Ahıskalı Şair Usta Mürtəz  

 

 

Ahıska türklərinin ünlü şairi Usta Mürtəz (Molla Mürtəz) - Hacıgillərdən Mürtəz Turanşah oğlu - 1890-cı ildə Ahıskanın Adıgün (keçmiş Altunqala, Koblıyan) mahalının Rabat bölgəsinin Arzne kəndində anadan olub.

 

Həyatının 54 ilini vətənində keçirən Mürtəz Dədə 1944-cü ildə elliklə Özbəkistana sürgün edilib, Bulunqur bölgəsində yerləşdiriliblər. Şair özü sürgünə həsr edilmiş "Yetişdi" şeirində ailəsi və məskəni haqqında belə deyir: "Mərkəzim Axısxa, rayonum Rabat, / Laşe selsoveti olmadı abad, / Arzne qəriyəsində oldum bən icad, / Pirlər dedi bu niyana yetişdim // Atam Türən şahdur, anamız Nigar, / Sözlərim qovhərdur, bir xəznəya deqər, / Bu Usta Murtazdan qalsın yadıgar..."

 

Keçən əsrin 50-ci illərində həmkəndliləri ilə birlikdə Azərbaycana köçərək Saatlıda, Fətəlikənddə məskunlaşmış və ömrünün sonuna qədər burada yaşamışdır. Usta Mürtəz gəncliyndən tikinti sahəsində müxtəlif işlərdə çalışıb, əsasən ustalıq - bənnalıq, dülgərliklə məşğul olub. Azərbaycanda yaşadığı dövrdə də ustalıq edib, deyilənə görə, 60-dan çox ev tikib, təməlindən başlayaraq, bütün işləri özü tamamlayıb.

 

İslam dinini, ilahiyyatı dərindən bilən, şəriət qaydalarına əməl edən Mürtəz bir çox insanlara duaları ilə şəfa vermiş, sürgün cəfasından könlü sınıq insanlar onun nəsihətləri ilə sıxıntılardan qurtularaq təskinlik tapmışdır. Buna görə Mürtəzə həm də Molla Mürtəz deyə müraciət edərlərmiş. El arasında "nüfüsü keskindür", yəni hörməti dərindir deyə tanınan ağsaqqallardan olan Mürtəz Dədə bir çoxlarının müşküllərini həll etmişdir. Müdrik ağsaqqal, üləma, söz sərrafı olan Usta Mürtəz həmyerlilərinə əlindən gələn yardımı əsirgəməyib. Çox insana mənəvi dayaq olub. Baməzə söhbətləri, hazırcavablığı, zarafatları ilə qərib xalqın könlünü alıb.

 

Hərtərəfli şəxsiyyət olan, nüfuzlu ağsaqqal, islami bilgi sahibi, mahir usta kimi tanınan Usta Mürtəz el arasında ilk növbədə fitrətdən ilhamlı şair kimi tanınıb. Biliyinə, imanına görə el-obanın Molla Mürtəz, ağsaqqal müdrikliyinə görə Mürtəz Dədə, mahir ustalığına görə isə Usta Mürtəz adlandırdığı Mürtəz Turanşah oğlu yazdığı əsərlərində özünü Usta Mürtəz kimi təqdim edib.  

 

Usta Mürtəz ömrünün sonlarına qədər bədii yaradıcılıqla məşğul olmuşdur. Fitri istedadı olan şair bir çox şeirlərini, fikirlərini bədahətən deyərmiş. Ahıska türklərinin tanınmış ziyalısı, xalq yaradıcılığının fədakar bilicisi və naşiri Mirzə Misliyev söyləyir ki, Usta Mürtəz "şeirlərini necə xatırlayırsan, necə yaradırsan?" sualına belə cavab verərdi:

 

- Yaradan Allahdur, bizə qaliyer onlari yazmax, oxumax, elin söz mülkünə hədiya etmax. Allah ki, ilham veriyer, sözlər də axıb gəliyer, yaz, saxla.

 

Qəlbi Tanrı eşqi və Vətən həsrətilə çırpınan ağsaqqal şair 1992-ci ildə 102 yaşında vəfat edib.

 

Usta Mürtəzin bədii yaradıcılığı onun doğma yurdunun tarixindən, xalqının acı taleyindən və şairin sönməz vətən sevgisindən qaynaqlanır. Şairin doğulub böyüdüyü, nisbətən kiçik kənd olan Arzne türk ruhunun və əxlaqının dərin kök saldığı, saz-söz sənətinin geniş yayıldığı, əski rəvayətlərin, inancların qorunduğu, tarixi Adıgün-Altunqala mahalına daxil olan qədim yurdlarımızdandır. Bu torpaqlar mahal türk söz sənətinin, aşıq yaradıcılığının geniş yayıldığı, "Koroğlu", "Əsli-Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl", "Qurbani", "Arzu və Qənbər", "Yaralı Mahmud", "İbrahim və Aslan şah", "Alıxan və Pəri", "Dərviş Ələmi", "Lətifşah", "Öməri" kimi dastankarın dillər əzbəri olduğu qədim məskənlərimizdəndir. Adıgün-Koblıyan bölgəsində Azqurlu İsmayıl Əfqan, Adıgünlü Ömər Əfəndi, Azqurli İsmayıl, Koblıyanlı Çərkəzoğlu, Koblıyanlı Aşıq Məhəmməd Səfili və bir çox başqa saz-söz ustaları, şairlər olub.

 

Adıgün mahalı Ahıska türklərinin, ümumən Qafqaz türklüyünün dövlətçilik və hərb tarixində də dərin iz buraxıb. Ən qədim dövrlərdən türklər buraların hegemon toplumu olmuş, orta əsrlərdə isə Caklılar sülaləsinin - Altunqala bəylərinin başçılığı ilə yarımüstəqil dövlət - Axısqa bəyliyi (atabəyliyi) qurmuşlar. İlxanlılar dövründə, 1267-ci ildə, Ahıska türklərinin əcdadları paytaxtı Posxov yaxınlığında Caksu qəsəbəsi olan Samshi-Ahıska qıpçaq bəyliyini (Atabəyliyini; gürcü dilində Samsxi-Saatabaqo, yəni Samshi Atabəyliyi) elan edir və bu qüdrətli Bəylik 1578-ci ildə Osmanlı fəthinə qədər 310 il yarımüstəqilliyni qoruyur. Bu bəylik cənubi-qərbi Qafqazda əsas mərkəzi Borçalı və Axısqa-Axılkələk olan, gürcü mənbələrində "Didi Turkoba" (Böyük Türküstan) adlandırılan türk ellərinin əsas hərbi-siyasi mərkəzlərindən olur. Burada möhtəşəm istehkamlar, o cümlədən, Altunqala və Zanav qalası tikilir. Caklı qıpçaq sülaləsinə, XIII əsrin axırları - XIV əsrin əvvəllərində dəniz səviyyəsindən 1700 metr yüksəklikdə tikdirdikləri Altunqala qalasının adı ilə Altunqala bəyləri də deyilir. Caklılar-Altunqala sülaləsinin son məşhur nümayəndəsi, Avropa təhsilli Osman Sərvər Atabəy (1886-1962) XX əsrin əvvəllərində Ahıska türklərinin daşnak-bolşevik terroruna qarşı milli qurtuluş savaşına öndərlik etmişdir...

 

Ağsaqqallar Usta Mürtəzin ana yurdu olan Koblıyan-Adıgün bölgəsinin həm də övliyalar, qədim inanclar, əfsanə və rəvayətlər məskəni olduğunu söyləyirdilər. Coğrafi təsəvvürlər baxımdan Arzne kəndi "Dibsiz göl"lə məşhurmuş - rəvayətə görə, Arznenin üstündə yerləşən bü ecazkar göldə camışlar batıb yox olub və bundan sonra burada heç kim çimməzmiş. Xeroda 40 övliya yatan türbəlik vardı. Ude çamesi üzərindəki yazıdan bu məscidin 1338-ci ildə tikildiyi məlum olur. Xerolu Poteləgillərdən Məlik Dədə (1906-cı il təvəllüdlü, 1980-ci illərin ortalarında Saatlıda Şirinbekdə yaşayırdı) danışardı ki, Zedibanda Baratli came, Xeroda Xmıroğulları camesi sultan hüccəti ilə tikilmişdi, bu hüccətə görə sultanlar bu kəndlərdən xərac almazdı.

 

Ümumən Osmanlı dövrü Ahıskanın mədəni-iqtisadi yüksəliş mərhələsi olur, bu ərazidə yaradılmış Axısqa paşalığında yeni camelər, mədrəsələr tikilir, zəngin elmi-mədəni mühit, hərbi qüdrət yaranır. Axısqanın 1828-ci ildə Çar orduları tərəfindən işğalı ilə paşalıq süqut edir və bu bölgənin türk-islam mədəniyyətinə dərin zərbə vurulur.

 

Hələ sürgündən xeyli əvvəl Bakıya köçmüş türk ziyalısı, Azqurlu Məhəmməd Mamaxov (istedadlı sənət xadimi Faiq Azqurlunun atası) söyləyirdi ki, keçən əsrin ilk onilliklərində Axısqa elinin Azərbaycan, xüsusən Borçalıyla əlaqəsi güclənir, bura Azərbaycandan çoxlu müəllim, sənətçi və inzibati işçi gəlir. Onların yardımı ilə texniki məktəblər, müəllim məktəbləri, siyasi kurslar, özfəaliyyət dərnəkləri açılır.

 

Adıgün-Altunqala bölgəsi tarix boyu, o cümlədən, XX əsrdə də Ahıskanın mədəniyyət-maarif mərkəzlərindən biri olaraq inkişaf edir, bu diyardan Ömər Faiq Nemanzadə, Osman Sərvər Atabəy, Əhməd bəy Pepinov kimi bütün türk dünyasında məşhur maarifpərvər və milli şəxsiyyətlər çıxır. Ümumən, Ahıska şəhəri ilə bərabər, Adıgün, Azqur, Zanav müasirliyə yiyələnmiş məntəqələr olmuşdur. Professor Abbas Hacıyevin ilk dəfə araşdıraraq göstərdiyi kimi, 1934-cü ildə Adıgündə İbrahim İsfahanlının rəhbərlik etdiyi türk teatrı fəaliyyətə başlamış, "Adıgün kolxozçusu" (1931), "Qızıl rəncbər" (1933) kimi qəzetlər dərc olunmuşdur. Bu məntəqələrin yeni tipli həyat tərzi o qədər seçilmişdir ki, 1937-ci il repressiyasının qurbanı olmuş məşhur şair Molla Məhəmməd Səfili Ahıska köylərini təsvir etdiyi irihəcmli dastanında Azqurun timsalında bu bölgənin avropalaşmasına incə yumorla sataşmışdır:

 

Azqur ağaları palto geyinmiş,

Əgdürmiş papaği, faytona minmiş,

Eşitdim Ramazan üç günə enmiş,

Ömər əfəndi qoymiş əhdü-peymana.

 

Bu ərazilərin coğrafi şəraiti də öz zənginliyi və unikallığı ilə seçilir. Adıgün, Azqur, Abastuman, Pulate, Varxan, Zanav, Ude, Arzne, Kaxaret, Qomoro, Entel, Qorqul, Dersel, Bolacur, Çeçla, Kikinet, Qortuban, Qaratuban, Qomar, Zarzima, Samqur, Moxe, Çela, Çigil, Aral, Balacur, Smada, Lelvan, Apiyet, Zazalı, Zediban, Heveşen kimi bir çox türk kəndləri olan Koblıyan-Altunqala bölgəsi səfalı, mənzərəli, bol sulu, sıx meşələri, mor-mənəmşəli çəmənləri, yalbuz qayaları, şəfalı bulaqları, büllur gölləri olan bərəkətli dağlıq və dağətəyi ərazidir. Bu bölgədən başlayan saf sulu Koblıyan çayı Ahıska şəhərinin qərbindən keçir.

 

Qeyd edək ki, Ahıskanın digər bölgələri kimi, Adıgünün coğrafi-demoqrafik tərkibi də burada türklərin mütləq üstünlüyünü göstərir. Gürcüstanın N.Cavaxaşvili adına Tarix, arxeologiya və etnoqrafiya İnstitutunun 1939-cu ilə aid verdiyi məlumatda reallığa yaxın rəqəmlər açıqlanır: türklərin (siyahıda "azərbaycanlı" yazılıb) Adıgün rayonunda 80%, Boqdanovkada 70%, Aspindzada 66%, Ahıskada 51% təşkil etdiyi bildirilir (K utoçneniö vajnoqo istoriçeskoqo fakta // Qazeta ÜK KP Qruzii "Narodnoe obrazovanie", Tbilisi, 30 iölə 1989 qoda, s. 10-11).

 

Bütün bu tarixi, coğrafi amillər Ahıska diyarının, o cümlədən, Usta Mürtəzin yetişdiyi Adıgün-Koblıyan mahalının mənəvi-mədəni mühitini formalaşdırırdı. Türk kəndlərinin təbii gözəlliyini, insanlarının mənəvi saflığını 1932-ci ildən bir müddət Adıgündə dərs demiş qocaman müəllim, el ağsaqqalı Şərif Sultanov yaxşı təsvir etmişdir: "Doğrudan da, Adıgün dünyanın cənnəti, ucsuz-bucaqsız meyvə bağları, dağlarının döşləri yaşıl şam meşəsi, soyuq sulu çeşmələr, sağlam bədənli, mehriban, əməksevər insanlar, çadralı növrəstə qızlar, ismətli gəlinlər, ağbirçək nurani qadınlar (türklər qadına qarı deyirlər. - Ş.S.) mənə xoş təsir bağışlamışdı. Sanki başqa bir aləmə düşmüşdüm. Bu yerin adamları oğurluq, əyrilik bilməzdilər. Qapılarda qıfıl, pəncərələrdə dəmir barmaqlıqlar, həyətlərində çəpər, hasar görmədim. Olduqca qonaqpərvərdilər. Kəndlərə gedərkən qabağa gələr, "müsafirimiz olun" - deyərdilər" (Bax:  Şərif Sultanov. O illərin ağır yaddaşı. //"Sovet Gürcüstanı", 23 yanvar 1990-cı il).

 

 

 

Molla Mürtəz Ahıska diyarının, Altunqala-Adıgün mahalının bu zəngin mənəvi-mədəni, coğrafi-təbii mühitində formalaşıb, fitri istedadı ilə türk söz sənətinə və islami biliyə yiyələnib, ustad şair və müdrik ağsaqqal kimi tarixə düşüb.

 

Şairin yaradıcılığı türk klassik poeziyası və xalq şeiri ənənəsinin vəhdəti ilə seçilir. Əsərlərinin böyük bir qismində dini motivlər, Quran-i-Kərim və digər səmavi kitablardan gələn hikmət, fəlsəfi mətləblər, həyatın mənası, tale, qismət, ölüm, ədəb, mərifət, halallıq, hikmət kimi anlayışlar mühüm yer tutur. Mütəfəkkir şair dünyanı müdrikcəsinə qavrayır, haqdan gələn qismətə inanır, taleyin hökmünü əzmlə qəbul edir:

 

Haqdan gəldi əmir bizə,

Söylən, anam ağlamasın,

Amanatım budur sizə,

Söylən, anam ağlamasın.

 

Ağlayıb yaxmasın bəni,

Davaçiyim məhşər güni,

Əgər sorarsa oğluni,

Söylən, anam ağlamasın.

 

Qarışmasın haqq işinə,

Ağular qatmasın aşına,

Ağlarsa kəndi başına,

Söylən, anam ağlamasın.

 

İman əhli olan şair otuz üç bəndlik "Söyliyem" şeirində dünyanın yaradılışı, həyatın mənası, haqq və ədalət, günah və cəza, qiyamət günü haqqında danışır və insanları tövbəyə, ali dəyərlərə səsləyir, müasirlərinin bəzən haqq yolundan sapmasından şikayətlənir:

 

Tövbə qılın, qardaşlar, günahdan çıxın,

Həp gücüz çatduxca, salavat oxun,

Əcəlin çıxmasi gəlmişdür yaxın,

Bir gözi kor bed sifatdan söyliyem.

 

Cahillər aqillərə hörmət bilmədi,

Tərk oldi namaz, kimsə qılmadi,

Əski oxumişlərdən kimsə qalmadi,

Yesir qalan salavatdan söyliyem.

 

Sonsuz iztirablar, çəkdiyi acılar, çıxılmaz tuzaqlar, xalqın sürgün iztirabları Usta Mürtəzi bəzən bədbinləşdirmiş, tənhalıq, çarəsizlik düşüncələrinə gətirib çıxarmışdır:

 

Ağlamaxdan getdi çeşmim qarasi,

Heç sağalmaz belə oxlar yarasi,

Bin təbib cəm olsa, yoxdur çarəsi,

Olmaz dərdə, qəm-hicrana düşərsin.

 

Şairin yaradıcılığında soydaşlarının yaşadığı milli faciə - sürgün faciəsi də əsas mövzulardan biridir. Şair "Yetişdi (1944, 14 noyabr sürgünü)", "Könül (Sürgün günlərindən xatirə)", "Ağlarım", "Ağlasın", "Hani?", "Dayan, könül", "Dastani  Balabek", "Bənim" kimi şeirlərində yurdsuzluq, haqsızlıq, kimsəsizlik, qürbətlərdə başa gələn acılardan və insani tənhalıqdan ürək ağrısıyla danışır. Bu kimi şeirlərdə 1944-cü il sürgünü həm tarixi hadisələrin xronologiyası baxımından, həm də bu faciənin insanlara vurduğu fiziki əzablar və mənəvi iztirablar baxımından təsvir olunur:

 

Tarixin min üç yüz altmış üçündə

Məzlum dünya bir şivana yetişdi,

Sürgün oldux bir gecənin içində,

Fiğan düşdi, əl-əşana yetişdi.

 

Əl-əsmana düşdi gəlinlər, qızlar,

Ağlaşur camahat, cümləsi sızlar,

Əlvida etdux o vaxıt bizlər,

O sədamiz hər cahana yetişdi.

 

Ahıl çağında sürgünün bütün ağrı-acılarını yaşamış Usta Mürtəz milli fəlakətin xalqın taleyinə, mədəniyyətinə, varlığına, şəxsi həyatına vurduğu zərbələri ürək yanğısıyla yaşayır, haqsızlıqdan şikayətlənir:

 

Usta Mürtəz, düşdüx veran çöllərə,

Dastan oldux dildən dillərə,

Bülbül kimi tolanurux güllərə,

Bir quri şaxına qonar ağlarım.

 

Sürgün hər bir ailəyə, insana fəlakət gətirmiş, qohumlar, dostlar ayrılmış, mənəvi tellər qırılmışdır:

 

Unudulmaz acı vardur canımda,

Görüb söylədüğüm ərənlər hanı?

Qohum-qardaş, kimsə yoxdu yanımda,

Sağımda-solumda duranlar hanı?

 

Lakin faciəli günlər, əzablar şairin ruhunu sarsıtmır. Xalqının taleyinə yazılmış acılar, soydaşlarının iztirabları, qarşılaşdığı zülm və haqsızlıqlar şairi bədbinləşdirmir, insanlığa və qurtuluşa inamını söndürmür. Usta Mürtəz bəşəriyyəti haqqa çağırır, insanlığa səadət arzulayır, qadir Mövladan "qışı" əvəzləyəcək "bahar" diləyir:

 

Qadir mövləm, budur səndən diləgim,

İstərim yaz olsun qışı dünyanın,

Üç ay yazdur, üç ay qış, üç ay güz,

Əzəli bahardur başı dünyanın.

 

Taleyin keşməkeşlərinə baxmayaraq, Usta Mürtəz həyatı boyu insani hisslərə, mərhəmət və rəhm kimi anlayışlara sadiq qalır və oxucularını da buna səsləyir. Şairin bir çox nəsihətamiz şeirlərində ədəb, mərifət, rəhm kimi mənəvi-əxlaqi dəyərlər tərənnüm olunur, zülm, xəyanət, yamanlıq, nəfs inkar edilir.

 

Hacılı A. A. Axısqalı Şair Usta Mürtəz (2015) | Poster, Movie posters, Books

 

Dini-fəlsəfi, tarixi, mənəvi şeirlər müəllifi olan şair el arasında incə zarafatları, eyhamlı kəlamları və satirik şeirləri ilə də məşhur olub. Usta Mürtəzin incə yumorlu və tikanlı satirik şeirlərində həyatda rastlaşdığı müxtəlif olaylara, xarakterlərə, hadisələrə ironik, bəzən satirik münasibət bildirilir. Onun bəzi şeirlərində el-obada görüb-eşitdiyi məzəli hadisələr incə yumorla, saf gülüşlə təsvir olunur.

 

Mürtəzin şeir həsr etdiyi belə məzəli əhvalatlardan birini 1980-ci illərin axırlarında Saatlıda Fətəlikənddə (həmin dövrlərdə M.F.Axundov adına kolxoz) orta məktəb müəllimi işləyən Məhəmməd Dursunov bizə söyləmişdi:

 

- Bir dəfə maşında ot gətirəndə maşına ataş alışdı, ot yanmaya başladı, bizimsə xəbərimiz yoxdur. Arxadan "Jiquli" gəliyer, çatammiyerlər ki, desinlər ot yaniyer. O gəliyer, biz yol vermirux, qaçıyerux. Elə düşünüyorux ki, bu, milisdir, bizi tutub cerima edacax. Bir təvür "Jiquli" irəlilədi və saxladi. Bizə işmar etdi ki, ot yaniyer. Biz çıxdux ki, maşın üsti tütünə qatlanmuş, yaniyer. Sürən də Zedibanlı oğlandur, adi Köşəlidür. Bir təvür otun ataşını söndirdux. Maşın alovlana-alovlana Gümüş kanala gəldux çatdux. Su səpdux, söndirdux. Bu xəbər Mürtəz Dədəyə ulaşdi. Aldi görax, Mürtəz Dədə nasıl vəsf etdi buni:

 

Zediban qariyəli (kövlu) Təməlin oğli,

Bəsmələsiz döşəkdən çıxan Köşəli,

Onunçun gəlmiyer işlərin toğri,

Sol ayağın şalvara taxan Köşəli.

 

Nasıl edax kötülərin məthini,

Bilirüm aslıni, tanrı zatıni,

Sən ki yakdın Məhəmmədin otuni,

Qomşi ocağıni yıxan Köşəli.

 

O ki bənziyersin ağacların zortuna,

Canım qurban olsun yigitlərin qartına,

Yüz manat xərclatdın maşın bortuna,

Paraya da panço taxan Köşəli.

 

Siz kimi cəhillər maşın qədrin bilməz,

Dövran sürüb əsla səfa da qılmaz,

Zəhmət çəkər, zəhmət haqqın alamaz,

Hökmət maşının yaxan Köşəli.

 

Usta Mürtəzdi sözlərini qanduran,

Tapulmadi maşinayi söndürən,

Od salıban maşinayi yaxdıran

İdaradan da yüziağ çıxan Köşəli.

 

Usta Mürtəz öz satirik şeirlərində ictimai, bəzən siyasi məsələlərə də toxunurdu. Bu şeirlərdən biri "Mürtəzin Mövlüdə ərizəsi" adlanır. Bu şeir Ahıska türklərinin öndər tarixi şəxsiyyəti, ahıskalıların Özbəkistandan Azərbaycana gəlişinin təşəbbüskarlarından və təşkilatçılarından biri, Saatlı rayonunda məşhur "Adıgün" kolxozunun yaradıcısı və sədri, Sosialist Əməyi Qəhrəmanı Mövlud Bayraqdarova ünvanlanıb. Şeir gerçək hadisə ilə bağlıdır: kənddə taxıl anbarının tikintisi üçün daş lazım olur, ancaq məsələ heç cür həll olunmur. Axırda Usta Mürtəz şeirlə yazdığı yumorlu ərizə ilə Mövlud Bayraqdarova müraciət edir:

 

Bir riça qıldım sənə,

Qoyma bəni yana-yana,

Bir az taş lazım oldi,

Sən bülürsün, Mövlüd tayi.

 

Əl-ayağın öpəçağım,

Biraz hisa qalaçağım,

Xalx anbari yapacağım,

Sən bülürsün, Mövlüd tayi.

 

Oxudum da əmir bayi,

Sənsin xəzinələr tayi,

Çox yalvardım, həzim tayi,

Sən bülürsün, Mövlüd tayi.

 

Yaşa, Mövlud tayi, yaşa,

Hər niyatın dönsün xoşa,

Taxıli yedurdux quşa,

Yazuğun  gəlsin, Mövlüd tayi.

 

Usta Mürtəz gəldi sizə,

Tez olsun qalmasın güzə,

Bir maşin olsa, yetər bizə,

Sən bülürsün, Mövlüd tayi.

 

...İslam dinini dərindən bilən, fəlsəfi məzmunlu şeirlər yazan, soydaşlarına ağsaqqallıq edən, mahir usta kimi tanınan Usta Mürtəzin dilindən belə bir rəvayət danışılır ki, yuxuda ərənlər əlindən badə içirmiş, ancaq yuxudan qəfil oyadıldığına görə badə yarımçıq qalıb. Bu məqam onun əsərlərində də əks olunub:

 

Cənnətdən qulağma gəldi bir sədə,

Çağırın Mürtəzi, qalmasin yada,

Ərənlər əlindən nuş etdim badə,

Bəndə olan kərəmətdən söyliyem.

 

Tale Usta Mürtəzin ərənlər badəsini, sürgün isə arzularını yarımçıq qoydu. Yazıb yarada biləcəkləri ilə müqayisədə çox az əsəri var, - yurd həsrətilə qovrulan şairin ilhamını sanki amansız fələk cilovladı.

 

Təəssüf ki, yaratdıqları da vaxtında yazıya köçürülməmiş, yaddaşlarda az bir qismi qalmışdır. Usta Mürtəzin 1980-ci illərin ortalarından bu vaxta qədər toplamağa başlamışıq, topladığımız ayrı-ayrı şeirləri  1989-cu ildən məqalə və kitablarımızda dərc edilib. Bütövlükdə, şairin formaca lirik və lirik-epik, məzmunca dini-fəlsəfi, nəsihətamiz, satirik məzmunlu mətnlərdən və sürgün xatirələrindən ibarət olan 20 şeirini əldə edib çap etdirə bilmişik. Ünlü sənətkarın yaradıcılığı ilə maraqlananlar, 2015-ci ildə Bakıda dərc olunmuş, onun həyat və yaradıcılığına həsr olunmuş "Ahıskalı şair Usta Mürtəz" adlı kitabımızdan yararlana bilərlər. Əminəm ki, onun yaddaşlarda, əlyazmalarda qorunub saxlanmış əsərləri bunlardan qat-qat çoxdur. Bu məqalədəki məlumatın Ahıska türklərinin dəyərli el şairi Usta Mürtəzin yaradıcılığına maraq oyadacığına və yeni əsərlərinin toplanıb nəşr ediləcəyinə ümid edirəm.

 

Asif HACILI

 

525-ci qəzet.- 2021.- 28 iyul.- S.22-23.