"Oranı xaraba vəziyyətdə
görmək bizi çox
ağrıtdı"
Deputat Jan-Lük Raytzer:
"Məqsədimiz Fransada Azərbaycanın hələ də
bir çox dostunun olduğunu göstərməkdir"
Fransa Milli Assambleyasının deputatı
Jan-Lük Raytzer
"Trend" agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik.
- Azərbaycana budəfəki
səfərinizin məqsədi
nədir?
- Məqsəd Fransa
ilə Azərbaycan arasında dostluq münasibətlərini davam
etdirməkdir. Bildiyiniz kimi, münasibətlərimizdə,
xüsusən də Milli Assambleyanın üzvləri tərəfindən
yekdilliklə olmasa da, əhəmiyyətli bir hissəsi tərəfindən qondarma
"Dağlıq Qarabağ"
Respublikasının tanınması
üçün irəli
sürülən təklifə
səs verilməsi səbəbindən çətin
anlar yaşandı.
Buna görə də çox yaxşı başa düşürəm ki, bəzi fransız parlamentarilərin bu təşəbbüsü nəinki
sorğu-suallara, hətta
bir sıra anlaşılmazlıqlara da
səbəb oldu.
Buna görə də məqsəd, bir tərəfdən Fransada, xüsusən də parlamentarilər arasında Azərbaycanın
hələ də bir çox dostunun olduğunu göstərməkdən ibarətdir.
Məqsədimiz həm də
azad edilmiş ərazilərə səfər
etmək idi. Füzuliyə getdik. Təəssüf
ki, təxminən otuz il işğal dövründə
bu bölgələrin
azərbaycanlı sakinlərinin
keçmiş evlərinin
hansı hala salındığının şahidi
olduq.
- Dağlıq Qarabağ
münaqişəsinin həllindən
sonra Cənubi Qafqazda iki ölkə
arasında dayanıqlı
sülhün bərqərar
olunmasının mümkünlüyünü
necə görürsünüz?
- Məncə, bu, çox sadədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri
qəbul edilib. Bu qətnamələr Azərbaycanın xeyrinə
idi. Belə ki, onlar Azərbaycanın bu ərazilər üzərində,
ilk növbədə, yeddi
ətraf rayonlar üzərində və daha sonra Dağlıq
Qarabağ üzərindəki
suverenliyini tanıyıb.
Beləliklə, Fransanın da
üzv olduğu Minsk Qrupu nəhayət, öz işini görməli və tarazlıq, ədalətli
və davamlı bir sülhə nail olmalıdır. Hesab edirəm
ki, Azərbaycan, Ermənistan və bütün beynəlxalq ictimaiyyət arasında etibar bağları yaratmaq üçün kifayət qədər siyasi, iqtisadi və mədəni vasitələrimiz var.
- İşğaldan azad
olunmuş ərazilərə
səfər etmisiniz. Bu səfərdən təəssüratlarınızı
bilmək istərdik.
- Əvvəla, Azərbaycan
xalqının tarixi irsinin işğal edilərək və tamamilə xaraba vəziyyətinə salınmasını
görmək bizdə
çox ağrılı
bir təəssürat
yaratdı. Tarixi binaları, məscidləri
gördük, keçmiş
bir qubernator sarayını gördük
və bu irsin hansı vəziyyətdə olduğuna
şahidlik etdik.
Eyni zamanda, burada ümid doğuran amillər də var idi:
noyabr ayında əldə olunan atəşkəs, bir sıra layihələrə
start verilməsi. İndi iyul
ayının sonundayıq
və xüsusilə yol sektorunda artıq xeyli sayda işlərin həyata keçirildiyini gördük. Səfərimiz çərçivəsində, bərpa edilməkdə olan, eləcə də yenicə tikilmiş avtomobil yolları ilə kilometrlərlə ərazilər
qət etdik. Bununla yanaşı, azad olunmuş ərazilərdə yeni şəhərlərin yaradılması
üzrə layihələrin
hazırlanması ilə
tanış olduq. Planlarla tanış olduq, hər şeyin çox konkret düşünüldüyünü
gördük. Növbəti aylar və ya
illər ərzində
bir daha buralara baş çəkmək imkanımız
olduqda, əminəm ki, hər şeyin
dəyişildiyinin şahidi
olacağıq. Burada eyni
zamanda, həm böyük kədər hissi, həm də ümid hissi keçirdik. Ümid hissi ona görə ki, Sizin
gələcəyə doğru
yönəldiyinizi gördük.
- Azərbaycanda yəqin ki, kilsələrdə, sinaqoqlarda və s. olmusunuz. Bu ölkənin multikulturalizmə verdiyi töhfəsini necə qiymətləndirirsiniz?
- Ötən səfərimiz zamanı Bakıdakı bir katedralda olduq. Yəhudilərin çoxluq təşkil etdiyi bir şəhərə səfər etdik və Azərbaycanın inanc azadlığına hörmətlə yanaşan dünyəvi bir ölkə olduğunun bir daha gördük. Bakıdakı bir çox tarixi sənədlərin saxlanılması mərkəzinə çevrilmiş Erməni kilsəsinə də baş çəkdik. Eyni zamanda, öz gözlərimin şahidi oldum ki, Bakıda fəaliyyət göstərən Erməni kilsəsi belə bərpa edilib və oradakı bütün sənədlər qorunaraq, mühafizə olunur. Mənim fikrimcə, Azərbaycan mədəni siyasətə böyük önəm verir. Bu arada Fransada mədəni irsin bərpası üçün bir çox işlər görən Heydər Əliyev Fondunu da qeyd etmək istəyirəm. Fondun Fransadakı mədəni irsin bərpası ilə əlaqədar həyata keçirdiyi işlərdən biri də Alzasdakı Strasburq Katedralıdır. Buna görə də ölkənin mədəniyyət, tarixi irs, bu mədəniyyətin və bu irsin qorunması və inkişaf etdirilməsi məsələlərinə xüsusi bir həssaslıqla yanaşdığını bilirəm.
- Bildiyiniz kimi, 2016-cı ildən bəri UFAZ universiteti və 2013-cü ildən etibarən Fransız liseyi Bakıda fəaliyyət göstərir. Bütün bunların fonunda, fikrinizcə, hər iki ölkə arasında təhsil sahəsində hansı perspektivlər mövcuddur?
- Bu, prioritet olmalıdır. Siz sülhdən, bu sülhün qurulmasından və qorunmasından bəhs etdiniz. Ermənistan və Azərbaycan arasında buna mədəniyyət vasitəsilə, o cümlədən, gənclik vasitəsilə nail olmaq lazımdır. Bildiyiniz kimi, mən əslən Fransanın Alzas regionundanam, Strasburq Universitetinin Bakı Universiteti (UFAZ) ilə tərədaş olduğunu, müəllimlər arasında mübadilə proqramlarının həyata keçirildiyini bilirəm. Bu mübadilə proqramları çərçivəsində, əvvəllər fransalı müəllimlər Azərbaycana bir az istəksiz gəlirdilər, çünki onların Azərbaycan haqda kifayət qədər məlumatı yox idi, amma bu gün onlar arasında Bakıya gələrək bu proqramlarda iştirak etmək üçün güclü rəqabət müşahidə edirik. Beləliklə, siz də bu qarşılıqlı mübadilə proqramlarının bir-birimizi daha yaxşı anlamağa və tanımağa necə təsir göstərdiyinin şahidi olursunuz.
- İkitərəfli mədəni əlaqələr fikrinizcə, hansı səviyyədədir?
- Hər iki ölkə
arasında mədəniyyət sahəsindəki mübadilələr
ürəkaçandır. Mən bir az öncə Heydər Əliyev Fondu tərəfindən Fransada
görülən işlərdən bəhs etdim.
Buna nümunə olaraq,
müntəzəm şəkildə tədbirlərin təşkil
olunmasını vurğulaya bilərəm.
Dünənki səfərimiz çərçivəsində
baş çəkdiyimiz Horadiz
şəhəri ilə 2016-cı ildə qardaşlaşan
Altkirş şəhərinin otuz dörd il ərzində meri olmuşam. Bildiyiniz kimi, iki şəhər
arasındakı bu dostluq
bağlarını qeyd etdiyimiz
zaman rəqslərlə, ənənəvi
Azərbaycan musiqisi ilə folklor
tədbiri keçirilmişdi. Hesab edirəm ki, bu, inanılmaz bir uğur idi. Çünki insanlar Azərbaycan
mədəniyyəti ilə yaxından tanış olmağa can
atırdılar. Bu səbəbdən mədəniyyət
sahəsində mübadilələrin ürəkaçan olduğunu söyləyə bilərik və
bunların dəstəklənməsi və inkişaf
etdirilməsi labüddur.
525-ci qəzet.- 2021.- 28 iyul.- S.11.