Çamadanlar həmişə hazır olmalı

 

Esse

 

 

Tələbə vaxtı evində qaldığım evin sahibəsi özünə çox qapalı insan idi. Səhər durub işə gedər, axşam evə gəlib ev işlərini görüb televizorun qabağına keçərdi.

 

Çox nadir hallarda evdə qonaq görərdik, özü gəzmək həvəskarı deyildi. Hərdən ona yazığım gəlirdi. Düşünürdüm ki, necə mənasız həyatı var. Çünki o vaxt elə bilirdim ki, yaşamaq elə bütün günü gəzmək, demək-gülməkdir. Ona görə münasibətlərimiz səmimiləşdikcə onu özümlə parka aparır, tez-tez gəzməyə çıxmağa təkid edirdim. Axır bir gün o mənə dedi ki, parkdakı uşaqların hay-küyü, maşınların səsi hətta ən sakit parkın sükutu belə evdə oturub sakitcə kanalları çevirməyi qədər ona zövq vermir.

 

Muzeyə, kinoya, teatra həmişə tək gedirəm. Əgər kiminləsə getməli oluramsa, ondan bir xahiş edirəm. Zəhmət olmasa, səsini çıxarma. Ümumiyyətlə, belə məkanlara ancaq kimləsə gedən adamları anlamaqda çətinlik çəkirəm. Hardasa filmə gedən, xüsusilə gənc sevgililəri başa düşə bilirəm, ancaq muzeyə toya gedirmiş kimi nəsillikcə gedənləri heç cür başa düşə bilmirəm.  Muzeyin zövqünü çıxarmaq üçün bir sən, bir bələdçi kifayət edir, axı. Hələ muzey ekskursiyaları zamanı yüksək səslə yanındakı ilə danışan, zarafatlaşan adamların niyə muzeyə gəlməsi mənim üçün bir müəmmadir.

 

Mən belə yerlərə gedərkən təklikdən yanayam. Təbii ki, bu, mənim subyektiv fikrimdir. Bir dəfə BBC-nin bu mövzuda bir araşdırmasını oxumuşdum. Həmin araşdırmada deyilirdi ki, istirahətin beş ən məşhur növü tənhalıqla bağlıdır. Təəssüf ki, həmin o beş istirahət növünü xatırlamıram, ancaq əminəm ki, həmin siyahıda dərketmə məqsədi ilə həyata keçirilən səyahətlərin adı var.

 

Əgər kimsə  dost-tanışı ilə muzeyə gedirsə bundan zövq alırsa, bu, başqa məsələ.

 

Onu deyirdim, axı. Mənim üçün təklik hər şeydən öncə komfortdur. Təkəmsə, deməli, düşünmək üçün daha çox vaxtım, işlərimi həll etmək üçün daha çox sərbəstliyim var. Əvvələr bunu tam şəkildə dərk etmədiyimə görə elə düşünürdüm ki, təkliyi seçən insanların həyatı boz, maraqsız olur.  Ancaq zamanla tanıdığım dəyərli insanların bir çoxunda təkliyə qəribə bir meyl görmüşəm. Təklik insanın özü ilə olan yoldaşlığıdır. Özünü tanımaq üçün özünlə daha çox vaxt keçirməlisən. Ümumiyyətlə, yalnızlıq təkcə muzeyə tək gedə bilməklə yox, həyatın digər bir çox sahələrində müsbət tərəfləri ilə seçilir.Yalnız adam problemlərinin öhdəsindən gəlməyi öyrənir, çətinliklərlə baş-başa qalmaq məsuliyyət hissi formalaşdırır. İnsan dərk edəndə ki, onun bütün həyatının ixtiyarı öz əlindədir etdiyi hər səhvin bədəlini özü ödəyəcək, o zaman addımlarını buna görə ölçüb-biçir. Hətta səhv etsə belə, bu səhvin cəzasını özü ödəməklə başqalarını öz günahlarının nəticələrinə şərik etmir. Yəni həm məsuliyyət, həm azadlıq bu məqamda kəsişir. 25 yaşında hansısa bir işə girib böyük miqdarda pul batırmaq pisdir, yoxsa 45 yaşında oğlunun təhsil haqqından götürüb batırdığın pul? Məncə, birinci daha insaflıdır.

 

Yaradıcı adamların bir çoxunun həyatına baxanda orda tək keçirilən zamanın az olmadığını görürük. Araşdırmalara görə, təklik həm yaradıcı düşüncələrə meydan açır. Hadisələri daha yaxşı analiz etmək, bolluca düşünmək, kənar təsirlərə məruz qalmadan öz düşüncələrinə əsasən yeni bir düşüncə məhsulu ortaya qoymaq üçün tək zaman keçirmək daha faydalıdır.

 

Bir sözlə, tək olmaq həmişə bədbəxt olmaq mənasına gəlmir. Əksinə, tək olmaq həm güclü olmaqdır.

 

Ümumilikdə isə sevib-sevilməyin, daima insanların əhatəsində olmağın daha gözəl bir şey olduğunu, həyat keyfiyyətini artırdığını düşünürəm. Təkliklə tədric arasında böyük fərq var. Mənim ev sahibəmdə olduğu kimi, təklik seçim olanda gözəldir, məcburiyyət olanda yox. Amma yenə tənhalığa daim hazır olmaq lazımdır. Can Dündarın dediyi kimi:

 

Bavulları hep toplu durmalı insanın...

Bir gün telefonların hiç çalmayabileceği

hesaplanmalı...

Tül perde arkasından misafir yolu gözlemekten

vazgeçmeli...

İhanetlere, terkedilmelere,

bir başına bırakılmalara hazırlıklı olmalı...

Yalnızlığa alışmalı...

 

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2021.- 27 iyul.- S.14.