Yunanıstan: səfər
təəssüratları və zəngin keçmişi barədə
düşüncələr
(Əvvəli
ötən şənbə sayımızda)
B.e.ə. 490-cı ildə persiyalılar Egey sahillərinə
ikinci dəfə qüvvə göndərdilər. Xainlər
onlara qapını açdıqda, əhali qul edildi. Persiyalılar Marafon buxtasında sahilə
çıxdılar. Yunan generallarından
daha dinamiki olan Miltiadın ayağa qaldırdığı
afinalılar düşməni Marafon düzənliyində
qarşılamağı qərara aldılar.
Afinalılar həlledici döyüşdə say tərkibi iki
dəfə çox olan persiyalılar üzərində qələbə
çaldılar. Bu qələbədən
sonrakı onillikdə Afinanın güclü siyasi rəqibləri
meydana gəldi. Miltiad isə sonrakı ili
başqa bir ekspedisiyaya başçılıq edəndə, məğlub
olduğuna görə ona elan edilmiş ölüm
hökmü yumşaldılıb, ağır cərimə ilə
əvəz edildi, lakin bundan bir az sonra o, öldü.
Femistokl isə Persiyanın böyüyən təhlükəsindən
agah olduğundan xalqı inandırdı ki, pulu triyerlər
qayırmağa sərf etmək lazımdır. Onun yeni Afina
donanması persiyalıları dəf etməkdə həlledici
faktorlardan biri oldu.
Sonralar Persiyanın daha iri ekspedisiyası
Yunanıstanı işğal etməli idi. Kiçik
yunan ordusu Fermopildə dayanmışdı, oradakı dağla
dəniz arasındakı dar keçidi əlində
saxlayırdı. Buradakı uğursuzluq
Yunanıstanın şimalını itirmək demək idi.
Afina evakuasiya edilmişdi, ancaq az sayda bir
qüvvə saxlanmışdı ki, Akropolu müdafiə
etsin.
Fermopil
keçidində persiyalıların 200 minlik ordusunun yolunu 1400
adam kəsmişdi. Onların
tərkibindəki yunanlar çıxıb getdikdə, burada
300 spartalı qalmışdı, onlara çar Leonid
başçılıq edirdi. Spartalılar
nəhəng düşmən ordusu tərəfindən məhv
ediləcəklərinə şübhə etmirdilər.
Lakin onlar geri çəkilmək barədə də
düşünmürdülər. Onların
hamısı həmin gün düşmənin ox
yağışı altında həlak oldu, lakin tarixin
çox şərəfli bir səhifəsini yazdılar.
Min illər keçsə də, onların qəhrəmanlığı
unudulmur və bəşəriyyət yeri gəldikcə bu
döyüşçülərin dəlisov igidliyini himn
qaydasında vəsf edir.
Yunan donanması Salamin adasında dayanmışdı,
dar sularda vuruşmaqla, qalib gələcəyinə ümid
edirdi. Persiya çarı Kserks qərbdəki boğazı
bağlamışdı. Yunanlar Salamində
tam qələbə çaldılar və Kserks öz donanmasını
geri çəkməli oldu.
Kserks ordusu ilə quruda həlledici döyüş
Plateyada getdi.
Persiya generalı Maradoni səhər tezdən
hücuma keçdi və asan qələbə
çalacağını gözləyirdi. Lakin yunanların Spata qanadı döyüşün
nəticəsini həll etdi. Maradoni
öldürüldü, Persiya ordusunun qalıqları
qaçmağa başladı. Salamindən
sonra yunanlar böyük qələbə çaldılar.
Bu qələbə İoniyada üsyanın
geniş yayılması üçün siqnal oldu.
Sonralar
Afina ilə Sparta arasında münaqişə baş verdi. Afinalılar Peloponnes sahilində
limanları tutmağa cəhd edərkən məğlub
oldular.
Perikl
demokratiyası və imperializm
B.e.ə. V əsrin ortalarında Afina yunan dövlətlərinin
Liqasını imperiyaya çevirməkdə uğur
qazandı. Bu vaxt aparıcı Afina siyasətçisi və
generalı Perikl orduya götürüldü. Peloponnes ordusu Afina qarnizonunu darmadağın etdi.
Perikl spartalıların geri çəkilməsi barədə
danışıqların aparılmasına nail oldu. Afina imperiyası Sparta tərəfindən tanındı.
Perikl Afina demokratiyası və mədəniyyətinin
keyfiyyətində ağıla gələn bütün
ideyaları birləşdirdi və bundan Afina məbədlərinin
tikilməsi üçün istifadə olundu. Əvvəlkilərdən
fərqli olaraq Periklin tikdirdiyi məbədlər mərmərdən
idi. Yeni tikililərdən ən
böyük təəssürat yardanı Parfenon idi, orada
böyük heykəltəraş Fidinin yaratdığı
ilahə Afinanın qızıldan və fil sümüyündən
gözəl heykəli var idi. Akropolun
yamacında "Odeon" teatrı tikilmişdi. Perikl istedadlı natiq idi; məclis onun mühakiməsini
qəbul etməyə öyrənmişdi və onun
aparıcı mövqeyinin ifadəsinə qulaq asırdı.
Özündən əvvəlki strateq olan Fukidid ostrakizmə məruz
qaldıqdan sonra o, 15 il ərzində
dalbadal general (strateq) seçilmişdi. Onun
hakimiyyətinin real mənbəyi öz şəxsi nüfuzu
idi. Tarixçi Fukidid isə (o, Perikldən
40 yaş kiçik idi, b.e.ə. 455-ci ildə anadan
olmuşdu.) onun b.e.ə. 431-ci ildəki matəm
çıxışı barədə geniş məlumat
verir. Bu çıxış Peloponnes
müharibəsinin birinci ilində həlak olan
afinalıların xatirəsinə ehtiram əlaməti idi.
Həm də bu çıxış, naminə Periklin
çox iş gördüyü demokratiyanın başlıca
xüsusiyyətlərinin konturlarını
xatırladırdı. Afina dünyaya geniş
açılan şəhər idi, əcnəbiləri də
mehribanlıqla qarşılayardı, onlar Afina ticarətində
aparıcı rol oynayırdılar. Şəhər-dövlətdə
suveren orqan məclis idi, onda hər bir vətəndaş bərabər
səsə malik idi. Mühüm siyasi məsələlər
açıq havadakı yığıncaqlarda müzakirə
edilirdi, kvorumun 6 min nəfərdən ibarət olması tələb
olunurdu.
Perikl —
Vikipediya
Perikl
öz məşhur nitqində deyirdi: "Biz gözəlliyi
heç də şıltaqlığa görə,
müdrikliyi çətinliyə dözməyə görə
sevmirik, həqiqətən onları sevirik; biz var-dövlətdən
heç də sözdə lovğalanmaq üçün
deyil, fəaliyyət üçün yaxşı bir vasitə
kimi istifadə edirik. Bizdə yoxsulluğu etiraf
etmək ar deyildir, əksinə, ondan zəhmət hesabına
çıxmamaq biabırçılıqdır".
Peloponnes döyüşündə həlak olanlar barədə
isə demişdi: "Bütün yer üzü məşhur
adamların qəbri olmaq üçün xidmət edəcəkdir,
bu döyüşçülərə görə
peşmançılıq hissləri çəkin,
azadlığı xoşbəxtlik, igidliyi isə azadlıq
sayın və ona görə də hərbi təhlükə
qarşısında acizlik göstərməyin".
Fukidid
Perikl epoxasını Afinanın qızıl dövrü kimi
qiymətləndirir, keçmişinə baxaraq deyirdi ki,
"Bu, demokratiya adına idi, lakin real
olaraq birinci adamın idarəetməsi idi. Perikl
məclisi inandırırdı, məclis isə kütləyə
məhəl qoymamaqdan uzaq idi".
Afina vətəndaşlarının rifahı yüksək
standartlar səviyyəsində idi. Perikl həm də
ambisiyalı tikinti proqramı irəli sürmüşdü.
İllik təzminat daxil olmasa, onu həyata
keçirmək də olmazdı.
Lakin Afinanın dinc və müəyyən mənada
xoşbəxt həyatı uzun sürmədi və Peloponnes
müharibəsi b.e.ə. 432-ci ildə başlandı. Afina
donanması həm gəmilərin sayına görə, həm
də təcrübəsinə görə əks tərəfdə
vuruşanlara nisbətən daha güclü idi. Lakin Perikl Sparta ilə həlledici döyüşdən
qaçırdı. Attika tərk edildi və
onun əhalisi Afinada sığınacaq tapdı. Şəhəri Pireyə qədər olan divar
qoruyurdu.
Spartanın zəif cəhəti onun donanmasında və
maliyyə imkanlarında idi. Sparta hələ də
öz valyutası kimi dəmir lövhələr düzəldirdi.
Onun müttəfiqləri də aqrar dövlətlər
olmaqla, kasad resurslara malik idi. Lakin Sparta
ordusu sayca daha çox tərkibə malik idi, 30 min nəfərdən
ibarət olmaqla, Afinanınkından iki dəfədən də
böyük idi. Spartalılar Attikaya
müdaxilə edib, onu viran qoydular. Həmin ildə daha
bir mühüm hadisə baş verdi, izafi
sıx əhalisi olan şəhər kimi Afinanı taun xəstəliyi
başına götürdü, vuruşan adamların dörddə
birini və daha çox proporsiyada qadınları,
uşaqları və qulları epidemiya öldürdü. Perikl komandanlıqdan azad edildi. Lakin
qısa müddətdən sonra yenidən seçilsə də,
b.e.ə. 429-cu ildə öldü.
Altı il sonra atəşkəs yarandı, bu, daimi
sülh bağlamaq yoluna daşın döşənməsi
demək idi. Sülh bağlandıqdan sonra da nə
Spartada, nə də Afinada yenə də stabillik yox idi.
Müharibə ərzində Afinanın mədəni həyatı və intellektual iqlimi sürətli dəyişikliklərə uğradı. Sofistlər nəsli meydana gəldi, onların ümumi təsirinə həm də Sokratın təsiri əlavə olunmuşdu. Sokrat özü kasıb adam idi, qonorar tələb etmirdi, adamları düzgün dəyərlər ruhunda tərbiyə etməyə çalışırdı. O, dövlət qarşısında xidməti vətəndaşlıq borcu hesab edirdi. Həmin günlərin qabiliyyətli gənc adamlarının bəzilərinə valeh olmuşdu, adamlara güclü cəsarət hissi təlqin edirdi. Onun antitezis barədəki ehtirası ritorikaya olan marağını nümayiş etdirirdi. Tarixçi Fukidid bütövlükdə allahlara məhəl qoymurdu, Yevripid onunla mübahisə edirdi, ancaq o, insan davranışının kökləri ilə dərindən maraqlanmırdı. Aristotel də köhnə dəbdə olan adam deyildi. İzah edirdi ki, faciə sadəcə köhnə dəblidir və bəzi cəhətlərini itirmişdir. Yevripidin pyesləri real olmağa azacıq meyl edirdi, xor isə artıq iflasa uğrasa da, bəzən sadəcə musiqi prelyudiyası xidməti göstərirdi.
Afina müharibədən sonra öz imperiyasını və yunan dünyasındakı liderliyini itirdi. Sparta isə qan tökmək və müharibə metodları ilə öz imperiyasını təşkil etdi. Sparta və Persiya çarları arasında müqavilə bağlandı, İoniya yunanları Persiyanın mərhəmətinə tabe edildi. Buna baxmayaraq, Sparta İoniyadakı yunan şəhərlərini qarət etdi. Lakin müqavilədən az sonra Sparta iflasa uğradı. Sparta heç vaxt bir daha qüdrətli olmadı. Tarixçi Ksenofontun sözlərinə görə, spartalılar "öz zamanlarına belə bir inam bəsləyirdilər ki, onların bütövlükdə ağalığı şərəfli olmaqla yanaşı, həm də möhkəm qurulmuşdur". Lakin o, həm də əlavə edirdi ki, allahlar ilahi və bəşər qanunlarına zorakılıq edən adamları unutmurlar, "kimlər ki muxtar şəhərləri tərk etməyə and içmişlər, özlərinin birinci cəzasından əzab çəkməyə yaxınlaşırlar".
Əgər Sparta həqiqi inkişaf yolu ilə hərəkət etsəydi, yunan dünyasının birliyinə zərbə dəyməzdi və onun irəliləməsində fasilələr baş verməzdi. Lakin yunanlar daha ağılsız hərəkətlərə yol verirdilər. Qədim romalıların "Kimi Yupiter məhv etmək istəyirsə, onu ağıldan məhrum edir" zərb-məsəli yunan birliyi qayğısına qalmayanlara birbaşa aiddir.
Persiya amilinə görə, yunanlar bir-birinə nifrət edirdilər və özlərini bu yolla məhv edə bilərdilər. Onların Persiyaya təhlükəsi isə yalnız cüzi idi.
B.e.ə. IV əsrin ikinci rübündə Afina demokratiyası yenidən bərpa olundu. Dağılan şəhər də 404-cü ildə bərpa edilmişdi. Artıq Sparta da süqut etmişdi və heç də qüdrətli deyildi.
Fiva çarı Epaminond Peloponnesə girdi. Spartanın qapısına od və ölüm gətirdi. Ksenofontun
dediyi kimi, "Heç vaxt silahlı düşməni
görməyən şəhər qadınları
dözülməyən düşmənin törətdiyi
yanğından qalxan tüstünü gördülər".
Epaminond həm də Afinaya
çağırış şəklində özünə
donanma qüvvəsi yaratdı. Fivalıların
cəsarəti hədd tanımırdı. Spartalılarla döyüşün
qızğın çağında Epaminond şəhərin
içərisində öldürüldü, nəticəni həll
edilməmiş şəkildə qoyub dünyadan
köçdü.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2021.- 31 iyul.- S.22.