Fransız nəşri Əli
İldırımoğludan yazdı
Fransanın "Boojum" ədəbi nəşri tanınmış
yazıçı və
publisist Əli İldırımoğlunun fransızca
nəşr edilən
"Mənim rəncbər
atam" kitabı haqda resenziya dərc edib.
Kult.az həmin yazını
təqdim edir.
Əli İldırımoğlu - "Mənim
rəncbər atam",
atama hörmətlə
Bu gün kim
Azərbaycanı xəritədə
göstərib, onun yazıçılarından biri
barədə sitat gətirə bilər? Tərcüməçi Şahin Sinariya
mədəniyyətimiz arasında
körpü yaratmaq üçün bu əziyyətli işi öhdəsinə götürdü.
Filip Le Royu Azərbaycan dilinə tərcümə
etdikdən sonra o, ölkənin məşhur
yazıçısı Əli
İldırımoğlunun son əsərini, "Mənim
rəncbər atam"
adlı gözəl tərcümeyi-hal hekayəsini
təqdim edir.
Böyük intellektual
Jurnalist və yazıçı Əli İldırımoğlu
Azərbaycanın intellektual
həyatının mərkəzi
fiqurudur. O, 1927-ci ildə
o vaxtkı Sovet Azərbaycanında anadan olub. Əvvəlcə müəllim, daha
sonra jurnalist və qısa müddətdə aparıcı
qəzetlərin rəhbəri
olub. Əli İldırımoğlu qısa zamanda mədəniyyətə və
ölkəsinə bağlılıq
gücünün əsl
nümunəsi olur.
O, Azərbaycan Respublikasının
"Şöhrət" ordeninə
layiq görülür
və özündən
sonra bir çox yaradıcılıq
nümunəsi miras qoyur, əhəmiyyətli,
təsirli iz buraxır. Təəssüf
ki, onun əsərləri "TEAS" nəşriyyatı tərəfindən
mükəmməl işlənsə
də, o, Qərbdə
hələ də az tanınır.
Onun qonşu ölkələrin
(əsasən Rusiya, İran, Türkiyə) dillərinə çevrilən
hekayə, roman, yüzlərlə
məqaləsi var. O, bəlkə
də ölkəsinin
tarixini və mədəniyyətini dünyaya
çatdıra bilən
yeganə şəxsdir.
Atalıq
və ata sevgisi haqqında gözəl musiqi
"Bu kitabı əlləri
yer ruhu, müdriklik ruhu ilə qidalanmış, şücaətli, dürüst
və ədalətli olan rəncbər atamın qarşısında
hörmətlə baş
əyib yazmışam. Hər şeydən
əvvəl bunu özüm üçün
etdim. Ancaq bu kitab həyatın görünməyən
tərəfini görmək
istəyənlərin də
ürəyinə toxunacaq.
Bir sözlə, bu kitab hər kəsə toxuna biləcək".
Doxsan yaşına
yaxınlaşan Əli
İldırımoğlu uşaqlığının
ölkəsinə səyahətə
çıxır. Romanı onun
üçün pərəstiş
etdiyi rəncbər atasına bir hörmət rəmzidir.
"Mənim rəncbər atam" olduqca maraqlı bir avtobioqrafik ölçüyə malikdir.
Əsər oxucunu 1920-ci illərə,
Sovet Azərbaycanında
paytaxtdan çox uzaqlarda kiçik bir kəndin gündəlik həyatına
qərq edir. Hekayə o zaman əkinçilər ailəsində anadan olan, kiçik uşaq olan müəllifin baxışlarını
əks etdirir. O,
beş yaşında
anasız qalmışkən
topladığı xatirələrini
(uşaqlıq, gənclik,
sonra yetkin dünyası) 20-ci əsrin
əvvəllərində və
sonunda Azərbaycanda baş verən müharibə, mədəniyyət
və Sovet cəmiyyətindəki multikulturalizm
haqqında düşüncələri
ilə cəmləşdirir.
Orada hər şey bir-birinə bağlıdır:
atası, yoldaşları,
əmioğluları, görüşləri,
zövqləri, səyahətləri,
uşaqlarla münasibətləri,
qonşuları. Əsərdə Sovet cəmiyyətində
qadınların yeri mövzusu da çox diqqət çəkir. Hekayə bəzən
əlaqəsizləşir və
yazının tonunu dəyişir, sanki yaşlı yazıçı
qələminin dalınca
qaçır və xatirələrini unutmaq istəmir. Buna baxmayaraq, əsər poeziya, nostalji, səxavət, Sovet Azərbaycanının adətləri,
reallıqları ilə
doludur.
"Mənim rəncbər
atam" - kənd və kommunist Azərbaycanının salnaməsidir. Həm gülməli, həm də acı... Bəli, gülməli, hətta müəllifin Qarabağ müharibəsindən,
qurbanı olduğu haqsız hücumlardan bəhs etdiyi anlarda həyəcanlı,
həyatının ən
gözəl xatirələrindən
danışdığında isə bir az sadəlövh, amma kövrək salnamədir... Bu hekayədə
sadə, təvazökar
və təmkinli insan obrazı göstərilir. Sovet
rejimi və onun nəticələri, qonşu dövlətlə
qanlı münaqişə,
din, siyasət, eyni zamanda, uşaqlıq xatirələri, - personajlarını
bir-birindən daha heyrətləndirici təqdim
edən Əli İldırımoğlunun bəhs
etdiyi süjetlər belədir.
Əli İldırımoğlu
kəndindən çıxarkən
peşə həyatından,
gördüyü hücumlardan
və işəgötürənlərlə
münasibətlərindən bəhs edir. Sonra atanın
faciəli ölüm
anı gəlir.
Üçüncü hissədə iki qonşu respublika arasındakı qanlı müharibədən bəhs
edilir, bu müharibənin həm cəmiyyətdə, həm
də müəllifin
ruhunda qalan dərin izlərindən danışlır. Əli İldırımoğlunun
"Mənim rəncbər
atam" əsəri tamamilə fərqli bir dünyaya, məkana və zamana, Sovet təsirinin
dərin əks olunduğu bir dünyaya qərq olmaqdır.
Ancaq hər şeydən əvvəl bu, ata məhəbbətinin
ecazkar nümunəsidir.
Ölümə yaxınlaşan böyük
Azərbaycan yazıçısı
atasına ithaf etdiyi əsəri ilə bizə toxunur.
Loik Di Stefano
525-ci qəzet.- 2021.- 27 iyul.- S.8.