Həyat mənbəyi və oksigenlə bol meşələrin qorunması
Həyat üçün ən vacib amillərdən biri sayılan meşələr yer kürəsinin "ağ
ciyəri" və oksigen mənbəyi hesab olunur.
Meşələr havadakı karbon
qazını və zəhərli maddələri
udur, nəfəs aldığımız havanı
oksigenlə zənginləşdirir,
tozdan, zərərli maddələrdən təmizləyir.
Bir sözlə,
bir növ süzgəc rolu oynayır. Meşələr
həmçinin, torpaqda
su balansını nizamlayır, kəskin iqlim dəyişikliyinin, sellərin və torpaq sürüşməsinin
qarşısını alır,
güclü küləklərin
təsirini zəiflədir,
sovrulan qum
kütlələrinin hərəkətini
saxlayır.
Meşələr planetin torpaq səthinin üçdə
bir hissəsini təşkil edir.
Azərbaycanda isə
meşələrin ümumi
sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini əhatə edir. Meşə ilə örtülü sahələr isə 1021
min hektardır ki, bu da ölkə
ərazisinin 11,8 faizi deməkdir.
Ölkənin ümumi meşə
ərazilərinin 49 faizi
Böyük Qafqazın,
34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının,
2 faizi isə aran zonasının payına düşür.
Ekoloji mühitin əsas tərkib hissələrindən
hesab olunan meşələr qlobal ekoloji problemlərdən hesab olunan iqlim
dəyişmələrinin, səhralaşma proseslərinin
genişlənməsinin, bioloji
müxtəlifliyinin azalmasının,
atmosferdə qaz balansının pozulmasının
qarşısının alınmasında
əvəzsiz əhəmiyyət
kəsb edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Meşələrin İnkişafı
Departamentdən bildirilib
ki, ərazilərin dəyişkən və mürəkkəb relyefli olması, meşə ağac və kol bitkilərinin dəniz səviyyəsindən
2000-2200 metr yüksəkliklərə
qədər çatması
ilə yanaşı, həm də zəngin və rəngarəng növ müxtəlifliyinin əmələ
gəlməsinə səbəb
olub. Azərbaycan öz füsunkar
gözəlliyi, zəngin
təbii sərvətləri,
al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət
qazanıb. Burada
125 fəsiləyə və
930 cinsə daxil olan ali
bitkilərin 4500 növü
yayılıb. Bunlardan 48 fəsiləyə,
135 cinsə mənsub olan 450 növ ağac və kollar ölkənin meşələrində bitir.
Bu isə ölkə
florasındakı bitki
növlərinin 11-ni təşkil
edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endemik
növə təsadüf
edilir. Bu da ümumi ağac
və kol bitki növlərinin 16 faizi deməkdir.
Azərbaycan dendroflorasının belə
zəngin tərkibə
malik olmasına baxmayaraq, əsas meşə əmələ
gətirən növlər
azdır.
Departamentdən qeyd olunub ki,
Azərbaycan meşələri
əsasən enliyarpaqlı
cinslərdən ibarətdir. İynəyarpaqlı
meşələrdə əsas
Qarmaqvari şam Kiçik Qafqazda, Goy-Göldə, Tovuz rayonu ərazisində Şamlıq və Böyük Qışlaq kəndləri ətrafı
meşələrdə, Böyük
Qafqazda isə Qusar rayonu meşələrində
təsadüf edilir.
İynəyarpaqlı meşələrdən
Eldar oyuğu adlanan 400 ha-a yaxın sahədə kserofit şəraitdə Eldar şamı, rütubətli fıstıq
meşələrində Qaraçöhrədən
ibarət enliyarpaqlı
cinslərə qarışıq
halda və ya kiçik meşəliklər şəklində
təsadüf edilir. Belə meşəliklərə
Böyük Qafqazda -Qəbələ rayonunda Həmzəli qəbiristanlığında,
Pirqulu və Oğuz rayonu meşələrində, Xızı,
Dahardibi adlanan meşələrdə, Kiçik
Qafqazda - Göy-Göl,
Gədəbəy meşələrində,
Talış dağlarında
- Lerik rayonu Hamazat kəndi ətrafı meşələrdə
rast gəlinir.
İynəyarpaqlı cinslərdən ən geniş ərazidə yayılan ardıc meşələridir. Azərbaycan meşələrində - Qazax
ardıcı, Uzunsov ardıc, Cırtdan ardıc, Alçaqboy ardıc, Qırmızı
ardıc və s. növləri bitir. Ardıc meşələrinin ən
geniş sahəsi Bozdağda, Naxçıvan
meşələrindədir. Ardıcın çox da geniş olmayan sahələrdə seyrək
meşələri də
var.
Meşələrin yaş siniflərinə görə də paylanması müxtəlifdir. Belə
ki, cavan meşələr meşə
ilə örtülü
sahənin 11,2 faizini, orta yaşlı
ağaclar 63,3 faizini, yetişməkdə olan ağaclar 13,4 faizini, yetişmiş və yaşı ötmüş
meşələr 12,1 faizini
təşkil edir. Azərbaycanın əksər
meşələri yüksək
dağ yamaclarında yerləşməklə torpaqqoruyucu,
susaxlayıcı və
iqlim təmizləyici,
sanitar estetik və s. əhəmiyyətə
malikdir. Qalan faiz düzən
meşələrin payına
düşür.
Ekologiya və təbii sərvətlər nazirinin
müavini Firdovsi Əliyev deyir ki, Azərbaycan təbii coğrafi xüsusiyyətləri çox
müxtəlifdir. Təbii şəraitdən və insanların tarixən apardığı təsərrüfat
fəaliyyətindən asılı
olaraq ölkənin ayrı-ayrı regionlarında
müxtəlif tip meşələrə
rast gəlinir. Bu baxımdan
istər dağ rayonlarında, istərsə
də Kür-Araz ovalığında bitən
meşələr bir-birindən
çox fərqlənirlər.
Əgər aran zonasında
bir palıd növünə rast gəlinirsə, dağ zonasında onun 6-7 növünə təsadüf
olunur. Ona görə də dağ bölgələrində
meşəlik ümumi
ərazinin 20-60 faizini,
aran zonalarında isə bu göstərici
0,5-2,0 faiz təşkil edir. Ölkədə hər adam başına 0,14 hektar meşə
sahəsi və 17 kubmetr oduncaq düşür. Azərbaycan meşələrinin yüksəkliklərə görə
paylanmasının da özünəməxsus qanunauyğunluqları
vardır. Belə ki,
əksərən şimal
istiqamətli dağ yamaclarında palıd-vələs
meşələri üstünlük
təşkil edir.
Aşağı dağ
qurşağında az məhsuldar palıd, qarağac, dəmirağac meşələri,
orta dağ qurşağında nisbətən
məhsuldar palıd-vələs
meşələri, yuxarı
dağ meşə qurşağında isə
daha yüksək məhsuldar palıd-vələs
meşələri mövcuddur.
Onun sözlərinə görə,
ölkədə meşə
siyasəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
onun müvafiq qurumu - Meşələrin
İnkişafı Departamenti
vasitəsilə həyata
keçirilir. Hər
il departament tərəfindən
meşəbərpa və
meşə ilə örtülü ərazilərin
artırılması üzrə
işlər həyata
keçirilir.
Ölkənin iqlim, torpaq şəraiti
üzvi əkinçiliyə
əsaslanan yeni meşə bağlarının
salınması və
orada zeytun, qozmeyvəli və digər ağacların becərilməsi üçün
olduqca əlverişlidir. Nazirlik tərəfindən
bu istiqamətdə də mühüm işlər görülür. Prezident İlham Əliyevin
verdiyi tapşırıq
və tövsiyələrə
uyğun olaraq nazirlik ağacəkmə aksiyaları keçirir, yeni yaşıllıqların
salınmasından əlavə,
quruyan və təhlükə törədən
ağaclar yeniləri ilə əvəzlənir.
Meşələrin qorunması, daha səmərəli idarə
edilməsi və meşə sektorunun inkişaf etdirilməsi Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əsas prioritetlərindən biridir.
F.Əliyev qeyd edib ki,
Azərbaycanda meşələrin
mühafizəsi və
dayanıqlı inkişafına
dair Milli Meşə Proqramı hazırlanıb: "Azmeşəli
ölkə kimi meşələrin artırılması
və mühafizəsi
prioritet istiqamətlərimizdən
biridir. Bu baxımdan
ölkəmizdə meşələrin
bərpasına, yeni meşə zolaqlarının
salınmasına çox
böyük önəm
verilir. Meşə fondunun əkinəyararlı
açıq sahələrində
aqrobağlar salınır.
Həmçinin, tezböyüyən ağac cinslərindən ibarət plantasiyalar yaradılır. Belə meşə
zolaqlarının salınması
qida və ağac emalı sənayesinin inkişafı
üçün də
əhəmiyyətlidir. Milli Meşə Proqramının
hazırlanmasının məqsədi
ölkədə meşələrin
səmərəli idarə
edilməsi sahəsində
siyasi, institusional və qanunvericilik üzrə təkmilləşdirmə
işlərinin aparılmasıdır.
Milli Meşə Proqramı
2020-2030-cu illəri əhatə
edən 10 illik müddət üçün
işlənib hazırlanıb.
Bu proqram ölkədə
meşəçiliyin inkişaf
strategiyasını əks
etdirən əsas sənəddir".
F.Əliyevin dediyinə görə, sənəd layihəsində ölkənin meşə resurslarının inkişafında ictimaiyyətin və digər maraqlı tərəflərin geniş iştirakı, hazırkı meşə resurslarının mövcud vəziyyətinin ətraflı təhlili xüsusi yer tutur: "Proqramda ətraf mühitin, biomüxtəlifliyin qorunması, iqlim dəyişmələrinə adaptasiya, eləcə də kənd yerlərinin inkişafına töhfə verilməsinə xüsusi diqqət yetirilir. Həmin proqramda nəzərdə tutulan tədbirlər, ilk növbədə, dövlətin ekoloji və iqtisadi siyasətinin tərkib hissəsi olmaqla, bütün tərəflərin maraqlarına, o cümlədən, yoxsulluğun azaldılması, regionların inkişafına və kənd yerlərində əhalinin məşğulluğuna, kənd təsərrüfatı sektorunun, ekoturizmin inkişafına təkan verəcək. Eyni zamanda, istər meşə fondu, istərsə də vətəndaşların fərdi və bələdiyyə mülkiyyətinə aid ərazilərində qısa dövriyyəli kommersiya meşələrinin yaradılması nəzərdə tutulur. Nəticədə, ağac sənayesində və tikinti-inşaat işlərində idxaldan asılılıq azaldılacaq. Yeni Strateji sənəd olan Milli Meşə Proqramında bir sıra əlaqədar qurumların iştirakı ilə eroziyaya qarşı mübarizə və səhralaşma prosesinin qarşısının alınması tədbirlərinin icrası, iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması, bioloji müxtəlifliyin idarə edilməsi, meşə tingçiliyi və toxumçuluğunun inkişafı üzrə fəaliyyətin göstərilməsi nəzərdə tutulub".
Nazir müavini vurğulayıb ki, nazirlik tərəfindən meşələrin, ağacların qanunsuz kəsilməsinin qarşısını almaq üçün sərt tədbirlər görülür: "Meşələrin qanunsuz kəsilməsinin qarşısının alınması, meşələrə və yaşıllıqlara qəddar münasibət, yanğın təhlükəsizliyi tələblərinə riayət olunması üçün daim müvafiq tədbirlər həyata keçirilir. Meşələrə amansız münasibət göstərərək qırıntılara yol verən şəxslərə qarşı nazirlik tərəfindən qəti tədbirlər görülür. Ciddi ictimai nəzarətin həyata keçirilməsi üçün aidiyyəti şəxslərə və qurumlara tövsiyələr verilir. Biznes məqsədilə meşələrdə ağacların qanunsuz kəsilməsi və oğurlanması hallarının qarşısının tam şəkildə alınması üçün ictimai nəzarət və ictimai mühafizə təşkil olunur".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 30 iyul.- S.11.