Avstriyada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində xalqımıza bəxş etdiyi Qələbə sevincindən sonra Azərbaycan xalqı 28 May - Respublika Gününü böyük qürur, fəxr yüksək əhval-ruhiyyədə qeyd edib.

 

AZƏRTAC xəbər verir ki, Respublika Günü möhtəşəm Zəfər münasibətilə Avstriyanın Baden şəhərində təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib.

 

Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı Baden Şəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutan tədbirdən əvvəl Baden Şəhər Mədəniyyət İdarəsinin rəhbəri Hans-Qerd Ramaxer giriş sözü ilə çıxış edib. O bildirib ki, Baden şəhəri ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında uğurlu əməkdaşlıq qurulub artıq bir neçə ildir ki, Azərbaycan musiqisi bu şəhərin mədəniyyət proqramının tərkib hissəsinə çevrilib. Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında Baden Şəhər Bələdiyyəsinə uğurlu əməkdaşlığa görə təşəkkür edib bildirib ki, ötən il pandemiyadan öncə Azərbaycan Mədəniyyət Mərkəzinin sonuncu tədbiri Baden şəhərində keçirilib. Pandemiya ilə əlaqədar məhdudiyyətlərin yumşaldılmasından sonra ilk mədəniyyət tədbirinin yenə Badendə eyni konsert salonunda baş tutması simvolik xarakter daşıyır. L.Qasımova qeyd edib ki, Respublika Günü münasibətilə mədəniyyət günlərində tamaşaçılara rəngarəng musiqi proqramı təqdim olunub. Azərbaycan musiqiçiləri Baden Konqres Salonunda etno-caz, milli klassik musiqi proqramları ilə çıxış ediblər.

 

Qala-konsertdə Əməkdar artist, "Qızıl çinar" beynəlxalq mükafatı laureatı Fuad İbrahimovun dirijorluğu ilə Vyana Kamera Orkestri çıxış edib. Konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Aqşin Əlizadə, Arif Məlikov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Müslim Maqomayev, Fərhad Bədəlbəyli digərlərinin əsərləri ifa olunub. Dirijor Fuad İbrahimov tamaşaçılara hər bir əsərin ifasından əvvəl onun bəstəkarı, əsərin tarixçəsi barədə məlumat verib.

 

Qeyd edək ki, qala-konsert Azərbaycan klassik əsərlərindən birinin premyerası ilə yadda qalıb. Gənc Azərbaycan bəstəkarı, 44 günlük Vətən müharibəsinin iştirakçısı Vüqar Məmmədzadənin Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan silahdaşlarının ruhuna ithaf etdiyi "Mənim yolum" adlı əsəri ilk dəfə bu konsertdə səslənib.

 

525-ci qəzet.- 2021.- 2 iyun.-S.13.