İlahələrin
tənəzzülü
Min illərdir, dinlər, irqlər və sistemlər
güclü qala bilmək üçün birbaşa, ya da
dolayısı ilə əks qütbləri hər zaman əzməyə,
gözdən çıxarmağa yönəlmiş
davranışlar sərgiləyiblər.
Güc daha çox kimin əlindədirsə, onu qorumaq
üçün özünə rəqib saydığı tərəf
üzərində hakimiyyət qurmaq şakərini bir qayda
olaraq mənimsəyib. Bu baxımdan qadınlar da sivilizasiyanı
formalaşdıran insan irqinin nümayəndəsi olsa da, əks
cinsin sanki belə deyilmiş kimi münasibəti ilə
üzləşiblər. Tarixin səhifələrini
vərəqləyəndə qadınların ancaq təsvirlərdə,
simvollarda, bənzətmələrdə əhəmiyyətli
yer tutduğunu görürük. Sosial həyatda
isə qadının əlini-ətəyini hər şeydən
çəkmiş, yalnız dünyaya övlad gətirən
və bəsləyən mövqeyində qalması
üçün səy göstərilib. Qadının
sosial həyatda mövqeyinin bu gün bu qədər zəif
olmasının səbəbi də məhz elə tarixin bu qaranlıq
tərəfindən irəli gəlir.
Arxeoloji məlumatlarda
ilk qadın təsvirlərinin təxminən 35 min il əvvələ aid olduğu bildirilir. Heç təəccüblü deyil ki, bu təsvirlər
məhz məhsuldarlıq və ya doğuşla əlaqəlidir.
Başqa sözlə desək, insanlar hələ
əkinçilik fəaliyyətinə başlamazdan əvvəl,
minilliklər ərzində qadının varlığı ilə
məhsuldarlığın nə olduğunu dərk edirdilər.
Çünki bu dövrlərə aid kişi
təsvirləri yox deyəcək qədər azdır. Bu dövr üçün sosial-iqtisadi məlumatlar
maddi olaraq bizə çatmasa da, dövrə aid
tapılmış heykəlciklərə əsasən, qadınların
insan təsəvvüründə əhəmiyyətli bir yerə
sahib olduğunu söyləmək olar. Amma
yenə də qadınların o dövrdə necə bir əhəmiyyət
kəsb etdiyini dəqiq dəqiq demək mümkün deyil.
Arxeoloqlar
belə şərh edirlər ki, neolit dövründə - təxminən
11 min il əvvəl insanların təbiətdən
asılılığı qismən azalmış, ilk istehsal
münasibətləri formalaşmağa
başlamışdı. Bu yerdəyişmə
insanıların alışqanlıqlarını da dəyişdirdi
və zaman keçdikcə onları işin əsirinə
çevirdi. Bu yeni mərhələdə
insan, demək olar ki, torpağa məhkum, işləməyə
məcbur idi.
Ümumilikdə Neolit dövrünün insanların həyatında
nə kimi köklü dəyişikliklərə səbəb
olduğunu dəqiq öyrənmək çətin olsa da, əldə
olan arxeoloji tapıntılar elm adamlarına müəyyən
təxminlər yürütməyə imkan verir. Tarixin bu
dövrünə aid qırıq-qırıq,
yarı-yarımçıq tapıntıların hər biri o
dövrün sosial həyatında nələr baş verdiyini
bizə çatdıran mesajlardır. Məsələn,
dövrün başlanğıcında qadın əvvəllər
olduğu kimi, doğuşa hazır vəziyyətdə,
kök təsvir edilirdi. Bu, insan əməyinin
başlanğıcında qadının hələ də məhsuldarlıq
ilə əlaqəli mücərrəd bir ilahə kimi qəbul
edildiyindən xəbər verir. Kişilər
bir tərəfdən qadının bu mücərrəd
gücünü müqəddəsləşdirsə də,
digər tərəfdən onu sosial həyatda fiziki və ya
funksional olaraq zəiflətməyə başlamışdılar.
Bunu arxeoloji olaraq müəyyənləşdirmək
çox çətin olsa da, yazılı əsərlər
"Ana İlahə" adı ilə müccərrəd
qüvvəyə çevrilən qadının rolunun əslində,
qətiyyən ürəkaçan olmadığını
göstərir.
Hetlərin (hithitlər) dövrünə və ondan əvvələ
aid yazılı mənbələr qadının zamanla evə
bağlı, alınıb-satılan bir mal kimi görülməyə
başlandığını sübut edir. Neolit
dövründən hetlərin dövrünə qədər
olan mədəniyyətlərdə qadınlara verilən rol
köləliyə qədər enmişdi. O,
sivilizasiyanı formalaşdıran insan irqinin nümayəndəsi
yox, həmin insanlara kömək edən qulluqçu və ya
kölə kimi formalaşmışdı. Hetlərdən bu
günə təxminən 4 min il keçməsinə
baxmayaraq, qadının cəmiyyətin psixoloji
yaddaşındakı rolu çox da dəyişməyib. Yəni qədim dövrlərdə də
qadınların həyatda rolu kişilərin çəkdikləri
sərhədlər daxilində formalaşırdı. Demək olar ki, indi də eyni gedişatı
müşahidə etmək mümkündür. Evlərindən asanlıqla çıxa, ictimai və
siyasi tədbirlərdə iştirak edə bilməyən, hətta
bəzi cəmiyyətlərdə stadiona girməsi belə
qadağan edilən qadınlar təkallahlı dinlər tərəfindən
daha çox təzyiq altına alınır. Əlbəttə ki, bəzi dövrlərdə
kübar və ya hakim ailələrə mənsub olan
qadınlar tarix səhnəsinə çıxa bilirlər.
Kişilər də qadının tarixdəki
yerini və rolunu bu dəyərli qadınlar vasitəsilə
izah edirlər. Başqa sözlə, sosial
həyatı formalaşdıran kişilər tarix yazarkən
bunu, qadınlar vasitəsilə yox, tək bir elita vasitəsilə
izah etməyə çalışırlar.
Belə görünür, əsirlər, qərinələr
keçir, amma qadının bu dünyadakı taleyi dəyişmir
ki dəyişmir. Biri boşanmaq istədiyinə görə
küçədə bıçaqlanır, biri evdə
döyülür, biri zorla qatilinə ərə verilir, biri
qadın cinsində xəlq olunduğuna görə,
anasının qarnından sökülüb alınır,
öldürülür.
Gedişat da qadınların sosial statusca kişilərlə
bərabərləşdirilmədikcə cəmiyyətin bir
addım irəliləyə bilməyəcəyini sübut
edir. Cəmiyyətlər
hər zaman qadınları ilə güclü olur, qadınlar
nə qədər çox geridə qalmışdırsa, bir
o qədər az sosial irəliləyiş əldə
edilir. Bunu, insanlıq tarixi dəfələrlə
nəsillərə sübut edib. Qadın
fenomenini əhatə etməyən hər bir ictimai, siyasi və
mədəni təşəbbüs yarımçıq
qalır və qadınların əməyini əhatə etməyən
iqtisadi inkişaf hədəfinə çata bilmir. Bunu ən yaxşı bilən Sovet Sosialist siyasi
sistemi idi. 1917-ci il Rusiyada oktyabr
çevrilişindən sonra Sovet konstitusiyasında
"İstehsalatda iştirak edərək cəmiyyətə
faydalı olanlarla yanaşı, ev işlərini görənlərin
və başqalarının istehsalatda iştirakını dəstəkləyənlərin"
qadınlar olduğu ifadə edildi. Çünki
həyatın hər sahəsini əhatə edən qadın əməyinə
qarşı laqeyd qalmaq olmazdı. Bütün
insanlıq dərk etməlidir ki, cəmiyyətin
inkişafı üçün qadınlar sosial həyatın
bir parçası olmalıdır. Buna görə Sovet
hakimiyyəti bu yanaşmanı ictimai həyatı tənzimləyən
əsas ali hüquqi mətndə təstiqləmişdi.
Bu gün bəzi cəmiyyətlər, bir qrup radikal
dindarlar ictimai həyatdan təcrid olunmuş və yalnız
gündəlik həyatları ilə kifayətlənən
qadınlar yaratmağa çalışır və bu sistemin
hamılıqla qəbul edilməsini istəyirlər. Bu sistemdə qadınlar
uşaq dünyaya gətirir, uşağa baxır, ev işləri ilə məşğul olur,
xidmət sektorunda təhlükəsizlik tədbirləri
olmadan işləyir, işdən qovulduqda ərindən
asılı vəziyyətə düşürlər. Bu bəs deyilmiş kimi, cinsi və ya fiziki
zorakılığa məruz qalırlar.
Bütün
bunları anlamadan patriarxal rejimə tabe olub öz çarəsizliklərini
"qadın xoşbəxtliyi" adı altında maskalayaraq
yaşayan və ən təməl haqlarından məhrum
olunduqlarının belə fərqinə varmayan qadınlar
var. Onlarla yanaşı, iqtisadi azadlığı
olmadığına görə hər gün fiziki və ya
psixoloji zorakılığa dözməyə məcbur olan,
öz həyatı ilə bağlı qərar vermək
hüququ əlindən alınmış, patriarxal
gücün hakim olduğu ailələrin, cəmiyyətlərin
qandallarından qurtulmağa çalışan qadınlar da
az deyil.
Ümumilikdə gündəlik həyatının sərhədləri
təyin edilmiş cəmiyyətlərdə qadın olmaq, hətta
insan olaraq qalmaqda çətinlik çəkən hər kəs
özü üçün alternativ həyat tərzi yaratmaq cəsarəti
göstərməlidir.
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.- 28 iyul.- S.16.