Aşıq Ələsgər: bir daha
şifahilik məsələsi haqqında
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
imzaladığı xüsusi Sərəncam
işığında bu il Aşıq
Ələsgərlə bağlı yubiley tədbirlərinin
keçirilməsi, heç şübhəsiz, ustad sənətkarın
yaradıcılığını hərtərəfli
araşdırmaqda mühüm rol oynayacaq.
Bu yazıda biz Aşıq Ələsgər irsinə, bu
vaxtacan xeyli araşdırılan, amma yetərincə də
mübahisəli məqamları olan şifahi ənənə
və müəllif fərdiyyəti baxımından nəzər
salmaq istəyirik. İlk növbədə
xatırlatmağı vacib bilirik ki, xalq arasında Aşıq
Ələsgər sözünün ilahi mənşəyinə
inam tədqiqatçılar arasında sinədəftərlik
məsələsini diqqət mərkəzinə
çıxarır və yazı-pozu bilməyib bədahətən
şeir demək məsələsinə yenidən qayıtmaq
ehtiyacı yaradır. Ehtiyac yaranır ki,
sinədən söz demək məsələsi ilə
Aşıq Ələsgərin yazı-pozu bilməməsinin
bağlılığına təzədən bir
aydınlıq gətirilsin.
Aşıq Ələsgərin yazı-pozu bilməməsinin
Sovet dövründə xüsusi olaraq qabardılması o
vaxtkı siyasi rejimin "proletar mədəniyyəti" təlimi
ilə bağlı idimi? Axı yeni bərqərar olmuş Sovet siyasi sistemində
aşağı təbəqəyə mənsub sənətkarların
irəli çəkilməsi və onların
"burjuaziya"nı təmsil edən yazıçılara
qarşı qoyulması istiqamətində addımlar
atılır, tədbirlər görülürdü. Yoxsul bir kəndli ailəsindən çıxan və
təhsil almaq imkanı olmayan Aşıq Ələsgərin
dövlət orqanları tərəfindən xüsusi olaraq
İrəvana dəvət edilməsi
xatırlatdığımız istiqamətdə atılan
addımların, görülən tədbirlərin bir
nümunəsi sayıla bilər. Amma
burası da var ki, Aşıq Ələsgər dövlət
orqanlarının dəvətinə heç də müsbət
cavab verməyib və İrəvanda rəsmi dairələrlə
ünsiyyətdən boyun qaçırıb. Öz dövrünün Mirzə bəylər kimi
qabaqcıl dünyagörüşlü ziyalısına, Dəli
Alı kimi yenilməz qaçağına təriflər deyən
Aşıq Ələsgər Sovet quruluşunun şəninə
bir misra belə söyləmək fikrində olmayıb.
Demək, Aşıq Ələsgərin "bisavadlılığı"nın xüsusi olaraq qabardılmasının
arxasında "proletar mədəniyyəti" siyasətinin
gizləndiyini güman etmək özünü o qədər
də doğrultmur və bu qüdrətli sənətkarın
həyat-yaradıcılığı ilə bağlı səciyyəvi
faktlara aşiq sənətinin qanunauyğunluqları baxımından
yanaşmaq lazım gəlir. Bədahətən
şeir demək bu qanunauyğunluqlardan biridir. Əlbəttə, sinədən söz demək
bütün aşıqlara yox, Aşıq Ələsgər
kimi ustad aşıqlara aid edilən və xüsusi önəm
verilən bir cəhətdir. Məsələ
burasındadır ki, ustad aşığın Dədə Qorqud
sayaq övliyalığı ilə, kəramət sahibi
olması ilə bağlı inanclar, hər şeydən əvvəl,
həmin sənətkarın sinədən söz demək
qüdrətini əsaslandırmağa yönəlir. Elə söz ki, dildə-ağızda gəzir və
zaman-zaman nəsildən-nəsilə ötürülür.
Elə söz ki, şifahi şəkildə yarandığı
kimi, nəsildən-nəsilə ötürülüb
geniş yayılması da bir çox hallarda məhz şifahi
şəkildə baş verir. Odur ki, Aşıq Ələsgər
yaradıcılığında şifahilik məsələsinə diqqət yetirmək, bu sənətkarın
yazı-pozuya münasibətini xüsusi nəzərə almaq
bu günün özündə belə aktuallıq kəsb
edir və bu məsələnin çözülməsi
aşıq yaradıcılığı ətrafında davam
etməkdə olan şifahi sənət - yazılı sənət
mübahisəsinə müəyyən qədər
aydınlıq gətirir.
Aşıq Ələsgər yazıb-oxumağı
bacarıbmı? Bu suala "yox" cavabı verməyə
tələsmədən ustad aşığın şeirlərinə
müraciət edək. Görəcəyik ki, müəllif
bir çox şeirlərində özünün
yazıb-oxumağından söhbət açır:
Sol əldə
kağız var, sağ əldə qələm,
Bir yanda nəşə var, bir yanda ələm.
Ələsgər
tək şirin zəban, xoş kəlam,
Bivəfa dünyaya gəldi də getdi. ("Getdi")
Ələsgərəm,
doğru yoldan azmaram,
Hərcayı gözələ tərif yazmaram. ("Bəyistan")
İstəyirəm,
sana bir dastan yazam,
Qubernat eşidə, yaranal bilə. ("Bilə")
Orucu
çox bəyənmişəm, məhəbbətim var Qəfərə,
Qasımı mərdanə gördüm, vəsfini
yazdım dəftərə. ("Kimi")
Neçə
namə yazdım canan elinə,
Heç birisi o diyara yetmədi. ("Yetmədi")
Göründüyü
kimi, Aşıq Ələsgər "Getdi" şeirində
kağız-qələmdən, "Bəyistan", "Bilə",
"Kimi", "Yetmədi" şeirlərində isə
tərif, dastan, vəsf, namə yazmaqdan bəhs edir. Oxşar mənzərəni
"oxumaq" məsələsinə münasibətdə də
izləmək mümkündür:
"Əlif"dən dərs aldım, əbcəd
oxudum.
("Yazıq əmməni")
Dərs almışam, oxumuşam hər aya. ("Dal dala")
Oxudum, yetişdim mən bu hesaba. ("Olur")
Adı çəkilən şeirlərdə
Aşıq Ələsgər oxuyub əbcəd öyrənməyindən,
dərs alıb Quran ayəsi oxumağından, oxuyub bəlli
bir mərtəbəyə yüksəlməyindən bəhs
edir.
Bütün
bunlarla bərabər, o da qeyd edilməlidir ki, Aşıq
Ələsgər yaradıcılığında onun
yazıb-oxumaq bacarmamasına işarə edən misralar da var:
Huş
başımdan gedib, yoxdu savadım,
Sözlə
mətləb yazmaq deyil muradım,
Arifə eyhamla yazıram hürfat.
("Dörd
kitab hər yana yolu göstərir")
Bu misralardan aydın olur ki, Aşıq Ələsgərin
"sözlə mətləb yazmaq" savadı yoxdur, o,
fikrini arif adamlara ayrı-ayrı hərflərə işarə
etməklə çatdırır.
Aşıq Ələsgərin yazıb-oxuya bilməməsi
barədə yerli-yataqlı məlumatı isə onu
görüb-tanıyan adamların söylədiklərindən
alırıq.
Aşıq Ələsgərlə ünsiyyətdə
olan belə adamlardan biri Aşıq Şəmşirdir. Aşıq Şəmşirin söyləməsinə
görə, İrəvanlı Mirməcid ağa cibindən
bir bəyaz çıxarıb oxumaq üçün
Aşıq Ələsgərə verir. Aşıq
Ələsgər isə sazı köynəkdən
çıxarıb, bəyazı oxuya bilməyəcəyini
Mirməcid ağaya belə bildirir:
Qulaq eşitməsə, ürək duyarmı?
Nə bilər dünyada naşı bisavad?
Yazmaq, pozmaq bisavada uyarmı?
İnsan
olmayaydı kaşı bisavad...
Atam yoxsul
olub dövləti-vardan,
Məni
qurtarmayıb bu intizardan,
Az-az
öyrənərəm oxumuşlardan,
Gündə eylər çox təlaşı bisavad.
Aşıq Ələsgərin yazı-pozu bilməməsini
öz xatirələrində sənətkarın oğlu
Aşıq Talıb və şəyirdi Aşıq Ağayar
da yeri düşdükcə vurğulayır. Aşıq Ələsgərin
nəvəsi və Aşıq Ələsgər irsinin
tanınmış tədqiqatçısı İslam Ələsgər
qeyd olunan məsələ ilə bağlı mülahizələri
ümumiləşdirərək yazır: "Aşıq
Ələsgər kəskin hafizəsi və həmişə
öyrənməyə cəhd göstərməsi sayəsində
zəngin bilik əldə etmişdir. Oğlanlarının,
onu görmüş digər qocaların söylədiklərinə
görə, aşıq dövrünün ziyalıları və
din xadimləri ilə ünsiyyətdə olar, onlara tarixi, bədii
və dini kitablar oxutdurub, qulaq asmağı çox sevərmiş.
Dini məsələlər ətrafında gedən
mübahisələr zamanı mollalar, axundlar, qazilər, hətta
şeyxlər onun dedikləri ilə razılaşmalı
olurmuşlar.
Aşıq Ələsgərin şeirlərində
Firdovsinin, Nizaminin, Füzulinin, Nəsiminin, Hafizin
adlarının çəkilməsini, "onlar da
yazdığı ayə, məndədi" deyilməsini təsadüfi
hal hesab eləmək olmaz. Aşıq dinləmə
yolu ilə onların əsərləri ilə tanış
imiş". İslam Ələsgərin
bu qənaəti tədqiqatçılar arasında qəbul
edilmiş bir qənaətdir və bizim də bu qənaətə
heç bir etirazımız yoxdur. Amma kimsə "dərin
zəka sahibi üçün yazıb-oxumağı öyrənmək
asan bir işdir" deyib Aşıq Ələsgərin
"bisavadlığı"na şübhə ilə
yanaşsa və öz şübhəsinin yersiz
olmadığını ustad sənətkarın bir çox
şeirlərində rast gəldiyimiz (və bir az əvvəl
xatırlatdığımız) "namə yazdım",
"əbcəd oxudum" kimi ifadələrlə sübuta
yetirməyə çalışsa, biz bunu da təbii hal
saymalıyıq. Ona görə ki,
aydınlaşdırılması vacib olan məsələ
Aşıq Ələsgərin yazı yaza bilməməsindən
daha çox onun şifahi yaradıcılıq prinsiplərinə
nə dərəcədə əməl edib-etməməsidir.
Faktlar göstərir ki, Aşıq Ələsgər məhz
şifahi yaradıcılıq yolunu seçib və bədahətən
şeir söyləmə tələbinə yüksək səviyyədə
əməl etməyə çalışıb:
Bir mirzə
lazımdı əli qələmli,
Mən deyəm, vəsfini yaza, Müşgünaz.
"Müşgünaz"
şeirindən götürdüyümüz bu misralar
şifahi söyləmə və qələmə alma məsələlərinin Aşıq
Ələsgər yaradıcılığındakı yerini
görməyə yaxından kömək edir. "Yazılanı
oxusunlar, qulaq asım; şeiri deyim yazsınlar". Bu prinsip Aşıq Ələsgər
haqqındakı dastan-rəvayətlər və xatirələrdə
də kifayət qədər zəngin faktlarla öz təsdiqini
tapır. Aşıq Şəmşirin Aşıq
Ələsgər haqqındakı xatirəsində
qarşılaşdığımız səhnə - verilən
kağızın Ələsgər tərəfindən
oxunmaması oxşar şəkildə dastan-rəvayətlərdə
də rastımıza çıxır: Şəmkirli
Aşıq Hüseynin qıfılbəndi yazılmış
kağız Aşıq Ələsgərə çatanda o,
kağızı oxumaq üçün oğlu Bəşirə
verir. Qıfılbəndə cavabı da
Aşıq Ələsgər yazmaq yox, şifahi söyləmək
yolu ilə bildirir. Cavabın kağıza
köçürülməsini Aşıq Ələsgər
yenə oğlu Bəşirə həvalə edəsi olur.
Dastan-rəvayətlərdə Aşıq Ələsgərin
yazıb-oxumaq bilməməsinə bu qədər diqqət
yetirilməsinin səbəbini doğru-düzgün anlamaq
üçün yenidən ənənəyə baş vurmaq,
Ələsgərəqədərki ustad aşıqlarla
bağlı bəzi əhvalatları xatırlatmağa ehtiyac
yaranır. Uzağa getmədən "Qurbani" və
"Abbas-Gülgəz" dastanlarına nəzər salsaq, hər
iki dastanda baş qəhrəmanların təhsilə,
yazı-pozuya münasibətini üzə çıxaran
epizodlara rast gələrik. Məsələn,
"Qurbani" dastanında belə bir epizod diqqətdən
yayınmır: Pəri xanımla Qurbani bir yerdədirlər. Pəri
xanım bir molla çağırıb Şıx oğlu
Şaha məktub yazdırır ki, Şıx oğlu Şah
iki sevgilini Qara Vəzirin zülmündən xilas etsin, onlar
bir-birindən ayrılmasınlar. Başa
düşmək çətin deyil ki, bu epizodla
dastançı öz qəhrəmanının yazıb-oxumaq
bilməməsinə, söylədiyi şeirlərin haqq
vergisi kimi sinədən gəlməsinə işarə edir.
Oxşar epizodlarla "Abbas-Gülgəz" dastanda da
qarşılaşırıq: Abbası öz istəyi ilə
mədrəsəyə qoyurlar, amma şikəstə oxumaq
üstündə molla ilə toqquşmaq və ağır
falaqqa cəzası almaq bu təhsili yarımçıq qoyur.
Xatırlatdığımız epizodda da
dastançının niyyəti eynidir: Abbasın təhsil
gücünə yox, Allah vergisi hesabına sinədəftər
olmasını diqqət mərkəzində saxlamaq.
Ələsgərəqədərki
ustad aşıqlardan Xəstə Qasımın təhsilə,
yazı-pozuya münasibətini əks etdirən rəvayətlər
də toxunduğumuz mövzu baxımından az
maraq doğurmur. Xəstə Qasımın əvvəl
öz kəndi Tikmədaşda, sonra isə Ərdəbildəki
Şeyx Səfi məscidində kifayət qədər yüksək
təhsil alması məlum faktlardır. Tədqiqatçı
Məhəmməd İbadi Qaraxanlının fikirlərinə
əsaslanıb o faktı da xatırlatmaq yerinə düşər
ki, Xəstə Qasım mahir bir xəttat olub. Bu fakt istər-istəməz
belə bir sual doğurur: Yüksək təhsil almaq və
mahir xəttat olmaq Xəstə Qasımın sinədəftər
haqq aşığı olmasını xalqın təsəvvüründə
arxa plana keçirmir ki? Xeyr, arxa plana
keçirmir, ona görə ki, Xəstə Qasımın
yüksək savad sahibi olmasından böyük məhəbbətlə
söhbət açan aşıqsevərlər bu sənətkarın
sinədəftərliyindən də eyni məhəbbətlə
söhbət açırlar. Aşıqsevərlərin
qənaətlərindən biri də budur ki, Xəstə
Qasımın şeirləri daha çox
ağızdan-ağıza keçərək, məclislərdə
oxunaraq xalq arasında məşhurlaşıb. Bu qənaətə uyğun rəvayətlərin
yaranmasına da təsadüfi hal kimi baxmaq olmaz. Rəvayətlərdən
biri bu məzmundadır: Hakimiyyətdən
narazılığını bildirdiyinə görə Xəstə
Qasımın əlyazmalarını Nadir şahın
adamları Tikmədaş bölgəsindəki Bino
çayına atıblar. Məhəmməd
İbadi Qaraxanlıya istinadən
xatırlatdığımız bu rəvayət, bizcə, hər
şeydən daha çox şifahilik məsələsini
qabartmaq üçündür. Bu rəvayəti
danışmaqla aşıqsevərlər Xəstə
Qasım şeirlərinin Haqdan gəlmə
ecazkarlığını nişan verirlər və bildirmək
istəyirlər ki, əlyazmalar
olsa da, olmasa da, Xəstə Qasımın Haqdan gələn
şeirləri dillər əzbəridir, bu şeirləri
zaman-zaman yaşatmağın mühüm bir yolu məhz
şifahi ifaçılıqdır.
Qurbani,
Abbas Tufarqanlı və Xəstə Qasımla bağlı
dastanlardan və rəvayətlərdən gətirdiyimiz,
Aşıq Ələsgər fenomeninin doğru-düzgün
başa düşülməsinə yönəltmək istədiyimiz
faktlar sinədən şeir deyib ilahi mətləblərdən
xəbər verməyin aşıq sənətində bir kult
səviyyəsinə qaldırılmasını göstərir.
Məsələyə bu cür
yanaşılmasının bariz ifadəsidir ki, müasirləri
Aşıq Ələsgərdən bəhs edərkən bu
böyük söz ustasının hansı şeiri hansı məqamda
deməsini xüsusi diqqətə çatdırırlar.
Bu məsələ ilə bağlı
maraqlı faktlara Aşıq Ağayarın xatirələrində
rast gəlirik. Aşıq Ağayarın dediklərindən
bəlli olur ki, "Bu gün" rədifli müxəmməsini
Aşıq Ələsgər Qazaxda bir evdə qonaq olarkən;
"Leyli", "Bəyistan", "Ürəyimdə"
qoşmalarını və "Sarı gələndə"
təcnisini Kəlbəcərin Qamışlı kəndində
toy apararkən deyib. Söz yox ki, dastan-rəvayətlər
Aşıq Ələsgərin şeirlərini söyləmə
məqamlarına görə izləməyə daha geniş
imkan yaradır. Aşıq Ələsgərin Səhnəbanı,
Anaxanım, Həcər xanım, Şəmkirli Aşıq Hüseyn,
Dəli Alı, Mirzə Bəylər, Mirməcid ağa,
Şair Nağı və başqa şəxslərlə
bağlı şeirlərinin necə, hansı şəraitdə,
hansı əhvalat fonunda ortaya çıxmasını məhz
dastan-rəvayətlər vasitəsilə öyrənə
bilirik. Təbii ki, Aşıq Ələsgərin
bütün şeirlərinin yaranma tarixini
arayıb-araşdırıb üzə çıxarmaq
mümkün deyil. Və bəlkə, belə
bir araşdırmaya çox lüzum da yoxdur. Ustad sənətkarın şeirlərini diqqətlə
oxumaq kifayət edir ki, həmin şeirlərin şifahi ənənədən
gələn cəhətlərini görmək mümkün
olsun. Belə cəhətlərin ən
üzdə olanlarından və nəzərə tez
çarpanlarından biri söz və ifadələrin
ümumi danışıq dili əsasında işlənməsidir.
Bir az əvvəl adını çəkdiyimiz "Bu
gün" müxəmməsinə diqqət yetirsək,
görərik ki, həmin müxəmməsin rədifi
Aşıq Ağayarın dilindən "bu gün" şəklində
yox, yerli şivənin tələffüz normalarına
uyğun olaraq "böyün" şəklində səslənir:
Aləmin
padışahı, sən yetiş imdada böyün,
Naqafil qarşımıza çıxdı mələkzada
böyün.
Bu müxəmməsin adının və rədifinin
"bu gün" şəklində oxucuya
çatdırılması da göstərir ki, nəşr
zamanı Aşıq Ələsgər şeirlərinin üzərində
mümkün qədər ədəbi dil normalarına
uyğunlaşdırma işləri aparılıb. Amma bu,
heç də Aşıq Ələsgər şeirlərini
danışıq dili tərzindən uzaqlaşdırmaqla nəticələnməyib.
Aləmin
padışahı, sən yetiş imdada bu gün,
Naqafil qarşımıza çıxdı mələkzada
bu gün.
Göz
gördü gül camalın, könül içdi bada bu
gün,
Can cəsəddən
ayrılır, gedir bu sevdada bu gün.
Görmək
çətin deyil ki, bəndin zəruri ədəbiləşdirilməsi
"böyün" formasını "bu gün"
formasına keçirməklə bitib və mələkzada//mələkzadə,
bada//badə əvəzlənmələrinə, həmçinin,
müxəmməsin sonrakı bəndələrində irəng//rəng,
calal//cəlal, pərvana//pərvanə, əfsana//əfsanə,
mərdana//mərdanə əvəzlənmələrinə
yol verilməyib. Aşıq Ələsgər şeirlərindən
ziyarat (ziyarət), ibadat (ibadət), fursat (fürsət), qəzəmət
(qazamat), biqıryat (biqeyrət), zamana (zəmanə), piloy
(plov), aloy (alov), ciloy (cilov), sahab (sahib), barabar (bərabər),
yaşıyam (yaşayam), urus (rus), doxdur (doktor), beşatlana
xod verib (beşatlanı işə salıb) kimi tələffüz
formasında olan söz və ifadələrdən nə qədər
desən, misal çəkmək olar. Amma biz bu
cür misallar üzərində geniş dayanmağa ehtiyac
görməyib, Aşıq Ələsgər timsalında sinədən
şeir deməyin bəzi başqa əlamət və göstəricilərinə
də ötəri nəzər salmaq istəyirik. Belə əlamət və göstəricilərdən
biri özünəqədərki ənənədə kifayət
qədər geniş yer tutan və müəyyən qədər
qəlibləşən ifadə tərzindən yerli-yerində
istifadə etməkdir. Məhəbbət mövzulu
şeirlərinə nəzər salsaq, görərik ki,
Aşıq Ələsgər özündən əvvəlki
ustad aşıqların yaradıcılığında tez-tez
qarşılaşdığımız "qönçə
gülü dərmək", "tovuz kimi bəzənmək",
"sona kimi silkinmək", "külli-Dağıstana dəyişməmək"...
ifadələrinə, alma yanaq, gül yanaq, ay qabaq, günəş
camal, bal dodaq, qaymaq dodaq, qar sinə... bədii təyinlərinə,
qönçə-xar, tərlan-sar... bədii təzadlarına
heç də az müraciət etmir. Belə gəlib
- klişelərə müraciət, heç şübhəsiz,
şifahi yaratma prosesinə yardım edir və mətnin
qurulmasında zəmin element funksiyasını
daşıyır. Qəlib-klişe nümunələrini
"ənənə və Aşıq Ələsgər"
kontekstində axtardığımız kimi, Aşıq Ələsgərin
öz şeirləri daxilində də axtarmaq
mümkündür: ayrı-ayrı gözəllərin tərifinə
həsr etdiyi şeirlərdə Aşıq Ələsgər
eyni və ya oxşar misralardan istifadə edir. Aşıq
Ələsgərin "Güləndam" rədifli
qoşmasındakı məşhur "Səni gördüm, əl
götürdüm dünyadan" misrasına ustad sənətkarın
"Sənəm, gəl" rədifli qoşmasında, həmçinin,
"Səni gördüm, əl götürdüm evdən, əyaldan,
Şapəri" şəklində "Şapəri"
müxəmməsində rast gəlirik. Başqa
misal. Ustad sənətkarın "Giləyə" rədifli
müxəmməsində belə bir misra var:
Libası əndamına layiq, əndam uyur libasına.
Bu misraya
cüzi fərqlə "Gözəl" və "Gözələ"
müxəmməslərində də rast gəlirik:
Libas əndama uyur, əndam uyur libasına. ("Gözəl")
Libas əndamına layiq, əndam libasından gözəl. ("Gözələ")
Oxşar
misralardan istifadə edilməsini Dəli Aliya həsr
olunmuş şeirlərdə də izləmək
mümkündür:
Sərim qurbandı sərinə, ay atanın nər
balası.
("Deyin")
Atanın sərdar oğludu, sərim qurbandı sərinə. ("Kimi")
Və
yaxud:
Süzən
tüfəng cingildəyir, güllə qaçır qana -
deyin. ("Deyin")
Süzən tüfəng cingildəyir, patronu səyrişir
qana.
("Kimi")
Oxşar
misranı nəinki iki ayrı-ayrı şeirin müqayisəsində,
hətta bəzən eyni şeirin daxilində də
müşahidə etmək olur:
İnşallah,
heç yerdə qalmaz avara,
Bir qula ki Şahi-Mərdan yar olsun.
"Olsun"
rədifli qoşmanın birinci bəndində tanış
olduğumuz bu misralar həmin şeirin yeddinci bəndində
cüzi fərqlə yenidən qarşımıza
çıxır:
Sidqini
bağlayan Şahi-Heydara,
İnşallah, heç yerdə qalmaz avara.
"Deyin"
müxəmməsinə nəzər salaq:
Səxavətdə misli-Hatəm, səddə İsgəndər
balası.
"Deyin"
müxəmməsinin beşinci bəndindəki bu misra həmin
şeirin on birinci bəndində cüzi fərqlə yenidən
özünü göstərir:
Səddə İsgəndər kimidi, Hatəm səxalı
söylənir.
Gətirdiyimiz bu sayaq misallar həm şifahi yaratma, həm
də şifahi yaşatma ənənəsi üçün təbii
sayılmalıdır. Belə hesab edilməlidir ki, sinədən
şeir deyən sənətkarın oxşar misralar, qəlib
ifadələr işlətməsində həmin sənətkarın
fitri istedadını kölgədə qoyacaq bir şey yoxdur.
Bununla yanaşı, məsələnin ikinci cəhəti
- sinədən söylənmiş şeirin yaddaşlarda necə
qalması, məclislərdə hansı şəkildə səslənməsi
də diqqətdən kənarda qalmamalıdır. Nəzərə
alınmalıdır ki, sənətkar öz şeirlərində
oxşar misralar işlətməsə belə, əlyazması
olmayan həmin şeirləri ortaya çıxararkən
unudulmuş məqamları yenidən bərpa etməkdə tərtibçilər
üçün başlıca çıxış
yollarından biri oxşar misralara üz tutmaqdır, yəni sənətkarın
unudularaq boş qalmış hər hansı bir
misrasının yerini onun oxşar başqa bir misrası ilə
doldurmaqdır.
Aşıq sənətində şifahi yaratma və
şifahi yaşatma amillərinin nəzərə
alınması diqqəti məlum və məşhur
çoxvariantlılıq məsələsinə yönəltmiş
olur. Bəli, yazılı ədəbiyyat nümunələrindən
fərqli olaraq, ustad aşıqların dillər əzbəri
olan ən məşhur şeirlərinin belə neçə-neçə
variantı ilə qarşılaşırıq. Bu cür çoxvariantlılıq, heç
şübhəsz, sinədən söz demək yolu tutmuş
Aşıq Ələsgər şeirlərinə də aiddir.
Təfsilata varmadan təkcə bu faktı
xatırladaq ki, Aşıq Ələsgərin nəşr
edilmiş şeirlərindən bir xeylisi müxtəlif
kitablarda fərqli şəkildə təqdim olunub. Bu o deməkdir ki, başqa ustad aşıqlar kimi,
Aşıq Ələsgər şeirləri də bizə
müxtəlif variantlarda gəlib çatıb.
Beləliklə, biz müxtəlif dəlillər
(sözlərin tələffüz formasına geniş yer vermək;
məlum formul və klişelərdən istifadə etmək; əlyazması
olmayan şeirlərin müxtəlif variantlarda ortaya
çıxmasına istər-istəməz zəmin yaratmaq və
s.) əsasında Aşıq Ələsgər irsinin
şifahi yaradıcılıqla qırılmaz surətdə
bağlı olduğunu bir daha diqqətə çatdırmaq
istədik. Amma onu da qətiyyən unutmadıq ki, bu zəngin
irsdə açıq-aşkar özünü göstərməkdə
olan bir müəllif obrazı var və həmin obraz barədə
danışmadan Aşıq Ələsgər sənətinin
estetik mahiyyətini doğru-dürüst anlamaq çətindir.
Muxtar KAZIMOĞLU
525-ci qəzet.-
2021.- 2 iyun.-S.18-19.