Əbədiyyətdəki əziz ünvanlarımız

 

 Şəhidlər ölməz, Vətən bölünməz!

 

 

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

 

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

 

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

 

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

 

shahane.mushfiq@gmail.com

 

***

 

 

 

Sehriman Rəhman oğlu Əliyev 17 aprel 1990-cı ildə Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub. Sehriman hələ 6-cı sinifdə oxuyan zaman atasını itirib. Sehriman atasının ölümündən sonra sanki evin ağsaqqalı olmuşdu. Yaşıdları cavanlığını yaşadığı vaxt o, iş, evi dolandırmaq barədə düşünərdi.

 

Sehriman 2008-ci ildə orta məktəbi bitirərək hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra işləməyə başlayır ki, ailəsini saxlasın.

 

O, 2016-cı ildən hərbidə müddətdən artıq qulluq etməyə başlayıb. Beyləqanda N saylı hərbi hissədə xidmət edirdi. O, tankçı idi.

 

Vətən müharibəsi başlayan gündən döyüşlərdə iştirak edib və 29 sentyabrda Füzulinin Qorqan kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Öz doğma kəndində torpağa tapşırılıb.

 

Sehriman Əliyev şəhadətindən sonra "Füzulinin azad edilməsinə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

 

Şəhidin anası Pəri xanım deyir ki, Sehriman həmişə Qarabağı işğaldan azad edəcəyimizə inanırdı: "Deyirdi ki, bizim ordumuz 1992-93-cü illərdəki ordu deyil. Əgər müharibə olarsa, biz Qarabağı alacağıq. Haçansa bir gün Qarabağı alacağımıza inanırdı. Füzuliyə bayraq sancmaq ən birinci arzusu idi. Amma qismət olmadı".

 

Sehrimandan geriyə 2 oğul övladı əmanət qalıb. Övladları hələ atalarının şəhid olduğunu anlamır və onun gələcəyi günü gözləyirlər.

 

"40 gün qapımız açıq qaldı. 40-cı gün qapını bağlamağa getdim. Sehrimanın övladları sual verdi ki, "nənə qapını niyə bağladın?" Dedim, bala, müharibə qurtardı, ona görə bağlayıram. Dedilər ki, "bəs müharibə qurtarıbsa, atamız niyə gəlmir?" Bilmədim nə deyim" - deyə şəhidimizin anası bildirir.

 

***

 

 

 

II Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin ən gənc MAHHXHQ kiçik çavuşu Elnur Ərəstun oğlu Əliyev 10 fevral 2000-ci ildə Göyçay rayonunda anadan olub. 2005-ci ildə Göyçay rayon Nizami adına 7 nömrəli məktəbin 1-ci sinifinə daxil olub və 2017-ci ildə tam orta məktəbi bitirib. 2018-ci ildə FHN-də müddətli hərbi xidmət - əsgərliyə başlayıb. Əsgərliyi fərqlənmə və çavuş rütbəsi ilə bitirib. 2019-cu ilin yanvarın 30-da MAXE kimi xidmətə qayıdıb, Tərtərdə MAHHXHQ kiçik çavuş kimi xidmətə başlayıb. Xüsusi Təyinatlı Qüvvələrin kursun birinciliklə - 500 nəfərin içindən seçilməklə bitirib. 22 apreldən etibarən Cəlilabad rayonunda N saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrin MAHHXHQ kiçik çavuş, manqa komandiri kimi xidmətə davam edib.

 

2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ  müharibəsində iştirak edib. Murovdağ, Füzuli və Cəbrayıl istiqamətlərində döyüşlərdə iştirak edib. Oktyabrın 6-sı Cəbrayıl döyüşlərində Cəbrayılın "Viska" adlanan ərazisində qəhrəmancasına şəhid olub və 19 oktyabrda Göyçay rayonunda dəfn olunub.

 

Elnur Əliyev şəhadətindən sonra "Cəsur Döyüşçü","Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Rəşad Nadim oğlu Nadirov 1999-cu il sentyabrın 20-si Bərdə rayonunda anadan olub. Orta təhsilinə Bərdə rayon N.Nərimanov adına 3¹li məktəbdə başlayıb, Bakı şəhər Nizami rayonu 61¹li məktəbdə davam etdirib. 2016-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Sosial İş ixtisasına daxil olub. Müəyyən səbəblərə görə ali təhsilini yarımçıq saxlayıb. Ailədə 2 qardaş olublar. Subay idi.

 

2018-ci ilin aprel ayında qardaşı Elşadla birlikdə Bərdə rayonu hərbi komissarlığından hərbi xidmətə yollanıb. Rəşad N saylı hərbi hissənin 1-ci tabor 82 minamyot atan baterayanın kəşfiyyat manqa komandiri idi. Qardaşı Elşad isə elə həmin baterayanın kəşfiyyat manqasının baş hesablayıcısı idi.

 

27 sentyabr 2020-ci il tarixindən etibarən II Qarabağ müharibəsində qardaşı ilə birlikdə iştirak edib. Döyüşdə böyük şücaətlər göstərib. 42 döyüş yoldaşının həyatını xilas edib.

 

Füzuli rayonu uğrunda gedən döyüşlərdə iki qardaş böyük şücaət göstəriblər. 20 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüş zamanı yanında partlayan mərmi nəticəsində Rəşad şəhid olub, qardaşı Elşad isə yaralanıb.

 

Rəşadın nəşi 9 gün neytral zonada qalıb. Oktyabrın 29-da Bərdə rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

 

Rəşad Nadirov şəhadətindən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Rəşad Fərman oğlu Səfərəliyev 2001-ci il oktyabrın 2-də Xaçmaz rayonunda anadan olub.

 

2018-ci ildə Xaçmaz rayonu 9 saylı tam orta məktəbin məzunu olub. 2019-cu ilin oktyabrında Xaçmaz RHK-dan hərbi xidmətə yollanıb. Subay idi.

 

Azərbaycan Ordusunun əsgəri olan R.Səfərəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb. 2021-ci il sentyabrın 27-də Talış kəndinin azad olunması uğrunda şəhid olub. Xaçmaz rayonunda dəfn olunub.

 

Rəşad Səfərəliyev şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

***

 

 

 

Qüdrət Rahim oğlu Adışov 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olub. Sonra ailəsi ilə birgə Bakı şəhərinin Zabrat qəsəbəsində məskunlaşıb. Orta təhsili də yaşadığı qəsəbədəki məktəbdə alan Qüdrət 2016-cı ildə Bakı Biznes Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. O, həmçinin, ASAN xidmət könüllüsü olaraq çalışırdı. "FotoMən 2" və digər layihələrdə aktiv iştirak etmişdi. Qüdrət Adışov Cəfər Cabbarlının "Vəfalı Səriyyə" pyesində molla obrazını canlandırmışdı.

 

Universiteti müvəffəqiyyətlə başa vurduqdan sonra 7 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmışdı. Azərbaycan Ordusunun əsgəri olan Qüdrət Adışov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində iştirak edib. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşub. 28 sentyabr 2020-ci ildə Goranboy istiqamətində gedən döyüşlərdə şəhid olub. 2 oktyabr 2020-ci ildə Zabrat qəsəbəsində yerləşən Zabrat-1 qəbiristanlığında torpağa tapşırılıb.

 

Qüdrət Adışov şəhadətindən sonra "Vətən uğrunda",  "İgidliyə görə",  "Xocavəndin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

***

 

 

 

Elşən Habil oğlu Müslümov 2 sentyabr 1995-ci ildə Bakı şəhəri, Yasamal rayonunda anadan olub. Əslən Ağsu rayonu, Kalva kəndindəndir. Atası Habil mühəndis, anası Şövqiyyə evdar xanımdı. O, təhsilini 2002-ci ildən 286 saylı orta məktəbdə alıb. 2011-ci ildə Bakı Humanitar Kollecin "Turizm və otellerin idarə olunması" fakültəsinə daxil olub.

 

Uşaq yaşlarından karate ilə məşğul olub və müəllimi dünya çempionu Eduard Məmmədov olub.

 

Elşən 2014-cü ildə Yasamal rayonunda, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə yollanıb. Xidməti zamanı Çavuş rütbəsiylə təltif olunub. Həm manqa komandiri, həm də məxfi rabitəçi idi. Təlimlər zamanı atıcılıq üzrə yer tutub. Hərbi xidmətini 2016-cı ildə Fəxri fərman və təşəkkürnamə ilə başa vurub.

 

2020-ci il iyul ayında Tovuz döyüşlərində General-mayor Polad Həşimovun şəhidliyi onu çox sarsıtmışdı. Qəlbindəki qisas hissi daha çox böyümüşdü.

 

21 sentyabr 2020-ci ildə Elşən hərbi təlimlərə gedir və 27 sentyabrda başlayan Vətən müharibəsində döyüşlərinə qatılır. Hər gün ailəsi ilə əlaqə saxlayıb "Qayıdacam, məndən narahat olmayın, bu torpaqlara ilk ayaq basanlardan biri olmaq çox qürurvericidir" deyirdi. Axırıncı danışığı oktyabrın 7-si oldu. Oktyabrın 8-i Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 13-ü II Fəxri xiyabanda dəfn edilib.

 

Döyüş yoldaşları Elşəni "Cəngavər" ləqəbiylə çağırırlarmış. Dediklərinə görə, Elşən bir dəqiqə dincəlmədən "ancaq irəli" deyərək qabağa getməyə, torpaqlarımızı işğaldan azad etməyə can atırmış.

 

Ailəli olan şəhidimizin Elnaz adlı bir qız övladı Vətənə əmanət qalıb.

 

Elşən Müslümov şəhadətindən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Bakının Müşfiq qəsəbəsində şəhid Elşən Müslümovun adı küçəyə verilib. İyulun 8-də həmin küçədə şəhidimizin xatirə lövhəsi açılıb.

 

***

 

 

 

Orxan Mübariz oğlu Dənziyev 2002-ci il iyulun 18-də Lerik rayonunun Laman kəndində anadan olub. Subay idi.

 

Bakı Koorperasiya kollecinin məzunu olan Orxan 2020-ci ilin iyul ayında hərbi xidmətə yola düşüb. Ailəsiylə vidalaşanda son dəfə "qismət olar Qarabağı azad edib gələrik" demişdi. Cəmi 3 ayın əsgəri olan Orxan Dənziyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb. Son dəfə ailəsiylə oktyabrın 1-də telefon vasitəsiylə əlaqə saxlayıb və hər şeyin yaxşı olduğunu deyib. Orxan Dənziyev oktyabrın 12-də Ağdam istiqamətində şəhid olub. Şəhidimiz oktyabrın 15-də Lerik rayonunda dəfn olunub.

 

Orxan Dənziyev şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

***

 

 

 

Abakar Məhəmməd oğlu Hacıyev 1979-cu il aprelin 11-də Zaqatalanın Dardoqqaz kəndində doğulub. Orta təhsilini Ş.Qurbanov adına 3 saylı Zaqatala şəhər tam orta məktəbində alıb. 1996-2000-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.

 

Abakar Hacıyev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində leytenant hərbi rütbəsi altında xidmətə başlayıb. Xidmət illəri ərzində mayor hərbi rütbəsinə qədər yüksəlib.

 

A.Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abakar Hacıyev oktyabrın 27-də Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Zaqatala rayonunda dəfn olunub.

 

Ailəli olan şəhidimizin Hacı və Eldar adında oğulları, Elvira adında isə qızı yadigar qaldı.

 

Abakar Hacıyev şəhadətindən sonra "Vətən uğrunda", "Azərbaycan Bayrağı" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Amin Taciddin oğlu Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2002-2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb.

 

A.Novruzov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, noyabrın 2-də Zəngilan döyüşləri zamanı şəhid olub. Balakənin Şəhidlər xiyabanında dəfn olunub.

 

Amin Novruzova şəhadətindən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. O, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Azər Nazim oğlu Yusifli 1994-cü il martın 28-də Ağstafanın Böyük Kəsik kəndində doğulub. Atası Nazim Yusifov bələdiyyə sədri, anası Yeganə Məmmədova isə ibtidai sinif müəllimidir.

 

A.Yusifli 2000-2011-ci illərdə Böyük Kəsik kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ilin aprel ayında Ağstafa Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. O, 2012-ci ilin aprelindən 2013-cü ilin oktyabrına qədər Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət eləyib.

 

2013-cü ildən isə Sərhəd Qoşunlarının Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 

O, DSX rəisi Elçin Quliyevin 4 avqust 2019-cu il tarixli 0229 nömrəli əmrinə əsasən, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə, 4 avqust 2019-cu il tarixli 0240 nömrəli əmrinə əsasən isə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.

 

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin (ÇHD) baş giziri olan Azər Yusifli əvvəlcə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşır. Müharibə ərzində Sərhəd Qoşunlarının heyətində Cəbrayıl rayonunun Araz boyu olan yaşayış məntəqələri - Mahmudlu, Soltanlı, Əmirvarlı, Göyərçin Veysəlli, Keyxalı, Maşanlı və Hasanlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 18-də isə Dövlət Sərhəd Xidmətinin apardığı hərbi əməliyyat zamanı Xudafərin Körpüsü işğaldan azad olunub.

 

Cəbrayıl rayonunun geniş bir hissəsinin işğaldan azad olunmasından sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıblar. Uğurlu əməliyyatlar nəticəsində qısa müddət ərzində Zəngilan rayonunun 16-dan çox yaşayış məntəqəsi işğaldan azad olunub. Oktyabrın 19-dan 20-nə keçən gecə isə Zəngilan şəhəri uğrunda döyüşlər başlayıb. Gecə saatlarında şəhər işğaldan azad edilib. Saat 04:00 radələrinə baş gizir Azər Yusifli tərəfindən Zəngilan şəhərinə 27 ildən sonra Azərbaycan bayrağı sancılıb.

 

Nişanlı olan Azər Yusifli oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Oktyabrın 22-də Ağstafa rayonunun Böyük Kəsik kəndində dəfn edilib.

 

Azər Yusifliyə şəhadətindən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Daşqın Elşad oğlu Rzalı 1993-cü il mayın 27-də Culfa rayonunun Yaycı kəndində anadan olub. 2000-2011-ci illərdə Yaycı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi.

 

Daşqın Rzalı 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ilin fevral ayından isə əvvəlcə Lənkəran şəhərində yerləşən N saylı hərbi hissədə, sonra isə Xızı şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edib.

 

Sərhəd Qoşunlarının kiçik giziri Daşqın Rzalı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub.

 

Daşqın Rzalı şəhadətindən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Elməddin Həmid oğlu Şindiyev 1995-ci il martın 6-da Balakənin Talalar kəndində anadan olub. 2001-2012-ci illərdə 2 saylı Talalar kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi.

 

E.Şindiyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsində xidmət edib. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.

 

Elməddin Şindiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Elməddin Şindiyev şəhadətindən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Mirxəyal Valeh oğlu Kərimzadə 10 yanvar 1999-cu ildə Lənkəranda anadan olub. Orta təhsilini Lənkəranda öncə 9, sonra isə 7 saylı orta məktəbdə almaqla 2016-cı ildə başa vurub, sonra isə kompüter kursunda təlim alıb. Subay idi. Kompüter texnologiyaları mütəxəssisi kimi çalışırdı.

 

2017-2018-ci illərdə Naxçıvanda ağır artilleriya bölümündə atıcı kimi xidmət göstərmişdi.

 

M.Kərimzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü iştirak edərək sentyabrın 28-i cəbhəyə yollanıb. Əvvəl Gəncəyə, oradakı 3 günlük xüsusi təlimdən sonra isə Murovdağa göndərilmişdi. Füzuli əməliyyatında və Xocavəndin işğaldan azad olunmasında iştirak edib. Komandir və döyüş yoldaşlarının söylədiklərinə görə, ələlxüsus Füzulinin Yuxarı Veysəlli kəndinin düşmən işğalından azad edilməsində xüsusi igidlik və şücaət göstərib. Noyabrın 3-ü səhər saatlarında Xocavənd uğrunda gedən döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini məhv edib. Yaralanmış komandirini və bir neçə döyüş yoldaşını döyüş meydanından çıxararaq onlara ilkin tibbi yardım da göstərib. Zirehli üst geyimini çıxardaraq yaralı komandirinin üstünə atıb və onu xilas edə bilib. Özü isə yenidən döyüşə qayıdıb, az sonra 5.45 çaplı açılan silahdan qarın boşluğuna dəyən güllə nəticəsində şəhid olub. 9 noyabr Lənkəran şəhərinin Kiçik bazar qəbiristanlığında dəfn olunub.

 

Mirxəyal Kərimzadə şəhadətindən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Muhammad Mazen oğlu Eissavi 2002-ci il fevralın 18-də Bakıda anadan olub. Milliyyətcə ərəb (fələstinli) idi. 76 nömrəli tam orta məktəbi qurtarıb. 1 ildir ki, məktəbdən məzun olmuşdu. Muhammedi bütün məktəb xatırlayır.

 

Azərbaycan Ordusunun əsgəri olan Muhammad Eissavi 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb və noyabr ayının 9-da şəhid olub.

 

Muhammad Eissavi şəhadətindən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Nihad Mövlüd oğlu Abbasov 2000-ci il iyulun 25-də Qax rayonunun İlisu kəndində anadan olub. 2007-2018-ci Nizami Gəncəvi adına İlisu kənd tam orta məktəbində təhsil alıb.

 

2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşlərindən sonra öz istəyi ilə Qax Hərbi Komissarlığına müraciət edib və Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissədə "baş əsgər" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

 

N.Abbasov Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abbasov oktyabrın 9-də Ağdərə istiqamətində şəhid olub. Qax rayonunun İlisu kəndində dəfn olunub.

 

Nihad Abbasov şəhadətindən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 29 iyul.- S.14-15