Bədii nəsrimizin dəyərli
nümunəsi
Görkəmli ədib Mir Cəlalın yeni nəşr
olunmuş
"Qayğılar" romanı haqqında qeydlər
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan, özünəməxsus orijinal və çoxşaxəli yaradıcılığa malik klassik ədibimiz Mir Cəlal Paşayevin ədəbi irsinə daha bir kitab əlavə olundu. Bu yaxınlarda ədibin "Qayğılar" adlı kitabı çap edilərək oxucuların ixtiyarına verildi. Bu çox əlamətdar və maraqlı hadisə hər yazıçıya qismət olmur. Kitabda ədibin "Qayğılar" adlı romanı və hekayələri öz əksini tapıb.
Bu doğma irsi daha da zənginləşdirən maraqlı kitabın ilk oxucularından biri olmaqdan, kitabın məsləhətçisi kimi böyük şərəf və qürur hissi keçirirəm. Zamanın o başından gələn, tarix qoxuyan, eyni zamanda, özündə dərin mətləbləri ehtiva edən bu əsərləri oxuyarkən insan mənəvi cəhətdən təlatümlər içərisində - bəzən sevinc, bəzən kədər, bəzən gülüş, bəzən də dərin fikir girdabında çırpınır.
Mir Cəlal haqqında danışılsa, yazılsa da, bu mürəkkəb və mürəkkəb olduğu qədər də sadə, eyni zamanda, dərin ədəbi irsin tədqiqi və təhlili zaman-zaman öz vacibliyini və əhəmiyyətini diktə edir. Ədibin "Qayğılar" romanı öz tarixiliyi, məzmunu və mahiyyəti etibarilə olduqca mühüm və maraqlıdır. Əsərdə Azərbaycanda Sovet quruluşunun təşəkkülü, kolxoz quruculuğu, kəndlərdə baş verən dərin kataklizmlər zəminində ictimai və sosial təbəqələrin qarşıdurmasından, cəmiyyətdəki böhran vəziyyətindən, əqidə və məsləklərin toqquşmasından, dini mövhumatın verdiyi zəlalətdən, savadsızlıq və cəhalətin yaratdığı uçurumlardan əlavə, həm də insan talelərindən və bu talelərin zamanın girdabında payimal olmasından, qadın hüquqlarının tapdanmasından, ümumiyyətlə, qadınların cəmiyyət tərəfindən təzyiqlərə məruz qalmasından, təzadlı və inadkar xarakterlərin törətdiyi cinayətlərdən, avamlıq və cəhalətin yol açdığı faciələrdən danışılır. Eyni zamanda, insanın öz-özünü tərbiyə etməsindən, yaxşı və təmiz insanların bəzən öz canları bahasına olsa da, cəmiyyətin rifahı naminə qələbə qazanmasından, insanın öz vicdanı qarşısında cavabdehliyinin vacibliyindən bəhs edən hadisələr əsərin ümumi fonunda elə məharətlə və elə dəqiq təsvir olunur ki, oxucu, ədibin şirin və doğma dilinin verdiyi zövqlə, xarakterlərin ağır və əlvan palitrasının göz oxşayan rənglərindən ayrıla bilmir. Yazıçı mahir rəssam kimi, əsərdəki xarakterlərin köməyi ilə, işığı və qaranlığı elə məharətlə yaradır ki, təzadlı mühitdə, zamanın dibində hökm sürən tünd və qatı təbəqələrin üzərinə düşən işığın qüdrəti daha şahanə görünür. Həmin işıq ziyaya çevrilib zəmanəsinin günahını və qəbahətini daha aydın göstərə bilir.
Romanı
oxuduqca, əsər boyu cərəyan edən dərin hadisələri, ağır və
qorxulu cinayətləri yumşaldan, Azərbaycan dilinin şirin ləhcəsi ilə verilən incə və zərif yumor, qırılmaz zəncir kimi zaman-zaman dodağa gülüş qondurur, eyni zamanda, düşünməyə məcbur edir. Mir Cəlalın təkcə yazıçı dili böyük tədqiqat əsərlərinin, doktorluq dissertasiyalarının mövzusudur. Bu dil o qədər şirəli və əzizdir ki, insanı öz milli kimliyini, öz keçmişini, öz şəxsiyyətini sevməyə, onu qorumağa, onu tərənnüm etməyə vadar edir. O dil hamının dili kimi
deyil, indi o dilə olan ehtiyac daha yaxşı hiss olunur. O dil
bizim keçmişimiz, varımız, dövlətimiz - Ana
dilimizdir. Təsadüfi deyil ki, bu məsələ
dövlətimizin başçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
Azərbaycançılıq məfkurəsinin özəyi,
dövlət əhəmiyyətli məsələ kimi daima
vurğulanır. Azərbaycan ədəbiyyatına
mühüm töhfə olan "Qayğılar" romanı
özündə Ana dilinin ən gözəl
çalarlarını, ən doğma kəlmələrini
ehtiva edir. Əsəri oxuduqca bəzən
heç eşitmədiyin sözlərə, deyimlərə
rast gəlirsən, təəccüblənirsən, öyrənirsən.
Mir Cəlal öz dilinin qüdrəti ilə
sevinci daha parlaq, kədəri daha dərin, ittihamı daha
ağır deməyi bacarır. Bu sözlər
insanı sarsıdır, oxucuya emosional və psixoloji təsir
göstərir. Əsərdəki mənfi
obrazlara kin yaradarkən, müsbət qəhrəmanları
sevməyə, onların müsbət mənəvi keyfiyyətlərini
rəğbətlə qarşılamağa, onlar kimi
olmağa, mübarizliyə, Vətənə, xalqa xidmət
etməyə çağırır.
Əsərdə
söhbət Sovet quruculuğu illərindən getsə də,
yaşanan tarixin çətinliyi, xalqımızın
başına gətirilən müsibətlər, kəndlərdə
və əyalətlərdə baş verən qaranlıq hadisələr,
bu hadisələrdən doğan cinayətlər, Azərbaycan
Xalq Cümhuriyyəti, müsavatçıların
sıxışdırılıb aradan
çıxarılması, dərəbəylik və qəddar
yanaşma, cəmiyyət üçün yeni olan məsələlərin
və həyat tərzinin hələ qəbul edilə bilməməsi,
əslində, xalqımızın çox da keçmiş
olmayan tarixinə güzgü tutur.
Zamanın
o tayından gələn, öz mahiyyətində çox məsələlərə,
tarixi və mənəvi problemlərə diqqəti cəlb edən
yazıçının əsərinin məhz XXI əsrdə,
2021-ci ildə, zəfər qazandığımız, milli
qürurumuzun aşıb-daşan vaxtı, müstəqilliyimizi
və suverenliyimizi qoruyub saxladığımız bir zamanda nəşr
olunması bir qanunauyğunluq kəsb edir. Yazıçının
təsvir etdiyi hadisələr o qədər dəqiq, o qədər
sətiraltı məna yüklüdür ki, romanı oxuyub
bitirdikdən sonra onun təsirindən çıxa bilmirsən.
Əsər səni düşündürür,
düşündürdükcə də vətənpərvərlik
hisslərini alovlandırır. Ədib
xalqın nə qədər çətin və ağır
tarixi proseslərdən keçdiyini, nəyin yaxşı, nəyin
pis olduğunu anlamadan zamanın fırtınasında
sovrulduğunu rejimin diktə etdiyi çərçivələr
daxilində deyə bildiyi qədər, bacardığından
da artıq şəkildə çatdıra bilib. Əsərdə
milli hökumətin süqutu, bolşeviklərin Azərbaycanı
işğalı zamanı kəndlərdən vətənin
qurtuluşu uğrunda əsgər toplanması epizodunu
yazıçı belə təsvir edir:
"Axund gəldi. Pinəçi Rəhimin səkisi-nə
çıxdı. Qollarını əbadan
çıxardı, silkindi. Danışmağa
hazırlaşdı. Hamı susdu, axundun
üzünə baxdı. Hamı dinlədi.
Axund minbərdən danı-şarmış kimi xitab etdi:
-
Eyyühənnas! Ey mücahiddini-islam! Mücahiddini-mübin!
Yaman gündür! Məlumunuz ki, mübarək
vətənimizi din düşmənlərindən təmizləmək
üçün dəs-tədəstə qurbanlar verdik. Şalonlar qabağında, meydanlarda, dəmiryollarında
qırılan şühədamız kimin yadından
çıxar?
Axund tutuldu. Təsirdən boğazını ovuşdurub şeirin
birinci misrasını irad etdi:
Biz ol ali hüməm ərbabi-cəddi-ic-tihadız
kim...
Nə
gözəl kəlamdır! Bəli, cəvanani-islam!
Heçdən bir hökumət yaratdıq. Amma kafirlər,
din və millət düşmənləri islama müsəllət
olublar. Rəisi cümhu-rumuz hökm verib: sizdən Əli
qanı, Abbas şücaəti tələb olunur. Sizi bugün hökumətimiz müqəddəs bir əmrə
məmur edir. Silah altına girib, Əsgəran
davasına gedəcəksiniz. Mən, şəriət
müvəkkili sizə mübarəkbadlıq verirəm və
təbrik edirəm və buyurun kəla-mullaha əl basın,
and için, cəbhələrə şitab edin... Qurani-Kərim sizə yol olsun, Əli kəmərinizi
bağlasın. Bismillah!..
Axund səkidən enib, əlindəki tirmə heybədən
şirazəli bir Quran çıxartdı".
Yazıçı
bu epizodda Türkiyə ədəbiyyatının görkəmli
nümayəndəsi, hürriyyət şairi, qüdrətli
Namiq Kamalın "Hürriyyət qəsidəsi"ndən:
"Biz
ol ali hüməm ərbabi-cəddü
ictihadız kim,
Cahangiranə
bir dövlət çıxartdıq bir əşirətdən"
- beytindən istifadə etməklə diqqətləri
haraya cəlb etdiyini çox gözəl anlayır və
anladırdı.
Bu kimi nümunələrin bol olduğu, həm ədəbi,
həm tarixi, həm də mənəvi önəm
daşıyan bu roman Mir Cəlal
yaradıcılığının qiymətli nümunələrindən
biri kimi tarixdə qalacaq.
Romanda
müasir dövrdə də baş verən, ümumiyyətlə,
insan cəmiyyətinin əbədi problemləri - vəzifə
başına keçən təsadüfi və tamahkar
adamları, öz şəxsi mənafeyi naminə hər
şeyi məhv etməyə qadir olan, hətta cinayətlərə
belə qalxışan kəsləri, cılız və mənəviyyatsız
insanları o qədər parlaq, o qədər maraqlı, o qədər
sadə və aydın göstərir ki,
yazıçının qələminin ziyası altında həmin
xarakterlər ən kiçik zərrəciklərinə qədər
açıq görsəniz. Eyni zamanda, əqidəli,
inandığı amala sadiq olan, xalqı yaşanan
ağır vəziyyətdən çıxarmağa çalışan,
vicdanla, təmiz qəlblə işləyən şəxsləri
də öz qüdrətli qələmi ilə layiqli şəkildə
ucaltmağı bacarır. Onları sevdirə
bilir, yaxşının işığında pisi əridir,
heç edir.
Əsərin qəhrəmanlarından biri olan Tərlan -
şəhərdən gələn qadın, kənddə vəzifəyə,
işləməyə göndərilən gənc kadrdır. O, həvəslə və
vicdanla çalışır, ədalətlidir. Ona həvalə olunan işi lazımi şəkildə
yerinə yetirir. Bunun üçün gecə-gündüz
çalışır, kəndin qaranlıq guşələrində
gedən qaranlıq işlərdən xəbərsizdir. Simasız və hiyləgər insanlardan gələ
biləcək təhlükənin fərqində olsa da, buna
inanmır. Düşünür ki, Məşədi
Dilən kimi ağsaqqal kişilər, Buxaqlı kimi
qadınlar ona heç nə edə bilməzlər. Ancaq belə olmur. Tərlanı
öldürürlər. Bir alovlu gəncin
qanını axıdır, bütün olanlarda Tərlanı
günahlandırır, sanki bununla da hər şeyin düzələcəyinə
inanırlar.
Belə gərgin psixoloji səhnələr
yazıçının mahir qələmində o qədər
təsirli sözlərlə verilir ki, oxuduqca Tərlanın
taleyinə acımaya, Məşədi Dilənin qəddarlığına
nifrət bəsləməyə bilmirsən.
Mir Cəlalın şirin və incə yumoru əsər
boyu özünü bariz şəkildə göstərir. Bu şirin
sözlərlə ifadə edilən mətləblər
insanın dodağını qaçırır, kəndlinin
halına acımaya bilmirsən.
"Xalıqov
papaq barədə texnikum müdirindən iclaslarda nə
eşitmişdisə, dedi. Lakin ona yerdən etiraz edirdilər:
-
Yoldaş, buyurdun papağı istəmiyən kimdir?
- Maarif
şöbəsi! Başı olana papaq
la-zımdır?
-
Papaqsız baş daha yaxşıdır!
- Biz
arvaddan danışmırıq!
Bir kəndli
Xalıqova macal vermədi:
- Necə
yəni papaq nədi?.. Papaq hər
yerdə desən, karıma gəlir. Papaq mənim
dəsmalımdır, yastığımdır, döşəyimdir,
sözgəlişi tikan şələsi bağlayanda əlcəyimdir,
dalaşanda qalxanım-dır. Bostanda
qarovulçumdur. Hər adam nə
başa düşür papağın qədrini...
Tərlan kəndlinin sözünü kəsdisə də,
hamı güldü. Xalıqov az qaldı
qızar-sın. Tərlan işarə elədi
ki, "məsələyə keç!"
Azərbaycan nəsrinin inkişafı, Azərbaycan ədəbiyyatının
zənginliyi, Azərbaycan dilinin təşəkkülü və
tədqiqi baxımından ədəbiyyatşünaslığın
predmetinə çevriləcək bu misilsiz əsər barəsində,
sözsüz ki, hələ çox yazılacaq, çox
danışılacaq.
Mir Cəlalın "Qayğılar" romanı və
hekayələrinin aşkara çıxarılıb çap
edilməsi Azərbaycan ədəbiyyatında böyük bir
hadisə kimi qəbul edilməlidir, deyə
düşünürəm. Böyük sevinc hissi ilə
bütün ədəbiyyatsevərləri, Mir Cəlal
yaradıcılığının vurğunlarını təbrik
edirəm!
Mehriban CƏFƏROVA
525-ci qəzet.- 2021.- 2 iyun.- S.17.