdəfəlik
Bakıda tikinti sahəsində fəaliyyətini davam etdirir. Mən isə elm sahəsinə üz tutsam da,
jurnalistika ilə, qəzetçiliklə, yazı-pozu ilə
daim iç-içə oldum. Hər dəfə
Bakıya gedəndə, yaxud Allahverdi müəllim
Naxçıvana gələndə mütləq
görüşür, hal-əhval tutur, birlikdə ötən
günləri vərəqləyib xatirələri dirildirik.
İndi o xatirələrdən biri də "Mən bir qərib
yolçuyam" şeir kitabıdır ki, təzədən,
20 il sonra oxuyub şair dostumla bədii
düşüncələrin işığında dərdləşirəm.
Əzizim,
qərib yolçu! Tənqidçi-ədəbiyyatşünas
Əbülfəz Əzimli sənin şeirlərin haqqında
danışarkən yazmışdı ki, "İndiki zamanda
yazılan, kitab-kitab toplanan şeirlərin çoxunun ədəbi
yoxdur, çünki onu yazanların ruhunda sözün,
duyğunun ədəbi yoxdur. 80-ci illərdən
tanıdığım Allahverdi Aqil ədəb gözləyən
şairlərdəndir. Fikrini ifadə
baxımından başqalarından fərqlənən A.Aqil
şeirdən, sözdən utanıb həmişə".
Tamamilə razıyam. Qəzetçi
kimi də tamam fərqli düşünür, fərqli
mövzulara müraciət edir, yazdığı yazılarda
tamam gözlənilməz məqamları bədii-publilsistik
üslubla qələmə alırdın. Bədii
yaradıcılığında da mövzuların fərqliliyi
ilə seçilir.
Naxçıvan Muxtar Respublikası Şərur rayonunun
Püsyan kəndində anadan olub Allahverdi müəllim. "Tanış olaq,
oxucu" şeirində dediyi kimi:
Bir
payız sabahı dan söküləndə,
Dünyaya gəlişim səs salıb kəndə.
Hamı
sevinirmiş: yeddi bacının
İkinci qardaşı doğulub deyə.
Elə bu
şeirin son misralarında da oxucusuna üz tutub:
Adım:
Allahverdi.
Ləqəbim:
- Aqil.
Dilim gəlmir özümə ağıllı deyəm.
Mən şeir vurğunu, söz aşiqiyəm.
...Tanış
olaq, oxucum,
Tanış olaq, bu, mənəm.
Bu qəribin
taleyin sorma, sirdir, demərəm,
Maraqlansan
sirr nədədi,
Aldı
görək, nə dedi.
Və beləcə şeirlərini təqdim edir
oxucusuna. Bu şeirləri oxuduqca siqaretinin dumanı kimi
uzaqlarda qəribə bir dumanlıqda itən
baxışlarını görürəm. Onun asta addımlarını, torpağı incitməmək
üçün yerə ayağını deyil, ürəyini
basdığını hiss edirəm. Elə
bil həqiqətən də bu dünyaya bir qərib
yolçu kimi gəlib. Bu dünyanın
adamı deyil. Adam da bu qədər fikirli
olarmı, bu qədər xəyallarda yurd salarmı?
Bir qərib
yolçusuyam,
Dünya adlı karvanın.
Taleyim əllərində
Zaman adlı sarvanın.
Doğrudur,
o, öz taleyini zamanın əllərində hiss edən
dünya karvanının qərib yolçusuna, həm də
yorğun və fikirli yolçusuna oxşayır. Kitabdakı
şeirlərinin başlıqlarını oxuyuram: "Elə
üzümüzdən qəriblik yağır", "Hesab
və həyat", "Gor qazıram", "Torpaq bizdən
yuxarıda", "Mən zamandan irəli", "Hara
çəkir bizi bu yol", "Qərib çiçək",
"Bu dünya cəza yeridir", "Göylərdən enən
deyiləm", "Dan üzünə ölüm gəlməz",
"Bu dünya açmaz sirrini" və onlarla bu qəbildən
olan şeirlərin hər birində fəlsəfə var,
fikir var, qərib adamın qəribə duyğuları var,
yolçunun sabah səfəri gizlənib.
Danışmağı
çox da sevməyən bu adam, sözə
qısılırdı, sözünə üz tuturdu:
Vüqarı
endirildi,
söküldü bürcüm, qalam,
Qollarımı
açan yox,
düşməndən qisas alam.
Eşidilmir
harayım,
dilim
quruyub, lalam,
Sözüm, dilləndir məni.
Allahverdi Aqil yaxşı bilir ki, "düzlükdə
bu dünya dəvə boynudur" və "bu dünyanın
ikicə ağacı solğun, biri çörək
ağacı, biri də dar ağacı". Elə ona görə də
bu əyri-üyrü düzlükdə özünə sual
verirdi:
Ayağım
altında qayadır, daşdır,
Mənimki taleylə hələ savaşdır.
Əyri
dolaylarda fikrim dolaşdı -
Mənmi yol gedirəm, yolmu aparan?
Onun poeziyasının ən gözəçarpan
obrazı "Daş"dır. Axı o,
inşaatçıdır. Çörəyini
həmişə əlinin qabarı ilə qazanıb. Bu
qabar əvvəllər barmaqlarının ucunu qabar edib, biləklərini
yorurdusa, sonralar sözə könül verəndən
üç barmağını qabar edir, fikirlərini yüklədiyi
ürəyini yorurdu:
Mən
şair deyiləm, daş ustasıyam,
Çörəyim yonduğum daşımdan
çıxır.
Mənim
daş inadım qayalar yıxır,
Mənim göz yaşlarım başımdan
çıxır.
Daşlardan
əllərim qabar-qabardır,
İçimdə daşlaşan sözlərim
vardır.
Mənim
göz yaşlarım təpəmdən çıxır,
Mənim göz yaşımı sözlər
qabardır.
Bundan əlavə ayrı-ayrı şeirlərindəki
bir çox misra var ki, "Daş" o şeirlərin
ağırlıq mərkəzdir. Elə bil Allahverdi Aqil
düşüncələrinin çəki
daşlarıdır. Xalq şairi Ramiz Rövşənə
ünvanlandığı "Göyə daş atma"
şeiri, həmçinin, "Qaldıra bilmədim, bu
daşı, ana", "Bu daşı görən
olmadı", "Daşlar... adamlar..., "Bu daşı
hayana atırsan", "Tarixdi daşlar" şeirlərində
daş gah yaddaşdır, gah qardaşdır, gah
sirdaşdır, gah da silahdır:
Daşlar
da insan kimidir,
Kövrəyi var, sərti var.
Namərdi
var, mərdi var,
Daşların da daş adında dərdi var.
...O sal
daşın üzündəki qəmə bax,
Adam kmi gözlərindən yaş çıxır.
Bu nə
sirdir, nə hikmətdir, ay Allah,
Bu
torpağa adam gedir, daş
çıxır.
Yaxud
"Tarixdi daşlar" şeirində poetik biçimdə
tarixçi qardaşına gör nə deyir:
Tarixçi
qardaşım, daş dili öyrən,
Tarixin dilində daşları dindir.
Daşın
daş yaddaşı söyləyər sənə,
Dünyanın qalibi, məğlubu kimdir.
Onun
fikrincə, şairin dilindəki söz abidəyə
çevrilib daşlaşa bilir, həmçinin, memarın
daşı sözə çevrilib yaddaşlaşa bilir:
Nizami
dilində söz türbə, qala,
Əcəmi əlində daş söz olubdur.
"Damarında yurd savaşı göynəyən"
şairin arzularını qəhrəman Azərbaycan ordusu
gerçəyə çevirdi. Şeirlərinin əksəriyyətində
tarixin türkə qarşı, Azərbaycana qarşı
haqsızlığına etiraz boy göstərən A.Aqil müqəddəs
vətənə, ulu torpağa üz tutub "Uğrunda
ölməsəm, məni bağışla" deyir.
Əlindən heç bir şey gəlməyəndə isə
sinəsi od tutub yanır, dəli olur, amma
bunları inkar mənasında içi yana-yana sözə
tökür:
...Gözüm
görənlərə odlanmır sinəm,
Ağlım kəsənlərdən dəli olmuram.
Gücüm
əlimdək qələmə çatır,
Bu yurdun vuruşan əli olmuram.
Özü olmasa da, onun şeirləri bu yurdun vuruşan
oğullarının yumruğunu sıxır, biləyinə
güc, ürəyinə təpər, gözünə nur
verir, sərhəd yuxularına duz səpir.
Qərib
yolçunun sevgi şeirlərində də bir qəriblik var.
Bu şeirlər o qədər ürəyəyatandır ki,
oxuyanda yaddaşın cığırlarından keçib
sevdiyin günlərə qayıdır, gənclikdə
yaşadığın xoş əzabları, ürəyi min
yerdən yaralayan süzgün baxışları təzədən
görmüş kimi olursan:
Xatirələr
dumanında
İndi mənəm çəndə itən.
Sanki
qürbət bir eldəyəm,
Mən qəribəm,
sənsə Vətən -
Unuda bilmirəm səni.
Bir də A.Aqilin əzbər bildiyim bir şeiri var.
"Sən mənim nəyimi sevirsən axı". Deyəsən,
əl-qolunu oğul-uşağın bağladığı
günlərin gerçəkliyindən qaçmaq istəyəndə
uydurduğumuz bəhanələr bu şeirdə gizlənib.
Bəlkə də, elə ona görə bizi sevən
çağımıza susuz aparıb, susuz gətirən bu
cür şeirləri tez yadda saxlayırıq.
Belə
şeirlər bizə daha doğma gəlir:
Daha seviləsi
görkəmim yoxdur,
Daha qız qaytaran yerişim itib.
Sən mənim
nəyimi sevirsən axı,
Mənim ki, məhəbbət nağılım bitib.
Mən
şeir vurğunu, söz dəlisiyəm,
Bundan o tərəfə yolum yox mənim.
Sən mənim nəyimi sevirsən axı.
Bir üzük almağa pulum yox mənim.
"Əlimə qələm götürdüm,
Füzulidən utanmadım" deyə biləcək qədər
sözünün çəksini dərk edən qərib
yolçu, sən bu dünyanın adamı deyilsən, bilirəm. Elə ona görə də
şeirlərinin birində demişdin ki:
Dünən
günahım bir idi,
Min olub, hələ diridir.
Bu
dünya cəza yeridir,
Çətin ki, islah olacaq.
İslah
olmadığını görəndə də elə beləcə
qərarını vermişdin:
Ha
ulaşın səfil itlər,
Mən
sizə dinən deyiləm,
Yer
üzü günah içində
Göylərdən enən deyiləm.
Göylərdən enmək istəməyən
üçün bu dünya doğrudan da qürbətdir,
özü isə bu dünyanın əbədi qərib sakini,
qərib yolçusu. Barı anan eşitdimi deyəndə ki:
Bu tale ki,
qarğış deyil,
Nədən baxtım yatdı, ana.
Alnımdakı
qırış deyil,
Həsrətdən
çaxan şimşəyin,
Yaratdığı, çatdır, ana.
Ana, mən qəribəm, qərib.
Yoxsa tale
savaşıdır,
Baş götürüm, hara qaçım?
Ağ
cığırlar göz yaşıdır,
Ağlar qalıb qara saçım,
Ana, mən qəribəm, qərib.
Əzizim, Allahverdi Aqil, ruhumun doğması qərib yolçu, sevimli şair dostum, söz adamı həssas olur, bu dünya isə həssas adamları qətiyyən sevməyib, sevməyəcək də. Ağrısını, acısını, dərdini, kədərini söz adamının çiyinlərinə - o çiyin ki, yük yeri ürəkdir - yükləməyin ölüsüdür. Sənsə bu dünyanın qərib yolçusu. Yolun hayanadır bilmirəm, üzünü hayana tutmusan, bilmirəm, bildiyim odur ki, bu dünyanın hər tərəfi qürbət olmur. Mütləq ki, vətən olan tərəfi axırda adamı ora çəkir. Şair üçün o vətənin ən məhrəm yeri isə sözün özüdür. Söz şairin vətənidir. Yenə bir şeirindən iki bəndi xatırlayıram:
Sərt qayaya tuşlanıb tərs inadım,
Qürurumu çox sınaqda sınadım.
Bu dünyada ömür özü bir addım,
Bu ömürdə nə qazandım, itən nə?
Gördüklərim xatirəmə yığıldı,
Varaqlansa, bir tilsimli nağıldı.
Zaman qovdu, ömür gün-gün dağıldı,
Ha can
atdım, əl yetmədi itənə.
Həəə, itirdiyimiz ömürdə
qazandığımız sözdür, o söz ki, bir gün
vətəndə olmasaq da, dünyada olmasaq da, bizi öz bətnində,
öz mətnində yaşadacaq. Ona görə də, əzizim qərib
yolçu, Vətən sözün olsun, sözün Vətən
olsun!
P.S. Bilirəm, yazırsan, yaradırsan. Təəssüf
ki, "Mən bir qərib yolçuyam" adlı ilk göz
ağrından sonra oxucuya heç nə hədiyyə eləməmisən.
Qərib küskün olmaz, yeni kitabını həsrətlə
gözləyən oxucular və bir şair dostun var.
Elxan
YURDOĞLU
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, şair-publisist
525-ci qəzet.- 2021.- 27 iyul.- S.15;16.