Milli sərvətimiz və milli irsimiz: akademik Mustafa bəy Topçubaşov

 

Mustafa bəy Topçubaşovun həyat yolu, yaradıcılığı, onun bizim üçün və gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz və milli iftixarımızdır.

 

Heydər Əliyev

 

1919-cu il sentyabr ayının 1-də Bakı Universiteti təsis edilərkən yalnız iki fakültədə - tarix-filologiya və tibb fakültələrində dərslərə başlamaq mümkün oldu. Tibb fakültəsinə dekan professor İ.Şirokoqorov təyin edildi.

 

Uzun müddət ərzində müalicə-profilaktika fakültəsinin Fakültə cərrahiyyəsi kafedrası adlandırılan indiki III Cərrahi xəstəliklər kafedrasının ilk müdiri professor A.Oşman oldu. O,1919-cu ildən 1930-cu ilə qədər kafedraya rəhbərlik etdi.

 

Professor A.Oşmanın vəfatından sonra fakültətiv cərrahlıq kafedrasına uzun müddət dünya şöhrətli Azərbaycan alimi, SSRİ TEA-nın və Azərbaycan EA-nın akademiki, professor Mustafa bəy Topçubaşov rəhbərlik etdi. Tibb İnstitutunun fəaliyyətə başladığı 1930-cu ildə kafedra müdiri vəzifəsinə seçilən M.Topçubaşov ömrünün sonuna qədər (1981) bu vəzifədə işlədi.

 

Mustafa bəy Ağabəy oğlu Topçubaşov 1895-ci il avqustun 5-də qədim Azərbaycan torpağı olan, sonralar isə erməni daşnakları tərəfindən mənimsənilən və onlar üçün paytaxt elan edilən İrəvanda dünyaya göz açıb. Mustafa bəyin rəhbərliyi dövründə kafedranın əməkdaşları cərrahlığın müxtəlif problemlərini (hepatobiliyar sistemin cərrahi xəstəlikləri, böyrək daşı xəstəliyi, splenomeqaliyalar, cərrahi qastroenterologiya, periferik damarların cərrahi xəstəlikləri, cərrahiyyədə ağrısızlaşdırma məsələləri) tədqiq ediblər.

 

İkinci Dünya müharibəsi illərində kafedra əməkdaşları cəbhə bölgələrində olmaqla yaralılara ixtisaslasmış yardımın göstərilməsində xüsusi səylə çalışıblar. Müharibə dövründə ilk dəfə olaraq professor M.Topçubaşov hospitallar sistemində hərbi-səhra cərrahlığının profilləşməsini tətbiq etmiş və bunun sayəsində ixtisaslaşmış evakohospitallar (torakal, neyrocərrahlıq, uroloji, travmatoloji) yaradılıb. Kafedra müdüri M.Topçubaşov 1941-ci ildə Səhiyyə Nazirliyinin Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı təyin olunub. Kafedra əməkdaşlarından F.Əfəndiyev torakal, M.Əbiyev uroloji hospitallara rəhbərlik edib, X.Hacıyev ordunun baş cərrahi vəzifəsini yerinə yetirib, E.Aslanzadə, E.Qayibov, T.Burtikova və başqaları döyüş bölgələrində olmaqla respublika ərazisində olan evakohospitallarda fədakarlıqla çalışıblar. Müharibə dövründə kafedra əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat islərinin əsas mövzusu hərbi-səhra cərrahiyyəsinin aktual məsələlərinə aid idi. Bunlara misal olaraq orqanizmin müxtəlif nahiyələrindən yad cisimlərin çıxarılması sahəsindəki tədqiqat işlərini xüsusi qeyd etmək lazımdır. 1941-ci ilin sonunda M.Topçubaşovun ideyası əsasında bədəndə olan yad cisimlərin lokalizasiyasını təyin etməyə imkan verən universal cihaz quraşdırıldı və müvəffəqiyyətlə neyrocərrahiyyə hospitallarda tətbiq edilib. Elmi-tədqiqat işlərinin nəticəsi olaraq kəllə sümükləri defektlərinin zədələnmiş nahiyyəsinin ətrafından götürülən sümüklər vasitəsi ilə alloplastikası, periferik sinirlərin zədələnməsi zamanı baş vermiş iflicin tendomioplastika üsulu ilə müalicəsi, sinir liflərinin yaralanması zamanı mum-parafin tubajından istifadə edilməsi, yanıqlar zamanı parafin applikasiyasının tətbiqi, borulu sümüklərin sınıqları zamanı təcili aparılan metal-osteosintez üsulundan istifadəsi hospitallarda müvəffəqiyyətlə tətbiq olunurdu.

 

Müharibə dövründə M.Topçubaşov və kafedranın başqa əməkdaşları (F.Əfəndiyev, X.Hacıyev və başqaları) Bakı şəhərində fəaliyyət göstərən hərbi hospitallarda işləyən yaralı əsgərlərin müalicəsinə böyük əmək sərf etməklə bərabər, kafedrada tədris işlərinin intensivləşdirilməsinə və dövrün tələbatından asılı olaraq, həkim kadrları hazırlığının nisbətən qısa müddətə başa çatdırılmasına diqqət yetirirdilər. Müharibə dövrünün cərrahlıq təcrübəsinin və klinik materialların təhlili sayəsində 1942-1948-ci illərdə kafedra əməkdaşlarından 3 nəfər doktorluq dissertasiyası müdafiə etmişdi. M.Topçubaşovun təklif etdiyi abdominotorakotomiya, lumbal diafraqmatomiya kimi cərrahi müalicə növləri təxirəsalınmaz cərrahlıq praktikasını yeni və effektiv üsullarla zənginləşdirmişdi. Onun təklif etdiyi periferik sinirlərin zədələnməsi zamanı tendomioplastika və kranioplastika üsulları, efir-yağ inyeksiyaları vasitəsi ilə uzun müddətli anesteziya və başqa metodlar böyük şöhrət qazanmış və geniş istifadə olunmuşdu.

 

1946-cı ildə Müalicə-profilaktika fakültəsinin fakültə cərrahiyyəsi kafedrası 2 saylı şəhər kliniki xəstəxanasının bazasına köçürüldü. Bu xəstəxanada cərrahi şöbənin fəaliyyətində işlərin düzgün təşkil edilməsi üçün bir sıra əməli işlər görüldü. Qəbul şöbəsinin rekonstruksiyası, əməliyyata qədərki və əməliyyatdan sonrakı palataların təşkili, irinli cərrahi patalogiyalar üçün xüsusi şöbənin ayrılması, müstəqil travmatoloji, uroloji şöbələrin təşkili, qəbul şöbəsinə bitişik təcili əməliyyat olunan xəstələr üçün xüsusi şöbənin yaradılması, sonralar cərrahi əməliyyat auditoriyasının tikilməsi, daha sonralar tələbələr üçün geniş mühazirə zalının və əməliyyatdan sonrakı xəstələr üçün xüsusi şöbənin tikilərək istifadəyə verilməsi kimi əməli tədbirlər həyata keçirildi.

 

Kafedrada yoğun bağırsağın, mədəaltı vəzin onkoloji xəstəliklərinə aid çoxsaylı tədqiqatlar aparılmışdı. 10 ildən artıq aparılan eksperimental və kliniki tədqiqatlar nəticəsində pankreato-duodenal rezeksiyanın yeni modifikasiyasına həsr olunmuş tədqiqat işlərinin nəticəsi kafedra əməkdaşlarından İbrahim Mustafa oğlu Topçubaşov tərəfindən doktorluq dissertasiyası kimi müdafiə olunmuşdu. 1963-cü ildə Respublika Elmlər Akademiyasının nəşriyyatı tərəfindən professor İ.Topçubaşovun "Mədəaltı vəzi və fater məməciyi xərçənginin cərrahi müalicəsi" adlı monoqrafiyası çap olunmuşdu.

 

Kafedranın tarixində professor İbrahim Topçubaşovun xüsusi rolu olmuşdu. Onun rəhbərliyi ilə 9 namizədlik dissertasiyası müdafiə edilmişdi. Dəyərli bəstəkar kimi də tanınan professor İ.Topçubaşov Azərbaycanda cərrahi əməliyyatların həzin musiqi sədaları altında aparılmasının bünövrəsini qoymuşdu. Akademik M.Topçubaşov Sovet cərrahiyyəsinin inkişafındakı xidmətlərinə görə 1943-cü ildə SSRİ Dövlət Mükafatına layiq görüldü. O, dəfələrlə Ümumdünya Cərrahlar Konqrensində (Münxen, Lissabon, Sofiya) cərrahiyyənin aktual mövzularına aid məruzələrlə iştirakçı kimi çıxış etdi, XI Lissabon Konqresində (1954) 20 ən görkəmli cərrahdan biri kimi Ümumdünya Cərrahlar Assosiasiyasının üzvü seçildi. 1952-ci ildə o, Bolqarıstan Elmlər Akademiyasının üzvü seçildi.

 

M.Topçubaşov elmi pedaqoji fəaliyyəti ilə yanaşı, görkəmli ictimai xadim və bacarıqlı təşkilatçı idi. O, Azərbaycan SSR Ali Sovetinin bütün çağırışlarında deputat seçilmiş, uzun müddət respublika Ali Sovetinin sədri vəzifəsində olmuşdu. Akademiya şəhərciyi, elmi-tədqiqat klinik və eksperimental təbabət institutu (indiki Elmi Cərrahiyyə Mərkəzi) bilavasitə M.Topçubaşovun rəhbərliyi altında tikilmiş, akademiya nəşriyyatı və mətbəəsi onun təşəbbüsü ilə yaradılmışdı.

 

M.Topçubaşov Ümumittifaq Cərrahlar Cəmiyyətinin üzvü, Vişnevski Cərrahlar Cəmiyyətinin fəxr üzvü, Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri, Böyük Tibb Ensiklopediyasının redaktorlarından biri kimi ölkənin elmi ictimai həyatında fəal iştirak edirdi.

 

O, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədri, Sovet Sülhü Müdafiə Komitəsinin, Asiya və Afrika ölkələr ilə həmrəylik komitəsinin üzvü idi. M.Topçubaşov sülh dövründə fəal mübarizlərdən biri kimi Ümumdünya Sülh Şurasının gümüş medalına və Sovet Sülhü Müdafiə komitəsinin fəxri fərmanlarına layiq görülmüşdü.

 

Dünya şöhrətli alimin SSRİ Dövlət (Stalin) Mükafatı və Vişnevski adına mükafata, Bolqarıstan Respublikasının "Kiril və Medofi" ordeninə, 4 dəfə Lenin ordeninə, "Qırmızı Əmək Bayrağı", "Qızıl Ulduz", "Şərəf nişanı", "Oktyabr inqilabı" ordenlərinə, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə",  Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülməsi bəşər övladları qarşısındakı əvəzsiz xidmətlərinə görə xalqın və dövlətin ona verdiyi layiqli qiymətin, hüsn rəğbətin bariz təzahürü idi.

 

Akademik Mustafa bəy Topçubaşov əhaliyə yüksəkixtisaslı tibb xidməti və böyük ictimai-siyasi fəaliyyət göstərməklə bərabər, kafedrada tədris işlərinin keyfiyyətinin artırılmasına da daimi qayğı göstərmişdi. Onun qayğısı və şəxsi təşəbbüskarlığı sayəsində kafedrada dərs keçən tələbələrin sayı artırıldıqca, dərs otaqları və klinik bazaların çarpayı fondu da artırılmış, kafedra yeni əyani vəsaitlər və diqnostika cihazları ilə zənginləşdirilmiş, operativ müdaxilələrin gedişini tələbələr tərəfindən izlənilməsi üçün xüsusi quruluşlu əməliyyat otağı tikilmiş və bir sıra başqa yeniliklər həyata keçirilmişdi . Onun yazdığı 5 cildlik "Xüsusi cərrahlıq" dərsliyi indiyə qədər Tibb Universiteti tələbələrinin və respublikamızın həkimlərinin əvəzedilməz örnək vasitəsidir. Bundan əlavə, akademik. M.Topçubaşov 200-dən artıq elmi əsərin, o cümlədən, 7 monoqrafiyanın, çoxsaylı ixtira və səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi altında 8 doktorluq və 16 namizədlik disertasiyası işlənib müdafiə edilmişdi.

 

Qədirbilən Azərbaycan xalqı akademik M.Topçubaşovun çoxcəhətli elmi pedaqoji, ictimai-siyasi və tibbi xidmətini heç vaxt unutmur, onun xatirəsini böyük hörmətlə yad edir. 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin, Respublika Səhiyyə Nazirliyinin və Tibb Universiteti rəhbərliyinin yaxından köməyi ilə akademik M.Topçubaşovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi III Cərrahi xəstəliklər kafedrasının tarixində mühüm hadisə olmuşdu. Yubiley münasibətilə M.Topçubaşovun xatirəsinə həsr edilmiş elmi-praktik konfrans keçirilmiş, konfransın materialları tezislər toplusu şəklində çap olunmuşdu. Alimin həyatını və əsərləri haqqında biblioqrafik məlumatı əhatə edən kitab yazılıb nəşr etdirilmişdi.

 

Mustafa bəy Topçubaşovun xatirəsini əbədiləşdirmək məqsədilə onun 51 il işlədiyi iş otağında "Xatirə muzeyi" yaradılmış, 5 cildlik xüsüsi cərrahiyyə kitabları latın qrafikasına keçirilməklə yenidən çap olunub, Bakı şəhərinin küçələrindən birinə, Xəzər sularında üzən gəmiyə, Elmi-Cərrahiyyə Mərkəzinə Mustafa bəyin adı verilib.

 

Akademik M.Topçubaşovun anadan olmasının 100 illik yubileyi 14 oktyabr 1995-ci ildə Opera və Balet teatrında keçirilib.

 

2015-ci ildə AMEA yaradılmasının 70 illik yubileyinin ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən dövlət səviyyəsində keçirilməsinin plan və proqramlarına uyğun olaraq M.Topçubaşovun anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş monoqrafiya çap olunub.

 

1981-ci ildə akademik M.Topçubaşov vəfat etdikdən sonra 1981-1983-cü illərdə kafedraya professor Ə.Əliyev, 1983-1994-cü illərdə professor H.Kərimov, 1994-2003-cü illərdə profesor İ.Ağayev, 2003-2015-ci illərdə professor Ə.Məmmədov, 2015-2017-ci illərdə professor M.Nəsirov rəhbərlik ediblər. Kafedranın əsas bazası Tədris Cərrahiyə Klinikasında yerləşir. Kafedranın Respublika Kliniki xəstəxanası, 2 saylı Şəhər Kliniki xəstəxanası (1946-cı ildən 2020-ci ilə qədər), "Azərsutikinti" və Məlikov adına xəstəxanalarda filialları var. Hazırda kafedrada 7 professor, 11 dosent, 14 assistent və 13 baş laborant fəaliyyət göstərir. Son 5 il ərzində kafedra əməkdaşları tərəfindən çoxsaylı monoqrafiyalar, dərs vəsaitləri, tədris-metodiki vəsaitlər çap etdirilib. Kafedra əməkdaşları Türkiyə və Moskvada ixtisasartırma kursları keçirlər. Kafedra təcrübəli pedaqoqlar, yüksək ixtisaslı cərrahların hazırlığında önəmli rol oynayır. Kafedra əməkdaşları Qarabağ müharibəsi zamanı döyüş bölgələrində yaralılara yüksək ixtisaslı tibbi yardımın göstərilməsində fəal iştirak ediblər.

 

F.CAMALOV

Azərbaycan Tibb Universiteti III Cərrahi Xəstəliklər kafedrasının müdiri, professor

Ş.ƏLİYEV

Akademik M.A.Topçubaşovun xatirə muzeyinin rəhbəri, dosent

 

525-ci qəzet.- 2021.- 29 iyul.- S.10.