Postmodern Azərbaycan nəsrində dekonstruksiya: Nizami Gəncəvi arxetipləri

 

 (I yazı)

 

Dahi Nizami Gəncəvinin  "Xəmsə"si özündən sonra Azərbaycan Şərq ədəbiyyatında yeni özümlü bir ənənə yaratmışdır. Ədəbi cameədə Nizami mövzularında yaza bilmək ustadlıq imtahanı hesab edilmiş, "Xəmsə" ənənəsi əsrlər boyu davam etdirilmişdir. Nizami Gəncəvinin xələfləri olan şairlər, nəzmi-ustadlar böyük mütəfəkkirin ədəbi ənənəsini davam etdirməklə yanaşı, onun əsərlərindən gələn mövzu süjetləri, arxetipləri zaman-zaman yeni qiyafədə təqdim etmişlər. Orta əsrlərdən gələn bu ənənə müstəqillik dövrü Azərbaycan ədəbiyyatında da davam etməkdədir. Azərbaycan postmodern ədəbiyyatında arxetiplər, xüsusilə şərq arxetipik  motivləri önəmli mövqeyə malikdir. Bu baxımdan bir sıra postmodern mətnlər məhz Nizami Gəncəvinin məşhur süjetlərinin  dekonstruksiyası əsasında qurulur.        

 

Postmodern Azərbaycan ədəbiyyatında arxetiplərin dekonstruksiyası tendensiyası fonunda Nizaminin arxetipik obraz süjetlərinə əsaslanaraq  yaradılan əsərlər sırasında Fəxri Uğurlunun hekayələri xüsusi mövqeyə malikdir. Fəxri Uğurlunun  "Tanrı dağları" hekayələr silsiləsinə daxil olan 12 hekayədən üçü  - "Leylinin Məcnunluğu", "Fərhadın Xosrovu öldürməsi", "İsgəndərin qanunu" hekayələri Nizami süjetləri əsasında qələmə alınmışdır. Fəxri Uğurlunun irfani məqamlarla zəngin olan "İsgəndərin qanunu" hekayəsinin alt qatında ədəbiyyatımızda Nizami Gəncəvi tərəfindən arxetipikləşdirilmiş "İsgəndər - ədalətli hökmdar" obrazının,  "Fərhadın Xosrovu öldürməsi" hekayəsində Şərq arxetipləri olan hökmdar sənətkar obrazlarının reinterpretasiyası, "Leylinin Məcnunluğu" hekayəsində isə məlum arxetip süjetin dekonstruksiyası ilə qarşılaşırıq.

 

Nizami Gəncəvinin "İsgəndərnamə" poemasının dekonstruksiyası əsasında qurulan "İsgəndərin qanunu" hekayəsində İsgəndərin tənhalığı darıxması fonunda insan dünya, maddi mənəvi, sevgi güc dixotomiyaları bədii müstəviyə çıxarılır. Fəxri Uğurlunun  yaratdığı İsgəndər daxilindəki boşluqdan, mənasızlıqdan qurtulmağın yolunun  kamillikdən,  daxilindəki "mən"i tanımaqdan keçdiyini anlayır. Bu hekayədə Nizami Gəncəvinin "İsgəndərnamə"sində olduğu kimi İsgəndər elmə, biliyə sığınır, əsərdə Olimpdə məskən salan ruhlar kimi təsvir olunan Əflatun (Platon) Ərəstu (Aristotel) ilə söhbətlər ona həyatının anlamını tapmaqda kömək edir. Bu postmodern hekayənin alt qatında Nizami Gəncəvinin "ədalətli hökmdar" arxetipi ilə yanaşı,  çobanlıq, çoban qızı kimi sufi rəmzlərə istinad olunur. 

 

 

 

Nizami Gəncəvinin "Xosrov Şirin" poemasında yaratdığı arxetipik süjet Nizamidən sonrakı ədəbiyyatda müəyyən qədər metamorfozaya uğramış, yeni variasiyalarda Xosrov yox, Fərhad əsas obraz kimi təqdim edilmişdir. Arif Ərdəbilinin "Fərhadnamə", Əlişir Nəvainin "Fərhad Şirin",  Səməd Vurğunun  "Fərhad Şirin" əsərlərində baş qəhrəman kimi təqdim edilən Fərhad obrazı ədəbiyyatımızda nakam aşiq sənətkar arxetipi kimi tanınır. Fəxri Uğurlunun  "Fərhadın Xosrovu öldürməsi" hekayəsində isə Fərhad  obrazında nakam aşiq sənətkar arxetipi ilə  yanaşı, müdrik qoca arxetipi əks olunur. Fəxri Uğurlunun Fərhada biçdiyi yeni qiyafə - müdrik qoca arxetipi hökmdar arxetipinin rəmzi olan Xosrov ilə sənətkar-aşiq arxetipini təcəssüm etdirən Fərhadın dialoqu fonunda meydana çıxır, gücün , sənətin müdriklik olmadan xoşbəxtliyə körpü ola bilməyəcəyini simvollaşdırır. Əsərdə ilahi eşqlə dünyəvi eşqin, cismlə ruhun, maddi ilə mənəvinin, güclə sevginin mükaliməsi fonunda insanın sonsuzluğa, ölümsüzlüyə gedən yolunun məhz ruhun təkamülündən keçdiyi vurğulanır.

 

Fəxri Uğurlunun Nizami mövzularına həsr etdiyi hekayələrdən sonuncusu "Leylinin Məcnunluğu" adlanır. Şərq Azərbaycan ədəbiyyatında ilahi eşqin simvolu sayılan bu arxetipik süjetin postmodern variantında hadisələr cari həyatın fövqündə yox, gündəlik məişət hadisələrinin fonunda təsvir edilir. Nizaminin klassik obrazları realist örtüklərə bürünsələr , hekayə boyu irfani notlar özünü büruzə verir. Məlum arxetipik süjetdən fərqli olaraq hekayədə ilahi eşqdən ayılan Məcnunu heyvanlar parçalayır "məcnunluqda" estafet Leyliyə ötürülür. Fəxri Uğurlu hekayədə  "Leyli Məcnun" (sevgi, ilahi eşq) arxetipindən "məcnunluq"(divanəlik, dəlilik) arxetipinə keçid edərək fərqli dövrlərdə yaranan digər mətnlərə istinad nöqtəsi yaradır ("Koroğlu", "Kitabi-Dədə Qorqud", Cəlil Məmmədquluzadə "Dəli yığıncağı" s. ).

 

Beləliklə, silsilədəki Nizami mövzularına əsaslanan hekayələrin hər birində arxetipik süjet dekonstruksiyaya uğrasa da Nizami ideyalarının təməl notları qorunub saxlanılır. Fikrimizcə, arxetipik süjetlərin postmodern ədəbiyyatda bu şəkildə - əsas ideya və məğz qorunmaqla dekonstruktiv təqdimi klassik ədəbiyyatın, arxetipik süjetlərin təbliğində və  gənc nəslə çatdırılmasında  böyük rol oynayır.

 

 

Elnarə QARAGÖZOVA

Filologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi (AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi cərəyanlar sektoru)

 

525-ci qəzet.- 2021.- 31 iyul.- S.18.