Meşələrin insanlara
bəxşişi - "Sinrin-yoku"
Min illərdir ki, Yaradanın insanlara lütfü olan təbiət haqqında müxtəlif araşdırmalar aparılır. Bu araşdırmalar nəticəsində təbiət hadisələrinin insan psixologiyasına, mənəvi aləminə təsiri barədə bir çox xüsuslar irəli sürülüb.
Bəşəriyyətin mifik dünyagörüşünün təməli təbiətdir. İnsanların formalaşmasında yaşadıqları iqlim tiplərinin birbaşa rolu danılmazdır. "Yaradılış" dastanından tutmuş bu gün yaranan ədəbiyyata qədər bədii nümunələrdə də təbiət hadisələrinin Yer üzündəki fövqəlbəşər gücə malik olduğu barədə təsvirlər yetərincə çoxdur. "Yaradılış" dastanı bu cümlə ilə başlayır: "Daha heç bir şey yoxkən "Tanrı Qara Xan"la "su" vardı". Mifik görüşlərə əsaslanıb yola çıxsaq, bəşəriyyətin mayasında təbiət durur. Müxtəlif sivlizasiyaların, dini görüşlərin təsiri təbiətə münasibəti müxtəlifləşdirib.
Hətta öz ölkəmizdə aran adamları, dağ adamları, köçəri həyat sürən tayfaların xarakter dəyişkənliyi hər birimizə məlumdur. İnsanın ruh qatında təbiətin ən geniş, hamilik təsiri bağışlayan hissəsi meşələrdir. Meşələr Yerin müxtəlif qatlarında formalaşmış əsrarəngiz məkanlardır. Xüsusən, həsas, duyumlu insanlar meşədə dolaşarkən, sanki oradan güc alır, mənfi enerjidən arınır, ruhən təzələnir. İsmayıllı rayonunda maraqlı bir ifadə var: "Xəzəli tapdalamaq". Payız fəslində meşə gəzintisini xəzəli tapdalamaq adlandırırlar. Yarpaqların xışıltısı, quşların səsi, havanın təmizliyi, bir sözlə, möhtəşəm harmoniyanın mərkəzi olan meşələr insanların bu maddi aləmdə ən gözəl mənəvi qazanclarıdır.
Meşələrin spesifikliyi barədə bilgilənmək üçün Rauf Orucovun müəllifi olduğu "Sinrin-yoku: meşə vannaları. Yapon təcrübəsi" adlı kitabı vərəqləmək yerinə düşər. Nəfis tərtibatda ərsəyə gələn kitab lakonikliyi və bir o qədər də zənginliyi ilə seçilir. İlk olaraq, kitabın adı oxucuda maraq oyadır: Sinrin-yoku nədir?
"Sinrin-yoku" yapon dilindən tərcümədə "meşə vannaları" deməkdir. Meşə vannaları meşə gəzintiləri mənasını verir. Müəllif bir sıra elmi tədqiqatlara istinad edərək meşə gəzintisinin insana verdiyi müsbət enerji, mənəvi rahatlıq barədə fikirlərini oxucularla bölüşüb.
Dörd hissədən ibarət olan kitabın birinci hissəsində "Sinrin-yoku nədir?" sualı barədə mühakimələr irəli sürülüb. Müəllif qeyd edir ki, meşə gəzintisi zamanı beş duyğu orqanımız vasitəsilə meşəni hiss edirik. Bunun üçün meşə haqqında xüsusi bilgilərə malik olmağa ehtiyac yoxdur.
"Meşə gəzintilərinə ehtiyac və onların faydası" adlı ikinci hissədə meşə vannalarının zəruriliyi barədə söhbət açılıb. Rauf Orucov qeyd edir ki, iri şəhərlərdə yaşamaq insanlarda psixoloji gərginlik yaradır. Bir çox xəstəliklərin səbəbi də elə budur. Texnologiyanın inkişafı nə qədər təqdirəlayiq olsa da, insanlar bundan ruhən əziyyət çəkir. Belə gərginlikdən qurtulmağın formulu kitabda qeyd olunub: "Texnologiyaların girovundan çıxmaq, cari dəqiqəni hiss etmək və bir qədər dincəlmək üçün iki saatlıq meşə gəzintisi kifayətdir".
Bu hissədə meşə vannalarının insan orqanizminə birbaşa müsbət təsiri barədə məlumat verilib, məsələnin tibbi tərəfləri qeyd olunub.
Meşələri bu qədər zəngin məkana çevirən ən əsas amil ağaclardır. Meşə vannaları ilə şəfa tapmaq ağaclar vasitəsilə mümkün olur. Aparılmış tədqiqatlar göstərir ki, meşə yaxınlığında yaşayan insanlar digər insanlardan daha çox yaşayır.
Üçüncü hissə belə adlanır: "Sinrin-yoku ilə necə məşğul olmaq olar?" İlk növbədə texnologiyadan uzaq olmaq mütləqdir. Hər şeyi hiss etmək, hiss etdikcə zövq almaq, bununla da meşəni daxilə hopdurmaq gərəkdir. Təbiətlə bütövləşmək üçün duyğu üzvlərimiz vasitəsilə meşənin səsini dinləmək, ətrafı müşahidə eləmək, təmiz havanı ciyərlərə çəkmək, ağacların gövdələrinə toxunmaq, torpağı hiss etmək, nəhayət, bütünlüklə ruhunu, cismini meşəyə həvalə etmək lazımdır. Qalan misiyanı təbiət özü yerinə yetirəcək.
"Sinrin-yoku ilə məşğul olun" adlı dördüncü hissə bundan əvvəlki hissələrdə verilən tövsiyələrin yekunudur. Rauf Orucov sona yaxın fikirlərini belə ümumiləşdirir: "Təbiətə sevgi bizi ona qayğı göstərməyə sövq edir. Təbiət aləmi ilə nə qədər dərindən əlaqəli olsaq, bir o qədər onu gələcək nəsillər üçün qorumağa çalışacağıq".
Nadir
YALÇIN
525-ci qəzet.- 2021.- 31 iyul.- S.18.