Bölgə mətbuatının simvolik
obrazı - amazonkası Əminə Yusifqızı-70
Jurnalistlər hamıdan geninə-boluna yazırlar. Təki
mövzu olsun - ay, həftə, gün gözləmirlər.
Özlərinə gələndə, gərək yubiley, ad
günü, təltif ola... yada düşələr.
Son vaxtlar ölkənin əksər müntəzəm
yayımlanan, ictimai fikrə təsir göstərən mətbuat
orqanları biri digərini önləməyə
çalışaraq Yevlaxın "Kür" qəzetinin
baş redaktoru Əminə Yusifqızının portretindən
ştrixləri təqdim edirlər. Qadının yaşını
soruşmazlar, qabartmazlar, amma neynəyək ki, yubileyi xatirinə
70 rəqəmini istər-istəməz
vurğulamalıyıq. Son dəfə bu
yaxınlarda görmüşəm, maşallah, çox
gümrahdır, qıvraqdır. İki
övlad, altı nəvə sahibinə o yaşı verməzsən.
Heç şübhəsiz, insana öncə sağlamlıq
gərəkdir ki, etibar edilən vəzifənin öhdəsindən
layiqincə gəlsin. Bu kontekstdə isə
qabardacağımız baş ucaldan faktlar gen-boldur. Bu yazıda da onların bəzilərindən aramla
söhbət açacağıq.
Yarızarafat-yarıciddi bir məqamı qabartmaq istəyirəm. Zənnimcə,
Əminə xanımı 8-ci, 9-cu, 10-cu onilliklərin
startına çıxarmağa haqq verən amillərdən
biri də dünyaya gəldiyi günün fəlsəfəsidir.
İyunun biri Uşaqlaran Beynəlxalq Müdafiəsi
günüdür. Necə deyərlər,
onu həmin gündə dünyaya gətirən
Tanrımız və mayası xeyirxah əməllərdən
yoğrulan bioqrafiyası qoruyur. Belələri
səmimiliyi, mehribanlığı, zəkası, bəxtəvər
taleyi və xeyirxahlığı ilə uzun ömrün
inamlı yolçusu olurlar. İlk
baxışda sadə təsir bağışlayırlar.
Fəqət, onların rəhbərliyi
altında işləmək asan göründüyü qədər
də çətindir. Yüksək
icraçılıq qabiliyyətini dəyərləndirir,
qayğı və problemlərin həllinə əncam çəkməyə
çalışır, dönüklüyü isə həzm
edə bilmirlər. Mənim şəxsi
müşahidələrimdən qaynaqlanan bu qənaətlərin
hər birini cəmləşdirib 2004-cü ildən bəri
yaxından tanıdığım Əminə xanıma da aid
etmək mümkündür. Həmkarımı
konkret olaraq bölgə mətbuatımızın simvolik
obrazı - amazonkası adlandırmağıma kiminsə
etirazı varsa, gəlsin üzbəüz söhbət edək.
Fikrimi əsaslandırmaq qətiyyən çətin
olmayacaq. Mənim deyəcəklərim
kifayət etməsə, "Kür"də uzun müddətdən
bəri çalışan həmkarlarımızla telefon əlaqəsi
yaradıb soruşsunlar. Onda görərlər
ki, nə qədər haqlıyam.
Az
danışıb çox iş görməyi xoşlayan,
uğurları gözə soxmağı sevməyən
Əminə xanıma belə aristokratik keyfiyyətləri
valideyn qanı bəxş edib. Mayın 9-da -
alman faşizmi üzərində qələbənin qeyd
edildiyi gündə yayımlanan bu şəklə diqqətlə
baxın. Yaxasını orden, medal və
döş nişanları bəzəyən bu qamətli ana
Əminəni dünyaya gətirən qadındır. Od-alovdan keçmiş, səngərlər, döyüşlər
görmüş, Tomris, Həcər timsallı Nazxanım
ananın övladının da özünə bənzəməsi
adi məntiqdir.
Yaxşı yadımdadır, Əminə xanımla
Nazxanım ana haqqında danışırdıq. Dedi ki: "Bir dəfə
mötəbər yığıncaqların birində bir nəfər
Rəyasət Heyətində əyləşənlərə,
sözün yumşaq mənasında yalan deməyə
çalışdı. Özümü
saxlamadım, həmin şəxsin səhfini üzə vurdum.
Bu adam mənim yanımdan keçəndə,
gözlərimin içinə baxıb yavaşca
pıçıldadı: "Sən heç vaxt anan
Nazxanım ola bilməzsən". Əslində,
çox acıqla deyilmiş bu söz mənə ən
böyük mükafat oldu".
Ə.Yusifqızı uşaqlıqda oğlan sayaq
böyüyüb, tələbəlikdə
yoldaşlarının dediyi kimi, təşəbbüslərə
seyirçi qalmayıb. Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsini bitirəndə istedadlı məzun
paytaxtdakı redaksiyaların birinə asanlıqla işə
düzələ bilərdi. Amma o, bunu etmədi.
Doğulub boya-başa çatdığı
Yevlaxı, "Təşəbbüs" (indiki
"Kür") qəzetini seçdi. Bura
onun ikinci evi oldu. Əmək fəaliyyətinə
qəzetçiliyin əlifbasından başladı. Redaktorluğadək redaksiyada elə bir vəzifə
olmadı ki, şəxsi praktikasında məziyyətlərinə
yiyələnməsin. 45 ildir, eyni qəzetdə
çalışır və 30 ildir ki, həmin mətbu
orqanın baş redaktorudur. Bu müddətdə bölgələrdə
bir sıra yeni mətbu orqanlar yaranıb, bəziləri
ömürlərini başa vurub, fəaliyyətləri nəzərə
çarpmayanlar da az deyil. Əminə
xanım isə özünə xas mübariz keyfiyyətləri
"Kür"də də davam etdirib.
Sovet dönəmində rayonlarda tutarlı tənqidi
yazılar qələmə almaq hər əməkdaşın
işi deyildi.
Bu nərmənazik, qara qız Yevlaxda bir növ
bürokratların, işinə səhlənkar
yanaşanların, səlahiyyət həddini aşanların
gözünün odunu almışdı. Yaşlı
nəsil yaxşı bilir, onda qəzet köklü məsələlərdən
yazanda material rayon partiya komitəsinin büro
iclaslarının müzakirəsinə
çıxarılırdı. Yazdığını
təsdiqləyəcək sənədlər olmayanda vay
jurnalistin halına. Gənc yazar heç
vaxt peşə prinsiplərinə zidd yolla getmədi və
baş redaktor təyin edildikdən sonar da etik normalara sadiq
qaldı.
TANINMIŞ
JURNALİST ƏMİNƏ YUSİFQIZI NÖVBƏTİ
DOĞUM GÜNÜNÜ QEYD EDİR » 7news.az Azərbaycanda özəl
xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək
ünvanı
Ötən əsrin 90-cı illərinin abi-havası
yaşıdlarımın yaxşı yadındadır. "Kür"
qəzeti redaktoru başda olmaqla təzyiqlərə boyun əymədi,
pozucu qüvvələrə qarşı qətiyyətli
mövqe tutduğu üçün hədələrlə
üzləşdi. Qorxu hissi yaradıcı
heyətə yad olduğundan, onlar da tarixin imtahanından
alnıaçıq, üzüağ çıxdılar.
Bəlkə də, o vaxtlar hakimiyyətin ünvanına irad
tutmaq, Yevlaxdakı Yunun İlkin Emalı fabrikinin, necə deyərlər,
qılıncının qabağının da, dalının
da kəsdiyi bir vaxtda "Bu müəssisədə qəfil
işıqlanma olsa, çox eybəcərliklər üzə
çıxacaq" fikrini yazmağa görə yüksək
distansiyaya çağrılıb hədələnmək, Rəhim
Qazıyev Müdafiə naziri olan zamanda çəkinmədən
haqqında tənqidi yazı vermək, Ulu öndərə
qarşı bir zamanlar başlanmış kampaniya ilə əlaqədar
o vaxtkı parlament rəhbərinə ciddi irad dolu teleqram
göndərmək indi çoxlarına asan görünə
bilər. Bunlar saya biləcəyimiz
çoxsaylı faktlardan yalnız bir neçəsidir.
İndi qəzetin kollektivi arxivdə qalan bu
yazıları özlərinin "qızıl fondu"
adlandırırlar.
Daha sonra "Kür"də yeni yüksəliş mərhələsi
başladı.
Qəzet 17 ildir respublikanın bölgə mətbuatının
bayraqdarı adlandırılmağı haqq edir.
Mənim də redaksiya və redaktorla
tanışlığımın tarixçəsi həmin
müddətdən başlayır. "Kür" bunadək
Mətbuat Şurasının üzvü deyildi, ölkə
jurnalistlərinin təsis qurultayında iştirak etməmişdi.
2004-cü ilin yayında bölgə mətbuatının
durumundan, problem və qayğılarından xəbər tutmaq
uçün monitorinqlər keçirirdik. İşə ölkənin Aran və Şimal-Qərb
bölgələrində fəaliyyət göstərən mətbuat
orqanlarından başladıq. Əməkdaşımızı
yerlərə ezamiyyətə göndərdik. Arayışlara əsasən məruzə
hazırlandı. Şuranın əməkdaşı
üçgünlük səfərinin təəssüratlarına
əsasən bildirdi ki, "Rayon KİV-inin mövcud durumu:
problemlər və qarşıda duran vəzifələr"
mövzusunda regional seminarın keçirilməsi
üçün ən münasib yer Yevlaxdır. Gətirdiyi əsaslar sırasında
"Kür"ün ölkədə ən böyük
tirajla çıxan (5000) bölgə qəzeti olduğu,
hamı tərəfindən maraqla oxunduğu bildirilirdi.
Doğrudan da müəyyənləşdirilən gündə
gördüklərimiz əsas verdi ki,
Yevlaxda mətbu cameəni bir araya gətirə biləcək
daha önəmli tədbirlər düzənlənə bilər.
Həmkarlarım yəqin ki, orada milli mətbuatımızın
130 illik yubileyi münasibəti ilə keçirilən, daha
sonra "Kür"ün yaranmasının 75 illiyinə həsr
olunmuş tədbirlərin necə bayram təəssüratı
ilə yadda qaldığını unutmayıblar. Cəmi bir
neçə il sonra bu bölgə mötəbər
beynəlxalq media konfransına ev sahibliyi edirdi. Və
bu işlərdə Əminə xanımın xidmətləri
əvəzsiz idi.
Həmkarım rahatlığını narahatlıqda
tapan nəcib insandır. Öncə qəzeti, redaksiyanın
kollektivini, onların qayğı və problemlərinin həllini
düşünür. Bu faktdır ki, ölkədə
"Kür" qəzeti qədər yaradıcılıq
müsabiqələrində mükafat alan
redaksiya yoxdur. Elə bir əməkdaş
tapılmaz ki, dövlət təltifinə, yaxud diplomlara layiq
görülməsin. Ə.Yusifqızı
adətən müsabiqə elanları veriləndə
özünü kənara çəkir, əməkdaşlara
bacarıqlarını sınamağı tövsiyə edir.
Koronavirus iki ildir "Kür"ü də
sınağa çəkməkdədir. Redaktor gileylənməyi
xoşlamır, qəzetin tirajının azalmasının
aradan qaldırılması üçün
çıxış yolları axtarır. Əyalət mətbuatının sönükləşməsini
haqlı olaraq ayrı-ayrı şəxslərdə
axtarmır. Obyektivliklə bildirir ki,
elektron media çap mediasını əməlli-başlı
sıxışdırıb. İncidiyi
yalnız qəzetin oxucularıdır. Və
inanır ki, oxucular yenidən çap mediasının önəmli
olması qənaətinə gələcəklər. Bir dəfə öyrəndim ki,
kümçülüklə məşğuldurlar, rayonda
baramaçılığın inkişafına kömək
göstərirlər, eyni zamanda, qəzeti də
çıxarırlar. Necə deyərlər,
həm vəsait qazanırlar, həm də qəzeti
yaşadırlar. Bilmirəm, başqa rayon
qəzetlərində oxşar nümunələr var, ya yox?
Bəyənirəm, onsuz da pandemiya
ömrünü başa vuracaq. Onda
yatanların işi çox çətin olacaq.
Bir az da həmkarımın ictimai fəaliyyətindən
danışım. Desəm ki,
Ə.Yusifqızının gecəsi-gündüzü yoxdur, məni
mübaliğəyə varmaqda qınamayın. Əminə xanım təkcə öz
ömrünü yaşamır, narahatlığı
başqalarına rahatlıq gətirəndə təskinlik
tapır. Yevlax şəhərində, kəndlərdə
ərklə açdığı qapılar saya gəlməzdir.
Problemləri, çətinlikləri ictimailəşdirməyə
tələsmir, əvvəl həlli yollarını şəxsən
tapmağa çalışır.
Son iki ildə Yevlaxda gedən sanballı
quruculuq-abadlıq işlərindən həvəslə
söhbət açır. Rayonun gənc rəhbərliyinin
işini ölkə başçısının tələbləri
səviyyəsində qurması Əminə xanımı əməlli
başlı ruhlandırıb. Əmindir
ki, tezliklə çox bölgələr onun gözəl
şəhərinə məhz bu anlamda barmaq tuşlayacaqlar.
Bəli, Əminə xanım belədir. Yaşadığı
yurdun, bütöv Azərbaycanın həyatında baş verən
hər xırda, gözəl dəyişiklik bu xanıma
yaşamaq üçün yeni stimul verir.
İndi
isə mənalı ömrün statistik nəticələri:
Azərbaycanın Əməkdar jurnalisti, Ali Media, Həsən
bəy Zərdabi, "Qızıl qələm", Məhsəti
Gəncəvi mükafatlarının laureatı, "Tərəqqi"
medalı - bunlar əlli ilin jurnalistinin, 30 ilin redaktorunun layiq
görüldükləridir. "Kür"də elə
əməkdaş tapmazsan ki, mükafat sevincini
yaşamasın.
Əminə xanım yenə gənclik həvəsi
ilə yazıb-yaratmaqda, geniş ictimai fəaliyyətindən
zövq almaqdadır. Onu rayonlardakı digər həmkarlarından
fərqləndirən ümdə cəhətlər
sırasında aktiv jurnalistlik fəaliyyəti xüsusi qeyd
edilməlidir. İnanmaq üçün paytaxt KİV-ini vərəqləyin.
Həftə ərzində oxunaqlı,
düşündürücü yazıları qəzetlərin
səhifələrindən, saytlardan düşmür.
Odlar-alovlar görmüş ananın jurnalist
övladının baş mövzusu müharibə və hərbi
vətənpərvərlikdir. O, 44 günlük
İkinci Qarabağ döyüşlərində erməni
faşistlərini diz çökdürənlərin,
Silahlı Qüvvələrimizin, Müzəffər Ali
Baş Komandanımız müəllifi olduqları epopeyadan bəhs
edir. Özü də böyük həvəslə, yüksək
sənətkarlıqla...
Əflatun AMAŞOV
525-ci qəzet.- 2021.- 1
iyun .- S.11.