Onlar ulduzların arasına (Esse)
May ayı yaz aylarının
şahıdı, təbiət
cilvəli, bağlar bərəkətli, çiçəklər
min bir ətriylə göz oxşamağında...
Çöllərdən ot-ələf
qoxusu gəlir, sünbüllər dən
tutur, göy üzündə Günəş
ipək tellərini dünyanın üzünə
sərmiş, ürəklər
sevmək, insan yaşamaq eşqiylə coşub daşır... Söz adamları yazıb-yaratmaq havasına köklənir, düşüncələr
yenilənir, yeni, tər-təzə mövzular
özü gəlib
tapır səni. Amma bu il
may ayı özü ilə başqa hava da gətirdi...
Əvvəlcə Azərbaycan poeziyasının
məhək daşlarından,
ədəbiyyatımızın sütunlarından olan Xalq şairi Fikrət Qoca dünyasını dəyişdi. Ağır xəbər
oldu, inanmadım, şairin nurlu siması, iri, mavi gözləri göz önümdən çəkilmədi. Elə
düşündüm, elə
gözlədim ki, bu saat kimsə
xəbəri təkzib
edəcək, amma əksinə oldu, az keçmiş
daha bir Xalq şairinin - Musa Yaqubun vəfatı xəbərinə kədərləndik...
Çox qəribədir, insan bir anın içərisindəcə
göz önündən
çəkilib gedir, amma elə həmin
yerdən də xatirələri göyərməyə
başlayır. Dünən fərqinə varmadığın
sözü, jesti bu gün sənə
başqa cür görünür... Gedənlər belə gedir, həsrəti, darıxmağı
önünə sərib,
səni bu dünyada qərib edib gedir.
Mənim
də dadıma xatirələr yetdi, Fikrət müəllimi dönə-dönə xatırladım...
Yadımdadı, oğlu Yalçın
dünyadan köçmüşdü,
mən isə onu nə görmüşdüm,
nə də tanıyırdım. Fikrət müəllimin
qəmli vaxtı idi, təsəvvür edirdim onun halını.
Əslində, Fikrət müəllimin
də yaradıcılığının,
sözlərinə yazılmış
mahnıların lap uşaqlıqdan
vurğunu olsam da, özünü şəxsən
tanımırdım. İndiki
vaxtda təsəlli verəcək söz lazım idi, amma mən olanları
bir yuxu kimi təsəvvür edirdim ya nəsə,
həmin Sözü xeyli gözləməli oldum...
Dünyadan bir şair getdi,
Üz qoydu üzü qibləyə.
Bir yanı Kərbəla yolu,
Bir yanı bənzər Kəbəyə...
Şeiri
yazıb göndərdim
"525-ci qəzet"ə, çox gözlətmədilər,
iş vaxtı idi, günortaüstü telefonuma tanış
olmayan nömrədən
zəng gəldi, açdım və Fikrət müəllimin həzin, amma çox təsirli səsini eşitdim... O, sonsuz təşəkkürlərini
bildirdi, şeirin böyük ağrı-acı
çəkərək yazdığımı
hiss etdiyini qeyd elədi, haqqımda çoxlu dəyərli xoş sözlər söylədi və "Evimin də, işimin də qapıları sənin üzünə həmişə
açıqdır.."
deyib sağollaşdı...
Sonra onunla dəfələrlə görüşdük,
söhbət etdik, oğlum və nəvəmlə birgə
ailəsində də
qonaq oldum, son çap olunan kitablarını, sözlərinə
yazılmış mahnıların
disklərini bağışladı
nəvəmə. Həmin
gün şair bir məsləhət də verdi
mənə, dedi ki, nə qədər
imkan var, yazın, yaradın. Ədəbiyyatda əbədi
qalan söz və sənətdir, sənətkarı yaşadan
da elə onun yazıb qoyduğu əsərləri olur...
Fikrət müəllim son günə
kimi sözlə bağladığı əhd-peymanına
sadiq qaldı, yazdı, yaratdı. Ölkəmizin pis günündə də, yaxşı günündə də sözdən çələng
toxudu ona, igid oğlanlarını, gözəl qızlarını
sevdi. Nədən yazdısa, sevgiylə
yazdı, insanları sevgiyə səslədi,
"İnsan sevgisi tükənib yer üzündə..." deyə
həyəcan təbili
çaldı. Torpaqlarımız
yağı caynağında
olanda qan ağladı, azad olunan hər qarış torpaqla sevindi, şad oldu...
...Bizə döyüş yaraşır,
Bizə
zəfər yaraşır...
- deyə əsgərlərə
qoşulub müharibəyə
getdi, döyüşdü,
yaralandı, qalib gəldi, unudulmaz qələbə sevinci yaşadı...
Torpağı sevdi, onu beşiyi, məzarı bildi, ürəyi Qarabağla döyündü,
vətən çiçəklərinin
saralmasına dözmədi,
doğma yurdun gözəl hüsnünün
düşmən baxışından
solması içini göynətdi...
...Şirin dil son hədd ola
İnsanlar arasında.
Ölkələr arasında
Qızılgül sərhəd ola..
- deyərək tək Azərbaycana deyil, bütün dünyaya sülh, əmin-amanlıq, sevgi, məhəbbət arzuladı...
Musa Yaqub "sən
Allah özünə öyrətmə"
söylədi, amma bizi özünə yaman öyrətdi. Sözün
keşiyində əsgər
kimi dayandı,
başında tac kimi saxladı, ürəyində əzizlədi,
onu əyilməyə,
yerə düşməyə
qoymadı. Yazdığı şeirlər dillər
əzbəri oldu, könülləri oxşadı.
Çox
yazdı, amma yazmaqdan doymadı, etdiklərini yox, etmədiklərini, edə
bilməyəcəklərini düşündü. Həyatın
qısalığına yandı,
amma bu dünyaya
yenidən gəlmək
arzusuna acıdı...
...Guya bu dünyada
neyləyə bildim,
Deyim ki, təzədən gələsiyəm mən...
Şair olanın xisləti başqa olar, içi xılt, sözü haram götürməz. Söz də bir əmanətdir,
Allahın şairlərə
verdiyi əmanət...
Dünyada söz qoyub
getmək isə bir hünərdir. Onlar bunu etdilər, indi darıxanda sığınmağa sözümüz,
üşüyəndə isə
isinməyə közümüz
var. Bu laylanı da mən
oxuyum sizə, eşidəcəyinizə də
əminəm. Axı,
elə Fikrət Qoca demiş, "insanlar ölmür, ulduzların arasına köçürlər..."
Göydə bir şairin ulduzu axdı,
Yerdə karıxdılar, yerdə çaşdılar.
Görəsən, ruhların xəbəri
varmı,
Yanına Tut dağın aşıb gələn var.
Hər şair dünyanın bir sütunudu,
Çiynindən yek düşdü, əyildi dünya.
Bilməm
yüz il
sonra necə olacaq,
Bilməm
yüz il qabaq necəydi dünya..
Görəsən, nə deyib ağlayır göylər,
Günəş hansı rəngdə
çəkir şairi..
Yağışın, küləyin, odun, torpağın,
Sirri əzəl
gündən çəkir
şairi.
Bir ömrə gör neçə ömür sığdırıb,
Yaşayır od ilə köz arasında.
A torpaq, qucaqla şair balanı,
Öp, oxşa söz daman can yarasından.
Alnından, gözündən, saçlarından
öp,
Sığal çək gümüşü
telinə, torpaq.
O Fikrət Qocadı, o Musa Yaqub,
Sahib ol ta şair
oğluna, torpaq... (Ş.Ş.)
Şahnaz ŞAHİN
525-ci qəzet.- 2021.- 1 iyun.-S.15.