"Bəy Behbud"- Səlim
bəy Behbudov
1905-ci ilin 9 yanvar Qanlı bazar günü Peterburq
Texnologiya İnstitutunun müdavimi Səlim bəy Behbudovun da tələbəlik
həyatına son qoydu.
140 min nəfərin
iştirak elədiyi inqilabi həyəcanda tələbələri
ön sıralarda gedən bu ali təhsil
müəssisəsi hökumət tərəfindən rəsmi
şəkildə bağlandı, üsyankar ruhlu gənclər
izlənilməyə və həbs olunmağa başladı. Birinci kurs tələbəsi, iyirmi yaşlı Səlim
bəy də tutulmaq təhlükəsindən yaxa qurtararaq
institutla vidalaşıb, doğma Şuşasına
qayıtdı. Bir il boş-bekar qalsa
da, günlərini mənalı və səmərəli
keçirdi, fransız dilini öyrənməklə məşğul
oldu, Avropanın ali məktəblərindən birinə daxil
olmağa hazırlaşdı. Həmin vaxt
dövrünün tanınmış həkimlərindən
olan atası Mehrəli bəyin qəflətən vəfat etməsi
maddi cəhətdən onun vəziyyətini xeyli
ağırlaşdırdı. Lakin oxumaq
istəyindən dönməyən Səlim bəy Bakıya -
bir çox tələbələrə səxavətlə
hamilik edən xeyriyyəçi Əjdər bəy Aşurbəyovun
yanına getdi, gəlişinin məqsədini və arzusunu
bildirdi. Maarifə, təhsilə böyük qiymət
verən bu Bakı milyonçusu Səlim bəyi ümidsiz
qoymadı, ayda 25 manat təqaüdlə onu Fransaya ali təhsil
almağa göndərdi.
1906-cı ilin yayında Səlim bəy Behbudov Paris Siyasi
Elmlər Məktəbinin diplomatiya fakültəsinə qəbul
olundu. Burda o, gələcəkdə Türkiyə Kommunist
Partiyasının banilərindən və rəhbərlərindən
olacaq Mustafa Sübhi ilə eyni kursda oxudu. İnstitutda
iki qardaş türk xalqını təmsil edən hər iki
tələbə əla oxumaqla, bilikləri və savadları
ilə millətlərinin başını göylərə
ucaltdı, tələbə və müəllim kollektivi
arasında seçildi, sevildi.
Lap ilk
günlərdən özünü fəal və
çalışqan tələbə kimi göstərən Səlim
bəy az müddətdə əvvəlcədən
az-çox bildiyi fransız dilini mükəmməl öyrəndi.
Ərəb, fars, rus dillərini gözəl
bildiyi üçün ikinci kursda oxuyarkən böyüklər
üçün açılmış Berlits məktəbində
rus və türk dillərindən dərs deməyə dəvət
olundu. Beləliklə, o, tələbəykən həm də
müəllim oldu, fransızlara bu dilləri öyrətməyə
başladı...
1910-cu ildə
təhsilini başa vuran Səlim bəy Behbudov Berlits məktəbinin
müdiriyyəti ilə müqavilə əsasında Parisdə
qalaraq üç il də müəllimlik
fəaliyyətini davam etdirdi və 1913-cü ildə
Şuşaya qayıtdı. Dövlət idarələrində
münasib iş tapmayan bu alitəhsilli mütəxəssis bir
müddət şəxsi evlərdə fransız dili dərsi
dedi, bu dilin gözəl bilicisi kimi tanındı. Ona görə
də, o, 1917-ci ildə vaxtilə özünün oxuduğu Şuşa Realnı Məktəbinə müəllimliyə
dəvət olundu və eyni zamanda qız progimnaziyasında fransız
dilini tədris eləməyə başladı.
1918-ci ildə Qarabağda baş verən hərc-mərclik,
xüsusilə də, getdikcə alovlanan erməni-müsəlman
davası Səlim bəyin realnı məktəbdən və
qız progimnaziyasından çıxıb getməsinə səbəb
oldu. O, yenə
də əvvəlki kimi evlərdə dərs deməyə
başladı. Çox çəkmədən
Azərbaycanda demokratik respublika quruldu və təzə
hökumət Səlim bəyi Ağdama qaçqınlar
üzrə müvəkkil vəzifəsinə göndərdi.
O, bir müddət Aşağı və Yuxarı Qarabağda
qaçqınların problemləri ilə, xüsusən də,
onların yerləşdirilməsi ilə məşğul
oldu.
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Səlim bəy
Behbudovu yüksək ixtisaslı kadr kimi dövlət idarələrinə
işə cəlb elədilər. O, bir müddət Qarabağ
İnqilab Komitəsində katib, tərcümə şöbəsinin,
Azərbaycan Kənd Təsərrüfatı Bankı Ağdam
şöbəsinin, Ağdam İcraiyyə Komitəsində
torpaq şöbəsinin müdiri vəzifələrində
çalışdı. Lakin çox çəkmədən
ictimai mənşəyinə görə işdən azad
olundu. Əlacı kəsilib, indi də rəiyyətlə
bərabər, kənd təsərrüfatı işləri
ilə məşğul olmağa başladı, sonra isə
Üçoğlan kəndində atasından qalma 25 desyatin
torpaq sahəsini və əmisi oğlu Cahangir bəylə
şərikli olan kəhrizini kəndlilərə icarəyə
verdi.
Bir müddət işsiz qalan Səlim bəy Behbudov
1926-cı ildə həmişəlik Bakıya
köçdü, dövlət plan komitəsində mədəniyyət
bölməsinin katibi vəzifəsinə işə düzəldi. Dörd il
burda çalışdı, sonra altı il də Azərbaycan
Sənaye Şurasında, Azərxalçaittifaqda kadrlar
üzrə iqtisadçı işlədi. O, eyni zamanda,
Bakıdakı 25 nömrəli orta məktəbdə
fransız dilini tədris edirdi.
Qarabağlıların çoxu kimi Səlim bəy də
həm gözəl avazla oxuyur, həm yaxşı qarmon
çalır, həm də poeziyaya və xalq
yaradıcılığına böyük həvəs
göstərirdi. O, folklor nümunələrini - atalar sözlərini, zərb-məsəlləri,
nağılları, bayatıları, tapmacaları və sair
toplayır, dövri mətbuatda dərc etdirirdi. Qohum-əqrəba,
dost-tanış arasında "Səlim qağa", "Səlim
dadaş" kimi müraciət olunan Səlim bəy mətbuat
və elm aləmində "Bəy Behbudov", ya da
"Behbud bəy Behbudov" kimi tanınır, bədii
yazılarını isə bəzən "Bəy Behbud"
təxəllüsü ilə imzalayırdı. Onun yaxın qohumlarından olan tibb elmləri doktoru
Şəmsi Behbudov xatırlayır ki, Səlim bəy onun
atası Mirzəli bəyə və əmilərinə
göndərdiyi məktubları nəzmlə yazırdı.
Azərbaycan
ədəbiyyatı tarixinin öyrənilməsi, ədəbi-bədii
nümunələrinin toplanılması sahəsində
mühüm xidmətləri olan məşhur folklorçu
alim Salman Mümtazın 1932-ci ildə bədii nəsrimizin
banisi İsmayıl bəy Qutqaşınlının "Rəşid
bəy və Səadət xanım" hekayəsinin yeganə
nüsxəsini Xan qızı Natəvanın nəvəsi
Xasay xan Usmiyevin yaxından köməkliyi ilə Azərbaycan
Dövlət Muzeyində tapıb üzə
çıxarması ədəbiyyat aləmində sensasiyaya səbəb
olmuş və yeniliyə çevrilmişdi. O, bu əsəri
kitab halında çap etdirmək üçün 1933-cü
ilin sonlarında "Azərnəşr"in "Ədəbi
irs" şöbəsinə təqdim eləmişdi.
O zaman nəşriyyatın direktoru vəzifəsində
çalışan Məmməd bəy Cuvarlı mədəniyyətimizin
və ədəbiyyatımızın tarixi üçün
böyük əhəmiyyət və qiymət kəsb edən
60 səhifəlik bu kiçik əsərin ədəbi dəyərini
başa düşərək onun nəşrinə icazə
vermişdi. Əsas məsələ isə hekayənin
tərcüməsi idi. Onu elə bir
mütəxəssis tərcümə eləməliydi ki, həm
fransız dilini dərindən, incəliyinə qədər
bilsin, həm də əsərdəki milli Azərbaycan ruhunu,
milli koloriti saxlasın. Belə tərcüməçini
isə o vaxtlar, necə deyərlər, əldə
çıraq axtarırdılar. Salman
Mümtazın ağlına gələn ilk mütərcim isə
yaxından tanıdığı, savadına və qabiliyyətinə
dərindən bələd olduğu Səlim bəy Behbudov
oldu. Ona görə də tərcümə barədə
danışıb, razılaşandan sonra hekayəni ona verdi. Redaktorluq isə Əsəd
Axundova həvalə olundu. Salman Mümtaz "Ədəbiyyat"
qəzetinin 1936-cı il 11 mart tarixli
nömrəsində "Yüz il bundan əvvəl Azərbaycan
nasiri" adlı məqaləsində bu tərcümə barəsində
belə yazırdı: "Mənim tövsiyəmə görə
hekayənin tərcüməsi Səlim Behbudov yoldaşa və
sətirləri qaralamaqla mənə mühəvvəl
edildi".
Nəhayət, gərgin zehni əməkdən və ədəbi
redaktədən sonra əsərin tərcüməsi nəşriyyata
təqdim olundu və hekayə qısa müddətdə
işıq üzü gördü. "Rəşid bəy
və Səadət xanım"ın fransızcadan tərcümə
olunub, nəşr edilməsi Səlim bəy Behbudovu ədəbi
ictimaiyyət arasında bacarıqlı və istedadlı bir
mütərcim kimi də tanıtdı və onun adı
"Azərnəşr"in tərcüməçiləri
siyahısına həmişəlik yazıldı. Çətin və mürəkkəb əsərlərin
dilimizə çevrilməsi ona etibar edildi. Çox çəkmədən bu istedadlı tərcüməçi
"Azərbaycanca-fransızca-rusca lüğət" üzərində
işləməyə başladı. Tərtibçiyə
bu işdə bir qadın mütəxəssis də kömək
edirdi. Bu fundamental iş hələ başa
çatmamış nəşriyyatın bədii ədəbiyyat
şöbəsi fransız mahnı janrının mahir
ustası kimi şöhrətlənmiş, mahnılarında əsas
yeri siyasi satira tutan fransız şairi Pyer Jan Beranjenin
"Seçilmiş şeirlər" toplusunu plana saldı və
tərcüməni Səlim bəyə tapşırdı. Kitabın redaktoru isə o vaxtlar hələ gənc
şair olan Məmməd Rahim idi. Ciddi tərcümə
və bədii redaktədən sonra görkəmli fransız
şairinin əsərləri azərbaycanlı oxucuların
ixtiyarına verildi. Kitabda tərcüməçinin
ad-familiyası belə yazılmışdı:
"B.Behbudov". Və bu tərcümə də
Səlim bəyə böyük şöhrət gətirdi.
O, "Azərnəşr"lə müqavilə əsasında
əməkdaşlığını bir müddət davam
etdirdi, müxtəlif səpgili əsərləri ana dilimizə
çevirdi...
Böyük Vətən müharibəsi ərəfəsi
idi. Səlim bəy nədənsə "Azərnəşr"lə
əlaqəsini kəsmişdi və daha tərcümə
işləri ilə məşğul olmur, yalnız orta məktəbdə
dərs deməklə kifayətlənirdi. Deyəsən,
istedadı, çox dil bilməsi, tanınması
başına bəla olmuşdu. Son vaxtlar dövlət
təhlükəsizlik orqanlarının əməkdaşları
da onunla yaxından maraqlanır, bu üstün cəhətlərinə
görə öz işlərinə cəlb eləmək istəyirdilər.
Hətta bu barədə Səlim bəyə bir
neçə dəfə təklif də olunmuşdu.
Lakin təpədən-dırnağa kimi əsl bəy olan bu
vüqarlı kişi bu işə qol
qoymamış, hökumət adamlarına qətiyyətlə
və açıq şəkildə kəskin cavab vermiş,
onları hər yerdə ifşa və rüsvay eləmişdi.
Səlim bəyin bu hərəkəti dövlət
təhlükəsizlik orqanları əməkdaşlarını
bərk hiddətləndirmişdi. Ona görə də
keçmişdə bəy olmasını, xarici ölkədə
ali təhsil almasını bəhanə edərək
onu hökumətin gözündə şübhəli şəxs
kimi qələmə verdilər və izləməyə
başladılar.
Repressiya illərində minlərlə günahsız
insanın, xüsusən də, əsilli-nəsilli
adamların, milli ruhlu ziyalıların məhv edilməsini
gözlərilə görən Səlim bəy
yaşadığı quruluşla qəti barışa
bilmirdi. O,
artıq bu hökumətdən əlini üzmüş, cəmiyyətdən
iyrənmiş, həyatdan küskünləşmişdi. Hətta işə də getmir, bəzi adamlardan uzaq
gəzirdi. Gedəcəyi yer isə
yalnız yaxın qohum-əqrəbalarının və
dost-tanışlarının evləri idi. Hər gün axşam çağı gözündə
pensne, başında hündür şlyapa, əynində qara
rəngli pencək olan Səlim bəy sədəfə
tutulmuş əsasını da götürərək bəzən
ailəsi ilə, bəzən də tək-tənha evindən
çıxır, bir də gecə yarısı
qayıdırdı.
Bu isə onu qarabaqara izləyən dövlət təhlükəsizlik
orqanları əməkdaşlarının nəzərindən
yayınmırdı. Onun ardınca düşən agentlər
Səlim bəyin hər bir addımına göz qoyurdular.
1941-ci il dekabrın sonları idi. Səlim bəy həyat
yoldaşı Şəmsini və qızı Dilsuzu da götürüb,
Yeni ili qeyd eləmək üçün
yaxın qohumu Məmməd Muradovun evinə yollandı.
Ağalar bəy Əliverdibəyov həyat yoldaşı Məhbubə
xanımla, Xan Şuşinski həyat yoldaşı Tovuz
xanımla, Cəmil bəy Behbudov həyat yoldaşı Səltənət
xanımla, Yusif Məlikov həyat yoldaşı Sona
xanımla, digər qohumları - Cahangir bəy Behbudov,
İbrahim bəy Fuladov, Firudin bəy Behbudov, Mövsüm bəy
Əhmədov da məclisdə idilər. Qonaqlar ev sahibinin həyat yoldaşı Sədiqə
xanımın dəmlədiyi Qarabağ plovundan yeyə-yeyə
keçmişdən, gələcəkdən, təzəcə
başlanan müharibədən danışır, tez-tez
Hitlerin, Stalinin adlarını çəkirdilər.
Pəncərənin önündə, qaranlıq bir
küncdə özünə yer eləyən agent isə
eşitdiklərini bir-bir bloknotuna qeyd edirdi. Məclis
dağılmamışdan bir az əvvəl kifayət qədər
"fakt" toplayan agent sürüşüb, aradan
çıxdı və ertəsi gün Məmməd Muradovun
mənzilində olan "antisovet təbliğat" barədə
yuxarı orqanlara məlumat verdi.
Lakin ayının min bir oyunu bir armudun başında idi. Nəyin
bahasına olursa-olsun, Səlim bəy Behbudov aradan
götürülməliydi. Ona görə də V
şöbəyə daxil olan materialları tez-tələsik
"saf-çürük edən" rəis müavini,
dövlət təhlükəsizlik leytenantı B.İ.Kalyagin
1942-ci il yanvarın 22-də onun cinayət işini belə rəsmiləşdirdi:
Səlim bəy Behbudov antisovet ünsürdür, 1940-1942-ci
illərdə o, hökumətdən narazı olan bir dəstə
adamı başına toplayaraq müntəzəm surətdə
Sovet hakimiyyətinə qarşı gizli əksinqilabi təşviqat
aparır, köhnə bəy-xan ağalığı
dövrünün qanun-qaydalarını tərifləyərək
onun bərpa olunması mövqeyində dayanır, kolxoz quruluşuna
böhtan atır, sosialist tədbirlərinə, vergi siyasətinə
qarşı çıxır. Faşistlərin müvəqqəti
olaraq tutduqları rayonlarda dinc əhaliyə və hərbi əsirlərə
qarşı etdikləri vəhşiliklər barədə
Sovet informasiya bürosunun məlumatlarının yalan
olduğunu təsdiqləyir, bir sözlə, Böyük Vətən
müharibəsində Sovet xalqının məğlubiyyətinin
tərəfdarı kimi çıxış edir və sair və
ilaxır. Bütün bunlar isə onun ən
ağır cəzaya məhkum olunmasına kifayət edirdi.
B.İ.Kalyaginin qərarı isə qəti idi.
Güllələmək! Yanvarın 24-də Səlim
bəy Behbudov (1885-24.12.1942) həbs olundu, on bir ay həbsxanada
olmazın işgəncələrə məruz qalandan sonra əməl
dostu Mövsüm bəy Əhmədovla birlikdə güllələndi.
Vasif QULİYEV
525-ci qəzet.- 2021.- 1
iyun .- S.10.