Ağcabədidə ruha qida bir
görüş
... Yəqin
ki, bundan sonra kimsə məndən Ağcabədi haqqında
soruşsa, ilk cavab cümləmdə "səliqə" və
"intizam" sözləri mütləq olacaq. Şəhəri bundan gözəl adlandıracaq
söz yoxdur çünki. Təbiəti
etibarilə isti rayonlarımızdan biridir Ağcabədi.
Çox güman, buna görə hərdən
insanlar tərəfindən ögey münasibət
görür. Yevlax, Kürdəmir və
digər aran rayonlarımız kimi. Amma mənim
kimi istiylə soyuğa fərq qoymayan, getdiyi yerlərdə
bundan daha əhəmiyyətli nüanslarla maraqlanan insan
üçün gözəllikdir, tarixdir Ağcabədi.
Bu ilə kimi heç vaxt getməmişdim, görməmişdim. Baxmayaraq ki, o
rayondan olan çox tanışım, dostum var.
"İnsanlar doğulduqları, aid olduqları torpağa
oxşayarlar" fikrini haqlı çıxarırlar ağcabədililər.
Özlərinin isti, cana yaxın, həlim
xarakterlərilə. İlk dəfə yolum cəmi
bir ay öncə düşmüşdü bu gözəl
bölgəmizə. Bir neçə ay
öncə müzəffər ordumuz tərəfindən azad
edilən Zəngilan rayonuna səfərimiz əsnasında
yolüstü Ağcabədiyə də baş çəkmiş,
çox gözəl, gülərüz, mehriban və qonaqpərvər
bir ailənin qonağı olmuşduq. Ağcabədidən
olan iş yoldaşımın bələdçiliyi sayəsində
şəhəri yaxşıca tanımışdıq. Amma vaxt azlığından könlümüzcə
gəzmək, şəhər sakinləriylə həmsöhbət
olmaq alınmamışdı. O şansı da bir ay sonra
mayın 29-da qazandıq.
***
"Aran" qəzeti, "Ələk" ədəbi
məclisi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı
ilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində
"Bölgələrimizdə ədəbi mühit"
mövzusunda tədbir keçirilirdi. Tədbirin xüsusi
qonağı kimi Bakıdan dəvət edilmişdim. Əlbəttə, Ağcabədini təkrar görmək
fürsətini qaçıra bilməzdim. Özü də mövzu ədəbiyyat, həmsöhbətlərimiz
qələm əhli olacaqsa.
Bir ildən çoxdur dünyanın və ölkəmizin
üzərinə qara bəla kimi çökən koronavirus
pandemiyası hər şey kimi ədəbi tədbirlərə,
müzakirələrə də həsrət qoyub bizi. Müəyyən
qədər onlayn görüşlər, tədbirlər
keçirilsə də, heç biri üz-üzə söhbətin,
canlı təmasın yerini vermir. Buna görə də
Ağcabədidəki görüş darıxan ruhumuzu az da olsa, ovutmaq üçün gözəl bəhanə
idi.
Hər zaman yanımda olan, xüsusən uzaq səfərlərdə
vaxtını ayırıb mənimlə birgə gələn
anam Fərqanə müəllim və qələm dostum,
şair, fotoqraf Nofəl Ümidlə birgə yolumuz Ağcabədiyədir. Orda bizi
başda, "Aran" qəzetinin baş redaktoru, gözəl
qələm və ürək sahibi Məhsəti Musa olmaqla,
Ağcabədi ədəbi mühitinin bir-birindən dəyərli
imzaları, eləcə də, yaradıcılıq həvəskarı
gənclər gözləyirlər. Biz də
qarşıda bizi gözləyən önəmli və
maraqlı müzakirələrin eşqiylə tələsirik.
Nəhayət, bir neçə saatlıq yolu arxada qoyub
Ağcabədiyə qədəm basırıq. Bizi hər kəsdən
öncə günortanın istisi qarşılayır. Günəş başımızın üstündə
nazlı-nazlı qımışır. Yadıma
Məhsəti xanımın bir neçə həftə
öncə dediyi sözlər düşür. O
demişdi ki, mayın sonlarından sonra Ağcabədinin istisi
olduqca artır. Buraya səfəri mayın
ortalarına qədər yekunlaşdırmaq lazımdır.
Bölgənin iqliminə öyrəşməyən
qonaqlar üçün uyğunlaşmaq çətin olur.
Günəşin "xoş gəldin"
şüalarını sevgiylə qəbul edib Məhsəti
Musa və digər ev sahibləriylə
görüşürük.
***
Artıq adət halını alıb getdiyimiz hər
bölgədə öncə Şəhidlər
xiyabanını ziyarət etmək. Ağcabədiyə gəlməzdən
öncə də Məhsəti xanımla danışıb,
bizi öncə şəhidlərimizin hüzuruna
aparmasını xahiş etmişdim. Sağ olsun,
xahişimi məmnuniyətlə qəbul etdi. Beləcə,
Məhsəti xanımın və Ağcabədi rayon İcra
Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədovanın
müşayiəti ilə Ağcabədidə ilk ziyarət
yerimiz geniş bir ərazidə salınmış Qəhrəmanlar
Parkı və onun içindəki Şəhidlər
xiyabanı oldu. Ağcabədiyə ilk ayaq
basandan görüb heyran olduğumuz səliqə, intizam burda
da ilk gözə çarpan cəhət idi. Hər tərəf yamyaşıl ağaclarla,
gül-çiçəklərlə bəzənmiş Qəhrəmanlar
Parkı sanki şəhidlərimizin ruhuna məkan olan cənnətdən
bir köşəni xatırladırdı. Parkın mərkəzində
Bakının Şəhidlər xiyabanındakı "Əbədi
məşəl" abidəsini xatırladan abidə Ağcabədi
qəhrəmanlarının, eləcə də, bu vətən,
bu xalq uğrunda həyatını qurban verən bütün
Azərbaycan igidlərinin ölməz ruhunun simvolu kimi
ucalır.
Parkın girişindən sağ tərəfdə iki
sıra boyunca Ağcabədi şəhidləri uyuyur. Başdakı
iri lövhədə şəhidlərin ad-soyadları həkk
olunub. İlk cərgədə Azərbaycanın
I Qarabağ müharibəsində canını fəda edən
qəhrəman oğullar uyuyur. Onları
ziyarət edərkən hamısının ad-soyadını,
doğum və şəhadət illərini tək-tək
oxuyuruq. Demək olar ki, hamısı bir-birinin
yaşıdı, hamısı bir-birinin bənzəri...
Onları hüznlü gözlərlə süzən anam dərindən
ah çəkərək "bir nəsil uyuyur burda", -
deyir. Onun sözlərindəki həqiqət
başdaşlarından boylanır bizə. Bu şəhidlər arasında ağcabədili 3
Milli Qəhrəman da var. Yanaşı uyuyurlar. İkinci cərgədə də yarıya qədər
I Qarabağ müharibəsi şəhidləri, sonra bir neçə
nəfər atəşkəs dövrü şəhidləri,
sonra isə axıra kimi II Qarabağ şəhidləri
yatırlar. Hər biri bir evin çırağı, hər
biri bir ailənin ümid yeri, pənah yeri olan
oğullarımız ömürlərinin ən gözəl
çağında "vətən", "millət",
"Qarabağ" deyib gözlərini də qırpmadan
ölümə yürüyüblər. Özlərindən
sonra isə əbədi xatirələri, uca adları, sonsuz
qürurları qalıb. O qürur ki, dolan gözlərimizdən
yaşın axmasına da imkan vermir. Şəhidlərə
ağlamazlar, onlarla fəxr edərlər!
***
Qəhrəmanlar parkından sonra tədbirin keçiriləcəyi
ünvana - Heydər Əliyev Mərkəzinə gedirik. Mərkəzin
direktor əvəzi, gülərüz, mehriban bir xanım olan
Rövşanə Əliyeva bizi ilk qarşılayanlardan olur.
İçəridə isə Ağcabədinin,
eləcə də Azərbaycanın müasir ədəbi
mühitinin sayılıb-seçilən imzaları ilə
görüşürük. Adlarını
eşidib, imzalarına bələd olub, şeirlərini oxuyub
heç üz-üzə gəlmədiyimiz qələm
dostlarımızdır onlar. Hər biri bir ədəbiyyat
təəssübkeşi...
Tədbiri
"Aran" qəzetinin redaktoru Məhsəti Musa açaraq
Ağcabədidəki ədəbi mühit haqqında məlumat
verdi, məclisdə iştirak edənləri
təqdim etdi, eləcə də, "Ələk" ədəbi
məclisinin fəaliyyətindən söz açdı. Bölgələrdəki ədəbi mühitin
paytaxtdan çox fərqləndiyini, nisbətən geridə
qaldığını bildiyimizdən Ağcabədidə belə
bir ədəbi məclisin fəaliyyəti bizi çox sevindirdi.
Məhsəti xanım və məclis üzvləri
ədəbi məclisin adının izahına da toxunurlar.
Əslində, izaha ehtiyac da görünmür.
Ədəbiyyatın ən sevimli əşyası
olarmış, yəqin ki, ələk. Hər
qələm tutanın şeir yazmaq eşqinə
düşdüyü dövrdə başqa cür
mümkün də deyil. Ədəbiyyat hər
kəsi zamanın ələyindən keçirə-keçirə
layiq olanlara öz dəyərini ən yaxşı şəkildə
verir. Bir az tez, bir az gec, fərqi
yoxdur. Deyirlər ki, "Ələk" ədəbi
məclisi də Ağcabədi ədəbi mühitində elə
bir növ ələk funksiyasını daşıyıb.
Məclis yeni yarananda 40-dan çox üzvü
olsa da, zamanla onların bir çox ələniblər. Ələyin gözündə qalanlar isə
uğurlu fəaliyyətlərini davam etdirməkdədirlər.
"Ələk" ədəbi məclisinin ən fəal
üzvlərindən biri, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, şair Gündüz Sevindik mövzu
haqqında geniş və dəyərli fikirlərini
bölüşür. "Ələk"in funksiyasını ən
yaxşı şəkildə də elə o, özü izah
edir.
Sonra
növbəylə "Aran" qəzetinin redaktor müavini
Adil Misirli, şairlər Cahandar Aybər, Vəli Qurbanoğlu,
Nofəl Ümid, rayon İcra Hakimiyyətinin əməkdaşı
Vüsalə Məmmədova və digərləri öz fikirlərini,
təkliflərini səsləndirdilər.
Tədbiri maraqlı edən əsas cəhət səmimiyyət
idi. Məhz bu səmimiyyət nəticəsində
geniş fikir mübadilələri apardıq, bölgələrdə
ədəbi mühitin canlandırılması və
inkişafı üçün birgə hansı işləri
görə biləcəyimizi müzakirə etdik.
Təbii ki, ölkə və xalq olaraq, elə bir
dövr yaşayırıq ki, bu günlərdə
bütün söhbətlər məcrasını dəyişib
şəhidlərin üzərinə gələ bilir. Bizim də
söhbətimiz istiqamətini dəyişib şəhidlərimiz,
onların tanıdılması, təbliğatı
yönündə davam etdi. "525-ci qəzet"də
aylardır apardığımız "Əbədiyyətdəki
əziz ünvanlarımız" silsiləsini xatırladan Məhsəti
Musa bu silsilə məqalələrin II Qarabağ müharibəsi
şəhidlərimizin xalqa tanıdılmasındakı
rolundan bəhs etdi. Mən də öz növbəmdə,
bu işin tək mənim yox, kollektiv əməyin bəhrəsi
olduğunu vurğulayaraq Ağcabədi şəhidləri
haqqında silsiləmdə daha çox və daha geniş
yazmaq üçün bölgə nümayəndəsi kimi
onlardan dəstək istədim və hər zaman olduğu kimi,
bundan sonra da bizə dəstək olacaqlarına
inandığımı vurğuladım.
Gündüz
Sevindikin, Vəli Qurbanoğlunun və başqalarının
gözəl şeir nümunələrinin səsləndirildiyi,
səmimi və isti münasibətdə keçən, önəmli
təkliflərin edildiyi görüşümüz
başladığı kimi xoş ovqatla da yekunlaşdı. Sonda bir-birimizə kitablarımızı hədiyyə
edərək bu cür görüşlərin sayının
artırılmasının bölgədəki ədəbi
mühitin inkişafına da müsbət təsir edəcəyini
bildirib gələcəkdə daha tez-tez görüşməyi
qərarlaşdırdıq.
Beləcə, sözlü-söhbətli, şeirli,
misralı Ağcabədi səfərimiz də xoş
duyğuların təsiriylə yekunlaşdı. Bakıdan
Ağcabədiyə ədəbiyyat və şeir dolu bir
ürək aparmışdımsa, Ağcabədidən
Bakıya sevgi dolu, şeir havalı, ədəbiyyat
duyğulu, saf və təmiz ürəklər gətirdim.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 1 iyun .- S.13.