Düz dünya teoremi  

 

 

HANSI TƏRƏF HAQLIDIR?

 

 

Dünya düzdür, yoxsa kürə formasındadır? Əslində, bu sualın daha doğru forması budur: Siz niyə dünyanın kürə formasında olduğunu düşünürsünüz?

 

Bu mövzuda mənim bir fikrim var. Amma cavabı öncədən quru-quru vermək yerinə, dünyanın hansı formada olması məsələsindəki fikir ayrılıqlarının səbəbi, bəzilərinin niyə düz dünyaya inandığı ilə bağlı arqumentlər haqqında danışmaq daha doğru olar.

 

Texnologiyanın mövcud olmadığı zamanlarda dünya onun forması haqqında müxtəlif fikirlər formalaşırdı. İnsanlar bir zamanlar öküzün öz buynuzlarında dünyanı daşıdığına belə inanırdılar. Misirlilər dünyanı qapağı bağlananda qaranlıq - gecə olduğu bir qutu içərisində təsəvvür edirdilər. Təbii ki, həmin zamanlar bunların doğru olmadığının isbatı olmadığı kimi, doğru olduğunun da isbatı yox idi. Bu cür məsum, ancaq məntiqsiz fikirlər bir müddət bütün insanlıq tərəfindən qəbul edilirdi.

 

Eramızdan əvvəl V yüzillikdə Pifaqor ilk dəfə dünyanın kürə şəklində olduğunu iddia etdi. O, bu nəticəyə dənizdəki gəmiləri müşahidə edərək gəlmişdi. Gəmilər üfüq xəttində yoxa çıxırdı bu, ancaq dünyanın kürə şəklində olması ilə mümkün ola bilərdi. Bu mülahizəni 200 il sonra Aristotel dəstəklədi. Dövrünün ən məşhur alimlərindən Əl Biruni dünyanın forması ilə bağlı araşdırmalar etmiş dünyanın məhz kürə formasında olması qənaətinə gəlmişdi. Daha sonra Nikolas Kopfernik Xristofor Kolumbun araşdırmaları da eyni nəticəyə gəlib çıxırdı.

 

Zaman irəlilədikcə texnologiyanın inkişafı prosesi sürətlənirdi. Qalileo Qaliley astronomiya tarixinin ən böyük kəşfinə imza ataraq teleskopu icad etdi. Əvvəlcə özünə ən yaxın sayılan Aya, sonra isə Yupiterə baxdı kürə formasında cisimlərdən başqa heç görə bilmədi. Bu, onun dünyanın kürə formasında olması ilə bağlı isbat idi.

 

Fernan Magellan isə icadlara inanmayıb, gerçəkləri öz gözləri ilə görmək üçün dünya səyahətinə çıxmaq qərarı aldı. İspaniya sahillərindən başlayan səyahət Sakit okeana qədər, ardınca Yaponiya sahillərindən başlayaraq Hind okeanına, davamında isə Afrika sərhədlərindən təkrar İspaniyaya qədər davam etdi.

 

Zaman irəlilədikcə texnologiya artıq daha çox inkişaf edirdi. 1946-cı il oktyabrın 24-də Yerin kosmosdan çəkilən ilk şəkli paylaşıldı. Şəkildə Yerin əyriliyi ilk dəfə aydın şəkildə nəzərə çarpırdı. Bu, astronomiya üçün möcüzəvi bir inkişaf idi. Çünki hər zaman şübhə içində yaşayan insanlarda artıq heç bir şübhə qalmadı dünyanın digər planetlər kimi kürə formasında olmasına inanclar gücləndi.

 

 

 

Bəs bütün bu inkişafdan sonra oldu ki, dünyanın düz olması ilə bağlı iddialar yenidən ortaya atıldı?

 

Bəziləri düşünür ki, bu məsələ ABŞ ona ortaq bəzi dövlətlərin araşdırmalar etmək üçün gizlətdiyi bir sirdir. Bu barədə ilk dedi-qodular 1800-cü ildə İngiltərədə Samuel Börli tərəfindən yaradılmış "Düz Dünya hərəkatı"nın konfransında səslənməyə başladı. Məhz o vaxtdan müasir günümüzdəki düz dünya inanclılarına qədər hər kəsin dünyanın düz olması gerçəyi ilə bağlı bir çox səbəbləri var.

 

Ta əvvəldən başlasaq, dünyanın düz olmasına inamın səbəbi ən primitiv formada - dünyanı dayandıqları yerdən düz görmələri ilə formalaşdı. Onlar üçün isbat isə bir dağın təpəsinə çıxaraq baxmaq dünyanı hələ düz görməkdən ibarət idi. Bu bəsit düşüncə ilə birlikdə yayılan digər bir düşüncə dünyanın kürə formasında olduğu halda, altdakı insanların necə düşmədikləri, ya da dənizdəki suların necə başıaşağı formada dayana bilməsi idi.

 

1892-ci ildə 7 ölkənin təşkilatçılığı ilə bir layihə hazırlandı xəritə tərtib edildi. Tərtib edilən Dünya xəritəsində Yerin formasının düz olduğu göstərildi. Xəritədə cənub qütbü görünmürdü. Xəritədə Dünya düz formada göstərilmiş, kənarları isə buzlaqlarla əhatələnmiş Antarktidadan ibarət idi. Hətta həmin dövrdə dünyanın düz olmadığını düşünənlər kilsə tərəfindən edam olunurdu.

 

Dünyanın kürə formasında olduğunu iddia edənlərin də öz səbəb və arqumentləri var. Məsələn, bir gəminin üfüqə doğru hərəkət etdikcə gözdən itməsi kimi. Bu, onlar üçün Dünyanın düz olmadığını onsuz da isbat edirdi. Ancaq bu dəlil yetərli deyildi. Çünki "düz dünyaçılar" üfüqdə itən bir gəmiyə teleskop vasitəsilə baxdıqda gəminin əslində göründüyünü və gözlərimizin bir görmə sərhədi olduğu üçün onu görə bilmədiyimizi dedilər. Bu, əslində, doğru idi.

 

 

 

Digər bir mülahizə isə planetlərdir. İndiyədək müşahidə edilən bütün planetlərin kürə formasında olduğu açıq şəkildə göründüyü halda, içlərində sadəcə Yerin düz olması ağlabatan gəlmirdi. Bütün planet formalarından fərqli olmağımız məntiqlə mümkün görünmürdü. Ancaq bu məntiq də Yerin düz olmadığını tam isbat etmirdi.

 

Bütün bunların ardınca Yerin düz olduğuna inananlardan Günəşin və Ayın necə hərəkət etdiyi soruşuldu. Bildiyimiz kimi, Dünya Günəş ətrafında fırlanır və bir tərəfdə gündüz olanda digər tərəfdə gecə olur. Bəs düz dünyada bu, necə mümkün ola bilərdi?

 

Onlara görə, əslində, Günəş düşünüldüyü dərəcədə böyük deyil və Dünyanın sadəcə, müəyyən hissələrini aydınladır. Günəş və ay bir-birlərini dünyanın üstündə hərəkət edərək izləyir, beləliklə, gündüz və gecə yaranmış olur. Ancaq burada da üç böyük problem var.

 

Günəş düşünüldüyü qədər böyük olmasaydı, Yerin yarısını yox, müəyyən bir hissəsini aydınlada bilərdi. Yəni qaranlıqda qalan hissə müqayisədə daha böyük olmuş olardı. Digər tərəfdən, Ay və Günəş tutulmalarının düz dünyada mümkün olmaması, sadəcə müəyyən bir əyriliyə sahib kürə formasında olan bir cisimdə yarana biləcəyi fikri də məlumdur. Üçüncü tərəfdən, Ay tutulması zamanı Yerin kölgəsinin Ay üzərində kürə formasında olduğu görülürbu da düz dünya teoreminin yanlış olduğunu asanlıqla isbat etmiş olur.

 

Mən də daxil olmaqla, çoxumuz Dünyanın kürə formasında olduğuna inanırıq. Görəsən, daha hansı güclü iddialarla qarşılaşsaq, bu fikrimiz dəyişə bilər?

 

 

El ROMAN

 

525-ci qəzet.- 2021.- 31 iyul.- S.19.