Yolların sehirli
qovşağı
Küçə musiqisi şəhərimizin
damarında axan zülallar toplusudur. Fərqli taleli
insanları qoynunda barındıran Bakı da bu musiqilərlə
qidalanmağı bacarır.
Bu şəhərin ən sayıq keşikçiləridir o ifaçılar.
Həmin ifaçılar bu şəhərin nəbzini
hamıdan yaxşı
tutmağı bacarırlar. Onlar bir
oliqarxın izinə düşdüyü xoşbəxtliyin
dar cığırlarını
da tanıyırlar, bir yoxsulun sığınıb
udquna bilmədiyi tinləri də. Bəlkə də həqiqət onlara gün kimi aydındır:
yer üzündə xoşbəxt insan yoxdur - xoşbəxtlik ani, kədər mütəmadidir. Həmin ifaçılar
bu bədbəxtlər
ordusunun dərdini Bakı ilə yarı-yarıya çəkirlər.
Ötən illərə nisbətən
həmin ifaçılarla
küçədə yox,
daha çox keçidlərdə rastlaşırıq;
müxtəlif tərzdə,
qiyafədə, ab-havada
olurlar. Hərdən düşünürəm, niyə açıq havada yox, məhz
keçidlərdə? Düşünə bilərsiniz ki,
bunun səbəbi keçidin akustikasındadır,
mahnının səsi
arzuolunan səviyyədə
- dalğalı səslənir.
Amma məsələnin mistik tərəfi də var; yolları yollara, insanları qatarlara qovuşduran keçidlər günün
qızmarından, ay işığından
pünhandır, maşınların
səsindən, tüstü-dumandan
kənardır. Keçidlərdə ifa olunan musiqilər
yerin bağrından qopur.
Uşaq olanda elə bilirdik ki, sinif
müəllimlərimiz yemək
yemir, əylənmir, yatmır. Əslində, bunların mümkünlüyünə
əmin idik, amma təsəvvürümüzə
gətirə bilmirdik.
Küçə musiqiçilərinin həyatı, yaşam tərzi, düşüncələri
də eynilə marağımda olub. Necə ki sinif müəllimimə
qeyri-adi baxmışam,
sinifdən kənar vəziyyətini təsəvvür
etməmişəm, küçə
musiqiçilərinə də
eynilə qeyri-adi yanaşmışam. Onların çoxu
adlarını gizlədirlər,
söhbətdən yayınırlar.
Bu da ayrı
müəmmadır. Dəfələrlə
keçidlərdə peşəkar
ifalar dinləmişəm:
"Bəs niyə bura ilə məhdudlaşırlar?"
Məsələnin bir özəlliyə
də elə bundadır; əgər keçidlərlə məhdudlaşmasaydılar,
həmin musiqiçilər
haqqında belə heyranlıqla danışa
bilməzdik, ani olaraq problemlərdən arınıb zövq almazdıq.
Ötən gün 132 nömrəli məktəbin qarşısından
"İçərişəhər"
metrosuna adlamaq üçün keçidə
endim. Pilləkənlərlə aşağı düşdükcə
musiqi səsi yaxınlaşırdı. 23-26
yaşlarında bir oğlan tarda ifa edirdi. Melodiyanı eşidən kimi öz-özümə
pıçıldadım: Xudayar
təsnifi... Həmin an beynimdən nə "Vətən yaxşıdır" ifadəsi,
nə müəlliflərin
ismi keçdi. Xudayarın ifası qulağımda cingildədi, sürəti
gözümdə canlandı.
Addımlarımı yavaşlatdım. Gözümü ifaçının gözlərinə zillədim.
Dolmuşdu, gözü yol
çəkirdi, boğazında
düyünləyən qəhərdən
çətinliklə udqunurdu.
Ona baxmağımın fərqinə
varıb başını
mənə tərəf
çevirdi. Eynilə mənim
də doluxsunmağımı
sezdi. Əlimdə "525-ci qəzet" var idi. Qəzetləri görüb
daha ürəklə ifa eləməyə başladı: məncə,
musiqini duymağımı
hiss eləmişdi. Amma Xudayar
təsnifi o qədər
dastanlaşıb, iliyimizə,
ruhumuza hopub ki, ifanın həssaslığını duymaq
üçün musiqi
biliyinə, xüsusi duyuma ehtiyac yoxdur. Nədənsə ifa yekunlaşdıqdan
sonra yaxınlaşmağa
ürək eləmədim,
çəkindim. Əslində,
bu, yazı üçün yaxşı
material ola bilərdi. Amma elə bildim
ki, dialoq qursam, bütün sirr pozulacaq, ülvilik itəcək.
Xətainin "Dəhnamə"sindəki
Aşiq çox zülmdən sonra Məşuqənin hüzuruna
gedir. Amma məşhur "Qal imdi" rədifli qəzəlini deyib ruhən qovuşmaqla kifayətlənir,
maddi aləmin ehtiyacına boyun əymir. Mən də o Aşiq misalı, təfərrüata
varmadan aralandım. Uzaqlaşdıqca geri dönüb
ifaçıya baxırdım.
Oğlan tarı sinəsinə sıxıb
lal, amma əslində, hıçqırtılı
baxışları ilə
məni yuxarı qalxana qədər müşayiət elədi...
"Vətən yaxşıdır"ın gerçək tarixçəsi" adlı yazıda "Xudayar" təsnifi kimi yaddaşlara həkk olan mahnının orijinal mətni barədə ətraflı yazmışam. Elə müəllifli mahnılar var ki, onlar müəyyən hadisə ilə xəlqiləşir. Folklor nümunələri çoxvariantlıdır, məsələn, bir nağılın, bayatının müxtəlif versiyaları ola bilər. Amma bu, müəllifli ədəbiyyatda keçərli deyil. Maraqlıdır ki, şəhid Xudayar Yusifzadənin ifası "Vətən yaxşıdır" mahnısını "Xudayar" təsnifinə çevirdi. Şəhidimiz sözləri bir az dəyişik oxumuşdu. Bu gün xalqımız da həmin mahnını Xudayarın oxuduğu kimi, onun ifa elədiyi sözlərlə zümzümə edir. Azərbaycanın həm qürurlu Zəfərini, həm də bu Zəfərin xəmirini yoğuran acı kədəri özündə ehtiva edən "Xudayar" təsnifi folklor nümunələritək xəlqiləşdi, milli kodlarımıza əlavə olundu.
Keçiddən çıxıb üzü "Azneft" tərəfə irəliləyirdim. Muğam mərkəzi tərəfə keçmək üçün yenidən keçidə enməli oldum. Bu dəfə akustik gitara səsi eşidilirdi. Eldar Mansurovun şah əsəri olan "Bayatılar" mahnısı ifa olunurdu. Mahnının sözləri yadıma düşdü:
Ürəyimdə ayaz var,
Nə qış gedib, nə yaz var.
Oyatma bənövşəni,
Kol dibində ayaz var.
Yenidən "Xudayar" təsnifini, Xudayar Yusifzadəni xatırladım. Xudayar və onun timsalında canını Vətənə qurban verən qəhrəmanların itkisi ürəyimizə elə bir ayaz gətirdi ki, əlacım olsa, sazaq gələn bütün pəncərələri bərk-bərk bağlayardım. Amma bu ayaz yurdumuzun işığını söndürmədi, daha gurlaşdırdı.
Hələ saysız keçidlərlə
neçə-neçə yollara, izlərə
qovuşacağıq. Hələ neçə nəğmə
bu keçidlər uzunu
qəlblərə dolacaq. Amma
tanış izlərin yeri köhnəlməyəcək,
xatirələr həmən qalacaq...
Nadir
YALÇIN
525-ci qəzet.- 2021.- 29 iyul.- S.8.