İki paradoks
Necə oldu ki, A.Xaçatryan
dahi Q.Qarayevin mükafatını oğurladı?
Bir
neçə il bundan əvvəl
böyük bəstəkarımız Q.Qarayev haqqında
"Korifeylərin portreti" silsiləsindən yazı
hazırlayırdım. Faktları araşdırarkən belə
bir məqamla qarşılaşdım ki, bəstəkar guya II
və lll simfoniyalarında sosializm realizmi prinsiplərinə
zidd çıxdığına, formalizmə və mücərrədliyə
"yuvarlandığına" görə amansız tənqidə
tuş gəlib və ümumiyyətlə, simfoniyaları
sonralar da Q.Qarayev üçün əməllicə
başağrısına çevrilib...
Bəstəkarın bu janrda yazdığı əsərləri,
xüsusilə II simfoniyasını tapıb dinləmək
üçün etdiyim bütün çabalar heç bir nəticə
vermədi. Belədə bəstəkarın oğlu F.Qarayevə
telefon açıb onunla görüşmək istədiyimi
bildirdim. Ertəsi gün konservatoriyada
görüşdük və Fərəc Qarayev məsələdən
hali olan kimi dedi ki, zəhmət çəkib II simfoniyanın
lent yazısını axtarma - neçə il
əvvəl fonotekadan götürüb "dəfn" ediblər.
Mənim məyus olduğumu görüb nəyisə
xatırladı və əlavə etdi ki, konservatoriyanın
fonoteka arxivində deyəsən, həmin simfoniyanın
yazıldığı bir ədəd val
var, səhər qaytarmaq şərtilə onu öz adına
bir günlük götürüb mənə verə bilər.
Az qala
uça-uça özümü evə çatdırıb
köhnə valoxudanda simfoniyanı dinlədim və heyrətdən
quruyub qaldım, necə deyərlər, əl- ayağım
yerə yapışdı - əsərin böyük bir hissəsi
saz havalarımızın ladında bəstələnmişdi,
hər əsərində bir yenilik edən bəstəkar
insanların yaman günə qoymaq istədikləri
dünyanın gələcəyi barədə bizə
aşıq havaları ruhunda, lakin simfonik musiqi dili ilə vahiməli
bir hekayə danışırdı...
"Nə üçün respublikanın həşəmətli
musiqi elitası bu əsəri və onun müəllifini
haqsız hücumlardan qorumayıb" sualına isə ertəsi
gün valı qaytaranda Fərəc müəllimin
danışdığı və mənim heyrətimi daha
mükəmməl bir səviyyəyə qaldıran əhvalatda
cavab tapdım.
Buyurun, o əhvalatdan siz də xəbərdar
olun.
1959-cu ildə
Qarayevin məşhur "Yeddi gözəl" baleti o
vaxtkı SSRİ-nin ən ali
mükafatına - Lenin mükafatına təqdim olunur.
Qonşu respublikanın hayları bundan xəbər tutan kimi
özlərinin guya ki,
böyük, əslində isə Azərbaycan musiqisini
oğurlaya-oğurlaya, xalq mahnılarımızı nota
alıb öz əsərləri kimi təqdim edə-edə
baş girləyən A.Xaçatryanın "Spartak"
baletini də mükafat komissiyasına soxuşdururlar. Görünür, onlar
oğru Xaçatryanın vaxtilə Ü.Hacıbəyov
tərəfindən ifşa olunduğunu və xoruzu
qoltuğuna verilərək biabırçı şəkildə
Bakıdan qovulduğunu unutmamışdılar və indi də
bu yolla qisas almaq istəyirdilər. Qarayevin
əsəri bütün parametrlərinə görə o
vaxtkı ölkə məkanında yazılmış baletlərdən
üstün idi. Amma, lakin və ancaq hayların
çirkin qarayaxma kampaniyası, bizim isə bəzi "millətsevərlərin"
canfəşanlığı öz işini görür -
Yerevandan hayların, Bakıdan isə paxılların,
yaramazların Moskvaya yağdırdıqları məktublarda
Qarayevin əsərlərinin istər məzmun, istər forma və
istərsə də musiqi dili baxımından şübhəli
əsər olması barədə böhtanlara Kələntər lələnin
("Böyük dayaq" filmi) dediyi kimi, "xalqın səsinə
hay vermək bizim borcumuzdur"
prinsipi ilə yanaşan komissiya üzvləri
mükafatın 2 eşşəyin arpasını bölə
bilməyən Xaçatryana verilməsi barədə qərar
çıxarır.
Necə
deyərlər, belə-belə işlər,
yazıçı Elçin demişkən, kəpənək
məni dişlər...
Şübhəsiz
ki, Xaçatryan Qarayevin heç çölə atılan
dırnağı da deyildi və musiqimizi özəlləşdirib
özlərinə irs yaradan haylar illər
keçəndən sonra Qarayevin özünü də özəlləşdirib
erməni bəstəkarı kimi qələmə vermək
fikrinə düşdülər. Yəqin fikirləşiblər
ki, öz dahilərinə belə münasibət sərgiləyən
xalqı həmin dahidən məhrum etmək o qədər də
qəbahət deyil.
Nə isə...
Bu əhvalatı xatırlayanda, üzr istəyirəm, mənim
həmişə ürəyim bulanır...
Üzümü
bizim dünyada ən istedadlı xalq olmağımız barədə
gur-gur gurulayan, əslində isə istedadların qəniminə
çevrilən qeyrətli qeyrətsizlərə tutub deyirəm:
"Tövbə edin, qeyrətli də olmasa, heç olmasa,
adam olmağa çalışın. İnanın, bu, o qədər
də çətin deyil - əlbəttə, həyatında
bircə dəfə Yaqonun "rolunu" oynayan
gülüş ustamız Səyavuş Aslanın tövsiyəsinə
əməl etsəniz...
Amma bu haqda gələn yazıda.
P.S.
Q.Qarayev 1967-ci ildə başqa şedevrinə -
"İldırımlı yollarla" baletinə görə
həmin o mükafatı aldı və haylara dağ çəkdi.
"İTMİŞ"
ƏSƏRİN AXTARIŞINDA, YAXUD XƏYYAM
MİRZƏZADƏNİN QONORAR MƏSƏLƏSİ
Bu yaxınlarda dahi kinorejissor Federiko Fellininin müsahibələri,
filmlərinin ssenariləri toplanmış kitabı vərəqləyəndə
maraqlı bir məqamla qarşılaşdım. Jurnalistin
"Siz nələri xoşlayırsınız?"
sualına Fellini çox həvəslə cavab verir və uzun
bir siyahı sadalayır. Həmin siyahıda belə bir bənd
də var: "Velosiped yəhəri üstündə əyləşmiş
kök qadının sarğısının arxadan
görünüşü" (!).
Gəlin bu cavabı dərhal tənqid etməyə tələsməyək. Çünki
burada diqqət çəkən əsas məqam rejissorun
xoşu gələn bu mənzərənin bizim mentalitetə
uyğun gəlib-gəlməməsi yox, Fellininin səmimiyyətindədir.
O, bu bəndi ixtisar edib, daha estetik şeylərdən
danışa bilərdi. Amma buna gedib öz fikrini təhrif etmir,
sözü xoşa gəlmək
üçün yox, həqiqəti bildirmək
üçün deyir. Həqiqət isə
çoxlarının düşündüyü kimi, o qədər
də gözəl hüsnə malik deyil.
Fikrimcə, Azərbaycan incəsənəti, ədəbiyyatı
kluarlarında yaşadığımız ən böyük
qıtlıq - səmimiyyət qıtlığıdır. Çoxları
auditoriya ilə canlı ünsiyyət zamanı səmimi olmaq
əvəzinə rola girir, ən yaxşı ata, ən
yaxşı ana... bir sözlə, hər şeyin
yaxşısı obrazı yaratmaqla özlərini dəyərə
mindirdiklərini düşünürlər.
Amma
unudurlar ki, başqasının hörmət və rəğbətini
qazanmağın ən doğru yolu - səmimiyyətdir!
Azərbaycanın sənət adamları içərisində
tanıdığım səmimi insanlardan biri də görkəmli
bəstəkarımız Xəyyam Mirzəzadə idi.
Köklü bakılı olan Xəyyam müəllimin
ifadəli naturası və qeyri-adi xüsusiyyətləri
vardı. Ortaboylu, dolubədənli bəstəkara səliqə
ilə saxladığı saqqalı, ağayana yerişi
çox yaraşırdı. O, daxilən də, zahirən
də əsl aristokrat, eyni zamanda, kökə, ənənələrə
bağlı sadə insan idi. Baxın, mən ilk
dəfə onu harda görsəm yaxşıdır? -
Aşura günü Təzə Pir məscidinin həyətində
(!). Xəyyam müəllim həyətdəki izdihamın
içində hamıdan biri idi - mərsiyə deyənlərə
qulaq asır, nəzir paylayır, ehsan çayı
içirdi... və hətta alma nəziri
paylayan birindən alma alıb elə oradaca yeməyə
başladı...
Sonralar onun haqqında daha maraqlı faktlar öyrəndim. Məsələn, bildim ki,
Xəyyam müəllimin həftədə bir dəfə
köhnə kişilər kimi köhnə Bakı
hamamlarından birinə getməyi var... Hobbisi oyuncaq avtomobil modellərini
toplamaqdır və böyük kolleksiya yığıb... Və nəhayət, öz əsərlərinin
ifası ilə bağlı gözlənilməz, qəfil
gedişlər etməyi xoşlayır. Belə ki, onun
şəxsi razılığı olmadan heç kim əsərlərini ifa edə bilməz.
Əgər kimsə bu cəsarətdə bulunsa,
iş məhkəməyə qədər gedib çıxa
bilər...
İndi, bu sətirləri yazanda fikirləşirəm
ki, burada heç bir qəribəlik yoxdur, Xəyyam müəllimin
bu gözlənilməz gedişləri əslində, onun
şüuraltı şəkildə kökə, ənənələrə,
milli yaddaş arxetiplərinə
bağlılığının ifadəsi idi.
Nəhayət, 1990-cı illərin ortalarında bu
böyük sənətkarla heç olmasa telefonda müsahib
olmaq istəyimə qovuşdum.
Əvvəla
kiçik bir arayış verim ki, Xəyyam müəllim
"Yeddi oğul istərəm" filminə
yazdığı musiqi parçalarını sonralar sistemləşdirib,
üzərində işləyib, "S.Vurğunun
"Komsomol" poemasına simfonik illüstrasiyalar"
adlı möhtəşəm bir əsər yaratdı. Mən
uzun illər
simfonik musiqimizin böyük nailiyyətlərindən
olan və çox xoşladığım bu əsərin val
yazısını axtarsam da, heç nəyə nail
olmamışdım. Əlac qalırdı Xəyyam
müəllimin özünə. Düşündüm
ki, ən kəsə yol - bəstəkardan müsahibə
almaqdır, həm söhbət edərik, həm də bu əsərlə
bağlı istəyimə çatmaq şansımı
yoxlayaram.
Dəstəyi Xəyyam müəllim qaldırdı. Özümü təqdim
edib, dedim ki, filan qəzetdənəm, sizdən müsahibə
almaq istəyirəm.
Soruşdu:
-
Doğrudan?
Dedim:
- Bəli.
Çox
güman ki, zarafatla dedi:
-
Qonorarımı verəcəksinizsə, bəlkə
razılaşdım.
Onun səmimiyyəti
çox xoşuma gəldi, dedim:
- Xəyyam
müəllim, qəzetimizin bütün qonorar fondu sizə
qurbandır.
Gülüşdük. Hiss elədim ki, söhbətin belə
şux lada köklənməsi Xəyyam müəllimin
xoşuna gəldi. Soruşdu:
-
Müsahibənin mövzusu nə olacaq?
Dedim ki,
ölkəmizin musiqi həyatı barədə söhbət
etmək istəyirəm.
Kiçik
bir pauza oldu, sonra Xəyyam müəllim dedi:
- Düşünürəm ki, hələ bu söhbətin vaxtı deyil. Gəlin, bir az gözləyək.
Xəyyam müəllimin razılıq verməməsinin səbəbini qəfil anladım. Onu da anladım ki, təcrübəsizliyim öz başıma bəla oldu. Başqa mövzu təklif etsəydim, bəlkə də müsahibə baş tutardı.
Xəyyam müəllimin xasiyyətinə az-çox bələd olduğumdan bildim ki, yersiz dirəniş mənasızdır. Ona görə də son sualımı verdim və Xəyyam müəllim də dedi ki, o əsərin valı yoxdur, axtarma...
Qol-qanadım sınıb yanıma düşdü, suyu süzülə-süzülə başladım əsərin audioyazısını axtarmağa... Nəhayət öyrəndim ki, bu əsərin R.Abdullayevin dirijorluğu ilə ifasının videoyazısı AzTV-nin fondundadır. Amma oğul lazımdır ki, ora çıxış əldə edib həmin videoyazının surətini çıxarsın...
Bütün cəhdlərim yenə boşa çıxdı...
Bu nə deməkdir, bilmirəm - estetik zövq mənbəyi olan əsərləri tirajlayıb yaymaq, təbliğ etmək əvəzinə, onları fondda toz içində məhv etməklə nəyə nail oluruq?
Mənə kömək edin, dostlar - bir də eşidəcəyik ki, həmin o yeganə videoyazı da yoxa çıxıb!
Gəlin birlikdə onu xilas edək,
işığa çıxaraq ki, nəfəs alsın!..
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2021.- 30 iyul.- S.13.