"Zamanın axarında"n baxanda dünya aydın görünür...
Kitab təkcə
bilik mənbəyi deyil. Kitab həm də
zamanın müəyyən
dünəninin tarixi
(ədəbi) güzgüsüdü;
olmuşlar da görünür, görünənlər
arasında bağlılıq
da. Belə kitablara dəyərli
kitab deyirik. Belə kitablar düşüncələrimizin ömürdaşı da olur...
Kitabları hadisələrin, faktların
tarixi kimi oxuyuruq. Bu hadisələrin, faktların özü də, mahiyyəti də düşüncələrimizə
hopur. Oxuduqlarımızı gördüklərimizin, duyduqalrımızın davamı,
bəzən də əvvəli bilirik. Bunun fəlsəfəsinin yaşam
fəlsəfəsinin zərrəsi
olduğunu da duyuruq. Onda "Kitab həyatın
inikasıdır" deyənlər
çox olur. Onların haqlı düşüncəsini öz
düşüncəsi bilənlərdənəm...
Xatirələr kitabı düşüncələrə
daha həssaslıqla hopur. Kitabla kitabın müəllifini
tanıyan oxucu arasında söz vasitəsilə duyğusal
bir ruhi münasibət yaranır.
Müəllifinə rəğbətin olduğuna görə.
Müəllifin sənin ömründə
də olduğuna görə. Həyat
həm də buna görə gözəldi...
"Zamanın axarında"
(Zəngəzursuz illərim)
kitabının avtobioqrafik
mahiyyəti ictimai mahiyyətli olduğu üçün cəmiyyətin
müəyyən bir dövrü haqqında xronika kimi də
oxunur...
Azərbaycan KP Mərkəzi Komitəsinin
üzvü, XI, XII çağırış
Respublika Ali Sovetinin deputatı seçilmiş,
böyük ziyalı,
dəyərli vətəndaş,
milli-xəlqi dəyərləri
fenomenal incəliklə
yaşadan Tofiq Mehdiyevi zamanında mən də tanımışam, bu tanımanı tale qazancı
bilmişəm - mən
də söhbətlərində
aqil kəlamlarının
işığını, hər
məsləhətində Dədə
Qorqud hikmətini görmüşəm. "Ürəyinin hökmü
sənin ilkin istinadgahın olmalıdı.
Yoxsa getdiyin, gedəcəyin yollar ayağın altından sürüşər..."
- kəlamları eşidənin
ürəyinin təpərinə,
dizinin taqətinə dönərdi, düşüncələrini
durulaşdırardı. İllər sonra "Zamanın axarında" kitabında Zərdüşt
peyğəmbərin bir
deyimini oxuyanda da bu duyğuları
yenidən yaşadım:
"Dünya yeni hay-küylər icad edənlərin deyil, yeni dəyərlər yaradanların başına
fırlanır. Özü
də səssiz-səmirsiz"
(yeri gəlmişkən,
kitabda bölmələrə
epiqraf kimi Zərdüşt peyğəmbərin
kəlamlarının seçilməsi
ruhun da, düşüncələrin də
müqəddəslikdən barındığının ifadəsidir...).
Tofiq müəllim həmişə
xalq üçün,
dövlət üçün,
dövlətçilik üçün
yeni dəyərlər
yaradanların sırasında
olub. Bu dəyərlərin
ən gözəli, ən gərəklisi insanlara sevgi olub, tarixə sədaqət. Belə
bir tarixi şəxsiyyətin yazdığı
"Zamanın axarında"
kitabını da belə dəyərlərdən
biri bilirəm...
"Zamanın axarında"
kitabı mahiyyətinə
görə bir ömrün salnaməsidir. Həm də
bütün çalarları
ilə - Vətənə,
torpağa, dövlətə,
dövlətçiliyə sevgi kimi, yaşanıldığı
anlardan sabahların düşüncələrinə, sabahların duruluğuna vətəndaş heysiyyəti
kimi, bəşəri
amallara xidmət kimi.
"Zamanın axarında"
kitabı həm də tarix haqqında
kitabdır, əslində,
tarixin kitabıdır;
illərin o üzündə
qalmış hadisələr
haqqında kitabdır.
Müəyyən mənada avtobioqrafik kitab kimi yazılsa
da, daha məzmunludur. Yəni hadisələr daha
geniş miqyaslıdır.
6 hissəli kitabın
ilk 3 hissəsində bioqrafik
yönüm çox olsa da, digər
hissələr bilavasitə
xalqın, dövlətin,
dövlətçiliyin heysiyyətinin
mühafizəkarı olan
bir insanın dünyagörüşünün ədəbi-bədii ifadəsidir.
Tofiq müəllim
heç zaman "mənə nə" fəlsəfəsiylə yaşamayıb,
işləməyib. Həm də
zamanın axarını
xalqımızın xeyrinə
dəyişməyə də
ciddi cəhdlər göstərib. Bəzən
istər siyasi baxımdan, istərsə də həyat baxımından təhlükəli
olsa da...
"Nüvədi epopeyası"
məqaləsi də düşüncələri tarıma
çəkir. "Niyə"lər
oxuyanın yaxasından
"dördəlli" yapışır.
Tarix var məqalədə.
Nüvədinin tarixində Azərbaycanın
tarixinin bir parçasını görürsən.
Tofiq müəllim tarixdən çoxumuza bəlli olan faktları xatırlatmaqla çoxumuza
məlum olmayan bir məqama aydınlıq gətirib.
Bu da tarixdi: Niyə ermənilər azərbaycanlıları Qafan,
Gorus, Sisyan rayonlarından çıxartdıqdan
sonra Meqriyə qarşı nisbətən
mülayim davranış
göstərdilər? Tofiq
müəllimin fakt səviyyəsində şərhində
bir təəssüf də var, siyasi
"qalaqurmaya" qarşı
vaxtında görülməyən
tədbirlərə görə
təəssüf: "...Azərbaycanlıların
Ermənistandan deportasiya,
genosid siyasətini həyata keçirən rəsmilər və terror
qrupları maraqlı taktikaya əl atdılar. Belə ki, Qafan, Gorus, Sisyan rayonları
tam türksüzləşdirildikdən sonra Meqri rayonunun
Azərbaycan kəndlərinin
enerjisi, rabitəsi kəsilsə də, əhaliyə toxunmayaraq, zor işlədilmədi.
Bu da o məqsədlə
edildi ki, deportasiya Qafandan sonra Meqridə baş versə, qarışıqlıq nəticəsində
qatarların hərəkəti
Yerevan-Bakı xəttinin
49 km-lik Meqri rayonu hissəsində dayana bilər və köçürmə
prosesi uzanardı...";
Tofiq müəllimin bəyənilən şərhi
təsdiqləyir ki, Meqriyə qarşı bu mülayim münasibət də, əslində, erməniliyə
xidmət edirmiş...
Zəngəzursuz keçən illərin
ağrısı və
Zəfərin sevinci
Bu kimi faktların kitabı, əlbəttə
ki, dəyərli kitabdır!..
Vicdanın səsi ifadəsini çox yerdə, çox məqamda eşitmişəm. Ancaq heç birində
"Zamanın axarında"
oxuduğum həddə
duyğulanmamışam. Tofiq müəllim "Zəngəzur dağlarının
efesi" adlandırdığı
Xanəli Şirinov haqqında yazdığı
"Vicdanın səsi
ilə" məqaləsində
yazır:
"...SSRİ
Daxili İşlər
Nazirliyinin tapşırığı
ilə Bakıdan gələn orqan işçiləri inspeksiya
qaydasında əhalidən
ov tüfənglərini
müsadirə etdiyi üçün meşəçi
Xanəli kişinin də silahı əlindən alınmışdı.
Xanəli kişinin uzun
müddət küsülü
qaldığı, soyadını
unutduğum qonşusuna
məxsus silahı xahiş edib aldıqdan sonra heç bir kəsə demədən Seyidlər kəndinə getmişdi.
Hörmətli oxucum sual edib
soruşa bilər ki, evində nəvələrilə gün
keçirməli olan ağsaqqal, yaşlı bir insanın gecə yarı terrorçuların üzərinə
getməsinə səbəb
nə idi?! Cavabını
bir sual, bir nida ilə
verirəm:
- Vətən, torpaq, millət sevgisindən başqa daha nə ola
bilərdi? Vicdanın
Səsi!..
Bu sətirlər təkcə
vətənsevərliyi istər
o illərdə yaşayanlara,
istərsə də ondan sonra (elə
indi də) görk olan bir Kişi haqqında
əsl kişi
sözüdü, həm
də müharibənin
tarixidi. Kitablara düşməyən, çoxlarının xəbəri
olmayan tarixi. Tofiq müəllimin "Zamanın
axarında" kitabı
həm də müharibə tarixi haqqında dəyərli bədii-tarixi kitabdır.
Belə kitablar tarixi kitablar seriyasından oxunmasa da, dəyəri tarixi kitabların dəyəriylə müqayisə
edilməlidir; az adamların bildiyini bu səviyyədə
ictimailəşdirmək də
müharibə tarixinə
(xalqın tarixinə!)
sevginin təzahürüdür.
Bu sevgi qüdrətə
sevgidi. Həmin silahın sonralar bir erməni qruplaşmasını zərərsizləşdirən
qüdrətə sevgidi:
"...Gecədən xeyli keçmiş, səhərə
yaxın Hamlet Köçəryanın
özü və
terror dəstəsi "Qaz-21" markalı nömrəsiz
"Volqa" avtomobilində
Qafandan Seyidlərə
gəlib kəndin mərkəzində dayandı.
Maşından enib ora-buranı
seyr edən Köçəryanın dəstəsinə
Xanəli kişinin qəflətən açdığı
atəş dığaları
pərən-pərən saldı.
Maşın dolu qumbaradan, avtomat silahdan və tapançadan istifadə edə bilməyən nəşəli, kefli dəstə üzvlərinin
hamısı Xanəli
kişinin başçılığı,
postda olan polis nəfərlərinin və
kənd əhalisinin köməkliyi ilə həbs edildi..."
Qürrə var sətirlərdə. Xatirə biçimində təqdim edilən bu qürrə zamanında rayona rəhbərlik edən, xalqını, dövlətini, dövlətçiliyini sevən, illərini bu sevgi ilə yaşayan bir azərbaycanlı kişisinin qürurudu, gözəl duyuma, gözəl bədii təfəkkürə, tarixi faktları gözəl ədəbi materiala çevirməyi bacaran bir söz adamının qürurudu. Bu məqamda Tofiq müəllimin "Vətən gözləyir" məqaləsinə epiqraf gətirdiyi bir kəlamı xatırlayıram: "Mərd adamları sevirəm, çünki gözü ilə od götürə-götürə dünyanın qəm yükünü çiynində daşımağa tək onların hünəri çatar". Bu sitat Tofiq müəllimin zəngilanlılara sevgisini ümumiləşdirir. Bir zəngilanlı kimi mən də bu fikri Tofiq müəllimin özünə şamil edirəm: zəngilanlılar mərd kişi kimi tanıdıqları, sevdikləri Tofiq Mehdiyevi həmişə ehtiramla xatırlayır. Bu xatırlama mənəvi borc xatırlamasıdır. "Zamanın axarında" kitabının zəmanəti ilə...
Tofiq Mehdiyevin "Zamanın axarında" kitabı həm də elan edilmədən başlayan müharibədən əvvəl erməniliyin törətdiyi təxribatları ictimailəşdirmək, bu baxımdan tarixləşdirmək missiyasıdır (və müharibə tarixidir!). Tofiq Mehdiyevin "Separatçılıq yolunu seçmiş kirvələr" məqaləsi məhz bu gerçəkliyin məqaləsi, "Zamanın axarında" kitabı bu gerçəkliyin kitabıdır.
"Zamanın axarında" kitabında bir təəssüf də gizildəməkdədir. Bu gizilti təəssübkeşliyin giziltisidir. Bu gizilti başa çatdırılması mümkün olmayan bir istəyin giziltisidir: "...Ermənilər bizim üçün Qarabağ problemi yaratdığı kimi, biz də onlara Nüvədi problemini qaldırdıq. Fərq ondadır ki, onlar bu məsələni dövlət səviyyəsinə qaldırdılar. Biz isə rayon səviyyəsindən yuxarı çıxarda bilmədik..." Ağrıdıcı təəssüfdür. O illərdə belə bir təşəbbüs də düşmənlə mübarizənin tərkib hissəsi idi. Bu fakt da təsdiqləyir ki, o illərdə Zəngilanda torpaqların müdafiə sistemi passiv deyildi. Bu xatırlatma "Zamanın axarında" kitabının xatırlatmasıdır...
"Erməni xisləti, Qafqaza gətirdikləri terror və faciələr, qısaca mentallıqları barədə", "Torpaqlarımızı özümüz qorumalıyıq", "Çöp axtaran Xodakovski" və s. məqalələr də oxunaqlıdır, vətənsevərlik haqqında vətənsevərin ürək sözləridir...
"Zamanın axarında"n baxanda
dünya aydın görünür...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2021.- 29 iyul.- S.13.