“Şərq
qapısı”na gedən çətin yol
XIX əsrin 90-cı illərində
Naxçıvanda qəzet
çıxarmaq təşəbbüslərinin
olması haqqında məlumatlar vardır. Məhəmmədtağı
Sidqi, Cəlil Məmmədquluzadə, Eynəli
bəy Sultanov, Məhəmməd ağa Şahtaxtılı kimi yerli ziyalıların bu təşəbbüsünün
həyata keçirilməsinə
Rusiya hakim dairələri
imkan verməmişdi.
Naxçıvanda Sovet hakimiyyəti elan edildikdən sonra rejimin ideologiyasının
həyata keçirilməsində
fəal rol oynaya biləcək bir mətbuat orqanının təsis edilməsi zərurəti ortaya çıxmışdı. İlk addım
kimi 1921-ci idə Naxçıvanda divar qəzetinə oxşar
"Kommunist" adlı
bir qəzet buraxılır. Həftədə bir dəfə əlyazma şəklində
çıxan və tirajı 50 nüsxəyə
çatan bu qəzetin heç bir nömrəsi bu günədək gəlib çatmasa da, adından hansı məramda olduğu aşkara çıxır. Belə
bir qəzetin çap olunması haqqında "Şərq
qapısı" qəzetinin
özü 1925-ci il 31 mart tarixli nömrəsində məlumat
vermişdi. Həmin məlumatdan o da
aydın olur ki, qısa müddət
ərzində qapanan
"Kommunist" qəzetinin
əvəzinə 1921-ci ildə
Naxçıvan İnqilab
Komitəsi tərəfindən
"Naxrespublika" adlı
rus dilində iki səhifəlik bir qəzet nəşrə başlayıb.
Əlverişli mətbəə avadanlıqları olmadığı
üçün bu qəzetin çapında
"Amerikanka" adlandırılan
makinadan istifadə edilmişdi. Cəmi 2-3 nömrəsi
çıxan həmin
qəzetin də heç bir nömrəsi əldə yoxdur. Güman etmək olar
ki, bu qəzetin
öz nəşrini dayandırmasının səbəbi
rus dilində çıxması idi.
Əhalisinin 90 faizindən çoxunun
rus dilini bilmədiyi bir məkanda kommunist ideologiyasını belə
bir qəzet vasitəsi ilə geniş kütlələrə
təlqin etmək olmazdı. Odur ki, yeni bir qəzetin nəşri barəsində
düşünülürdü. Belə bir qəzet
Naxçıvan Sosialist
Şura Cümhuriyyəti
Cavanlar İttifaqının
Ölkə Komitəsi
tərəfindən 1921-ci ilin noyabr ayının
1-də mətbəədə nəşrinə başlanılan,
lakin texniki çətinliklər üzündən noyabrın 9-da
birinci nömrəsi işıq üzü görən "Cavanlar həyatı" oldu. Ərəb əlifbası ilə vərəqə şəklində
100-dən çox tirajla
çıxan həmin
qəzetin ilk nömrəsi
bu günədək qorunub saxlanılıb.
Birinci nömrədə
qəzet öz məramı barəsində
oxuculara belə məlumat verirdi: "Bu ruznamə (qəzet - F.X.) gələcəkdə cavanlar
ittifaqının nə
olduğunu, cavanların
gələcəkdə ümumdünya
sahəsində nə
kimi rol oynamalı olduqlarını
fəhlə və kəndli cavanlarına bəqədri-imkan bildirəcək".
Birinci nömrədə dərc olunan "Cocuq həftəsi", "Naxçıvan
xəbərləri", "Ərazi komissarlığının
məlumatı" sərlövhəli
yazılardan aydın olur ki, qəzetin
oxuculara verdiyi məlumatlar kommunist ideologiyası mövqeyindən
dəyərləndirilir. Qəzetin digər
nömrələri əlimizə
gəlib çatmasa da, bu ruhun
həmin nömrələrə
də hakim kəsilməsi
şübhə doğurmur.
"Cavanlar həyatı"nın tələm-tələsik
qoyulan adı o dövrdə bolşeviklərin
Naxçıvanda həyata
keçirəcəkləri məram üçün yararsız idi. Çünki bu ad əhalinin
bütün təbəqələrini
özündə etiva
etmirdi. Halbuki bolşeviklər öz mənfur siyasətlərini həyata
keçirmək üçün
əhalinin hər təbəqəsindən istifadə
etmək niyyətində
idi. "Cavanlar həyatı"nın ömrünün bir ay yarımdan çox çəkməməsinin səbəblərindən
biri də bu olmalı idi. 1921-ci ilin
dekabrında o, "Füqəra
səsi" adlı bir qəzetlə əvəzləndi. Bu ad da yuxarıda göstərdiyimiz səbəbə
görə özünü
doğrulda bilməzdı.
Xatirə materiallarından öyrənmək olur ki, heç bir nömrəsi əlimizdə olmayan həmin qəzet 1922-ci ilin aprel ayınadək
öz nəşrini davam etdirmişdi.
Şərq qapısı” qəzeti
və blokada Naxçıvanı yaxud
100-ün 30-u – Boyukmillet.com
Naxçıvanda nəşr olunacaq
qəzet üçün
ad axtarışları, nəhayət,
1922-ci ilin may ayında
uğurla nəticələndi.
Həmin
vaxt qəzetin bir neçə nömrəsi "Şərq
qapısı" adı
ilə işıq üzü gördü, lakin o da qısa
müddətə öz
nəşrini dayandırmalı
oldu. 1923-cü ilin ortalarında isə qəzet "Şərq qapısı"
adı ilə yenidən nəşrə
başladı.
Bütün bu proseslər
"Şərq qapısı"nın 1924-cü il
33-cü nömrəsinə əlavədə qəzetin
idarəsi tərəfəndən
belə şərh olunur: "Gənclər həyatı", "Naxçıvan
cümhuriyyəti" namında
rus qəzetəsi,
"Füqəra sədası"
və "Şərq
qapısı" qəzetələri
ta 1923 ilə nəşr edilib hərəsindən bir neçə nömrə buraxılıb dayandırıldılar.
Qapanmaqlarına əvvəlinci ümdə
səbəb mətbəə
alatının olmamazlığı,
mürəttiblərinin yoxluğu,
cəmaətimizin qəzetəyə
kəmhəvəsliyi və
müxbirlərin məlumat
yazmaqdan qorxmaqları idi. 1923-cü ildə "Şərq qapısı" qəzetəsinin
ikinci dəfə nəşrinə şüru
edilib işə başlanıldı". Və qeyd
edək ki, həmin dövrdən bu günədək qəzet öz varlığını qoruyub
saxlaya bildi.
"Şərq qapısı" bolşeviklər tərəfindən siyasi niyyətlərlə təsis edilsə də, o dövr ziyalıların nəsildən-nəslə keçən maarifçilik ənənələrini davam etdirməsi üçün mötəbər bir tribuna olmalı idi. Ona görə də yerli ziyalılar mərkəzi hökumətin köməyinə arxalanaraq birinci növbədə qəzetin varlığını qoruyub saxlamağa və geniş xalq kütləsi içərisində yayılmasını təmin etməyə ciddi səy göstərirdilər. Həmin ziyalılar və əhalinin müxtəlif təbəqələrinin içərisində Sovet hökumətinə inanmayan, verilən vədlərə şübhə ilə yanaşan, milli-mənəvi dəyərlərə möhkəm tellərlə bağlı olanlar az deyildi. Şübhəsiz ki, Naxçıvanda nəşr olunan qəzetə "Kommunist", "Naxrespublika" və "Füqəra səsi" kimi adların verilməsi onları razı sala bilməzdi. Qəzetə "Şərq qapısı" kimi uğurlu bir adın verilməsində bəlkə də onların çox böyük təsiri olmuşdur. Çünki o dövrdə hələ nəinki Naxçıvanda, heç bütünlüklə Azərbaycanda da Sovet hakimiyyəti möhkəmlənməmişdi və belə həssas məsələlərə ehtiyatla yanaşılırdı. Şübhəsiz ki, bolşeviklərin tam ixtiyarında olsa idi, onlar heç vaxt Ulu Atatürkün Naxçıvanı "türkün qapısı" adlandırması ilə səsləşən "Şərq qapısı" adını həmin qəzetə verməzdilər. Qəzetə "Şərq qapısı" adı verilsə də, hakim dairələr imkan daxilində bu adın oxuculardan gizlədilməsinə cəhdlər göstərirdilər. Belə ki, 1923-cü ilin 1-21-ci (həmin ildə cəmi 21 nömrə çap olunub), 1924-cü ilin isə 1-22-ci nömrələrində ilk səhifənin yuxarısında ortada böyük formatda "Şərq", onun aşağısında isə oxunmaz dərəcədə kiçik şriftlərlə "qapısı" sözləri yazılmışdır. 1924-cü ilin 23-39-cu nömrələrində isə ilk səhifənin sağ tərəfində yerləşdirilən bir şəklin içərində əlyazısına oxşar şəkildə, nisbətən kiçik hərflərlə "Şərq qapısı" yazılması da xeyirxah niyyətlərdən xəbər vermirdi. Şəklin sağ tərəfinin yuxarı küncündə beşguşəli ulduzun ortasında oraq-çəkic görünür. Əzəmətli bir binanın yanından qatar keçir, əlində oraq tutmuş bir kəndli topladığı sünbül bağlamının yanında dayanıb. Sol tərəfdə günəşin şüaları ətrafa saçılır, uzaqdan uca dağlar görünür, yollar uzanıb gedir, əlində bel tutan bir fəhlə sevincli vəziyyətdə ətrafı seyr edir.
Bu şəkil vasitəsi ilə Sovet quruluşunun üstünlüyü təbliğ edilirdi. Qəzetin "Şərq qapısı" adlandırılmasını heç cür həzm edə bilməyən bolşeviklər və onların varisləri 58 il sonra - 1980-ci ildə onun adını dəyişərək "Sovet Naxçıvanı" qoydular. Üstəlik, qəzetin "Sovetskaya Naxiçevan" adlı rusca dublikatı da nəşrə başladı. Təxminən 10 ilədək davam edən bu prosesə 1989-cu ildə son qoyularaq qəzetin əsl adı bərpa olundu. "Şərq qapısı!"
Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin
2021-ci il 1 iyun tarixli Sərəncamı ilə yüzillik yubileyi qeyd olunan "Şərq
qapısı" qəzetinin nəşri tarixinin
heç bir səhifəsi
qaranlıq qalmamalıdır. Bu Sərəncam
imkan verir ki, qəzətlə bağlı bütün həqiqətlər dərindən
araşdırılaraq ortaya
çıxarılsın və oxucuların diqqətinə
çatdırılsın.
Fərman
XƏLİLOV
AMEA
Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş
direktoru, filologiya üzrə elmlər doktoru
525-ci qəzet.- 2021.- 27 iyul.- S.13.