Vətəni qoruyan oğullar....  

 

 

 

Vətən bizim üçün hər şeydir. Biz bu yurda, bu torpağa bağlıyıq. Qəlbimizdəki Vətən sevgisi,Vətən məhəbbətinin atəşi ilə düşməni yandırıb yaxmalıyıq. Vətən bizim üçün qiymətlidir, onda ulu babalarımızın ölməz izləri hər birimizə ana südü qədər şirin, təmiz, ana qucağı tək isti və doğmadır. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir. Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza Qələbə sevincini yaşatdı.

 

Güclü Lider, Güclü Ordu, Güclü Xalqımızın birliyi Yurd yerinin həsrətinə son verdi! Canlarından keçən şəhid oğullarımız, igid əsgər və zabitlərimiz, həkimlərimiz, mülkü vətandaşlarımızın xatirəsi xalqımızın, əzizlərinin ürəyində yaşayacaq! Şəhidlər və şəhid anaları qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik!

 

Sizlərə təqdim etdiyimiz İkinci Vətən müharibəsinin iştirakçısı İsgəndərov Fail Rəfayıl oğlu 1994-cü ildə Hacıqabul şəhərində anadan olub. 2011-ci ildə Hacıqabul şəhər 2 saylı orta məktəbini bitirib. 2012-2016-cı illərdə Şirvan şəhər Humanitar kollecində təhsil alıb. 2016-2018-ci illərdə hərbi xidmətdə olub. Ailəlidir. Zeynəb adında bir övladı var. Bir neçə dəfə Məşhəd, Kərbəla ziyarətində olub. "Kərbəlayi Fail" adı ilə tanınır. 2020-ci il iyulun 14-də Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı general-mayor Polad Həşimovun şəhid olmasından ciddi təsirlənən Fail Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə müraciət edərək könüllü cəbhəyə gedib.

 

İlk olaraq artilleriya bölməsində kəşfiyyatçı kimi təlimlərə qatılsa da, döyüşlərin başlandığı günlərdə öz xahişi ilə minaatan batareyasından ayrılaraq piyada bölüyünə qoşulub. Minaatan bölüyündə döyüşməklə piyada bölüyündə döyüşməyin nə demək olduğunu hərbçilər yaxşı bilir: "Bölüşdürüldüyüm bölükdən özüm aralandım. Soruşdular ki, niyə belə edirsən, dedim, əsl döyüşün içində olmaq istəyirəm. Və daha bölüşdürüldüyüm bölüyə dönmədim".

 

"Bığlılar"! Hacıqabullular II Qarabağ müharibəsində bu adla düşüblər və bu adın şərəfini öz qəhrəmanlıqları ilə axıra qədər ləyaqətlə, qeyrətlə qoruyublar.

 

F.İsgəndərovun döyüş yolu:

 

- Sentyabrın 27-də müharibə başlayanda Füzuli şəhərindən hücum əmri alıb Alıxanlıya kimi;

 

- Oktyabrın 10-da Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən minaatandan atılan mərmidən Fail ağır yaralanır, sol çiynindən və burnundan ciddi qəlpə yarası alır. Fail bunu belə xatırlayır: "Düşmən minaatanlardan mərmini dolu kimi yağdırırdı. Pis vəziyyətə düşmüşdük. Ayağımızın altına, yan-yörəmizə minaatan mərmiləri düşür, snayperlə yağan güllə yağışı göz açmağa imkan vermirdi. Kömək gələnə qədər o cür güclü hücuma necə tab gətirdiyimizi təsəvvür edirsinizmi? Bu vaxta qədər belə şeyləri ancaq Böyük Vətən müharibəsindən bəhs edən filmlərdə görmüşdüm... Burunla gicgah arasında nə qədər məsafə var? Ölüm gözlə qaş arasında olub. "Allah qoruyub" bunun kimi hallar üçün deyilib. Buna bənzər hallarla isə hər gün, hər saat göz-gözə idik... Əvvəl-əvvəl elə bildim qəlpə burnumu tamam aparıb, burnum daha yoxdur. Ancaq sən demə, qəlpə bir tərəfdən girib, o biri tərəfdən çıxıbmış. Burunda nə qədər qan olarmış! Hospitalda da qanı kəsməkdə çətinlik çəkirdilər".

 

Sutka yarım Füzulidə hospitalda, doqquz gün Zərdab rayon xəstəxanasında, qısa bir müddət də alayın tibb məntəqəsində müalicə alandan sonra yenidən döyüş əməliyyatlarına qoşulur.

 

"Çiyindəki yaramın vəziyyəti yaxşıdır. Burnumdakı yaranın fəsadları isə bu gün də qalıb. Qəlpənin yeri zaman-zaman şişməkdə davam edir. Bu fəsad səsimdə də dəyişiklik əmələ gətirib. Əvvəlki ilə müqayisədə səsim boğulmuş vəziyyətdə çıxır, elə bil yolunu nə isə tutub".

 

Atasının səhhətində narahatlıq olan Fail günaşırı, iki gündən bir ailə ilə telefon əlaqəsi saxlayırmış. Əlaqənin qəflətən 10 gündən artıq müddətə kəsilməsi valideynlərində əndişə yaratsa da, digər ailə üzvləri onları inandırmağa çalışıb ki, komandiri ilə maraqlanıblar, heç bir narahatlıq yoxdur, sadəcə telefon rabitəsi mümkün deyil. Müalicədən sonra da Füzulinin və kəndlərinin düşməndən azad olunmasında və müdafiəsində iştirak edib. Sonra üç gün Qubadlının müdafiəsində olub. Zərurət üzündən müəyyən taktiki əməliyyatların icrası məqsədilə bölük yenidən Hadruta üz tutub, bir gün şəhərin yaxınlığındakı yüksəkliyin müdafiəsində döyüşür, briqada Tuğda cəmləşdiriləndən sonra tabor min zülmlə Topxana meşəsinə qədər hərbi yürüş edir, Daşaltı istiqamətində döyüşür. "Noyabrın ilk günləri idi. Minamyot atəşləri, iri çaplı silahlardan atılan güllə yağışı altında Topxana meşəsindən Daşaltı kəndinə irəlilədik. Burada çox ölüm oldu, çox yaralanan oldu" deyir Fail.

 

Noyabrın 8-də Şuşa şəhərinə giriblər: "Noyabın 9-u da daxil olmaqla gecə saat 3-4-ə kimi ermənilər şəhəri atəşə tuturdular. Atəş səslərindən qulaq tutulurdu. Noyabrın 10-na keçən gecə atəşkəs imzalansa da, təqribən bir saat sonra və dəfələrlə atışma yenidən qızışdı. Şuşanın onlardan alınması ilə ermənilər heç cür barışa bilmirdilər".

 

“Qarabağ Azərbaycandır!” Bunu Ali Baş Komandan deyir! Azərbaycan Xalqı, Qüdrətli Ordumuz deyir! Xoşbəxt Xalqıq, Birliyimiz Qələbəmiz! Güclü Liderimiz, Tarix yazan Sərkərdəmiz var! Torpağında Şəhid yatan Qarabağımız var! Allahın Qüdrət yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz!!! Gəncəmiz, Bərdəmiz, Tərtərimiz! Bütöv Azərbaycan, gözlərin aydın, Bayrağımız Şuşada dalğalanır! Şuşa Azərbaycanın ürəyidir. Bu ürəyi bizdən 28 il əvvəl söküb çıxarmışdılar. Biz o ürəyi yenidən əsl sahibinə - bağrımıza qovuşdurduq. Şuşa bayraq deməkdir. Şuşa anaların övladlarına laylalardakı mirasıdır. Şuşa qürur, namus, atadan övlada miras deməkdir. Şuşa Vətən deməkdir. Xarıbülbülün, Üzeyir Hacıbəylinin, Əhməd bəy Ağaoğlunun Vətəni deməkdir. Şuşa tarixi Azərbaycanın qədim mədəni mirasıdır. 250 il əvvəl Azərbaycan xalqının öz əlləri ilə inşa etdiyi Şuşa qalaları Ermənistanın çirkli əllərindən xilas edilərək əsl vücuduna qovuşdu. "Şuşa nə demək idi? Şuşa "Qızıl alma", Simurq quşu və Hüma quşu demək idi. Şuşa həm hərbi, həm siyasi, həm də psixoloji hədəfdir: "Şuşa Qarabağın açarıdır. Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz!  Şuşa alınandan sonra Failgilin bölüyü Şuşaətrafı kəndləri düşməndən təmizləyə-təmizləyə Xankəndiyə istiqamət götürüb. Son olaraq bölük musiqi məktəbinin binasında yerləşib. Həmin gündən ordudan tərxis olunana qədər - dekabrın 15-dək adı çəkilən ərazinin düşməndən qorunmasında fəallıq göstərib. Döyüşlərdə göstərdiyi şücaətə görə ailəsinə, elinə-obasına başucalığı gətirən Fail İsgəndərov üçün 44 günlük Zəfər döyüşü 86 günə tamamlanıb. Müharibədə göstərdiyi qəhrəmanlıq nümunəsi döyüşçünün hərbi biletində də əksini tapır. Belə ki, F.İsgəndərovun hərbi biletində yazılıb ki, Füzuli və Şuşa istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib. "Müdafiəsində" yox, "döyüş əməliyyatlarında".  Döyüş qabiliyyəti Füzulinin, Qubadlının və Şuşanın alınmasına görə medalları ilə dəyərləndirilib.

 

Döyüşçü yoldaşlarına daim yüksək əhval-ruhiyyə bəxş edən bu qəhrəman bu gün olduqca məmnundur. Aldıqları yaralar, bədənindəki qəlpələrə baxmayaraq, başına gələnlərdən bir şey olmamış kimi söhbət açır, erməniyə acıq verirmiş kimi təbəssümlə, məmnunluqla bəhs edir: "Elə bil ki, minaatan mərmilərinə qucaq açırdıq. Güllələr yan-yörəmizə, ayağımızın altına tökülür, biz isə olanlara məhəl qoymadan, zərrə qədər də qorxu hiss etmədən verilən əmrin yerinə yetirilməsi üçün irəli şığıyırdıq. Hamıda ifadəsi mümkün olmayan İlahi bir qüvvət var idi. Elə bir ruh yüksəkliyi ki... Bu hisslərin sözlə ifadəsi mümkün deyil.

 

Xankəndinin başlanğıcında Xaçaltı deyilən bir yer var, ermənilərlə 30 metr məsafədəydik. Orada mən Azan vermişəm".

 

Düşməndən intiqam almaq hissi ruhumuzu oda-alova döndərmişdi. Düşüncəmizə bir duyğu hakim kəsilmişdi: torpaqlarımızı düşməndən xilas etmək! Vətən müharibəsində şəhid olanların qisasını almaq! Öhdəmizə düşən işi ləyaqətlə yerinə yetirmək! Qürur duyuram ki, borcumuz olanı, öhdəmizə düşəni layiqincə, şərəf və ləyaqətlə yerinə yetirə bilmişik, bu, döyüşçü üçün ən yüksək zirvədir.

 

Zülfiyyə VƏLİYEVA

Əməkdar müəllim

 

525-ci qəzet.- 2021.- 30 iyul.- S.15.