Bizim Universitetimiz
Bir
neçə il əvvəl özünün yüzillik
yubileyini təntənəli şəkildə qeyd etmiş
Bakı Dövlət Universitetinin tarixi barədə, əslində,
az yazılmasa da, ortaya çıxan kitablar, məqalələr
çox keçmədən "köhnəldiyinə"
görə bu tarixə vaxtaşırı olaraq yenidən
qayıtmaq, ilk Universitetimizin "tərcümeyi-hal"ını
yeni mədəni-intellektual səviyyədən
araşdırmaq, onunla bağlı ümummilli fəxarət
hisslərimizi, duyğularımızı müasir tələblər
mövqeyindən "komplektləşdirmək" lazım gəlir.
V.İ.Razumovski;
A.O.Makovelski; F.Bağırzadə və M.Qazıyev; X.Əlimirzəyev;
T.Rüstəmov; A.Atakişiyev, S.İbrahimov; M.Ələsgərov,
M.Mərdanov və F.Vahidov; A.Məhərrəmov və
başqaları müxtəlif dövrlərdə həmin
"tərcümeyi-hal"a ümumi baxışın mənzərəsini
yaratmağa cəhd göstərmişlər. Və bu cəhdlər
hər nə qədər dövrün ictimai-siyasi
konyukturası, müəlliflərin subyektiv mövqeləri ilə
bağlı olsa da, əhəmiyyətli olub ən azından
tarixə münasibətin tarixi nöqteyi-nəzərindən
maraq doğurmaya bilməz. Əlbəttə, təsis edildiyi
ilk günlərdən etibarən Universitetimiz kimlər
üçünsə siyasi-ideoloji mübarizə cəbhəsi,
kimlər üçünsə dolanışıq mənbəyi,
kimlər üçünsə şəxsi nüfuz
uğrunda intriqa meydanı, ancaq ümumən xalqımız, cəmiyyətimiz
üçün "ürfan çırağı",
"milli mədəniyyət ocağı", "intellektual
özünütəsdiqin generatoru" olmuşdur.
AMEA-nın
müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor
Misir Mərdanovun bu günlərdə nəşr olunmuş
"Bakı Dövlət Universiteti" kitabı bir neçə
baxımdan əlamətdardır. Birincisi odur ki, Misir müəllimin
bütövlükdə həyatı, elmi, pedaqoji və ictimai
fəaliyyəti həmişə Universitetlə bağlı
olduğundan, əgər belə demək mümkünsə,
"tərcümeyi-halı"
tələbəlik dövründən ? keçən əsrin
60-cı illərindən başlayaraq Universitetin "tərcümeyi-hal"ının
üzvi tərkib hissəsinə çevrildiyindən o, bu
müəssisənin bütün "mətbəx"inə,
daxili aləminə, ruhuna dərindən bələddir...
İkincisi odur ki, Misir müəllim uzun illər ölkəmizin
təhsil tarixini araşdırdığına görə
Universitetin Azərbaycan elmi-intellektual təfəkkürünün
(və mədəniyyətinin) inkişafındakı rolunu
kifayət qədər müfəssəl dəyərləndirmək
təcrübəsinə malikdir... Nəhayət,
üçüncüsü odur ki, kitab hazırlanarkən
müəllif yalnız şəxsi müşahidələrinə,
təhsil tarixşünaslığı sahəsindəki
peşəkarlıq imkanlarına əsaslanmaqla kifayətlənməmiş,
həm mövcud "Bakı Dövlət Universiteti tarixi"
əsərlərindən, həm də arxiv materiallarından
geniş istifadə etmişdir. Odur ki, onun təqdim elədiyi
yeni "Tarix" özünün mükəmməlliyi və
müasirliyilə seçilməklə yanaşı, ona
görə bir növ, ensiklopedik səciyyə
daşıyır ki, burada subyektiv mülahizələrə
mümkün qədər az yer verilmiş, faktlar, məlumatlar,
prinsip etibarilə, obyektiv mövqedən
işıqlandırılmışdır.
Kitab
"Mənim Universitetim" başlıqlı çox səmimi
bir oçerklə açılır. Və zahirən belə
bir təsir bağışlaya bilər ki, həmin oçerk əsərin
ümumi ensiklopedik (və obyektiv!) ruhundan kənara
çıxaraq Misir müəllimin özünəməxsus
düşüncələrini ehtiva etməkdədir:
"Mənim
doğma Universitetim 100 il müddətində necə də
sürətlə inkişaf edib, nüfuzlu elm və təhsil
məbədinə, Azərbaycan ali təhsilinin flaqmanına
çevrilib, Azərbaycanın bütün bölgələrini
maarif nuru ilə işıqlandırıb. Azərbaycanda
çox az ailə tapılar ki, bu və ya digər dərəcədə
BDU ilə bağlı olmasın. Universitetin maarif
işığından ailəmizə daha çox pay
düşdüyü qənaətindəyəm. Universitet bir
çoxları kimi, həm özümün, həm də ailəmin
həyatında önəmli rol oynayıb".
Lakin məsələyə
bir balaca dərindən baxdıqda məlum olar ki, həmin
sözləri Azərbaycanda çox adam (o cümlədən,
bu məqalənin müəllifləri) deyə bilər. Və
heç bir şübhə yoxdur ki, Universitetdə tələbə
Misir Mərdanova dərs demiş Əşrəf Hüseynov,
Maqsud Cavadov, Qoşqar Əhmədov, Cəlal Allahverdiyev, Yəhya
Məmmədov... kimi görkəmli alim-pedaqoqlar bir neçə
riyaziyyatçılar nəslinin yetişməsinə töhfə
vermişlər. Odur ki, cəsarətlə demək olar ki, Azərbaycan
Universitetinin tarixi hər bir azərbaycanlının tərcümeyi-halına
az, ya çox dərəcədə öz intellektual hərarətini
göstərmiş bir "ocağ"ın tarixidir. Və
"mənim Universitetim" eyni zamanda, "bizim
Universitetimiz" deməkdir.
Kitabın
ilk fəsli, tamamilə təbiidir ki, Universitetin yaranmasına
həsr olunmuşdur ki, burada Azərbaycan xalqının ilk ali
təhsilli ziyalıları, Xalq Cümhuriyyəti illərində
Universitet təsis etmək uğrunda aparılmış
mübarizə, həmin mübarizənin uğurlu nəticələri
barədə söhbət gedir. Misir Mərdanov BDU-nun ilk
rektoru V.İ.Razumovskinin məşhur sözlərini sitat gətirir:
"Aydın
oldu ki, Azərbaycan hökuməti Bakıda Universitet
açılmasında ciddi şəkildə maraqlıdır.
Cəmiyyətin bütün siniflərinin əhvali-ruhiyyəsi
Universitetin dərhal açılmasına yönəlib. Bizi
başa saldılar ki,.. Bakıda Universitet
yaradılacaqdır. Ultimativ formada müddət də göstərilmişdi".
Həmin
sözlərdən məlum olur (və sonra cərəyan edən
hadisələr də göstərir) ki, Bakı Dövlət
Universiteti nə qədər möhkəm mədəni dayaqlar
üzərində formalaşmış, onun inkişafı
üçün nə qədər zəngin milli intellektual
imkanlar olmuşdur. Və bu da Universitetin tarixi
üçün çox əlamətdar faktlardan biridir ki,
"kadr çatışmazlığı üzündən
fəaliyyətinin ilk günlərində Azərbaycan Xalq
Cümhuriyyətinin siyasi və dövlət xadimlərindən
Məhəmməd Əmin Rəsulzadə və Rəşid
xan Kaplanov Osmanlı ədəbiyyatı tarixindən, nazir
müavini Həmid bəy Şahtaxtinski isə rus dili və ədəbiyyatından
mühazirələr oxuyurdular".
Həmin
şəxslər mühazirə oxuduqları sahələr
üzrə heç də təsadüfi adamlar deyildilər,
kifayət qədər dərin biliklərə yiyələnmişdilər.
Məsələnin maraqlı cəhəti bu idi ki, onlar vaxt
ayırıb dərs deməklə həm tədrisin səviyyəsinə
təsir göstərir, həm də Universitetin gənc
respublika, ümumən xalq üçün nə demək
olduğunu bilavasitə nümayiş etdirirdilər.
Sonrakı
fəsillərdə Universitetin 20-ci, 30-cu, 40-cı və 50-ci
illərdəki fəaliyyəti araşdırılır ki, bu
onillərin hər biri dövrün ictimai-siyasi kataklizmlərindən
irəli gələn xüsusiyyətlər
daşımışdır. Belə ki, əgər 20-ci illər,
eləcə də 30-cu illərin birinci yarısı ali təhsil
sahəsində hər nə qədər ideoloji xarakterli
müxtəlif eksperimentlər bir-birini əvəz etsə də,
yüksəliş dövrü olmuşsa, 30-cu illərin
ortalarından sonra bütün ittifaq miqyasında
tüğyan etməyə başlayan repressiya Universitetdə
milli əhvali-ruhiyyəli ziyalılar nəslinə son qoymaqla
onu hər cür müstəqillikdən tamamilə məhrum
etmiş, bunun ardınca isə müharibənin
acınacaqlı illəri gəlmişdir.
Kitabda
müharibədən sonrakı dövr, Universitetin tarixində
doğru olaraq, ümumən dirçəliş əlamətlərilə
səciyyələndirilir. Və bu, danılmaz bir həqiqətdir
ki, müharibədən sonra Universitet tədricən çox
hazırlıqlı milli kadrlarla təmin olunmağa
başladı. Onun da nəticəsində ana dilində kifayət
qədər mükəmməl proqramlar, dərsliklər, dərs
vəsaitləri tərtib olunaraq tələbələrin
ixtiyarına verildi, elmlər namizədləri, elmlər
doktorları hazırlandı. Azərbaycan Elmlər
Akademiyasının təsisi Universitetin inkişafına ən
müxtəlif baxımlardan ciddi təkan verdi.
Əminliklə
demək olar ki, Universitetimiz öz tarixinin ikinci dövrünə
əlli illik yubileyinin keçirildiyi ərəfədə qədəm
qoymuşdur. Kitabda göstərildiyi kimi, Universitetin 1969-cu ilin
noyabr ayının 1-də indiki Şəhriyar adına sarayda
keçirilən təntənəli yubileyində Azərbaycan
KP MK-nın birinci katibi Heydər Əliyev demişdi:
"...Azərbaycan
xalqının həyatında, onun mədəniyyətinin tərəqqisində,
Azərbaycan elminin inkişafında, iqtisadiyyatının
yüksəlişində yubilyarımız böyük və
səmərəli rol oynamışdır. Azərbaycan
xalqının torpağında birinci ali məktəbin yubileyi
elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın
dövlət hüdudlarından çox-çox kənara
çıxır... Azərbaycan Dövlət Universitetinin
yaranması dövrün qabaqcıl qüvvələrinin qələbəsi
idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti
və elm xəzinəsinin qapılarını onun üzünə
açmaq uğrunda Azərbaycanın ən yaxşı
oğullarının bir çox illərdə
apardıqları mübarizənin yekunu idi".
Ümummilli
liderin ana dilində etdiyi bu məşhur nitqdə Universitetin
milli elmi-ictimai fikir (ümumən, sözün geniş mənasında,
milli ziyalılıq) tarixindəki rolu ən azı
üç baxımdan son dərəcə mükəmməl
təhlilini (və təyinatını!) tapmışdır:
1)
Bakı (Azərbaycan) Dövlət Universiteti Azərbaycan
xalqının intellektual imkanlarının (və həmin
imkanlara əsaslanan milli iradəsinin!) təcəssümüdür;
2)
Universitet yarandığı günlərdən xalqın
milli-mənəvi yüksəlişinə həlledici təsir
göstərmişdir;
3) Yeni
tarixi şəraitdə Universitetin daha da inkişafı sahəsində
ediləcək xidmətlər heç vaxt hədər getməyəcək,
milli Universitet təhsili almış yeni-yeni nəsillər
xalqın (və ölkənin) taleyini müəyyənləşdirəcəkdir.
Heydər
Əliyev özünün də təhsil aldığı
doğma Universitetin mövcud şərəfli tarixi təcrübəyə
dayanaraq daha da yüksəlişi üçün həm
strateji planların hazırlanmasını, həm də həyata
keçirilməsini təmin etdi.
Universitetin
tarixinin üçüncü dövrü ölkənin (və
xalqın) müstəqillik əldə etməsi ilə
başlanır. Və bu illərdə Universitetin
qarşısında dayanan əsas vəzifə onun müasir
dünya elm-təhsil texnologiyalarına yiyələnməsi
olmuşdur ki, kitabın son fəsillərinin adlarında
öz əksini tapmış bir sıra anlayışlar bunu
birbaşa ifadə etməkdədir: müstəqilliyin
işığında ? müstəqilliyin kövrək
addımları, muxtariyyət hüququ; genişlənən
üfüqlər ? əsaslı islahatlar dövrü,
böyük dəyişikliklər başlayır, kəmiyyətdən
keyfiyyətə; 100 yaşlı Universitet - Avropa elm və təhsil
məkanına inteqrasiya sürətlənir, dünya bizi
tanısın...
Misir Mərdanovun
"Bakı Dövlət Universiteti" kitabı bu cür
ensiklopedik əsərlər üçün çox gərəkli
olan Universitet tarixinin ən mühüm hadisələri, ad
göstəricisi və istifadə olunmuş ədəbiyyatın
siyahısı ilə bitir. Kitabın elmi redaktoru əməkdar
elm xadimi Fərrux
Rüstəmov, naşiri Tural Axundov, nəşriyyat redaktoru
Gülər Mehdiyevadır.
Bakı
Dövlət Universitetinin yaranmasında və
inkişafında xüsusi xidmətləri olmuş
ziyalıların əziz xatirəsinə ithaf edilmiş bu əsər
Universitetlə az və ya çox bağlı olan hər bir kəsin
stolüstü kitabına çevrilməyə layiqdir.
Nizami CƏFƏROV
Məhəmməd BABANLI
525-ci qəzet.- 2021.- 2 iyun.-S.16.