Pəncərədəki qız
esse
İNSANIN
MƏNA AXTARIŞI
Bir müddət
əvvəl paytaxtdakı
göydələnlərdən birinin həyətinə daxil olarkən qadın yalvarışları,
hələ tam yetişməmiş
qız səsi gəldi qulağıma.
Başımı yuxarı - səs gələn tərəfə
çevirəndə dördüncü
mərtəbədə arıq,
çəlimsiz, bir ayağını aşağı
salladığını, zəif
qolları ilə pəncərənin çərçivəsindən
bərk-bərk yapışaraq
özünü atmaqla
anasını təhdid
edən bir qızcığaz olduğunu
gördüm. Ana da
yalvararaq onu fikrindən daşındırmağa
çalışırdı. Ətrafda tək-tük insan olduğuna görə, bəllidir ki, qız pəncərəyə
yeni çıxmışdı.
Bayaqdan anasının
adını çəkərək
dil tökdüyünü
görüb, aşağıdan
qıza səsləndim,
"gözlə, gəlirəm"
dedim. Qız çaşğınlıqla yuxarıdan
aşağı süzdü,
böyük ehtimalla kim olduğumu müəyyən etməyə
çalışırdı. Fikri yayınmış, hıçqırığı
da dayanmışdı.
Qonşulardan birinin yardımı
ilə təsadüfən
yanından keçdiyim,
şifrəsini belə
bilmədiyim binanın
qapısından içəri
girərkən yuxarıda
nə edəcəyimi,
belə bir riskli addımı necə atdığımı
düşündüm. Dördüncü mərtəbədə açıq qapının
önünə toplanan
qonşular pıçhapıç
salmışdılar. Ana
isə içəridə
çırpınırdı. Gah dilə tutur, arada bir sol əli
ilə dizinə vurur, gah da
əlindəki telefonla
kiməsə zəng etməyə çalışırdı.
Otağın qapısına
yaxınlaşanda qızın
"hər şey mənasızdır" deməyi
qulağımda əks-səda
verdi. İlkin ehtimalım
bu oldu ki,
on üç yaşlı
qız yaşamaq üçün məna tapmadığına görə
bu addımı atmaq istəyir. O an beynimdə "İnsanın məna axtarışı" adlı
o möhtəşəm kitabın
işıqları sönüb-yanmağa
başladı.
İnsan ömür boyu bu dörd hərfli
kəlmənin axtarışında
olur, itirdiyini və ya tapmayacağına
inandığı halda
yaşamaq gözündə
sıfırlanır. Yəhudi
əsilli avstriyalı
psixiatr Viktor Frankl Avstriya kimi dünyaya
açıq, sülhsevər,
zəngin mədəniyyətə
malik ölkədən
çıxıb, Nazi əsir
düşərgəsinə düşmüş, dəhşəti
iliklərinə qədər
yaşamış, həyatın
acı həqiqətləri,
vəhşilikləri ilə
ən sərt şəkildə üzləşərək
darmadağın olmuş,
həmin düşərgədə
bacısı xaric ailəsindən kim varsa hamısını itirmiş, çox sevdiyi həyat yoldaşını və övladlarını bir daha görməmişdi. Düşərgədə dəhşətli şərtlər altında
səfil, ac, kir-pas içində sürünmüş,
hər gün fiziki və psixoloji işgəncəyə
məruz qalmışdı.
Yaşadıqlarını və düşüncələrini
bu kitabda yazmışdı. Frankel, bədənən qüvvətli
olan deyil, mənən qüvvətli
olanların xəstəliklərə
və dəhşətlərə
dözə bildiyini müşahidə edir həmin düşərgələrdə.
İnsanın ömür boyu
məna axtarışında
olduğundan bəhs edən kitabda, bunu yalnız insanın özünün
tapa biləcəyini söyləyir. Məsələn, uşaqlar da həmin mənalardan biridir. Mənim gözümdə övlad böyütmək
məşəqqətli işdir.
Həyatın ən çətin,
ən məsuliyyətli,
eyni zamanda, ən yorucu yönüdür. Amma uşağı
olmayan insanların da valideyn olmaq
üçün dəridən-qabıqdan
çıxmaları da
həqiqətdir. Çünki insan üçün ana-ata olmağın böyük mənası
var. Bəzən nənə,
baba xəstəliklərlə
mübarizə aparır,
canlarını qoymağa
yer tapmır, üzü gülmür, sevinməyi unudurlar. Elə ki nəvə dünyaya gəlir, bu şəxslər körpə ilə yenidən doğulur, gümrahlaşır, canlanır,
uşağın arxasınca
qaça-qaça ağrılarını
unudur və özlərini xoşbəxt
hiss edirlər. Çünki nəvə onların ən böyük mənasına çevrilir.
Aparılan araşdırmalar da sübut edir
ki, xoşbəxt hiss edən insanlar daha sağlam və uzun ömürlü
olurlar.
Yaxşı, nədir bu məna axtarışı? Doğumdan altı saat sonra məna vermə sisteminin inşası başlayır. Körpənin hipokamusunda duyğusal yaddaş hərəkətə keçir və "güvəndəyəmmi", "sevilirəmmi", "dəyərliyəmmi" suallarına cavab axtarır və tapır. Tapdığı cavablara görə anlam vermə sistemini qurmağa başlayır. Əgər vecsiz ortamda doğulubsa, ya bir ot, bir bitki kimi təsadüf nəticəsində ayaqda qalır, ya da əzilir, məhv edilir. Beyni qarmaqarışıq, ətrafında gördüyü insanların məna vermə sistemini təqlid edərək böyüyür. Mühafizəkar və təhdid dolu ortamda doğulubsa, ona mütəmadi olaraq bu fikirlər yeridilir; hər şeyin ən doğrusunu mən bilirəm. Kimə nə üçün inanmalısan, məqsədlərin nə olmalıdır, nə vaxt hansı addımı atmalısan, necə yaşamalısan suallarına cavab axtarmayacaqsan, mən hamısını sənə öyrədəcəm. Məndən fərqli düşünməyəcəksən, sənə öyrətdiklərimi sorğulamayacaqsan, sadəcə inanıb, itaət edəcəksən. Bizim kimi olsan, səni sevib, mükafatlandıracağıq. Əks halda sevgimizdən məhrum olub, cəzalanacaqsan, yalnız və çarəsiz qalacaqsan.
Çağdaş, mədəni ortamda doğulan uşaqlara isə mütəmadi bu mesajlar verilir; sənin potensialın yüksəkdir. Müşahidə edərək, sual verərək, təcrübədən keçirərək yaşamağı öyrənəcəksən və özünə məna qatma sistemini inkişaf etdirəcək gücün var. Sənə inanıram, səndə özünə inan. Mən sənə həmişə dəstək olacam. Suallarına birlikdə cavab tapacağıq. Amma məna qatma sistemini sən inşa edəcəksən. Çünki sənin üçün ən yaxşısını sən qura bilərsən.
Üçüncü ortamda böyüyənlər fərd, şəxsiyyət
olmaq azadlığına sahib,
uğurlu insanlar olurlar. Bu üç
ortamdan ən təhlükəlisi vecsizlərin
arasında doğulmaqdır. Ölümlə qalım
arasında var-gəl edərək yaşayırsan. Məsələn,
son zamanlar
küçələrə atılan uşaqlar
bu kateqoriyada
doğulanlardır. Mühafizəkar və təhdid dolu ortam isə əvvəl-axır
əldə partlayır, pəncərədəki qız kimi. O da mühafizəkar ortamda böyüyüb. Mənanı özünün
tapmağına imkan verməyiblər, rəqs
etməyi sevməyib, amma ailəsi istədiyi
üçün öyrənib, şahmat oynamaqla arası
olmayıb, mütəmadi uğursuz nəticələr
əldə edib, amma
başqaları bacardığı üçün
ona da bu
yöndə təzyiq edilib. Daha on üç yaşı var, amma ona
sırınan mənadan
bezib. Pəncərədən necə yapışdığını
gördüm, məqsədi
özünü atmaq deyil, ailəsini cəzalandırmaq idi.
Ona sırınan mənaları
rədd edib, öz mənasını özünün inşa etməyi idi. Frankelin dediyi kimi, "insan öz mənasını
yalnız özü inşa edə bilər". Doğrudur, bəzən
üsyan etmək, qarşı çıxmaq
naminə də olsa, bunu özü
etməlidir. Pəncərədəki
qız kimi...
Türkan
TURAN
525-ci qəzet.- 2021.- 31 iyul.- S.20.