Hadrut qəhrəmanı
haqqında ballada
BİR
KİTABIN TƏQDİMATI
Gəlin Sizə bir nağıl danışım. Hadrut qəhrəmanının
nağılını.
Biri var idi, biri yox idi. Azərbaycanın bölgələrindən
birində - Kürün Xəzərə qovuşduğu məkanda bir
oğlan var idi: İsmayılov Camal Vidadi oğlu. Bütün balaca oğlanlar kimi, onun da öz
arzuları, istəkləri, xəyalları var idi. O da
oxuduğu, dinlədiyi nağıllarda olduğu kimi, Xeyirin
Şər üzərində qələbəsini
arzulayırdı. Yeddibaşlı əjdahalara, başı
buludlara dəyən, ayağı dəryadan nəm alan qalaçalarda gözəl qızları əsir
edən adamyeyən divlərə qan qusdurmaq niyyəti ilə
böyüyürdü. Və yaşa dolduqca bu
hisslər qəlbində Vətən məhəbbətini,
el-oba təəssübünü artırırdı. Bu sevgi böyüdükcə Camal da
böyüyürdü və onu hərbiyə aparan yollara
doğru addımlayırdı. Bu yollar onun
eşitdiyi nağıllardakı yollar kimi müxtəlif
ayrıclara, istiqamətlarə yönəlirdi. Və Camal nağıl
qəhrəmanları kimi dördyol ayrıcında dayanıb
fikrə getməmək, seçim qarşısında qalmamaq
üçün böyük məsləhətinə
də ehtiyac duymuşdu. Ancaq əsl öz qəlbinin
səsinə qulaq asmışdı. Dinləmişdi ürəyini hansı
yola qədəm basacağına qərar vermək üçün.
Camal qarşısında açılan, onu sonsuz üfüqlərə
doğru aparan yollardan
birini seçmişdi. Bu yol onun həyatına, onun
arzusuna, onun məsləyinə doğru addımlamaq üçün
meydana çevrilmişdi. Seçdiyi yolda əsir olan Vətəninin,
30 ilə yaxın bir zaman kəsiyində gözləri öz
elini soraqlayan torpağın həsrətinə son qoymaq niyyəti
ilə addımlamışdı. Və Azərbaycan Xüsusi
Təyinatlı Qüvvələrinin baş giziri, qrup
komandiri, Vətən Müharibəsi Qəhrəmanı, nəhayət,
Vətən müharibəsi ŞƏHİDİ adını
qazanmışdı. Hamıya qismət olmayan adlar
Camalın tale, alın yazısı olmuşdu
seçdiyi, addımladığı həyat yollarında.
Hələ
Aprel döyüşlərində qəhrəmanlığının
ilk sətirlərini yazan Camal 44 günlük Vətən
müharibəsində əsl şücaət göstərəcəyini
bilmirdi və qəlbi dayanmadan onu seçdiyi yolda
addımlamağa sövq
edirdi. 2020-ci ilin sentyabrında başlanan Vətən
müharibəsi Camalın Şər üzərində
qələbəsinə aparan yolun yekunu idi. Çünki mənfur
qonşularımız tərəfindən zəbt,
işğal olunmuş Qarabağımız öz
azadlığına məhz bu müharibədə qovuşacaqdı. Camal bu
müharibədə Füzuli, Cəbrayıl, Xocavənd,
Hadrut, Zəngilan, Qubadlı istiqamətlərində gedən
döyüşlərdə əsl qəhrəmanlıq salnaməsi
yazacaqdı. Onun qəhrəmanlığının zirvəsi
Hadrut qəsəbəsinin azad olunması zamanı ətrafa səs
salacaqdı...
Camal özü də bilmədən XXI əsrin
nağıl, dastan qəhrəmanına çevrilirdi. Babək, Cavanşır,
Şah İsmayıl, Koroğlu kimi babalarından nəfəs,
güc alan Camal düşmənə qan
qusduran, onları lərzəyə salan qəhrəman
timsalına dönürdü. Deməli, Azərbaycan
xalqı həmişə, hər vaxt qəhrəman oğullar,
qızlar yetişdirən, düşmənə qaçanda
aman verən, arxadan vurmayan igid xalqdır. Xalqımız
həm də öz igidlərini nəzm, nəsr nümunələrində
yaşadan, onlara
əsərlərdə ikinci həyat verən yazarlar məkanıdır.
Bəli, bu günümüzdə artıq əbədiyyətə
qovuşan igidlərimiz haqda əsərlər yazılır,
mahnılar bəstələnir. Bu günün Samidləri,
Poladları, Xudayarları, Kamilləri, Camalları haqda real
dastanlar qoşulur. Mən sizlərə belə əsərlərdən
biri haqda danışmaq, İsmayılov Camal Vidadi oğlu barədə
yazılmış poemadan söz açmaq istəyirəm.
Elnur
Uğurun "Hadrut fatehi" poeması həmyerlimiz Camal və
onun qısa, lakin çox mənalı
ömür yolu barədə qələmə
alınmış sanballı əsərdir. Camal
kimi igidlərimizin qəhrəmanlığını əbədiləşdirən
əsərlər məhz şair Elnur Uğurun
yaradıcılığından qaynaqlana, ilhamlana bilər.
Əsəri diqqətlə oxuyanlar heç də
yanılmadığım anlamına gələrlər. Elnur Uğur da bölgəmizin -
Neftçalanın yetişdirdiyi şairlərdən biridir.
Artıq 20 ildən çox bədii yaradıcılıqla məşğul
olan, bir çox kitablar, mükafatlar müəllifi Elnur
Uğur Camal haqda, onun qəhrəmanlığı barədə poema yazmaqla qəhrəman
eloğlumuzun həyatını əbədiləşdirməyə
müvəffəq olub. Camal İsmayılovun ətrafa səs salan qeyri-adi
igidliyi Elnur Uğur qələmindən də yan keçə
bilməzdi.
Durmuşuq
üz-üzə danışırıq biz,
Mən canlı ölüyəm, sən ölü diri.
Bağrıma
basıram burda sevgiylə,
Bu torpaq məzarı,
Vətən qəbiri!
Əsərin Proloq hissəsindən verdiyim bu bənd
müəllif niyyətinin güzgüsüdür. Asanlıqla bəlli
olur ki, şair başlanğıcda 44 günlük Vətən
müharibəsi savaşında canını fəda etmiş
igidlərimizdən ümumən bəhs edir. Onların
şücaəti sayəsində azad edilmiş Vətən
torpaqlarımızı mədh edərək deyir:
Şəhidlər
yurdumun odu-ocağı,
Canını bürüyən bayraq - Vətəndir.
Vətənin
torpağı Ana qucağı,
Şəhidlər
doğulan torpaq - Vətəndir!
Şair bənzətməsi
maraqlı, eyni zamanda,
inandırıcı, dəfələrlə təkrarlanan
deyimin yeni formada təzahürüdür. "Şəhidlər
doğulan torpaq - Vətəndir" - fikri "Torpaq o zaman Vətən
olur ki, onun bağrına şəhid qanı tökülsün"
- ifadəsinin şeir dili ilə tərənnümüdür.
Eyni zamanda, xalq arasında belə bir inanc da gəzir
ki, şəhidlər pak, müqəddəs olurlar. Əgər onlar yuyulmamış dəfn olsalar belə,
Allah dərgahında qəbulediləndirlər. Elnur
Uğur qələmində bu deyim, inanc öz ifadəsini belə
tapır: "Qanı qüslü olan ey pak Şəhidim, Kəfənin
- Bayrağım xalqın varıdır". Proloqda
şair fəxrlə 44 gün xalqla, şanlı Azərbaycan
ordusu ilə birgə addımlayan Ali Baş Komandandan da bəhs
edir.
Ali
Baş Komandan vur əmri verdi,
Oğullar cəbhədə cəbhə yaratdı.
Yaxud da:
Döyüşdü
sonadək siyasətilə,
Sarsılmaz Rəhbərim yurd çıxsın dardan.
- misralarında ölkə Prezidentinin müharibədə
oynadığı böyük roldan danışır.
Proloqdan sonra gələn "Fikir səyahəti"
adlı hissə maraqlı və fərqli təsir
bağışlayır. Başdan-başa lirik ricətlər
üstündə qurulan "Fikir səyahəti" şəhid
qardaşımız Camalın ziyarətinə gedən
yoldakı düşüncələrdir.
Yol
alıb özümdən çıxmışam yola,
Şəhid Camalımın ziyarətinə.
Qəlbimdə
adını an-an zikr edib,
Dua oxuyuram Şəhadətinə.
İlk bənddən müəllifin məqsədi bəlli
olur ki, o, Camalın qəbrini ziyarətə gedir. Ancaq yol boyu Neftçalanın təbiəti,
sərvətləri, insanları, tanınmış
ziyalıları, igid oğulları xatırlanır,
münasibət bildirilir. Muğan torpağının yetişdirdiyi
adamların bölgənin həyatında
oynadığı rolu diqqətə
çatdırılır.
Kimlər
bəxş etmədi Muğan torpağı
Vətən xidmətində dayanmaq üçün?
- deyən müəllif
müharibə qəhrəmanlarının, şairlərin,
pedaqoqların, yazarların, rəssamların adlarını
sadalayır. Ayrı-ayrı bəndləri məhz
bu tanınmışlar üçün xərcləyir.
Əslində, bu fəsil şairin doğulub boya-başa
çatdığı Vətəninə sonsuz məhəbbətinin
təzahürüdür. Neftçalanın qumlu, şoran
torpağını, yonca, taxıl çöllərini, neft
buruqlarını, ən nəhayət, Ana Kürünü sevən,
mədh edən müəllif köksünün
qabardığını, fəxr hissini öz oxucusu ilə
paylaşmaq istədiyini şeir dili ilə ifadə edir. Sonuncu bənddə müəllif yoluna
çıxdığı müqəddəs ziyarətgaha
yetişdiyini, bu səyahətdə fikrinin, düşüncələrinin
Zəvvarbaşı olduğunu uğurlu misralar taparaq ikinci
hissəni bitirir.
Fikir zəvvarıyam
özümdən - ona,
Odur Zəvvarbaşı səyahətimin.
Səni
ziyarətə gəldim, Şəhidim,
Tanrım
əcrin versin ziyarətimin!
Poemanın
üçüncü hissəsi Şəhidin atası Vidadinin
və anası Filara xanımın söylədiklərinə
istinadən yazılmış "Biz qalib gəldik!"
adlanır. Maraqlıdır, ilk iki hissəni
dördlük şəklində qurmuş, misralarını
abab, bəzən də abcb şəklində qafiyələndirən
şair bu fəsildə sərbəst şeirdən istifadə
etmişdir. Məzmun forma vəhdətindən
irəli gələn bu yanaşma poemaya yenilik gətirmiş,
daha oxunaqlı, cəlbedici etmişdir. "Biz
qalib gəldik!" hissəsində Vətən Müharibəsi
Qəhrəmanının uşaqlığı, təhsil və
işlədiyi illər valideynlərinin dilindən və
şair misralarında qərarlaşan lirik ricətlərlə
verilir. Məlum olur ki, qəhrəman Camal Neftçalada
doğulub, onun həyatının bir qismi uzaq Rusiyada
keçib, lakin Vətən sevgisi heç vaxt balaca qəlbindən
uzaq düşməyib. Çünki ata-anasının ona təlqin
etdiyi yurd sevgisi
ilə böyüyüb.
Sevdi Vətənini
Vətəndən uzaqda.
Anasına:
- Vətən
haqda
Danış,
- dedi.
Filara Ana
Vətən
gözəlliklərini,
İlmə-ilmə toxudu oğlunun yaddaşına.
Vidadi ata
Neftçala
təbiətinin rəsmini çəkdi
dodaqlarıyla,
Camalın gözlərinə.
Vətən
sevgisiylə böyüdü qürbətdə...
Bundan sonra müəllif ata və ananın
duyğularına qonaq edir oxucusunu. Filara ananın
doğum günündə oğlunun şəhid xəbərinin
gəlişini yanıqlı misralara tökərək oxucu ilə
iltifata keçir. Sanki burda
üçlük - valideyn, şair və oxucu
danışır, söhbətləşir, həmfikir, həmdərd
olurlar. Valideynlər Camalın Şəhadət qazanmasından həm
kədərli, həm də qürurludurlar. Qürurludurlar ki,
Vətən sevgisini damla-damla övladlarına onlar təlqin ediblər,
qazandığı diş texnikliyi
sənətinin arxasınca getməyib, hərb yolunu
seçməsinə etiraz etməyiblər. Çünki
belə qəhrəman oğulu məhz belə qəhrəman
valideynlər yetişdirə bilərdilər.
Dördüncü hissə yenə də dördlük
şəklində təqdim olunur və "Hadrut fatehi"
adlanır. Burda Camal İsmayılovun Hadrut uğrunda gedən
döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan
söz açılır. Bu dəfə poemasının
qəhrəmanı haqda müəllif şəhidin
döyüş yoldaşından bilgilər alıb və məlumatları
şeir dilinə çevirərək bizlərə çatdırır. Məlum olur ki, Camal Hadrut uğrunda gedən
döyüşlərdə əsl qəhrəmanlıq
nümunəsi göstərib. Dörd dili dilçitək gözəl
bilən Camal düşmənə öz dilində "Sizə
əmr edirəm geri çəkilin! Özünü
generaltək təqdim elədi". - deyərək
qəsəbə uğrunda qələbənin təminatçısı
olur.
Camal tarix yazdı tarixdə o gün,
Üzünü oxşadı Qarabağ mehi.
Laçından
səs gəldi, Əhsən səsləri,
Yaşa,
ey Qəhrəman, Hadrut Fatehi!
"Laçın dəhlizində Şəhadət"
adlanan yeni hissədə artıq oxucu qəhrəmanının
şəhidlik zirvəsinə gedən yolda
addımladığını görür və bu barədə
şair qələmində təsirli sözlərlə ifadə
olunan cümlələri diqqətlə oxuyur, qavramağa,
anlamağa çalışır.
Çünki
qəhrəmanının necə şəhadət
qazanması oxucuya
çox
maraqlıdır. Məlum olur ki, Camal
öz döyüş yoldaşları ilə birgə qeyri-bərabər
vuruşa girir. 600-16 sayı sübut edir ki, düşmən
məkrli olduğu qədər də, say etibarı ilə
güclüdür. Amma azəri oğulları bu
qeyri-bərabər döyüşdə bir addım da olsa, geri çəkilmirlər.
Sona qədər döyüşürlər.
Bu hissədə şair Camalın şəhid
olmuş dostlarından da söz açır, onların
Camalın qollarında canını tapşırmasını
təsvir və tərənnüm edir. Kamil
Şirinov, Sübhan Cəbrayılov və başqaları
müəllif tərəfindən yad edilir, oxucunun diqqətinə
çatdırılır.
Laçın
dəhlizini açan zirvədə,
16 igidlə Şəhid oldu o.
Ucaldı
haqqın son mərtəbəsinə,
Tarix
yaddaşında belə qaldı O!
Poemanın son üç fəsli "Pirətəvan məzarlığı",
"Alparslan", "Camal İsmayılovun qızları:
Əsmət və Əsnadın dilindən" adlanır. Müəllif
bu hissələrdə gah özünün düşüncələrini,
gah da şəhid övladlarının fikirlərini, söylədiklərini
nəzmə çəkir, oxucu nəzərində
canlandırır. Bu hissələrdə şair yenə
də məzmun-forma vəhdətinə önəm verir, bəzən
səkkiz hecalı, bəzən on bir hecalı dördlük
şəklindən bəhrələnir, bəzən də sərbəst
şeirin üstünlüklərindən istifadə edərək maraqlı forma ilə
çıxış edir.
Neftçalanın
bu Pirində,
Bənövşə ömürlər yatır.
Burda Vətən
sevdasının,
Səsi Tanrıyadək çatır.
Yaxud da:
12 fevral
günü gəldin həyata,
Camal yadigarı Alparslan bala.
Sən
Şəhid atanın əmanətisən,
Müqəddəs Anamız Azərbaycana!
- misraları müəllif fikirlərini oxucuya yüksək səviyyədə çatdırılmanın ifadəsidir.
Poema Proloqla başladığı kimi, Epiloqla da sona çatır. Baş alan düşüncələr bu hissədə sonlanır, yekunlaşır. 44 günlük müharibədə əldə olunan Qələbə bir daha xatırlanır, bu yolda Camalların böyük rol oynadığı açıqlanır. Son bənd əsərin möhürbəndi kimi səslənir:
Bu gün bütün dünya bax səninlədi,
Ey azad Vətənim, adın müzəffər.
Şəhidlər qanıyla təsdiq elədi,
Haqqındır, haqqındır, haqqındır ZƏFƏR!
Poemanın adına da münasibət bildirmək
istərdim. "Hadrut fatehi" adı ilə çıxış edən əsər
sosial şəbəkələrdə şəhidə verilmiş "Fateh" adının ifadəsidir.
Bir filoloq kimi bu yerdə ictimaiyyətə
fikirlərimi çatdırmaq arzusundayam. Düşmənimizin
məkrli olduğunu nəzərə alaraq bu ada öz
etirazımı bildirirəm. İzahlı lüğətlərdə
mənası belədir: "isim (ərəbcə) Bir məmləkəti, ölkəni
fəth edən, işğal edən şəxs... Ad-sanım dünyada bilinsin
gərək! Fatehlər tarixdən silinsin gərək!
A.Şaiq". Düzdür, məcazi mənası
"təntənəli" olsa da, "mübarizə, inad,
böyük zəhmət yolu ilə bir şeyi əldə edən,
nail olan" mənasını versə də,
əsas sözün həqiqi mənasıdır. Bu da gələcəkdə
hiyləgər düşmənlərimizin ayağına yağ sürtmək anlamına gəlir. Biz öz torpaqlarımızı geri
almışıq, heç kimin torpaqlarını zor ilə
işğal etməmişik. Əlbəttə,
bu, mənim subyektiv fikrimdir, amma nəzərə
alınmasını tövsiyə edirəm. Poema müəllifi
də, yəqin ki,
sosial şəbəkələrdə, “google”də yayılmış ada istinad
etmiş və əsərini "Hadrut fatehi"
adlandırıb.
Böyük sevgi, hörmət, qürur hissi ilə
yazılmış poema münasibətilə müəllifi təbrik
edir, ona gələcək yaradıcılıq yollarında
uğurlar arzulayıram.
Ruhəngiz NƏCƏFOVA (ƏŞRƏFQIZI)
Neftçala
525-ci qəzet.- 2021.- 27 iyul.- S.12;14.