Qorxu "mədəniyyət"i

 

"QORXU İLƏ MƏNİMSƏNİLƏN HEÇ BİR ALIŞQANLIĞIN UŞAĞIN İNKİŞAFINA MÜSBƏT TƏSİRİ YOXDUR"

 

 

Qorxu "mədəniyyət"i qayğı, qorxu, narahatlıq kimi duyğuların təsiri ilə cəmiyyətlərin əxz etdiyi davranış tərzidir. Buna uzun illər müstəmləkə altında yaşayan xalqlarda daha çox təsadüf olunur. Boyunduruq altında yaşayan xalqlar ağalarından qorxmağa, onların könlünü xoş tutmağa vərdiş ediblər. Beləcə qorxu bütün bir cəmiyyətə hakim olub bu "mədəniyyət" sosial faktor kimi həmin xalqların məişətində özünü göstərir.

 

Amma insandakı qorxu hissinin tamamilə pis, yaxud tamamilə yaxşı instinkt olduğunu deyə bilmərik. Bu dəyənəyin iki ucu da insana lazımdır. Qorxu, insanları təhlükələrdən qorumaq üçün müdafiə mexanizmidir. Əgər o təhlükə təbii proseslər zamanı yaranıbsa. Məsələn, insan yanmaqdan qorxduğu üçün ocaq başında ehtiyatlı davranır, qorxduğu üçün özünə müdafiə mexanizmləri yaradır. Amma bu qorxu sosial faktorlarda ortaya çıxmağa başladısa, onda işlər dəyişir. Beləcə qorxu mədəniyyəti formalaşır. Bu mədəniyyətlə böyüyən fərdləri ətraf aləm, cəza, qorxu kimi xarici faktorlar yönləndirir. Yəni insan üçün mühüm olan onun öz istək arzuları deyil, qohum-qardaşın, qonum-qonşunun düşüncələri olur.

 

Valideyn-övlad münasibətlərində qorxunun yeri

 

Bəs ailə daxilindəki münasibətlərdə qorxu necə formalaşır uşaqların daxilində onlarla birlikdə necə böyüməyə başlayır?

 

"Yeməyini yeməsən, səni canavarlara verəcəm; Çox şirniyyat yesən, həkim sənə iynə vuracaq; Bir bunu dağıtsan, əllərini yandıracam" sair kimi cümlələrlə yetişdirilən uşaqlar qorxunun hakim olduğu mühitdə doğulub böyüyən uşaqlardır. Hətta, "Uşaq ana-atadan qorxmalıdır", düşüncəsi elə bu mədəniyyətin bir tərifidir.

 

Ola bilsin ki, "Başqa cür uşağa söz eşitdirmək mümkün deyil". - deyə düşünürsünüz. O zaman oxumağa davam edin. Baxaq görək, bu davranışların uşaqlarımıza kimi təsirləri var.

 

Uşağın etməsini istədiyiniz əməli onu qoxutmaqla reallaşdırmağınızı uğur sayırsınız. Sizin uğurunuz isə uşağın sosial həyatda məğlub olması deməkdir. Bəzi valideynlər uşağın çox qorxaq olduğunu, kimsə ona sual verəndə cavab verməyə çəkindiyini, özünü ifadə etməkdə həvəsli olmadığını müşahidə edə bilər. Bütün bunların özlərindən uşaqlarına qarşı davranışlarından qaynaqlandığını isə gözardı edirlər. Çünki uşaqlarla ünsiyyətdə verdiyimiz sərt mesajlar onları cəsarətsiz, özünü ifadə edə bilməyən fərdə çevirir. Qorxu mədəniyyətinin təməli budur. Uşağınıza hökm etmək, istəklərinizi ona zorla qəbul etdirməyə çalışmağı onun yaxşılığı üçün etdiyinizi düşünsəniz , əslində, bütün belə davranışların uşağın inkişafı üçün heç bir faydası yoxdur. Qorxu ilə mənimsənilən heç bir alışqanlığın uşağın inkişafına müsət təsiri ola bilməz.

 

Qorxu "mədəniyyət"inin fəsadları

 

Qorxu mədəniyyətinin fəsadlarından biri uşaqda dəyərsizlik hissinin kök salmasıdır. "Sən dəyərsizsən, buna görə hamı sənə əsəbiləşə, üstünə qışqıra, hətta təhqir edə bilər. Ana-atanı əsəbiləşdirmə, yoxsa səni sevməzlər. İnsanları əsəbiləşdirəcək hərəkətlər etmə, cəmiyyətin istədiyi kimi davran. İnsanlar sənə istədikləri kimi davrana, səni danlaya bilərlər. Buna görə insanları dinlə onların istədikləri kimi davran. Səsini çıxarma, yoxsa əsəbiləşərlər. Öz fikirlərini ifadə etmə, yoxsa səni sevməzlər".

 

 

 

İnsanda zamanla formalaşan bu düşüncə tərzi qorxu mədəniyyətinin bir fəsadıdır. Fəsadlar isə bir-birinə calanıb, çoxalıb, artıb insanın həyatını məhv edə bilir. Düşünün, əgər uşağın öz istəkləri yoxdursa, o, mütləq ana-atanı əsəbiləşdirməmək üçün onların istədiyi kimi davanırsa, bu davranış qəlibini cəmiyyətdə avtomatik tətbiq etməyə başlayacaq. Bir böyüyü uşağı öpmək istəyirsə, uşaq onu əsəbiləşdirməmək üçün "yox" deyə bilmir, məktəbdə haqsızlığa uğrayır, amma buna layiq olduğunu düşündüyü üçün özünü müdafiə etmir, böyüyəndə işdə təzyiqlərə məruz qalır, rəhbərlik tərəfindən ən xırda səhvidə qışqır-bağırla qarşılanır, yoldaşlarının arasında əzilirsə, səsini çıxarıb etiraz etmir. Çünki buna layiq olduğunu düşünür.

 

Gördüyünüz kimi, adi bir davranış qəlibi, qorxu altında yetişmək insanın bütün həyatına cəmiyyətdə fərd ola bilmə potensialına balta vura bilir. İndi, qorxunun gətirdiyi təhlükənin fərqindəsinizmi?  Bu hiss nəticədə uşaqların cinsi istismarına, cəmiyyətdə azad fərd ola bilməməsinə, özünə hörmətinin azalmasına özünü dəyərsiz saymasına, mütiliyə gətirib çıxarır.

 

Niyə qorxunun yaratdığı vərdişlərdən can qurtara bilmirik?

 

Görəsən, valideynlər sağlam bir fərd yetişdirmək mümkün ikən, uşaqları niyə qorxuyla, hökmlə tərbiyə etməyə çalışırlar? Böyük ehtimalla, ya özləri qorxunun hakim olduğu ailədə böyüyüb, ya da sakit, sözə baxan uşaq yetişdirməyin daha asan olduğunu düşünürlər. Valideyn olmaq səbr, əmək tələb edir. Sağlam bir fərd yetişdirmək üçün təmkin, nəzakət, sevgi ilə yoğrulmuş davranış normalarını mənimsəmək lazımdır.

 

Davranışlarımızı necə dəyişdirə bilərik? 

 

Əgər gündəlik həyatdan bir neçə misalla bunu açıqlasaq, deyə bilərik ki, məişət səviyyəsində xırda davranışlarımıza nəzarət etməyimiz zamanla özümüzü dəyişdirməyə kömək edəcək.

 

Məsələn, uşaq yeməyini yemirsə, "Yeməsən, mən sənin anan olmayacam, gedib başqa uşaqların anası olacam!", demək yerinə, "Yeməyini yeməsən, ac qalacaqsan, çünki axşam yeməyindən sonra yemək yemirik, bilirsən" - söyəmək daha effektlidir.

 

 

 

Çox şirniyyat yeyirsə, "Çox konfet yesən, həkim sənə iynə vuracaq!", yox, "Konfeti çox yediyin üçün dişlərin çürüyə bilər. Stomotoloqa gedək, dişlərinə baxsın görək deyir"  -  söyləmək diş sağlamlığı ilə bağlı maraqlı videolar izlətmək olar. Beləcə cəzalandırmadan uşaqlarınızın sizi dinləməsini təmin edə bilərsiniz.

 

Otağını toplamırsa, "Otağını yığışdırmasan bayıra çıxmağa qoymayacam", yerinə, "Oyuncaqlarını yerinə yığıb, yatağını səliqəyə salmağını istəyirəm. Bunu indi edək, yoxsa bayıra çıxıb gələndən sonra?" deyə bilərsiniz. Beləcə istəyinizi daha dəqiq ifadə edə uşağa seçim şansı verdiyiniz üçün onun düşüncəsini inkişaf etdirmiş olarsınız.

 

Məhz bu kimi kiçik məsələlərdə düzgün davranış normalarını seçib səbrlə onu uşağa aşıladıqca cəmiyyətdə güclü ola bilən özünü qorumağı, sevməyi bacaran insan yetişdirə bilərsiniz.

 

Cəsarətli, özünə güvənən, düşünən, araşdıran kəşf edən, özünü ifadə edə bilən, ən əsası da uşağın fərd olaraq inkişaf etməsini istəyirsinizsə qorxunun səbəb olduğu təhlükələrin fərqində olun. Qorxudan uşaqlarda nizam-intizam yaratmaq üçün istifafə etməyin. Onların gələcəklərini təhlükəyə atmayın.

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 

Natəvan ABDULLA

 

525-ci qəzet.- 2021.- 2 iyun.-S.20.