Rəssamlıq sənətimizin əvəzsiz
korifeyi Qəzənfər
Xalıqov
Azərbaycan təsviri sənət tarixində iz qoymuş sənətkarlardan
biri də odur. Rəngkarlıq və qrafika,
həmçinin, teatr
dekorasiya və kino rəssamlığı,
eləcə də
monumental boyakarlıq sahəsində
onun yaddaqalan bədii yaradıcılıq
fəaliyyəti olub.
Xalq rəssamı Qəzənfər
Ələkbər oğlu
Xalıqovdan (16.12.1898-01.03.1981) söhbət gedir.
Çoxşaxəli bədii yaradıcılıq
diapazonuna malik Q.Xalıqov Bakı yaxınlığında yerləşən
Qobu qəsəbəsində
anadan olmuşdu. Atası oğlunu
gələcəkdə savadlı
görmək istəyirdi.
O, oğlunun molla məktəbində təhsil
almasını istəmirdi.
Atası
Q.Xalıqovu "Səadət"
məktəbində təhsil
almaq üçün
Bakı şəhərinə
yollayır. Q.Xalıqov burada
təhsil alır və sonra Azərbaycan
Ali Rəssamlıq Məktəbinə
daxil olur. Burada o, M.Gerasimovdan sənətin sirlərinə
yiyələnir və
gələcəyin tanınmış
rəssamları Rüstəm
Mustafayev, Əmir Hacıyevlə tanış
olur və dostluq etməyə başlayır.
Q.Xalıqov Rəssamlıq Məktəbini
(1928) bitirdikdən sonra
müstəqil rəssamlıq
fəaliyyəti ilə
məşğul olmağa
başlayır. O, dahi yazıçımız C.Məmmədquluzadənin
dəvəti ilə məşhur "Molla Nəsrəddin" jurnalında
karikaturalar dərc etdirir. Rəssam həmçinin, "Gənc
işçi", "Yeni
yol" qəzetləri,
"İnqilab və Mədəniyyət", "Kirpi"
jurnallarında karikaturalar
çap etdirmişdi.
Rəssam C.Məmmədquluzadə
ilə tanışlığı
və məşhur jurnalla əməkdaşlığı
ilə bağlı
"Bakı" qəzetinin
27 may 1967-ci il nömrəsində yazırdı:
"Atam "Molla Nəsrəddin" jurnalına
abunəçi idi. Onun hər nömrəsi mənim üçün
toy-bayrama çevrilirdi.
Birinci növbədə jurnalın
böyük satirik qüvvəyə malik olan canlı və cəlbedici şəkillərinə baxmaqdan
doymazdım. Deyə bilərəm
ki, mənim bir rəssam kimi yetişməyimə də əsas səbəb bu olmuşdur. 1924-25-ci illərdə mən "Gənc işçi" qəzetində rəssam işləyirdim. Bir gün
işə gələndə
mənə dedilər
ki, səni "Molla Nəsrəddin" jurnalına çağırırlar.
Getdim.
Çox sıxıldığımı
görən Mirzə Cəlil dedi ki, cavan rəssamsan,
gəl bizim jurnalda da qələmini işlət. Dedim ki, sizin jurnalda
işləmək üçün
kifayət qədər
təcrübəm yoxdur.
Bunun cavabında Mirzə Cəlil mənə dedi: "Hamı əvvəl təcrübəsiz olur. Heç kəs birdən-birə böyük rəssam olmayıb. Görürsən, bu saat bizim rəssamlarımız
azdır. Gərək cavanlardan
təzə-təzə rəssamlar
yetişsin". Mirzə Cəlil
məni işə həvəsləndirdi. Bir azdan
artıq jurnalın əsas rəssamlarından
biri oldum. Mövzunu özü verirdi. Bir gün qabaq hadisəni nağıl edir, ya da materialı
verir, deyirdi oxu, bunun əsasında
karikatura çək.
Şəkil hazır olanda
Mirzə onu diqqətlə nəzərdən
keçirir, bəzən
də göstərişlər
verir, yenidən işlədirdi. Bəli, "Molla Nəsrəddin" mənim gələcək
yaradıcılığım üçün böyük
bir məktəb oldu, məndə satiraya xüsusi meyl oyatdı".
Təsviri incəsənət - 2
Q.Xalıqovun uğurlu rəngkarlıq
işlərindən "Qadınlar
şöbəsi" (1930), "Firdovsinin dəfni"
(1934), "Çoban Cümşüdün
portreti" (1937), "Həyat
yoldaşının portreti"
(1939), "Nizaminin portreti"
(1940) və başqa əsərlərini xüsusi
qeyd etmək olar.
Q.Xalıqov mədəniyyət tariximizdə
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin obrazını
yaradan sənətkar kimi əbədi qalacaq. 1939-cu ildə şairin bədii obrazının yaradılması
ilə bağlı rəssamlar arasında müsabiqə elan edilir. Müsabiqədə
Xalq rəssamı Q.Xalıqovla yanaşı,
Xalq rəssamları Kamil Xanlarov, Tağı Tağıyev,
Əməkdar incəsənət
xadimləri Reyhan Topçubaşova, Mürsəl
Nəcəfov və başqaları iştirak etmişdilər. Müsabiqəyə Azərbaycan rəssamları
ilə yanaşı, keçmiş SSRİ məkanının
mərkəz şəhərləri
Moskva, Sankt-Peterburq,
Tbilisi və başqa şəhərlərdən 30-a qədər portret təqdim olunmuşdu.
Müsabiqənin birinci mərhələsində
iştirak etməyən
Q.Xalıqov, buna baxmayaraq, mütəfəkkir
şairin dərin bədii əhəmiyyətə
malik, dolğun portret cizgilərini yaratmağa müvəffəq
olmuşdu. Məşhur şərqşünas və
Nizami irsinin araşdırıcısı Yevgeni
Bertels bu portret haqqında qeyd edirdi ki,
"portret şairin tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik
ola bilərdi".
Akademiklər - şərqşünas Y.Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas
Həmid Araslı öz elmi məsləhətləri
ilə portretin ərsəyə gəlməsində
rəssama yaxından kömək etmişdilər.
1940-cı ildə müsabiqənin ikinci mərhələsində bu
portret müsabiqəyə
təqdim edilmiş və birinciliyə layiq görülmüşdü.
Beləliklə, şairin bundan
sonra rəssamlar tərəfindən yaradılacaq
bütün obrazlarında
rəssam Q.Xalıqovun
yaratmış olduğu
Nizaminin surəti prototip kimi qəbul
edildi.
Q.Xəlilov qrafika sahəsində də uğurlu əsərlər müəllifi
kimi diqqəti cəlb edir. Onun müstəqil
qrafika işləri və kitab qrafikası
sahəsində yaratmış
olduğu sənət
nümunələri özünün
professional işlənilmə ustalığı və bədii sənətkarlıq
xüsusiyyətləri ilə
tamaşaçını valeh
edir. Rəssam
"Koroğlu" (1943), "Koroğlu at belində"
(1944), "Xaqani Şirvani"
(1953), "Xaqani zindanda"
(1954), "Məhəmməd Füzul" (1958) kimi, kömür və avarel texnikasında işlənilmiş qrafik portretləri ilə estetik zövq bəxş edən, yadda qalan bədii
surətlər yaradıb.
Q.Xalıqov şair və
yazıçılarımızın əsərlərinin süjetləri
əsasında illüstrasiyalar
çəkmiş və
kitablarının bədii
tərtibatını hazırlamışdı.
Rəssamın kitab illüstrasiyaları özünün məna-məzmun
dolğunluğu ilə
seçilir və müstəqil əsər
təəssüratı bağışlayır.
Qeyd olunanlara örnək olaraq, rəssamın M.Seyidzadənin "Nərgiz"
poemasına (1935), N.Gəncəvinin
"Xosrov və Şirin" (1940), "İsgəndərnamə"
(1953) poemalarına çəkdiyi
illüstrasiyaları və
Ş.Rustaveli "Pələng
dərisi geymiş pəhləvan" (1937), Ə.Vahid
"Qəzəllər" (1938), S.Rəhimov "Aynalı"
(1942), A.Şaiq "Qoçpolad"
(1946), S.Vurğun "İstiqbal
təranəsi" (1947) kitablarına
verdiyi bədii tərtibatı göstərə
bilərik.
Rəssamın plakat yaradıcılığından
bir nümunə olan "Molla Pənah Vaqif" plakatı da diqqəti cəlb edir. Plakatda sağ tərəfdə ölməz şairimiz Vaqifin profildən aydın cizgilərlə çöhrəsi, sol tərəfdə
bir bənd şeiri və mərkəzdə mürəkəb
qabında lələk
təsvir olunub.
Q.Xalıqov eyni zamanda, teatr dekotasiya və kino rəssamlığı
sahəsində çalışaraq,
Ü.Hacıbəylinin "Koroğlu" (1938), R.Qlierin
"Şahsənəm" (1938) operalarının, həmçinin,
"Sehrli xalat"
(1964), "İstintaq davam
edir" (1966) kinofilmlərinin
geyim eskizlərini incə bədii zövqlə hazırlamışdı.
Rəssamın Nizaminin "Xəmsə"sinin
süjetləri əsasında
Buzovna Mədəniyyət
Evinin foyesində yaratmış olduğu mozaik təsvirlər olduqca şairanə və lirik notlarla
süslənmişdi.
Rəssamın Nizaminin əsərlərinə
yaratmış olduğu
məşhur eskizlər
əsasında tanınmış
xalçaçı-alim Lətif
Kərimov süjetli xalçalar, medal sənətinin
tanınmış nümayəndəsi
P.Xryunov Bakıdakı
Nizaminin heykəlinin postamentinə tuncdan barelyeflər hazırlamışdı.
Q.Xalıqovun çoxşaxəli bədii
yaradıcılıq fəaliyyəti
dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib,
o, Əməkdar incəsənət
xadimi (1940), Xalq rəssamı (1973) fəxri
adlarına layiq görülüb, xüsusi
mükafat və medallarla təltif olunub. Rəssamın əsərləri ölkəmizin ən nüfuzlu muzeylərində
saxlanılır, mühafizə
və nümayiş olunur.
Əsəd QULİYEV
Sənətşünas, AMEA-nın dissertantı
525-ci qəzet.- 2021.- 1 iyun.-S.14.