Qotland. İsveç savannasına səyahət
"Şəhərlər və ölkələr”
silsiləsindən
Qotland
İsveç savannasına səyahət
Deyim, Qotlanda səfərə yeganə səbəb pandemiyadır, düz çıxmaz. Yəni, tək qıraq ölkələrə səyahət çətinlikləri var deyə seçmədik buranı. Bu, olsa-olsa həqiqətin yarısıdır. Normalda bu bahalı adaya iki günlük səfər xərcinə turizm saytlarından İspaniya, Yunanıstan, Türkiyə, canım sizə desin, Aralıq dənizi ölkələrin başqa birinə bir həftəlik putyovka alarsan. Ölkələr turistlərin üzünə indi-indi açılsalar da səfər riskləri hələ də qalır. Qotland isə İsveçdaxili turist məkanıdır, səfərə koronavirus maneəsi yoxdur.
Həqiqətin o biri yarısı mənim arzumdur. Qotlanda getməyi İsveçə köçəndən arzulamışam. Üç il əvvəl dünya kinosunun klassiki İnqmar Berqmanın 100 illik yubiley günlərində yazdığım "Berqman, Tarkovski və Qotland adası” yazısında isə qəti söz verdim ki, o iki nəhəng sənətkarın eşqinə bu adaya gedəcəm. Odur ki, qısa müddətli səfər həvəsinə düşəndə xanıma, gəl elə Qotlanda gedək, deyib Baltikin ləpədöyənində iki gecəlik otaq kirayələdim.
Qəribədi, adam "gəlmək”dən çox, "getmək” haqda düşünür. Sizi bilmirəm, mən "getmək”dən ötrü sino gedirəm. "Getmək” sözünün "ayrılmaq” kəlməsiylə məna səsləşməsi var, düzdür, amma mənim aləmimdə getmək həm də qovuşmaqdır. Kiminləsə, yaxud nəyləsə görüşmək, qovuşmaq üçün gedirsən.
"Salam ata, mən sənin oğlunam”. Aytmatovun "Ağ gəmi”sindən
Hər dəfə İsveçin gəmi-bərələrinə minəndə Çingiz Aytmatovun "Ağ gəmi” əsərindəki uşaq yadıma düşür. O balaca oğlan balıq olub gəmiyə sarı üzməyi, gəmidə təzədən adama çevrilib itmiş atasını tapmağı, sonra atasıyla birlikdə uzaqlara getməyi xəyal edir. Dediyim odur ki, mən də o uşaq kimi "gələnlər”dən yox, "gedənlər”dənəm.
***
Yola obaşdan çıxdıq. Ölkənin qərb sahilindən şərq sahilinə 4 saat yol sürəcək, sonra gəmi-bərə ilə 3 saat adaya doğru üzəcəkdik.
Bakı ilə danışanda deyirdilər ki, orada qorabişirən istilər keçir. Mən də Bakı istisindəymişəm kimi hərdən maşının şüşəsini endirib əlimi yağışlı havaya çıxarırdım. Yol boyu kəsməyən yağmurun iynəucu damlaları dərimə sərinlik çilədiyi kimi isveçli cazmen Nils Landgrenin saksafonunda səslənən ”Gotland”ı da ruhumu hüzur beşiyindəymiş kimi yırğalayırdı.
Sizin
üçün Fausto Papettidən "My way”, dinləyin
Nilsi təzə kəşf eləmişəm, vaxtilə
ABBA-da da çalıbmış. Düzdü, sevimli
saksafon ifaçılarıma – Fausto Papettiyə, George Katsarosa
çatmaz, amma Qotland yolunda onun "Gotland”ını dinləməyin
yeri vardı.
Belə
vaxtlarımda rahatca özümü bizi Ağdamın istisindən
Şuşanın sərinliyinə aparan atamın
sürdüyü maşında hiss edə bilərəm. Atam da dolamaları qalxdıqca əlini çölə
çıxarar, sərinliyə maqnitafonda oxuyan Şahmalı
Kürdoğlunun "Rast”ını qatardı.
Mənimsə saksafon fonunda yağışlı havada
maşın sürməkdən xoşum gəlir. Romantik oxucu
göydə tutar dediyimi.
***
Pandemiya
bitsin, yenə konsertlər olacaq
Qotland adası İsveçin siyasi, biznes, kültür
elitasının tez-tez cəmləşdiyi yerdir. Ölkə səviyyəli
görüşləri, elə beynəlxalq tədbirləri də,
həvəslə burada keçirirlər. Sosial
nərdivanın üst pillələrində qərarlaşmış
kəsim dincəlməyə bura gəlir. Yəni
kasıb isveçlilərin arzusudur Qotland. Məsələn,
səfər öncəsi rastıma çıxan qonşu
Monikadan "Qotlandda olmusanmı?” soruşanda, "Yox, ora
çox bahadır”, dedi. Sonra da "Amma deyirlər
gözəldir”, əlavəsini elədi.
Adanın
baş şəhəri Visbidə hər il
dünyanın ən böyük "demokratiya
festival”larından biri keçirilir. Almedalen
parkında İsveçin siyasi partiya rəhbərləri, vətəndaş
cəmiyyəti fəalları, böyük biznes
qurumlarının yönəticiləri həftə boyu
ölkənin siyasət və cəmiyyət problemlərini
müzakirə edirlər. Müxtəlif
mövzularda seminarlar, təqdimatlar olur.
İsveçlilərin Almedalsveckan dedikləri Almedalen həftəsi
– Demokratiya festivalı 1968-ci ildən keçirilir. Əvvəl-əvvəl
yalnız sosial-demokratlar yığışar, debatlar, siyasi
müzakirələr təşkil edərmişlər. Partiyanın sonralar qətlə yetirilən lideri Olof
Palmenin 1968-ci ildə yük maşınının
üstündə elədiyi tarixi çıxış
Demokratiya həftələrinə başlanğıc olub.
Olof Palmenin Almedalen parkında
çıxışlarından biri. Ötən əsrin 60-70-ci illəri
İndi isə iqtidarlı-müxalifətli hamı gəlir
Almedalen həftəsinə. Nədən istəsən
danışırlar. Bir növü Londonun
Hayd parkı kimi.
Bu mənada azadlıq adası da deyərdim Qotlanda.
Həm də
azad sənət adası deyərdim
"Sənət adamının özünü
nümayiş coğrafiyası onun azadlıq sərhədlərinədəkdir.
Andrey Tarkovski SSRİ-yə qayıtmamasını orada
işləməyə, film çəkməyə imkan verilməməsi
ilə izah edirdi atasına yazdığı məktubda. Ömrü
boyu cəmi yeddi film çəkə bildi, beşini vətəndə,
ikisini vətəndən uzaqda, qərib rejissor kimi.
İnqmar Berqmanın isə azadlığına
İsveçdə sərhəd olmayıb. Teatrda 170
tamaşa səhnələşdirib, 100-cən bədii, sənədli,
televiziya filmi çəkib. Bununla belə, şəxsi həyata
da bol vaxt ayırıb – teatrı arvada,
kinonu məşuqəyə bənzədən Berqman beş
qadınla rəsmi nikaha girib.
Görünür, azadlıq tək
yaradıcılığa deyil, sevgiyə də üfüqlər
açır.
Azadlıq nələrə üfüq açmır ki!”
Yuxarıdakı sətirlər "Berqman, Tarkovski və
Qotland adası” yazısındandır.
Andrey
Tarkovski və İnqmar Berqman
İlqmar Berqmanı Bergmancenterdə – onun kino
yaradıcılığını əks etdirən muzeydə
yad etdik. Dünya kinosunun klassiki ömrünün son illərini
burada, insanlardan uzaqlaşıb guşənişin olduğu
Forö (Fårö) adasında yaşayıb, ölüb,
basdırılıb. Bərə bu iki ada
arasında gün boyu işləyir. 10 dəqiqəyə
keçirsən.
Bura turistlər əsasən iki yerə dəyməyə
gəlir. Biri söz açdığım Bergmancerterdir.
O biri Langhammarsgubbendir – Baltik sahilindəki əhəngdaşı
süxurlarının eroziyaya uğraması nəticəsində
əmələ gəlmiş daş sütunlu qayalıq. Onu da deyim ki, Qotlandda 7 belə qayalıq var.
Hamısı da milli park statuslu qoruqdu.
Muzeydə
öyrəndim ki, Berqman adına
üç fond var. Muzeyin əməkdaşı deyir ki, bu
fondlar müxtəlif təyinatlı olsa da birgə işləyirlər
ki, Berqman irsini layiqincə yaşada, yönləndirə
bilsinlər.
Bergmancenterdə
onun filmlərinə də baxmaq olar
İnqmar
Berqman Fondu hər il ssenari müsabiqəsi
elan edir. Bu ilki qalib "Həyat rişəsi”
ssenarisinə görə Praqa Film Məktəbinin məzunu
İnqa Kempe adlı gənc ssenarist və rejissor xanımdır.
Muzey, həmçinin, ildə bir dəfə Berqman Həftəsi
keçirir. Həftə boyu kinoşünaslar, aktyorlar,
rejissorlar, sadə kinosevərlər yığışıb
Berqman yaradıcılığından, yerli və dünya
kinosunun yeniliklərindən danışırlar.
Muzeyi dolaşdıqca bizdə də belə bir muzey-mərkəzin
açılması arzusu keçir adamın könlündən. Məncə,
bunu eləsə-eləsə Rüstəm İbrahimbəyov edər.
Ondan müsahibə alanda İçərişəhərdəki
evində olmuşdum. Bax, o malikanədən
əsl kino mərkəzi çıxar – İbrahimbəyovun
Kino Evi, məsələn.
Langhammarsgubben
milli parkı
Sonra yolumuzu Langhammarsgubben milli parkına saldıq. Adanın
şimal sahillərində yerləşən bu əhəngdaşı
süxurları sonuncu buzlaşma dövründən qalıb.
Nəyə görəsə elə bilirdim ki,
Berqman onun adını dünya ilə bir edən "Yeddinci
möhür” filmində Cəngavərlə Ölümün
şahmat oynadığı kadrları burada çəkib.
Yanılıbmışam! Öyrəndim ki,
filmin o yeri İsveçin qərb sahilində,
yaşadığım şəhərə yaxın Hovs Hallar
qoruğunda çəkilibmiş.
Əvəzində başqa bir sevdiyim rejissorun kino çəkdiyi
yeri axtaranda yanılmadım.
Andrey
Tarkovski son filminin son kadrını burada çəkib
Səhəri gün Qotlandın cənubuna getdik. Andrey Tarkovskinin son filmi
"Qurbanvermə”nin ("Æåðòâîïðèíîøåíèå”) son kadrlarını çəkdiyi
Närsholmen-ə. Film haqda yuxarıda söz
açdığım yazıda bəhs etdiyimdən bir də
mövzuya qayıtmaq istəmirəm. Bircə
onu deyim ki, İohann Baxın "Matfeyin ehtirasları” musiqisi
fonunda bəşəri xilas naminə qurbanvermənin kinoda təcəssüm
olunduğu kadrları niyə məhz burada çəkdiyini
anlamaq istəyirdim.
Geri gönəndə Folhammar qayalığına –
adanın şərq sahilindəki əhəngdaşı
süxurlarına da dəydik. Min illərin bu əhəngdaşı
suxurlarına toxunanda bəşəri zamanda bir an, təbiətdə
bir toz dənəsi olduğunu anlayırsan. Onda keçmişin və bu günün tanrı
iddialı fironlarını başa düşməkdə
problemin yaranır. Bəlkə də bu
yerləri dahi rejissora sevdirən qədim süxurlar və
onların insanlara vermək istədikləri səssiz
mesajlardı. Tarkovski o daş mesajları
oxuya bilib deyə Apokalipsis öncəsi həyəcanı kino
dilində ötürmək istəyib. Nə
biləsən.
Folhammar
qayalığı
Yaşlı kino xiridarları xatırlayarlar, istərdim
gənc kinosevərlər də tanısınlar bu dahi
rejissorları.
Onların bənzərsiz
"darıxdırıcı” şedevrlərinə
baxsınlar. Niyə
"darıxdıcı” deyirəm onların filmlərinə?
Cavabı yuxarıda adını çəkdiyim yazıda var,
keçid qoyuram, maraqlı gəlsə, oxuyarsınız:
"Berqman, Tarkovski və Qotland adası"
Afrika
savannası və "Tanrı quzusu”
Qotlandın bu başından o başına –
şimalından cənubuna gedəndə adanın
İsveçdən fərqli iqlimini aydın görür,
duyursan.
Xüsusən də cənub sahillərinə yön alanda
özünü Afrika savannasında hiss edirsən. Çöllük, otlaqlar, balacaboy ağaclar, kollar.
Diqqətimi cəlb edən bir də qoyun fermaları,
qoyun dərisi satanların yol uzunu reklam yazıları oldu. Qoyunçuluq
İsveçdə populyar deyil, amma bu adada ən çox
gözə dəyən qoyun rəmzləri idi. Əyalətin bayrağında da qoyun rəsmi əks
olunub.
Maraqlandım. Sən demə, bu, xristianlıqdan gəlir.
"Tanrı quzusu” 1280-ci ildən adanın
simvolu kimi bayraqlarında, herbində yer alıb. İohannın "İncil”ində İsa peyğəmbər
haqda deyilmiş sözdür. "İohann İsanı
gördü və dedi: "Dünyanı xilas edəcək
Tanrı Quzusu”.
Üstündə "Tanrı quzusu” əks olunan bayraq
1936-cı ildə Qotlandın rəsmi bayrağı kimi qəbul
olunub.
Lummelunda
mağarasında Şuşa söhbəti
İbrahim xanın mağarasından çox adamın xəbəri
yoxdur.
Heç ali təhsilini Şuşada
almış xanımım da bilmirmiş. Ona
danışdım, sizə də deyim.
Cıdır düzündən
üzüaşağı baxanda nəhəng Daşaltı dərəsinin
o üzündə sıldırım qayalar arasında
kiçik qara dəlik kimi görünür. Atam o
mağaranı göstərib uşaq vaxtı dostlarıyla ora
macəralı səfərindən danışardı. Deyirdi ki, dar cığırla qorxa-qorxa gedibmişlər.
"Aşağı baxanda gözün
qaralır, yuxarı boylananda başın gicəllənir”.
Uzaqdan
balaca görünsə də mağara hündürdü, adam at belində girə bilir. Deyilənlərə
görə Qacar Şuşanı tutanda İbrahimxəlil xan
burada gizlənibmiş.
İbrahim xanın mağarası. Şuşa
Adamda,
özü də mənim kimi xəyalpərəstdə arzular
bitib-tükənməz! Lummelunda
mağarasına girəndə ürəyimdə bir gün
Şuşadakı Xan mağarasına, bir də Füzilidən
cəmi 14 kilometr aralıda yerləşən Azıx
mağarasına getmək istəyi yarandı.
Lummelunda mağarası Visbi şəhərindən 13 kilometr
aralıda yerləşir. Mağaranı ötən
əsrin əvvəllərində üç oğlan
uşağı təsadüfən kəşf edib. Qayalardan sızan suyun əmələ gətirdiyi
kiçik çay 1 kilometrdən çox yeraltı
axışla Baltik dənizinə tökülür. Bütün mağaralar elə bu cür suların
süxurları əritməsi nəticəsində əmələ
gəlir. Elmdə buna karst hadisəsi
deyilir. Lummelunda da əhəngdaşı
süxurlarının yuyulması ilə yaranıb.
Lummelunda
mağarası
İl ərzində 100 min turistin ziyarət etdiyi
mağarada hava hərarəti yay-qış eyni dərəcədə
olur – müsbət 8-12. Yaxşı ki, mağaraya düşmədən
öncə özümüzlə isti paltar götürməyi
tövsiyyə etdilər. Yoxsa qısaqol yay köynəyində
adam sətəlcəm də olar saat
yarımlıq bu yeraltı tur-gəzintidə.
Yaşı min illərlə ölçülən
stallaktik (tavandan sallanan) və stalaqmit (döşəmədə
altdan yuxarı qalxan) süxurlara burada da rastladım. Bu süxurlar əhəngdaşından
əmələ gəlmiş sırsıra mineral maddələrdir.
Bəzən stallaktik və stalaqmit süxurlar
birləşib sütuna çevrilirlər. Bu proses milyon
illər çəkir.
Alanyanın Dim mağarasındakı Damlataş
sırsıraları ilə müqayisədə buradakılar
çox kiçikdilər. Dim
mağarasının sırsıra süxurlarının
yaşı milyonlarla ölçülür, ona görə də
çox iridilər.
Dim mağarası. Alanya, Türkiyə
Adamda qəribə duyğular oyadır bu
sırsıralar. Onların yaranışından keçən
milyon illər bir göz qırpımında gəlib
keçir və beləcə dünya da, zaman da gözündə
kiçilir.
Demək istəyirəm ki, daha öz
mağaralarımız – Azıx da, Xan mağarası da azad
olunub. Qarabağa gedəndə yolunuzu oralardan salın.
Mən də getmək istəyirəm.
Yollar xalqın üzünə açılsın, gedəcəm!
Vikinqlərin
qurbangahı
Vikinqlərin Qotland adasında VIII-XII əsrlərdə
yaşadığı ehtimal edilir. Burada onların daş
üzərində runik yazıları da tapılıb. Visbi şəhərinin adı da qədim skandinav
dilində "qurbangah”, yəni qurban kəsilən yer
anlamını verir.
Visbinin
güllü küçələrindən biri
Belə söyləyirlər ki, Visbi Skandinaviyada Orta əsr
memarlıq üzlubunu az-çox saxlanmış tək şəhərdir. Qala divarları içindəki
qədim küçələri dolaşdıqca
özünü Orta əsr Avropasında hiss edirsən. Yəqin
elə buna görədir ki, 1984-cü ildən bəri hər il burada Orta Çağ Həftəsi
("Medeltidsveckan”) festivalı keçirilir. Orta
əsr sayağı bazarlar açılır, qədim
libaslı adamların iştirakçı ilə müxtəlif
turnirlər, oxatma, atçapma, qılınc oynatma
yarışları keçirirlər.
Turistlərin adaya ən çox gəldiyi dövr hər
ilin avqustunda keçirilən bu festival günləri hesab
olunur. Tədbirlər tək Visbidə deyil, bütün
ada boyu təşkil olunur. Festivala maraq ilbəil
artır. Məsələn, əgər turistlər
2007-ci ildə festival vaxtı 125 milyon kron xərcləmişdilərsə,
2014-cü ildə 204 milyon kronluq, yəni 20 milyon avroluq
alış-veriş ediblər.
Visbini gəzməyə qala divarları arasındakı
qədim hissədən başladıq. Şəhərin
dairəvi qala divarları XIII-XIV əsrlərdə tikilib.
Bu günə 3,5 kilometrlik hissəsi salamat
qalıb.
Visbinin
qala divarı
Şəhərdə 13 qədim kilsə
xarabalığı var. Hamısı da orta əsrdən qalma. Biz Drottens, bir
də Müqəddəs Nikolay kilsə xarabalıqlarına dəydik.
Burada gördüklərim Ağdamın
Qiyaslı kənd məscidini xatırlatdı. Hər
ikisinin fotolarını qoyub facebookda belə bir status
paylaşdım: "Bir-birinə oxşadığına
baxmayın, eyni yerin şəkilləri deyil bunlar. Birinci fotonu internetdən götürmüşəm,
Ağdamın Qiyaslı kənd məscidinin
xarabalığıdır. O birilərini özüm
çəkdim, İsveçin Qotland adasındakı XIII əsr
kilsəsinin – Drottens Ruin – qalıqlarıdır. Qotland kilsəsini tarix bu kökə salıb,
Qiyaslı məscidini isə erməni
işğalçıları xaraba qoyub”.
Visbinin 13
kilsə xarabalığından biri
Maraqlandım. Sən demə, gəlmək nədi,
adanı işğal da edibmişlər. Özü
də Qarabağı zəbt edən dönəmdə. İsveçlə 1808-1809-cu illər müharibəsi
vaxtı. Amma cəmi 3 həftə
adanı işğalda saxlaya bilibmişlər.
Ondan əvvəl isə uzun əsrlər boyu Qotlandla
Novqorod arasında ticarət əlaqələri varmış. Visbidə
rusların, Novqorodda isə isveçlilərin ticarət
nümayəndəliyi fəaliyyət göstərirmiş.
Şəhərə
təpə başından baxış
Şəhər haqda qısa bunları yazsam, bəsdi. Nə qədər
təsvir etsəm də Qotlandın vəsfinə yetməz.
Elə təkcə Högklint uçurumunun mənzərəsi
nəyə desən dəyər. Uçurumun Baltik dənizinə
uzanan ən uc nöqtəsinə çıxdım ki, şəklimi
çəkə, xanımdan qopan fəryada az
qala göydə qağayılar qanad salacaqdı. Qorxdu ki, yıxılaram. Sonra
hündürlüyə gözü alışdı və bu
möhtəşəm mənzərədə çəkdiyi
şəklim belə alındı.
Högklint yüksəkliyi
***
Elə gəldiyimiz gəmi-bərəylə də geri qayıtdıq.
Qotlandı da sevdik, Visbini də. Azərbaycanın
nişanələrini gördük, yəqin ona görə
Visbi doğma gəldi. Burada elə bilirsən bizim Şuşa, Şəki, bir də Nabranın
sintezindən yaranmış bir yerdəsən. Şuşanın
Qala divarı da var, Şəkinin kirəmitli damları,
Nabranın daşlı sahili də.
Hər
yanda Yurd nişanəsi gəzən bəndəniz belə
gördü Qotlandı…
Vahid Qazi
İyul, 2021
Qotland, İsveç
525-ci qəzet.- 2021.- 31 iyul.- S.16;21.