Milli maarif mühitində əbədi
"Əkinçi" işığı
Azərbaycanda demokratik pedaqoji ideyaların inkişafı
mətbuatın yaranması ilə sıx bağlıdır.
Mətbuatın yaranması müxtəlif problemlər
üzrə pedaqoji ideyaların və məktəb təcrübəsinin
inkişaf dinamikasını şərtləndirən amillərdən
biridir. Azərbaycanda mətbuatın, o cümlədən,
pedaqoji mətbuatın tarixi çox da qədim deyil.
"Təkcə banisi, redaktoru, müəllifləri deyil, məzmunu,
ideya istiqaməti, dili, poliqrafik bazası, oxucuları da nəşr
olunduğu torpaqla bağlı olan, onun mənəvi və
maddi həyatına əsaslanan, ilk növbədə doğma
həmvətənlərə xidmət edən birinci qəzet
"Əkinçi"dir ki, Azəbaycan milli mətbuatının
tarixi də, çox təbii, bu qəzetlə
başlanır". Azərbaycan dilində mətbuatın
yaranması XIX əsrin 70-ci illərindən başlasa da, əldə
olan məlumatlara görə, XIX əsrin 30-40-cı illərində
bu sahədə müəyyən təşəbbüslər
göstərilmişdi. Lakin bu qısa
müddət ərzində o, "zəngin inkişaf yolu
keçmiş, ayrı-ayrı pedaqoji təmayüllü
jurnal və qəzetlərdə, elmi-pedaqoji məcmuələrdə
damla-damla toplanan pedaqoji ideyalar sonralar elmi pedaqogikanın
yaranması ilə nəticələnmişdir".
Azərbaycanın görkəmli alimi, təbiətşünas
və maarifpərvəri Həsən bəy Məlikov Zərdabinin
(1837-1907) nəşr etdirdiyi "Əkinçi" qəzeti
ilə milli mətbuatın əsası qoyulub. 1875-ci il
iyul ayının 22-dən nəşrə başlayıb
1877-ci ildə fəaliyyətini dayandıran "Əkinçi"
qəzetinin cəmi 56 nömrəsi çıxıb. H.Zərdabi
"Əkinçi" qəzetinin əsas məqsəd və
vəzifələrindən bəhs edərək
yazırdı: "Qəzetin muradı xalqın
gözünü açmaqdır, həyatda olan işləri
ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının
dalınca getsin. Heç rəvadırmı
yoxsulluqdan danışarkən onun səbəbi elmsiz
qalmağımızdan danışmayaq? Biz
müsəlmanlar elmdən vəba naxoşluğundan qorxan kimi
qorxuruq. Əgər işlərimiz belə
gedərsə, biz məğlub olub getdikcə aradan
çıxacağıq. Elmsizlik
böyük fəlakətdir. Bizim həmvətənlər
olan gürcü, erməni xalqları təhsil etsinlər,
maarif sahəsində gündən-günə irəli getsinlər,
amma bizlər "Allahdan buyruq, ağzımıza quyruq"
deyib duraq. Ey müsəlmanların millət təəssübü
çəkən kəsləri, bir gözünüzü
açıb dünyaya tamaşa edin və fikirləşin:
"Tələf olmaqmı istəyirsiniz?"
Tez bir
zamanda "Əkinçi" qəzetinin ətrafında Seyid
Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əhsənül
Qəvaid, Əsgər bəy Adıgözəlov-Gorani, Əlizadə
Şirvani Heydəri kimi dövrün mütərəqqi
ziyalıları toplandı və qəzeti özləri
üçün mübarizə mərkəzinə
çevirdilər.
Bildiyimiz kimi, bir tərəfdən Çar rusiyası və
ya Rusiya Azərbaycanda gücləndirilmiş ruslaşdırma
siyasəti aparır, digər tərəfdən isə
yalançı din xadimləri hər cür fitnə-fəsad
yaratmaqla Həsən bəyə maneəçilik törədirdilər. Ana dilində
və milli ruhda qəzet nəşrinə icazə almaq
üçün böyük pedaqoq Həsən bəy
Çar hökumətinə bir neçə dəfə
xahişlə müraciət etmiş, ancaq idarələrdə,
dəftərxanalarda süründürülməkdən başqa
bir nəticə əldə edə bilməmişdir. Təsadüfdən
zərurət doğar - termininə nəzərən xoşbəxt
bir təsadüf nəticəsində Həsən bəy qəzetin
nəşrinə icazə almasına müvəffəq ola bilir. Bu əhvalatı sonralar Həsən bəy
"Həyat" qəzetində belə xatırlayır:
"O vaxt general Staroselski bizim qubernator idi, o, özü xalis
rus, arvadı isə gürcü qızı idi. Bu qadın
yerli Qafqaz əhalisinə hörmət bəsləyir və
onlarla dostluq edirdi, mən öz dərdimi ona söylədim; qəzeti
"Əkinçi" adlandırmağı və orada guya əkinçilik
və kənd təsərrüfatı haqqında məqalələr
dərc etməyi bildirməyi bu qadın mənə məsləhət
gördü; o, özü senzor olmağa razılıq verdi və
nəhayət, bu ruhda ərizə verib qəzetin nəşri
üçün icazə aldım".
Görkəmli tədqiqatçı-alim Əziz Mirəhmədov
Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin
hökumətdən icazəsini nədənsə
"yalnız üçillik ağır, gərgin işdən
sonra" ala bildiyini qeyd edir. Halbuki Zərdabi "Dörd ildir ki,
qəzeti çap etməyə izn istəmişik və bu
zamanda dünyanı gəzib bu hürufatı
tapmışıq" - deyir.
Qeyd etdik ki, bir tərəfdən isə yalançı-mövhumatçı
din xadimləri hər cür fitnə-fəsad yaratmaqla Həsən
bəyi hədələyir, təhqir edir, maneəçilik
törədirdilər. Ona "Qaspar", "Vartan Həsən",
"Gavır Həsən", "Şapkalı rus",
"Ruslaşmış Həsən" "sünni Həsən
bəy" kimi ürəkbulandıran adlar
ünvanlamışlar. Halbuki Zərdabi həm
şiə, həm də sünni mövhumatına
qarşı kəskin mübarizə aparmışdır.
Həsən bəy ona ünvanlanan
başdan-ayağadək söyüş və təhqirlə
dolu məktubları da öz qəzetində çap
etdirmişdir. Belə ki, kapitan rütbəli
çar zabiti, Qarabağ mülkədarı, mövhumatçı
"Hadiülmüzlim Qarabağlı" təxəllüslü
biri məktubunda Həsən bəyi hətta Həsən
adını daşımağa layiq görmür. Onun fikrinə görə, bu ad dinə etiqad göstərməyən
adamların əli ilə faciəli bir şəkildə
öldürülmüş imamın adıdır. Bu məktuba
cavabən görkəmli publisist belə qeyd yazırdı:
"Bizim Zərdab kəndində Qarabağın sərhədinə
bir daş qoymaq və həmin satiranı onun üstündə
yazdırmaq istəyirəm ki, gələcək nəsil bu
abidəyə baxanda bizim xalqı savadlandırılması
uğrunda apardığım mübarizədə hansı
avamlarla qarşılaşmış olduğumu bilsin".
Belə təhqir
dolu məktuba Həsən bəyin yaxın dostu və
silahdaşı, eləcə də "Əkinçi" qəzetinin
fəal iştirakçısı olan Seyid Əzim
Şirvanı 17 bənddən ibarət bir şeirlə cavab
yazmışdı:
Xaçpərəstlər hamısı açdı
gözün düşdü qabaq.
Dalda
qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq!
Pəs nə vaqti bizə qismət olacaq göz
açmaq?
Əqlə
gəl, tanrıya bax, bəsdi bu qəflət, Hadi!
Göründüyü kimi, belə nadanlar ucundan Azərbaycan
xalqı cəhalətdən və mövhumatdan yaxa qurtara
bilmirdi. Çünki xalqın geridə qalmış hissəsi
içərisində belə bir fakt hakim idi ki, müsəlmanlara
dünyəvi elm lazım deyil. Ata-babalarımız
hansı yol ilə gediblərsə, biz də o yol ilə
keçməliyik. Bu mənada, Zərdabi
yazırdı ki, "hər bir vilayətin qəzeti gərək
ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri
elədiyi işlər, onlara lazım olan şeylər,
xülasə, onların hər bir dərdi və xahişi ol qəzetdə
çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən
kimi görsün".
"Əkinçi" qəzetinin proqramı zəngin
idi. Bu zəngin proqram içərisində xalqı nadanlıqdan,
maarifsizlikdən, gerilikdən, savadsızlıqdan
çıxarıb, geniş mədəniyyət yoluna aparmaq,
təhsil, elm sahəsində ona öz hüququnu başa
salmaq, savadlı etmək, məktəb açıb onları
oxutmaq məsələsi geniş yer tuturdu. Qəzet yazırdı ki, xalqımızın
inkişafına mane olan səbəblərdən biri də
mövhumatdır. Mədəniyyət
inkişaf edir, yeni ixtiralar kəşf edilir, lakin bizim müsəlman
aləmi yerində sayır. Dünya bir
şeydir ki, həmişə dövran edir və insan bu
dövr dünyanın gərdişinə görə öz rəftarını
da dəyişdirməlidir". "Dünya beş gündür, beşi də
qaradır" deyənlər başa düşmürlər
ki, dünyası olmayan axırda yox olur". Biz
öz qüvvəmizlə bu yoxsulluqdan xilas olmalıyıq.
Biz bunu etməyə cəhd göstərməliyik,
"bizə göydən kömək gəlməyəcək".
M.F.Axundovun "Əkinçi" qəzetində xalq maarifi
və məktəb uğrunda mübarizədən bəhs edən
bir məqaləsi bu cəhətdən daha çox
xarakterikdir. Həmin
məqalədə deyilirdi: "Bizim əzizimiz və
gözümüzün işığı, Həsən bəy!
Sən hər qəzetində biz müsəlman tayfasına
elmin fəzilətini və səmaratını zinc edib, bizə
hey təklif edirsən, elm öyrənin, elm öyrənin!
Çox yaxşı... İndi biz hazırıq
ki, sənin nəsihətini əmələ gətirək.
Bizə de görək, elmi harada öyrənək
və kimdən öyrənək, hansı dildə öyrənək?"
Bu üç məsələ o dövrdə xalq maarifi
və ana dilli məktəblərinin təşkili
qarşısında duran çox mühüm pedaqoji problemlər
idi. Bu problemlər kütləvi xalq məktəblərinin
və müəllim kadrlarının
çatışmaması, təlimin ana dilində
aparılmaması ilə bağlı idi.
"Əkinçi"
qəzeti gənclərə, cavanlara müraciət edərək
yazırdı: "Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim Vətən qardaşları ilə
üns tutmaq çətindir. Sizin
danışdığınızı onlar başa düşməyib,
əhvalınızı şəriətə müvafiq hesab
edib, sizə kafir deyib incidəcəklər. Qoy şüaralar sizi həcv etsin. Mollalar lənət oxusun... daşa bassın, siz millət
üçün zəhmət çəkirsiniz və... gələcəkdə
millətin gözü açılanda sizi şəhid hesab
edir, sizə rəhmət oxuyacaq".
"Əkinçi"
qəzeti tərbiyənin rolunu qiymətləndirərək
bildirirdi: "...qardaşlar, yaddan çıxarmayın ki,
uşaqlar millətimizin ümididirlər".
Həsən
bəy tərbiyəçini bağbana, uşağı isə
meyvəyə bənzədib yazırdı ki,
...insana uşaqlıqda yaxşı tərbiyyət verilsə,
gəlib qabiliyyət sahibi olar və əgər ona tərbiyyət
verilməsə və ya bəd tərbiyyət verilsə,
meşə ağacı kimi turş, meyvəsi biqabiliyyət
olur. Ona görə insanın qabil
olmağına səbəb tərbiyədir". Qəzet
elm ilə tərbiyəni əlaqəli, biri-birini tamamlayan bir
vahidin iki hissəsi kimi götürürdü: "Qabiliyyət
elm ilədir", "insan üçün tərbiyyət
elm ilə olurmuş...", "Elmsiz qalan kəs meşənin
susuz qalan ağacı kimi bisəmərə olur" və
sair.
Qəzet
həmçinin yazırdı: "Tərbiyə insanın
dövlətidir, mayeyi səadətidir, tərbiyə
insanı yüksəldir, onu kamil bir adam
edir".
"Əkinçi"
qəzetində təlimin ana dilində aparılmasına, ana
dilində dərsliklərin yaradılmasına yüksək
qiymət verilirdi: "Məktəblərdə ana dili
çoxdan unudulubdur. Əgər biz millətimizin
inkişaf edib irəli getməsini istəyiriksə, onlara dil
verin. Biz ana dilimizi yaddan
çıxartmışıq. Biz türklərin
dilini tapın, onu sahibinə qaytarın ki, onlar
yaşasınlar və qabağa getsinlər. "Bizə məktəblərdə ana dilində
elm öyrədəcəklər, ya yox?"
Repressiya qurbanı Yusif Vəzir Çəmənzəminli
mətbuatda ana dili ilə bağlı fikirlərini və ya
düşüncələrini səciyyələndirərkən
Həsən bəy Zərdabidən bəhs edərək
yazır ki, "bir gün Həsən bəy Zərdabinin yolu
kitab, qəzet, jurnal satılan köşkün önündən
düşür. Gözü "Füyuzat" məcmuəsinə
sataşır. Əlinə alıb bir neçə vərəqinə
baxdıqdan sonra soruşur:
- Bunu
kimin üçün yazırsınız?
- Camaat
üçün, - demişlər.
Həsənbəy
gülümsəyərək demişdir:
- Elə isə camaatın dilində yazın ki, camaat da
başa düşsün".
Həsən bəy Zərdabinin tarixi xidmətlərindən
biri də budur ki, o, "Əkinçi" qəzeti ilə
Mirzə Fətəli Axundovdan sonra ana dili təlimi və
dünyəvi məktəb ideyasını inkişaf etdirərək
yeni yüksəkliyə qaldırdı. H.Zərdabi
eyni zamanda, savad təlimi ideyasını geniş
yaymış, uşaqların ümumi təhsilini, ana dilində
dünyəvi məktəblər yaratmaq ideyasını
dövrün tələblərinə müvafiq olaraq elmi dəlillərlə
əsaslandırmışdı.
"Əkinçi"
qəzetinin ömrünün az olmasına
baxmayaraq, Azərbaycan mətbuat tarixində böyük rol
oynayıb. Demokratik ideyalarla dolu olan bu qəzet məktəb,
maarif, elm və mədəniyyətin inkişafında
çox böyük xidmətlər göstərib. "Əkinçi" qəzetinin bu ideyaları Azərbaycan
maarifpərvərlərinin demokratik pedaqoji ideyalarının
inkişafına müsbət təsir edib.
Xalqını
məcnunanə bir şəkildə sevən Həsən bəy
Zərdabi əkinçilik və kənd təsərrüfatı
məsələlərində maarıfləndirməklə
yanaşı, publisist yazılarında və xüsusən gənc
valideynlərə xitabən ünvanlanan əsərlərində
tərbiyə, əxlaq, əxlaq tərbiyəsi, habelə ailə,
ailədə uşaqların tərbiyəsi haqqında qiymətli
fikirlər söyləmişdir: "Bizlərdə oğul
atanın hüzurunda oturmaq, xörək yemək,
danışmaq və qeyri eybdir. Ondan masəva, oğul atadan
izinsiz nə ki iş görə bilməz, hətta evlənə
də bilməz. Xülasə, ata oğulu bir şey kimi, məsələn,
eşşək kimi, özünə təəlluq hesab edib hər
nə öz xahişidir, ona əməl elədir və dəxt
bunu fikir etmir ki, gələcəkdə bu da adam
olub qəyyumsuz iş görəcək. Belədə uşaq
nə ki, qeyrilərin, hətta özünün ixtiyar və
borclarından bixəbər olduğuna atası kimi
özündən güclülərin qabağında iki qat
oluban, özündən zəifləri adam
hesab etməməyə adət edir. Xülasə, nə qədər
qabiliyyətli uşaq olsa, bizim adətlər ilə təlimdən
insan ola bilməz. Biz
övladın yağısı olub, onun axırına
çıxıb insaniyyətlikdən uzaq edirik. Bunu oxuyan belə qiyas etməsin ki, biz deyirik uşaq
atanın sözünə baxmayıb, o buyurduğuna əməl
etməsin. Bu halda ki, bizim
malımızın nə qeyri düşməni artıb,
uşağı dəxi bərk saxlamaq gərək ki,
düşmənlərimizin ləzzətli görünən
adətlərinə öyrənməsinlər. Pəs biz deyirik ki, yumruq, sillə ortalıqdan
çıxsın. Uşaq ilə adamyana rəftar
olunsun ki, özü yaxşını yamandan dərk edib bəd
əmələ mürtəkib olmasın. Qardaşlar,
hökumət ya dövlət və qeyri ilə adam
insan olmaz. Hər kəs öz vücudunun qədrini
bilib insaniyyət ixtiyar və borclarını əda etmək
ilə insan olur. Belədə əvvəl
gərək insan olub sonra dövlət və qeyri axtarmaq".
Görkəmli tənqidçi və ictimai xadim Firidun bəy Köçərli Yusif Vəzir Çəmənzəminliyə ünvanladığı bir məktubunda Həsən bəy Zərdabinin əməli fəaliyyətinə böyük önəm verərək yazırdı: "Əkinçi"nin gözəl sözləri və nəfli məlumatı indi də öz əhəmiyyətini itirməmişdir. ...Onlar müəyyən bir sistem halına salınıb Azərbaycan dilində nəşr edilən dövri jurnallarda çap olunarsa, çox faydalı olar".
Firidun bəy Köçərlinin bu arzusu yerinə yetdi. "Əkinçi" kitabı ilk dəfə 1979-cu ildə "Azərnəşr" mətbəəsində çap olunub, ikinci dəfə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə latın qrafikasında nəşr edilərək ("Avrasiya Press", 2005) oxucuların öhdəsinə verildi.
Yekun olaraq qeyd edək ki,
böyük ictimai xadim, maarifçi, mütəfəkkir
şəxsiyyət Həsən bəy Məlikov-Zərdabi
"maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur"
deyərək cəhalətin, nadanlığın hökm
sürdüyü bir dövrdə maarif məşəlini
yandıranlardan biri olmuş və ömrünün
sonunadək bu məşəli şərəflə və əzmlə
daşımışdı.
Kamal CAMALOV Pedaqogika
elmləri doktoru, Əməkdar müəllim
525-ci qəzet.- 2021.-
28 iyul.- S.18;19.