"Hüququn mənbəyi
həyatdır"
Əhməd Ağaoğlunun
"hukuk-i esasiye ders notları" kitabı haqqinda qeydlər
Nüfuzlu
ictimai xadim, siyasətçi,
jurnalist, pedaqoq, yazıçı və türkoloq Əhməd
bəy Ağaoğlu (1869-1939) yaşadığı
dövrün mühüm siyasi-hüquqi hadisələrinin
şahidi olmuş görkəmli şəxsiyyətlərindən
biridir.
Ə.Ağaoğlu
Çar Rusiyasını, Üçüncü Fransa Respublikasını,
Osmanlı imperiyasının İttihad və Tərəqqi
dönəmini, Türkiyə Cümhuriyyətinin Atatürk
dövrünü şəxsən görmüş və
yaşamışdır. O, 1905-ci ildə Rusiya,
1906-cı ildə İran,
1908-ci ildə Osmanlı
imperiyasında məşrutiyyətə
keçid dövrünü
izləyən, Birinci Dünya müharibəsinə,
Rusiyada Oktyabr inqilabına və Osmanlı imperiyasının
süqutuna şahidlik
edən bir nəsildə yetişmişdir.
İslam dini və onun təriqətləri,
qərb ölkələrinin
tarixini, zərdüştlüyü,
şərq fəlsəfəsini
dərindən bilən
Ə.Ağaoğlu eyni
zamanda, Sədi Şirazi, Nəsrəddin Tusi, o cümlədən, Monteskyo, Russo, Dugi, Darmsteter kimi fransız filosof və hüquqşünaslarının
əsərləri ilə
də yaxından tanış olmuşdur.
Azərbaycan, türk, osmanlı, rus, fars, ərəb, fransız və ingilis dillərini bilən bu görkəmli
şəxsiyyət hüquq,
siyasət, tarix, ədəbiyyat, jurnalistika
və bir sıra digər sahələrdə özünü
mükəmməl şəkildə
yetişdirmişdir.
Ə.Ağaoğlunun həyatı və onun geniş diapazonlu fəaliyyəti haqqında nə qədər çox danışılsa və yazılsa da, bir o qədər də çox danışılmamış və
yazılmamışdır. Bu isə təəssüf ki, onun keşməkeşli
həyatının və
bir çox dildə göstərmiş
olduğu çoxşaxəli
fəaliyyətinin hələ
də geniş şəkildə tədqiqata
cəlb edilməməsindən
qaynaqlanır.
Biz, bu yazımızda onun bu günədək
doğma dilimizə tərcümə olunmamış
və Azərbaycan oxucusunun əksəriyyətinin
demək olar ki, xəbəri olmayan "Hukuk-i Esasiye Ders Notları"
adlı kitabı haqqında qısa şəkildə də olsa söhbət açmaq və bu kitab barədə
məlumat vermək istərdik.
Hər şeydən əvvəl,
qürur hissi ilə nəzərinizə
çatdıraq ki,
1925-ci ildə fəaliyyətə
başlayan Ankara Hüquq
Məktə-bində konstitusiya
hüququ adlı fənni "esasiye hukuku" adı altında ilk dəfə Əhməd bəy Ağaoğlu tədris etmişdir.
Ə.Ağaoğlunun hüquqşünaslıq ixtisasının
tələbələrinə
1925-1926-cı dərs ilində
birinci kursa, 1926-1927-ci
dərs ilində isə ikinci kursa konstitusiya hüququ üzrə oxuduğu mühazirələri
müvafiq olaraq 1926 və 1927-ci illərdə
ərəb əlifbası
ilə "Hukuk-i Esasiye Ders Notları"
adı altında dərc olunmuşdur. Bu kitabın müasir Türkiyə türkcəsinə
transliterasiya edilmiş
mətni Boğaç
Erozan tərəfindən
hazırlanaraq 2012-ci ildə
Koç Universiteti Yayınları tərəfindən
çap edilmişdir.
Qeyd edək
ki, Ə.Ağaoğlunun
sözügedən fənni
tədris etdiyi dönəmlərdə bu
günkün-dən fərqli
olaraq konstitusiya hüququ bir hüquq elmindən daha çox tarix, sosiologiya və siyasətlə daha yaxın bir elm idi. Lakin buna
baxmayaraq, "Hukuk-i Esasiye Ders Notları"
kitabında olan mövzular, mülahizələr
və fikirlər bu gün də
öz aktuallığını
qorumaqdadır.
Kitabda demək olar ki, konstitusiya hüququnun predmetinə daxil olan şəxsiyyət,
cəmiyyət və dövlətlə bağlı
ən ali dəyərə malik olan məsələləri
əks etdirən əsas mövzulara yer verilmiş, hakimiyyətin mənbəyi,
suverenlik anlayışları
və əlamətləri,
dövlətin strukturu,
hakimiyyətlər bölgüsü,
qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının
konstitusion təşkilinin
xüsusiyyətləri, insan
hüquq və azadlıqları kimi əsas məsələlər
dövrünün dünya
dövlətləri ilə
müqayisəli şəkildə
tədqiq edilmişdir.
"Müqəddimə, hüququn mənşəyi"
adlı bölmə ilə başlayan kitabda müəllif hüququn meydana çıxma zərurətini
"dünyanın hər
tərəfində və
tarixin bütün dövrlərində kütlə
halında yaşayan bəşəriyyətin həyatını
tənzimləmək və
siyasi əsasa bağlamaq məcburiyyətini
hiss etməsi" ilə
əlaqələndirmiş və hüququn ortaya çıxmasının
səbəbləri və
mahiyyətini izah etmişdir. Ə.Ağaoğluna görə, "müxtəlif mühitlərdə
hüququn forması və görünüşü
dəyişir, xüsusi
hallardan asılı olaraq hüquq təsirə məruz qalır, milli mahiyyət qazanmış olur. Lakin hüququ doğuran
səbəb dünyanın
hər tərəfində
eynidir, dəyişməz.
Buna görə də
hüquq var oluşa aid bir hadisədir və bunun nəticəsidir ki, hüquq dünya tənzimləyicisi
sayılır".
Daha sonra müəllif hüququ meydana gətirən səbəbin
mahiyyətinin nədən
ibarət olmasına lakonik şəkildə belə cavab verir: "Hüququn mənbəyi həyatdır".
Ə.Ağaoğlunun sloqan xarakterli
dərin məzmunlu bu ifadəsi həqiqətən böyük
bir mətləbdən
söhbət açır.
Yaşam
olmazsa, hüquqa da ehtiyac qalmaz.
Ə.Ağaoğlunun fikrincə, hüquq
elminin predmeti insanların iradəli davranışı və bu davranışın səbəb olduğu əlaqə və münasibətlərdir.
Maraqlıdır ki, Ə.Ağaoğlu
"Hukuk-i Esasiye Ders Notları" kitabında bu gün də hüquq nəzəriyyəsində
öz əhəmiyyətini
qoruyub saxlayan hüquq sahələrinin təsnifatını aşağıdakı
kimi vermişdir:
1. Fərdi (şəxsi) hüquq sahələri (müasir dövrdə bu "xüsusi (özəl) hüquq"
termini ilə ifadə
olunur - Y.X.). Buraya o, eyni ilə indi
də qəbul edilən aşağıdakı
hüquq sahələrini
aid edirdi: mülki hüquq, sahibkarlıq hüququ, beynəlxalq xüsusi hüquq və s.
2. Hüquqi-ümumiyyə hüquq
sahələri (müasir
dövrdə bu "ictimai (publik) hüquq" termini ilə
ifadə olunur - Y.X). Buraya isə o, hazırda da qəbul edilən aşağıdakı hüquq
sahələrini aid edirdi:
cinayət hüququ, inzibati hüquq, konstitusiya hüququ, beynəlxalq ümumi hüquq və s).
Dövlətin anlayışı, əlamətləri
və mahiyyətinə
toxunan Ə.Ağaoğlu
kitabda belə yazırdı: "Dövlət
konkret maddi mövcudluğu olmayan bir gerçəklikdir. Coğrafi nöqteyi-nəzərdən müəyyən
bir ərazi üzərində yaşayanların
hamısının müştərək
mənfəətini təmsil
edən zehni bir varlıqdır. Bu zehni və
mücərrəd varlıq
dövlətdir".
Kitabda
"konstitusiya" kəlməsinin
mənşəyi və
mənası izah edildikdən sonra bir elm kimi konstitusiya
hüququna belə izah verilir: "Hukuk-i Esasiye - ("konstitusiya hüququ" - nəzərdə tutulur -
Y.X.)" dövləti, dövlət
mexanizminin müxtəlif
hissələrini, bunların
mahiyyətini, bir-birləri
ilə əlaqələrini
və aralarındakı
üzvi ahənglə
bir-birlərini tamamlayan
məsələləri tədqiq
edən bir hüquq elmidir".
Kitabda "ilahi
idarəçilik forması
olan teokratiya" adlı başlıq altında müəllif
"teokratiya" anlayışını
nəzəri şəkildə
nisbi olaraq şərq və qərb teokratiya növlərinə ayırmış
və hər iki növü ayrı-ayrılıqda şərh
etmişdir.
Kitabın "Milli suverenlik"
başlığını daşıyan hissəsində
təbii hüquq, xalq hakimiyyəti, suverenlik anlayışları,
onların əlamətləri
və hüquqi mahiyyəti barədə ətraflı məlumat verən Ə.Ağaoğlu
sözügedən hüquq
institutları ilə bağlı bu gün də öz əhəmiyyətini
itirməyən görkəmli
şəxsiyyətlərin - Qustav Hüqo, Tomas Hobbs, Şarl de Monteskyo, Con Lokk, Jan Jak Russo və başqalarının
məşhur əsərlərində
söyləmiş olduqları
fikirləri və görüşləri sadə
dillər diqqətə
çatdırmışdır.
Seçki hüququ, referendum və onun növləri (məcburi və iradəyə bağlı və s.), plebisit, millət vəkilinin statusu, qanunun anlayışı və onun qəbulu prosedurası, dövlət başçısı və onun səlahiyyətləri, parlament üsul idarəsi barədə ayrı-ayrılıqda geniş şəkildə məlumat verən müəllif adı çəkilən hüquq institutlarını, onların hüquqi mahiyyətini və əhəmiyyətini izah etməklə yanaşı, müxtəlif dövlətlərin (ABŞ, Fransa, Almaniya, Norveç, İsveçrə, Belçika, Danimarka, Finlandiya, Yaponiya və s.) təcrübəsindən müqayisəli nümunələr gətirmişdir.
Məhkəmə hakimlərinin statusuna toxunan Ə.Ağaoğlu qeyd edir ki, "bu gün hakimlərin vəzifəyə gəlməsi ilə bağlı müasir dövlətlərdə iki üsul mövcuddur: birincisi, seçilmə, ikincisi isə icra hakimiyyəti tərəfindən təyin olunma". Müəllifin fikrincə, "prinsip nöqteyi-nəzərindən seçilmə üsulu məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından daha uyğun və doğrudur".
"Məhkəmə hakimiyyətinin müstəqilliyini ən mükəmməl tərzdə təmin edən formanın juri üsulu" (andlı iclasçılar - Y.X.) olduğunu dilə gətirən Ə.Ağaoğlu bu üsulun ilk dəfə Romada meydana gəldiyini, sonralar təqlid yolu ilə olmasa da, yenidən İngiltərədə zühur etdiyini və oradan da bütün Avropaya yayıldığını bildirmiş, məhkəmələrin fəaliyyətində onların iştirakı və hüquqi əhəmiyyətinə aydınlıq gətirmişdir.
Maraqlı məsələlərdən biri də odur ki, müəllif kitabda "hakimiyyətlər bölgüsü" prinsipi əvəzinə "hakimiyyətlər birliyi" prinsipinin tətbiqini, ikidərəcəli seçki sistemini və qanunverici orqanda təmsil sistemini ciddi tənqid etmişdir. Ə.Ağaoğlu, əlində hakimiyyət olan hər bir adamın onu sui-istifadə etməyə meyilli olduğunu əsas gətirərək hakimiyyətlər bölgüsü prinsipini müdafiə edirdi. O, millət vəkillərinin birbaşa seşicilər tərəfindən deyil, "ikinci [dərəcə] seçicilər" vasitəsilə seçilməsinin konstitusiyaya uyğun olmadığını açıq bir şəkildə qeyd edirdi.
Ə.Ağaoğlunun "Hukuk-i Esasiye Ders Notları" kitabı hazırda nəinki hüquqşünaslar və hüquqşünaslıq ixtisasının tələbələri üçün, eyni zamanda, tarixçilər, siyasətçilər, sosioloqlar, filosoflar və digər peşə sahibləri üçün də oxunması son dərəcə vacib olan dəyərli mənbələrdən biridir. Bu baxımdan ümid edirik ki, adıçəkilən kitab ən qısa zamanda doğma dilimizdə öz oxucularının görüşünə gələcək.
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin
Hüquq fənləri kafedrasının baş müəllimi
525-ci qəzet.- 2021.- 30 iyul.- S.14.